Qonaq Kitabı
DALDAN ATILAN DAŞ TOPUĞA DƏYƏR

Millətimiz qiyam edib öz haqq və ixtiyarını aldı. Artıq Azərbaycan milli dövləti bir həqiqətdir. Onun demokratik əsası üzrə qurulmuş hökumət təşkilatı və məclisi, özünün ləyaqət və istedadını dünyaya bildirdi. Bunu daha geri qaytarmaq olmaz.

Hələ dövlət və Milli Məclisə malik olmaqdan əvvəl belə Azərbaycan Tehranın çürümüş müstəbid hökumətinə və onun başı gora titrəməkdə olan kabinə rəislərinə baş əyməzdi. İndi isə ondan bu təvəqqöü etmək səfahətdir.

Dövlətimiz yaşayacaq, milləti səadət və xoşbəxtliyə çıxarmaq yolunda heç bir fədakarlıqdan ayaq geri çəkməyəcəkdir.

Tehran hənuz bu həqiqəti anlamaq istəmir. O, hələ də xəyal edir ki, rəcəzxanlıq, fohş və nasəza deməklə bizi dünyanın gözündən salıb, boynumuza səvar ola biləcəkdir.

Biz ruznaməmizin birinci nömrəsində açıq və aydın surətdə yazmışdıq ki, əgər Tehran iki yol ayrıcında irticaa tərəf gedərsə, biz öz tutduğumuz azadlıq yoluna onsuz davam etməliyik. İndi artıq Tehran o yolu intixab etmişdir. Biz də ona yalvarmadan onun əhməqanə sözlərinə etina etmədən, tutduğumuz yol ilə irəli getməkdəyik.

Biz əvvəl işə başladıqda çox sadə bir surətdə azadlığımızı təmin etmək istəyib, əyalət və vilayət əncümənləri şüarını meydana atdıq. Tehran və onun başçısı dedi: “Bir teleqraf olmasın min teleqraf olsun, biz bu haqqı verə bilmərik”.

Bu məsxərəamiz cavab xalqımızı bir qədəm daha irəli gedib əmələn öz haqqını almağa, yəni Məclisi-milli və Milli dövlət yaratmağa vadar etdi.

Sülh və saziş tərəfdarı olduğumuz üçün bir daha Məclisi-müəssisanımızın verdiyi elamiyyə və deklarasyonu Tehrana göndərib haqqımızı istədik. Cavabın da bizi qurd dişləri, yəni silah və tank ilə təhdid etdilər və millətimizin qanını tökməyə əmr verdilər.

Millət öz haqqından sərfnəzər edə bilməzdi. Nəhayət, silaha-silah ilə cavab verib, fədai dəstələrinə işə başlamaq fərmanı verdi. Nəticədə puç və əsassız olan istibdad qalaları yıxılıb, yalançı pəhləvanların bir qismi silahlarını atıb qaçdı, digər qismi isə xalqımızın qabağında diz çöküb təslim oldu.

İndi Tehranın əli hər bir yerdən üzülüb, xalqımızı pulsuzluq ilə təslim etməyə çalışır. Bu gülünc və uşaq hərəkətidir.

Öz haqqını almağa qiyam edən bir millət bu müşkülata da qət’ən üstün gələ bilər. Əgər Tehran bizim tacirlərimizin pulunu yemək istərsə, dövlət təəhhüd etdiyi maliyat hissəsini saxlayıb, onların tələblərini ödəyəcəkdir.

Keçən gecələrdən birisində London radiyosu uydurma bir xəbərdə demişdir ki, Azərbaycan Milli Hökuməti özü pul çap və nəşr etmək istəyir. Bu  vaxtadək dövlətimiz bu fikirdə olmamışdır. Əgər lazım gəlirsə ona da təşəbbüs edilə bilər. Hər halda biz xalqdan fədakarlıq istəyirik və xalq da o fədakarlığı göstərməyə hazırdır.

Tacirlərimiz Tehranın əhməqanə təşəbbüslərinə istiqamət və mətanət ilə cavab verməli və özlərinin etibar və heysiyyətlərini gözləmək üçün bir-birinə müsaidət göstərməlidir. Dövlətin ciddi tədbirləri həyata keçənədək bazarın vəziyyətini olduğu kimi saxlamalıdırlar.

Tehran, eşitdiyimizə görə, əyalət və vilayət əncümənlərinin intixabatını başlamağa təşəbbüs edir. Bu çox gecdir, artıq əncümən bizi təmin edə bilməz. Bu daldan atılan daş kimidir ki, fəqət topuğa dəyər və heç bir təsir bağışlamaz.

Sərtin Drəxşani və onun köməkçilərini mühakimə etmək daha gülünc bir tədbirdir. Sərtin öz meyl və iradəsi ilə təslim olmadı. O, mühasirə halında idi. Onun sərbaz və əfsərləri xalqa atəş açmaq istəmirdi. O, çox gözəl bilirdi ki, müqavimət qan tökmək və şəhərin bərbad olmasından başqa bir nəticə verə bilməz. O anlamışdı ki, silaha sarılmış kəndli onu məğlub edəcəkdir. Bu məğlubiyyət onun sərbazlıq abrısını və heysiyyətini ləkədar edə bilər.

Tehran onu toqif etməklə bir daha isbat etdi ki, qan tökmək və xalqımızı fəlakətə sövq etmək yolunda hər cür cinayətə hazır imiş.

Sərtin Drəxşaninin toqifi isbat etdi ki, firqəmizin göstərdiyi yol düz imiş. Xalqımız əgər öz milli dövlətini vücuda gətirib milli qoşun yarada bilməzsə Tehran irticai onun haqq və ixtiyarını hər an əlindən ala bilər.

Biz İran istiqlal və tamamiyyətinə dəfələrlə etiraf etmişik. Tehran isə bu istiqlaliyyəti pozmaq yolunda hər gün təzə fırıldaq çıxarır. İş belə gedirsə, biz tamamilə ayrılıb müstəqil bir dövlət təşkil etməyə məcbur olacayıq. Ayrı çarə yoxdur.

O, Rza xanın nur-çeşmi sərhəng Zəngənə kimi cəlladların əlilə Azərbaycan xalqının qanını tökür, evini qarət etdirir, şəhərlərini xarabazara döndərir. İbtihac vasitəsilə Azərbaycan bazarını pulsuz qoyub, xalqı ayaqdan düşüb vərşikəst olmağa vadar edir.

İş belə gedərsə bizim ayrı çarəmiz qalmayacaq. Naçar gərək deyək: “Sizinki sizdə, bizimki bizdə”, yaxamızdan əl çəkib, qoyun bildiyimiz kimi öz evimizi idarə edək.

 

P.

Azərbaycan qəzeti № 84,

23 dekabr 1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info