Qonaq Kitabı
FİRDOVSİ MƏDRƏSƏSİ SALONUNDA, TƏBRİZ ŞƏHƏRİNİN MÜXTƏLİF TƏBƏQƏLƏRİNİN YIĞINCAĞINDA NİTQ

1324-cü il dey ayının 28-də (18 yanvar 1946-cı il).

Cari məsələlər icazə verməyib ki, milli hökumət təşkil olandan sonra vəziyyət haqqında xalqa ittilaat verilsin və xalq bilsin ki, bizim qabağımızda duran işlər nədir və nə işlər görülmüşdür. Ümidvaram ki, tezliklə Milli Məclisimizin ikinci iclası başlanacaq, nümayəndələr ətrafdan yığılıb gələcəklər və xalq əncam olmuş işləri biləcəklər.

Bizim başladığımız milli mübarizədə təqribən beş ayın içində böyük işlər görülübdür. O fikirlər və arzular ki, danışan vaxtda çox uzaq nəzərə gəlirdi, beş ayın içərisində ideal surətdən çıxıb və əməli olubdur. İndiki Azərbaycan xalqı özü üçün bir Milli Hökumət və Milli Məclis vücuda gətirmişdir.

Biz çox tarixi günlər keçirmişik və yenə də tarixi cünlər keçirməkdəyik. Bir xalq ki, öz ana dilində danışmaq ixtiyarı yox idi və müntəzir idi ki, Tehrandan layiq, ya nalayiq bir adam gəlsin onu idarə eləsin, ixtiyarın öz əlinə almışdır.

Gələcək nəsil xoşbəxt və məsud yaşayacaq, bu tarixi günləri səbt edəcəkdir.

Bir ay qabaq qabağımızda bir vəzifə dururdu. O da qan tökmədən hökuməti xalqın əlinə verib, istibdadı aradan qaldırmaqdan ibarət idi. İndi biz buna müvəffəq olmuşuq. Ayrı yerlərdə belə mövqelərdə hökumət maşını sınar. Biz bu hökuməti təşkil verəndə qabaqkı maşını tamamilə sındırıb kənara atmadıq. Bu maşın xalqın göz yaşları üstündə qurulub tüfeyli kimi yaşayırdı. Zorakılıq və qanunsuzluq onun içində idi. Yüzlərcə bacılarımızı və əqvamımızı insanlara bənzəməyən işlərə, oğurluq və yalançılığa sövq edən məhz o maşın idi. Biz o maşını aldıq. O maşın bizim istədiyimizi yerinə yetirə bilməz.

BİZ NƏ İSTƏYİRİK?

Biz istəyirik ki, xalq savadlı olsun, vicdanla yaşasın. Xalqın behdaştı və səhhəti təmin olunsun. Şəhərlər yaşamağa yarar bir hala gəlsin. Xalqın təhlükəsizliyi təmin edilsin. Bu o şeydir ki, həmişə bizi düşündürür və narahat edir. Bu maşın belə işlərə qadir deyil, amma neyləmək? Biz bunu birdən ata bilmərik. Səbəbi budur ki, xalqımız bu kimi vəzdə hazır deyildir. İndi əgər biz firqəmiz təşkil ediləndə verdiyi vədlərə yaxşı əməl edə bilmiriksə, bu işkallar qabaqda vardır. Mən bir ruznaməçi olduğum üçün tamam idarələrin nəqslərinə aşina olmuşam. Keçən idarələr xalqı incitmək mənzuru üstündə qurulubdur. Biz bu idarələri islah edib dəyişdirməsək, müvəffəq ola bilmərik.

Biz əvvəlinci qədəmdə təşkilat yolu ilə daxil oluruq. Əşxasın təqsiri yoxdur. Onlar bir piç və möhrə kimidirlər. Biz istəyirik ki, xalqı hökumət işlərinə dəxalət verək.

Ona görə də birinci növbədə əncümənlər təşkili yolu ilə başlamışıq və onu çox aşağıdan, böyükdən başlamışıq. Biz demişik, qoy xalq əncüməndən başlasın və əncümən ilə böyük ehtiyacını təmin eləsin, verilən maliyatı təyin etsin və onun məsrəfində nəzarət etsin. Bu nəzarət aşağıdan başlanır və yuxarıdan fərmandarlığa, bəxşdarlığa və Məclisi-milliyə yetişir.

Bu bir günlük iş deyil, lakin tezliklə əmələ gələcək və bu vəsilə ilə xalqı incitmək üçün vücuda gələn idarələr islah edilə bilər və əşxası dəyişdirməyə ehtiyac qalmaz. Buna görə dövlət bu işə çox əhəmiyyət verir. Gərək gələn bəhmən ayının 5-nə (25 yanvara) qədər əncümənlər təşkil tapa və hökumətin payəsi düzələ. Çünki əncümənlər dövlətin payəsidir. Bu qabağımızda duran birinci məsələdir. Mən məxsusən təvəccöhüzu buna cəlb edirəm. Belə fikir edilməsin ki, bunlar keçən məmurların tayıdırlar, o birisilərin yerinə keçmək istədilər, keçdilər, qurtuldu.

Biz xalqı aldatmırıq. Biz əvvəl əncümənləri istəyirdik. Tehran hökuməti bizim təqazalarımız ilə müxalifət elədi. Əlimizə keçən mədrəklər nişan verir ki, Tehran hökuməti axırıncı dəqiqəyə qədər azadixahları topa, gülləyə bağlamaq əmrini verirdi. Bunlar hamısı nişan verir ki, Tehran hökuməti öz riza və rəğbəti ilə bir qədəm azadlığa tərəf götürməyə hazır deyildi. Biz bir qüdrət vücuda gətirdik və azadlığı aldıq. Amma, azadlığı almaq kafi deyil, onu hifz etməyə bir qüvvə lazımdır. Biz o qüvvəni yaratmağa başlamışıq. Elə qüdrət ki, dünyada heç qüvvə onu aradan aparmaqa qadir olmasın. Bu qüvvə xalqa arxalanmaq qüvvəsidir. Millətə arxalanan dövlət həmişə yaşayır.

Biz bu qüvvəni yaratmışıq. Tehran hökuməti bizi aradan aparmağa çalışır. Əgər dövlət millətə arxalanmasa, öz tədbirini yerinə yetirə bilməz. Biz özümüz arxalanmışıq, heç bir kimsənin əmri altında yaşamağa hazır deyilik. Bizim hökumətimizi hifz eləməyə, özümüzü idarə etməyə ləyaqətimiz vardır və özümüzü də idarə edəcəyik (şiddətli alqışlar). Özümüzə məxsus qanunlar yaradacayıq. Biz rayonlarda əncümənlərin intixabatına başlamışıq. Bu intixabat gələn ayın beşinə qədər əncam tapacaqdır və o əncümənlər tamam işlərə nəzarət edəcəklər.

ŞƏHƏRLƏR MƏSƏLƏSİ

Büloklardan sonra şəhərlər məsələsidir. Şəhərlərin abad olmaması bizə başıaşağılıq gətirə bilər.

800 min cəmiyyəti olan Təbriz indi xaraba və kəsif bir haldadır. Cəmiyyəti iki yüz min nəfərə təqlil tapıb. Gərək şəhərimiz abad ola. Qabaqkı hökumətlərdə yemək siyasəti var idi. Bu qədər hay-küydən sonra ki, əgər Təbrizin iki xiyabanı asfalt edilsə azadixahlar aradan gedərlər. Təbrizin asfaltı üçün Tehran 400 000 tümən  ağayi Təbatabaiyə həvalə verirdi. O da həvalə, nə pul.

Təxmin olunduğuna görə, Təbrizin böyük xiyabanlarının vağzala qədər və bir neçə fəri xiyabanının asfalt edilməsi, su yollarının sement ilə üstü örtülməsi üçün 1 200 000 tümən xərc lazımdır. 1 200 000 tümən Təbrizdə heç kəs hiss etmədən yığılır. Nümunə üçün qarajlarda bikar qalmış avtobuslar şəhərdə işə başlamışlar. Xalqın rahatlığından əlavə gündə fəqət bu yol ilə bələdiyyəyə 600 tüməndən 1000 tümənə qədər aid olur.

Şəhərin əvarizi də gəlir yeridir. Keçən hökumətlərin ichafları aradan götürüləcəkdir. Əvariz yığmaqda heç kəsə təhmil olunmayacaq. Fəqət bir az fədakarlıq istəyir. Çünki güzəşt eləməyən, fədakarlıq eləməyən bir millət heç yerə yetişməz.

Dəva vaxtında gördük ki, ingilis milləti və Şuralar ittifaqı çox zəhmətlərə qatlaşdılar və faiq də oldular. Mümkündür bu maliyatlar nəzərə çətin gəlsin. Şayəd birinə də zülm olmuş ola. Amma bu gün zindəganlıq səthini yuxarı gətirmək üçün gərək kömək eləmək.

Şəhərlərimizin abadlığı üstündə dövlət böyük tədbirlər görməkdədir. Şəhərlərin abadlığı xalqı naxoşluqdan, dava pulu verməkdən və tifusdan nicat verər.

Buna görə də şəhər əncümənlərinə əhəmiyyət veririk. Keçən dövlətlərdə bu əncümənlər dövlətin bir şöbəsi halına gəlmişdi. Xalq tərəfindən intixab olmuş 40 nəfərin içindən vəzarəti-kişvər[i] öz istədiklərin intixab edirdi. Biz çalışdıq ki, əncümənlər qanunu kamilən islah olunsun və demokratik bir hala duşsün, dövlətin dəxaləti olmadan şəhərin işinə yetişsin. Çünki bu, dövlət işi deyil, bu, xalqın özünə mərbut olan bir işdir. Şəhərin əhli gərək bir xanəvadə kimi öz evini abad eləsin və seçdiyi nümayəndələr vəsiləsi ilə işdə nəzarət eləsin. Şəhərdarlığımız adi vəzi idarə eləmək üçün on tümən pul tapmırdı. Üzvləri hüquqsuz qalırdılar, ya müftə hüquq alırdılar. İndi böyük bir işə və asfalt məsələsinə başlanmışdır. Hava soyuqluğu cəhətcə asfaltın başlanması bahara qalıbdır, amma indidən daş tökmək və ayrı müqəddəmati işlər başlanıbdır.

ÜÇÜNCÜ PAYƏ, SƏNAYE MƏSƏLƏSİDİR

Ona gərək əhəmiyyət verilə. Tək maliyat ilə məmləkəti idarə etmək olmaz. Bu ayidat deyil, gərək ayrı yollar ilə məhsul tovlidi qüvvəsini artırmaq ilə ölkəmizi sərvətləndirək. Ona görə dövlət karxanalara kömək edir. Çünki bu yol ilə sərvət ümumi qalacaq, ayidatın şayəd bir qisməti xalqın cibinə gedə. Amma bu lap yaxşıdır. Onda maliyat yığmaq işi də asan olar.

Misal üçün, mən sizə deyə bilərəm ki, zəmani-cənk maliyat bərdər amədi[ii] babətindən 2500000 tümən fövqəladə və göydən gələn ayidat üçün maliyat təyin edilmişdir. Bu maliyat xalqın ümumi istifadəsi üçün aradan getmiş adi iqtisadi əlaqəni bərpa etmək üçün qoyulmuşdur. Bu heç bir şey deyil. Bununla belə xalqın səsi göyə çıxır. Biz qənd karxanamızdan 15 milyon tümən istifadə edə bilirik. Bizim şəhərimizdə bir pəşminə karxanası vardır. Dünən, o karxanaya getmişdim. Mən deyirdim ki, bir şəhərdə sadə bir karxana 10, 15, 20 min adama çörək verə bilər. Bu bir sadə surətdir (bu işin zahiridir). Bunun nəticəsində fəqət qeyri-müstəqim yol ilə dövlətə 200000 tümən maliyat çıxır. Bu qismətə biz artıq dərəcədə əhəmiyyət verməliyik. Karkərlər də gərək ciddiyyətlə çalışsınlar. Karxanada işləyənlər dövlətə kömək etsinlər ki, ayrı karxanalar da işə salınsın. Pulları Tehrana qaçırdanlar isə qayıtsınlar və onlar da karxanalar düzəltsinlər. 

QARŞIMIZDA DURAN VƏZİFƏLƏR

Bizim qarşımızda iki vəzifə durur. Birisi xalqın etimadını qazanmaq və karxana düzəltmək üçün istifadə etmək,  ikincisi isə karkərlərin etimadını cəlb etmək, onları  ciddiyyətlə  işlətmək, beləliklə, xalqı sərvətləndirməkdir.

Qəni bir millətdən maliyat almaq asandır. İdarələrin 50000000 tümən xərcidir. Bundan əgər on milyon tüməni sərfəculuq edib həzf etsək, qalar 40 milyon tüməni. Əgər ölkəmizin cəmiyyətin beş milyon nəfər nəzərdə tutaq hər nəfərə 8 tümən düşür. Bu maliyat gərək verilsin və adilanə surətdə yığılsın, nəinki keçən dövrdəki kimi əkinçiyə 10 faiz maliyat qoyulsun. Kəndin hampası olan, iki öküzü, qoyunu olan az maliyat versin. Onun üçün də dövlət karxana işə salmasına çox artıq dərəcədə əhəmiyyət verir. Dövlət sənəti karxanalardan başqa əl karxanalarına da kömək edib onlara bazar tapmalıdır. Bu barədə indi danışacağam. Gərək məhsullarımıza bazar tapaq. Tehran bizi bazar məsələsində iki tərəfdən fişara salıbdır. Bir tərəfdən tədrici halda Azərbaycandan pulu yığıb aparmağla bizi çətinliyə salmaq, digər tərəfdən isə xalqın arasında təbliğat vasitəsi ilə vəhşət yaratmaqdır. Onlar malikləri və tacirləri qorxudub və onların daraiyyitini çəkib aparmaq istəyirlər.

Bizim əlimizə məktublar gəlir ki, «Fərşləri çaya salmalı olsaz da gətirin», yaxud özüz durub gəlsəniz maliyat verən qalmaz».

Biz Tehrana deyirik, əgər sən qocalmısan çürümüsən başarmırsan idarə eləyəsən, biz cavanıq başara bilirik, suyun yolun kəsə bilirik, çayın hərəkətini döndərərik və qoymarıq sizə tərəf axsın! (alqışlar). Bu bizim üçün çətinlik törədib, amma onlardan ötrü çətinlik daha da çoxdur. Biz dözə bilirik. Tüccar üçün mümkündür çətin ola, amma qoy xalq ucuz çörək, yağ, yumurta yesin.

Yol məsələsi barəsində iki cür fikir edirik.

Biri budur ki, icazə verək bəzi ticarət malları Tehrana getsin. Amma nə bu cür ki, «suya sal, götür gəl» olsun. Bu şərt ilə ki, aparsalar Azərbaycanın ehtiyacı olan sigar, enerqiya avadanlığı, lastik və sairə gətirələr, Azərbaycanın ehtiyacı nisbətən azdır. Görünür ki, Tehranın ehtiyacı daha artıqdır. Orada xərc çox yuxarı gedib. Amma burada ucuzluq əmələ gəlibdir.

Biri də budur ki, burada karxanalarımızda əmələ gələn şeylərdən verməliyik, xərcinin yuxarı getməsinə mane olmasa, xurcuna icazə verək. Biz əməldə gördük ki, verdiyimiz icazələrdən çox sui-istifadə edilir. Bunun kontrolu da çətindir. Onun üçün bir şirkət təşkil olunub və dövlətin onun üstündə nəzarəti var. Bu şirkət yolu ilə əminlik olar ki, ticarət malları göndərilsin, satılsın və əvəzi gəlsin. Şirkətin təşkilindən sonra güclü miqdarda mal çıxardacayıq.

Bir də xarici ticarət məsələsidir. Həmişə xarici ticarət Azərbaycanda birinci yer tutur. Məxsusən keçən dəvadan qabaq Azərbaycan şəhərləri ticarət mərkəzi idi. Xarici ticarət bazarları tapmaq üçün də ticarət vəzarətxanasında bir ticarət komisyonu vücuda gəlib və mütaliə aparır.

Daxili sənayeni hifz etmək üçün tədbirlər görmək lazımdır. Xaricdən varid edilməli şeylərdən istifadə etmək üçün daxili məhsulları sadir etmək lazımdır.

Mən fikir edirəm ki, bizim iki şeyə çox ehtiyacımız var. Biz fəlahət maşınları və bir də abyarlıq vəsaiti və maşınları almalıyıq.

Verdiyimiz xoşxəbər müqabilində kənd maşını, fəlahət maşını alaq, gərək xarici ticarətimizin əsasını təşkil vermək üçün də maşın gətirək.

Bir də bizim əkdiyimiz məhsulların qiyməti yoxdur. Məsələn buğda əkirik çox vaxt qalır çürüyür... Buna görə gərək o məhsulatı əkək ki, qiyməti var. Məsələn, pambıq, ya tütün əkək. İndi bir növ tütün əkilir ki, o da döyülü tütündür ki, Azərbaycan və İrandan başqa onun ayrı bir yerdə məsrəfi yoxdur. Biz papiros tütünü, qənd çuğunduru əmələ gətirməliyik. Miyanada və havası müsaid yerlərdə tut əkməklə ipək tovlid etməliyik. Fəlakəti, elmi və maşın halına salaq, ta xalq eləyə bilsin az zəhmətlə çox məhsul ələ gətirsin. Gərək karxanalarımıza lazım olan şeyləri gətirək və onları təqviyət eləyək. Mən ümidvaram ki, özümüz ticarət bazarı yaradaq, Tehrana müntəzir olmayaq. Bizim böyük qızıla bərabər olan fərş məhsulumuz var. Bunları gərək xaricə göndərək, nəinki Tehrana gedib pulu yata və gəlib çıxmaya. Fərş çox qiymətli bir şeydir. Fərş barmaq qanı ilə, göz yaşı ilə, uşaq qanı ilə vücuda gəlmişdir. Gərək fərş satmaqla pul ələ gətirək və fərş toxumaqda böyük fəhlələrdən istifadə edək, uşaqlara dərs oxumaq və tərbiyət almaq imkanı verək.

Mən əgər istəsəm qabağımızda duran vəzifələr haqqında sizə danışam sizi yormuş olaram. Amma, bu çox calib bir mövzudur. Mən istəmirəm deyim bu təkcə dövlətin, həm də xalqın qarşısında duran bir vəzifədir. Çünki daha dövlət ilə millət arasında fərq yoxdur. Bu hamımızın vəzifəmizdir (şiddətli və hərarətli alqışlar).

BİR BÖYÜK MƏSƏLƏ DƏ MAARİF MƏSƏLƏSİDİR 

Bizim iqtisaddan keçəndan sonra böyük məsələmiz maarif məsələsidir. Bu kimi məsələləri həll etmək üçün mədrəsə lazımdır, mütəxəssis lazımdır. Karxanalarımız İsfahan və xarici parçalar ilə rəqabət etmək üçün gərək mütəxəssis yarada.

İki gün qabağacan idarələrimizdə Azərbaycan dilində yazan yox idi. İndi hamı sadəliklə yazmağı öyrəşir. Bu cəhətdən fərhəng qisməti öz dilimizə girdikdə çox tez tərəqqi eləyəcək və tez yazıb oxumaq öyrəşəcəklər. İndi darülfünun yaratmaq dövlətin qərarı sayəsində bir ideal halından çıxıb əməl mərhələsinə giribdir. İndi kəndlərimizdə nə tək həkim, bəlkə müin təbib belə yoxdur. Biz gərək mütəxəssisləri elmi üsulda tərbiyə edək. Əgər tərbiyəti elm üstə qoysaq xırda bir maya ilə çox tez nəticə almaq olar. Ona görə də darülfünunda müəllimlər tərbiyət etmək üçün bir şöbə vücuda gətirmək lazımdır ki, bu müəllimlər xalqı tərbiyət etsin. Tehranın zahirsazlıq üçün qəbul etdiyi icbari təlimat qanununu bu yol ilə icra mərhələsinə gətirə bilərik.

Darülfünun ona görə deyildir ki, deyilsin Azərbaycanın darülfununu vardır, bəlkə bu ehtiyac və zərurət nəticəsidir. Hər yol ilə olursa-olsun darülfununu quracayıq. Müəllim və mütəxəssislərin azlığına baxmayacayıq. Xaricdə olan azərbaycanlılardan istifadə edəcəyik.

Bu dövlət, firqənin rəhbərliyi sayəsində əmələ gəlib və bir hədəfi vardır. O, xalqın ehtpyacatın  nəzərdə tutur, verilən fikirləri və təzəkkürləri nəzərə alır və ümidvarıq ki, bu yol ilə tərəqqiyə yetişək və ləyaqətimizi göstərək (alqışlar).

İndi bu bir aylıq təcrübə və xalq ilə əlaqə göstərir ki, Azərbaycan xalqı həqiqəqdə mötəqid bir xalqdır. Tehran mətbuatında görükən bəzi təbliğatdan, həsəddən, nifaqdan əsər yoxdur. İndi ittifaq əmələ gəlmişdir. İndi daha bədbinlik, əybcurluq və bir-birinin ziddinə danışmaq ortalıqdan gedibdir. Bu bizim müvəffəqiyyətnmizin payəsidir. Bu birliyi saxlayaq. Əgər əməldə bir iştibah görünürsə pis demək əvəzinə dövlətimizə təzəkkür verilsin.

Mən xalqımıza inanmışam və həqiqətən bilirəm ki, xalq tamamilə işləyəcək, tamamilə qardaşlaşacaqdır (alqışlar). Gərək dostluğu xalq arasında möhkəmləndirmək. Hamı qanun müqabilində bərabərdir. Heç bir kəsə tohin eləmək olmaz. Hökumətin dəyişildiyi, vəhşət və terror ilə təhdid edildiyimiz mövqedə əmniyyəti və asayişi bərpa eləmək üçün edama da ehtiyac var idi. Amma indi ki, dövlət qüvvətlənib və vəziyyətə müsəllət olub, fəqət gərək qanun hökm eləsin. Gərək qanun xalqa və millətə hakimiyyət eləsin, nə şəxsə, nə Pişəvəriyə (şiddətli alqışlar).

İcazə verin söhbətimizi bununla qurtaraq. Ümid edirik ki, müvəffəqiyyət bizimlədir. Səy edək əncümənlər intixabatında şirkət edək və müvəffəqiyyət qazanaq. Mən ümidvaram ki, tezliklə tərəqqi eyləyəcəyik (alqışlar).

 

P.

"Azərbaycan" qəzeti â„– 105,

Təbriz 29 yanvar 1946-cı il.



[i] Daxili işlər nazirliyi.

[ii] Müharibə dövrünün gəlirdən vergisi nəzərdə tutulur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info