Qonaq Kitabı
BULUDLAR ÇƏKİLİR, FƏZALAR İŞIQLANIR

Xalqımızın qəlbindən qalxan şüarlarımız dünyada bomba kimi guruldadı. Bütün ölkələrin radioları biri-birindən aldıqları xəbəri cürbəcür təfsir və təbir ilə intişar verib bəşəriyyətin əfkarını vətənimizə mətuf etməklə fəzanı qaranlıq və ibham buludları elə bir surətdə məstur etdi ki, dünyanın böyük dövlətləri belə həyəcana gəlib rəsmi yaddaşları ilə yəkdigərinə müraciət etməklə məsələni aydınlaşdırmaq məcburiyyətində qaldılar.

Əlbəttə, bu işdə Tehran irticai mətbuatı və zor ilə iş başına keçən qocalıb ərimiş irtica heykəli, yəni Sədrül-əşraf kabinəsi, əti, qanı, iliyi və sümükləri biganələrin malı olan sərləşkər Ərfə və onun əvan ənsarı böyük rol oynadılar. Faşizm və irtica ruhu ilə tərbiyət edilmiş Ankara radiosu və həmçinin İran irticasının inanılmış köməyi hesab edilən London inspektorları isə onların dəyirmanlarına su tökməklə dünya əfkar-ı ümumisini iqfal etmək, xalqımızı yaraşmayan iftiralar ilə töhmətləndirməyə müvəqqətən nail olan kimi göründülər.

Firqəmizin əzmi, iradə, mətanət və istiqaməti sayəsində, xalq fəzadakı qara buludlara əhəmiyyət verməyib, başladığı böyük işi təqib edib, sözdən işə keçdi. Nəhayət, böyük milli konqremizi təşkil edib, ondan milli bir məclisi-müəssisan vücuda gətirməklə dünyanı vaqe olmuş bir əməl müqabilində qoydu.

Bu böyük işdən sonra millət buludları dağıtmaq, puç sözlər və mohum iftiralara böyük bir təkan ilə son qoymaqdan ötrü öz elamiyyəsini rəsmi surətdə bütün demokratik dövlətlərə, həmçinin Tehranın rəsmi məqamatına göndərib, bu vasitə ilə özünü aləmə tanıdıb, əsas sözlərini dedi. Elamiyəmiz xalqımızın qəlbi kimi saf, sadə, rast və səlis bir dil ilə yazıldığı üçün istər daxildə, istər isə xaricdə dərin bir təsir buraxdı.

Onun mənalı sözləri vasitəsi ilə dünya bildi ki, bizim iddialarımız təbii və tələbatımız qanunidir. Biz asi və şüriştələb deyilik. İran millətinin də istiqlal və təamaniyyəti ilə işimiz yoxdur. Sadə bir surətdə öz evimizin idarəsini öz əlimizə almaq istəyirik. Bu cəhətdən bir-iki müqərriz və müfəttin yalançılardan başqa bütün dünya radiolarının ləhni dəyişdi. Hətta bəziləri bizim haqq sözlərimizdən tərəfdarlıq etmək üçün adilanə və münsifanə dəlillər belə bəyan etdilər.

Daxildə isə irticai mətbuatın zəhərli intişaratı gündən-günə zəifləşib, bitərəf və azadixah ruznamələr həqiqətin üstünü açmaqla öz milli vəzifələrini əncam verir və bizim milli işimizi xalqa tanıtmaq istəyirlər.

Azadlıq və demokratlıq əsaslarına vəfadar olan cəbheyi azadi ruznamələri ilə şəhrivərdən sonra İran üfüqündə dan ulduzu kimi parlamağa başlayan “İrane ma” ruznaməsi indi bizdən ciddi surətdə himayət edir, Rza xanın alçaq nökəri və Muxtarinin kəsif xəfiyyəsi olan məsudilərin üzlərinin maskasını yırtır və onların xalqımıza nisbət bəslədikləri xainanə fikirlərini ifşa edirlər.

Artıq bütün İran azadixahları üçün bizim tutduğumuz yolun düz olduğu barəsində şübhə qalmamışdır.

Azadixah mətbuat ciddi bir surətdə dövləti tənqid edib, çox doğru olaraq deyir: “Azərbaycan məsələsi Azərbaycanda fəqət həll ola bilər. Dövlət bu daxili və milli məsələni xaricə çıxarmaqla İranın istiqlaliyyət və milli hakimiyyətini xələldar edir”.

Məxsusən fədakar Tehran yazıçıları xarici dövlətlərin bu xüsusda qopardıqları gurultuya etiraz edib onların bu işə qarışmalarını zayid, bəlkə qeyri-adilanə görürlər.

Rza şahdan qalan oğurluq pulları ilə Tehran vəkili çıxan doktor Əbdihin Əracifi böyük xəyanətkarlığın qaba təzahürlərindən birisidir ki, 14-cü məclisin çirkin və kəsif simasını açıq bir surətdə nişan verir və bu xain cəmiyyətin haradan su içdiyini açıb xalqa göstərir.

Azadixah mətbuat isə dövlətdən Azərbaycan xalqının qanuni və təbii haqqını verməyi tələb edir və onu bir millət tanıyıb öz daxili ümuratını idarə etməyi təbii bir haqq adlandırır.

Bundan əlavə Tehrandan gələn mötəməd əşxasın izharatına görə, indi bütün İran xalqı öz nicat və səadətini bizim milli hərəkatımızda görür və ürək döyüntüsü ilə bizim müvəffəqiyyətimizi arzu edir.

Hətta cənub şəhərlərindən gəlib əlimizə çatan məktublarda belə, xalqımıza, firqəmizə və işimizə böyük ümid hissləri nəzərə çarpır.

Bunların hamısı göstərir ki, artıq tufan keçmiş və fəzalar qara buludlardan təmizlənməyə başlamışdır, bundan sonra irticai qüvvələr nə qədər can atıb çalışsalar, öz zərərlərinə tamam olacaqdır. Artıq dünya bizi tanımış və haqq sözümüz qulaqlara yol tapmışdır.

 

P.

"Azərbaycan" qəzeti, â„– 72,

6 dekabr 1945-ci  il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info