Qonaq Kitabı
MƏCLİSİ-MİLLİ TƏŞKİLİ MÜNASİBƏTİLƏ

İntixabat müvəffəqiyyətlə başa çatıb Məclisi-milli nümayəndələri bir-birinin ardınca mərkəzdə toplanmaqdadırlar. Bu böyük iş firqəmiz üçün böyük bir azmayış idi. Firqə intixabat təbliğatını çox böyük müvəffəqiyyətlə axıra apardı. Əslən intixabatın özü xalqı cəlb etmək, camaata firqə və milli heyətin məqsəd və məramını andırmaq üçün geniş təbliğat vasitəsi oldu.

Doğrudur, millətimiz çox uzun müddətdən bəri öz milliyyətini hiss edib, aşkar və qeyri aşkar, əmdi və qeyri-əmdi olmaq üzrə, zaman və məkana görə özünün azadlıq və muxtariyyəti yolunda mübarizə aparmışdır. Lakin bunların hamısı bu üç ay müddətində aparılan mübarizəyə qət’ən müsavi tutula bilməz. İndi Azərbaycanlı səri bir surətdə aparılan seçkilər və onlardan bəhs edilən məsələlər vasitəsi ilə həqiqi bir xalq və tam mənası ilə mədəni və həssas bir millət məqamına yetişmişdir.

Min illərlə tarixə malik olan İran dövlətinin arxasında bu gün on min nəfər tapmaq olmaz. Cavan dövlətimiz isə başını ucaldıb, iftixar ilə deyə bilər ki, bu gün onun arxasında milyonlar ilə kişi və xanımlar qan töküb, ölüb, öldürməyə iftixar ilə hazırdırlar.

Bu iş millətin qəlbindən çıxmışsa da, firqəmizin onu təşkil etməkdə böyük xidməti olmuşdur.

Xalqımız haqşünas və saf ürəkli bir xalq olduğu üçün əmələn özünün mərdliyini göstərməklə firqənin şüarlarını istiqbal etmək, onun göstərdiyi namizədlərə rəy vermək və onun istədiyi tədbirləri can və dil ilə icra eləmək yolunda böyük qədəmlər götürdü.

Bütün Azərbaycanda firqənin göstərdiyi kandidlərin intixab olunması xalqın firqəyə olan etimadını və inamını sübut etməkdədir. Artıq, xalq şəxsiyyətlər deyil, firqəyə inanır və onun adına və beistilah onun markasına rəy verir. Bu isə, yeni və cavan bir firqə üçün böyük müvəffəqiyyətdir.

Çox yerdə kəndlilər çox sadə bir surətdə “biz Demokrat Firqəsi göstərən kandidlərdən başqasına rəy verə bilmirik. Firqə kandidləri imtəhandan çıxmış adamlar olmaqla bərabər, firqə qarşısında məsul olduqları üçün, bizə xəyanət edə bilməzlər” deyib öz rəylərini sandıqlara tökmüşlər. Kəndlinin məntiqi tamamilə doğru və düşünülmüş bir məntiqdir. Millətinə rəhbərlik etmək iddiasında olan bir firqə belə də olmalıdır.

Tək kəndli deyildir, şəhərdə də bitərəf camaat, məxsusən kəsəbə və tüccar da sadə bir surətdə kəndlilərin məntiqi üzrə rəftar edib, firqənin göstərdiyi kandidlərə rəy vermişlər.

Bu vaxta qədər İranda bu görülməmiş bir iş olduğu üçün, biz millətin gələcəyi üçün bunu fal-nik hesab edirik. Millət nə qədər münəzzəm hərəkət edərsə, nə qədər özünün firqəsinə və başçılarına artıq inana bilərsə, yüz o qədər tez bir surətdə öz arzularına yetişməyə müvəffəq olar.

Məclisi-millimiz təzə bir müəssisə olduğu üçün onda cürbəcür nöqsanlar ola bilər. Bunu biz hərgiz unuda bilmərik. Lakin bu məclis ümum xalqa dayanıb təzə bir dövlət yaratmaq və milli muxtariyyətimizin binasını qoymaq kimi ağır və mühüm vəzifə daşıdığına görə, olduqca calibi-təvəccöh, olduqca böyük bir məclisdir. Orada danışılan sözlər və çıxarılan qərarların xalqa yetirilməsinə artıq dərəcədə əhəmiyyət vermək lazım gəlir. Gərək roşənfikir və ziyalı cavanlarımız, məxsusən yazı və mətbuat ilə məşğul olanlar bu yolda böyük fədakarlıq göstərsinlər.

Biz gərək özümüzü millətimizə və bütün dünya millətlərinə tanıdıb, ölkəmizi idarə etməyə layiq olduğumuzu isbat edək.

Bunu da  Məclisi-millimizdən gözləyirik.

 

P.

"Azərbaycan" qəzeti â„– 74,

9 dekabr 1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info