Qonaq Kitabı
İSTEMARÇILARIN TƏHDİDİ BİZİ TUTDUĞUMUZ HAQQ YOLDAN QAYTARA BİLMƏZ. YA ÖLÜM, YA AZADLIQ - ÜÇÜNCÜ YOL YOXDUR

Biz heç bir qövm və heç bir millət və heç bir camaata düşmən deyilik. Özümüzə rəva gördüyümüz yaşamaq və tərəqqi etmək vəsilələrini özgələr üçün də rəva görüb bu günədək kimsənin tərəqqi və təalisinə müxalifət etməmişik. Hətta, Tehran irticai hökumətinin azadlığımız əleyhinə işlətməkdə olduğu xainanə tədbirləri də fars millətinin hesabına yazmaq istəmirik. Milli əsarət və qaba istibdad üsulunun məzəsini anladığımıza görə əsir millətlərə ürəyimiz yanıb, onların əsarət və istemar boyundurduğu altından xilas olmaqların səmimi-qəlbdən arzu etdiyimiz halda, zülfi-yarə toxunmaq qorxusundan onların azadlıq hərəkatı haqqında nəhayət dərəcə ehtiyat ilə danışmağa adət etmişik.

Asiya, Avstraliya və Afrika qitələrində istemar halında yaşayan bədbəxt və biçarə insanların fəlakətli halı bizi mütəəsir edir. Bir ovuc qan içən mühafizəkarların hiss və təməinin qurbanı olan bəşəriyyətin sızıltısı bizi ağladır. Amma nə etməli ki, məlun diplomasi mülahizələr bizi susdurub ruhumuzdan qopan etiraz səslərimizi dodaqlarımızda qurudub, fəzayə çıxmağa imkan vermir.

Bizim əsir Hindistan, biçarə ərəb dünyası, məzlum yunan camaatı, vaxtı ilə böyük mədəniyyətə malik olan yazıq Misir əhalisi barəsində deməli sözlərimiz çoxdur. Nə etməli ki, qonşuluq mülahizəsi ilə vicdanımızın verdiyi əzaba mütəhəmmil olub səsimizi çıxarmırıq. Farsların gözəl bir məsəli vardır: (Əgər bebe-dehkar çizi nəguyi bestankar mişəvəd[i]). Bu tamamilə doğrudur. Biz dünyanı əsarət altında saxlayan istismarçıların qonşuluğunu mülahizə edib sakit olduğumuzdan onlar sui-istifadə edib, bizim sadə və təbii haqqımızı paymal etmək üçün insanları təhqir edən və ədəbli adamlara yaraşmayan vasitələrə əl atmaqdadırlar.

Biz Hindistanı, ərəb dünyasını, Misir, biləxərə öz vətənimizin əsas sərvətini təşkil edən cənub neft mədənlərini azad etmək şüarı ilə başlamışıq, istemarçı və xalqların qanlarını soran mühafizəkar  dövlətlərin daxili və xüsusi işləri ilə də işimiz yoxdur. Sadə bir surətdə öz evimizi istədiyimiz kimi idarə etmək istəyirik. Buna istemar dünyası təhəmmül etmək istəmir.

Nə etməli, millətimiz qərinələr boyu təhəmmül etdiyi əsarət və hərc-mərcdən yorulmuşdur. İndi o da istəyir bütün millətlər kimi, öz səadətini təmin etmək imkanına malik olsun. Bu arzu heç bir millətin düşmənliyi üzərində əsaslanmamışdır. Biz min dəfə təkrar etmişik ki, istədiklərimiz məmləkətimizin sərhədi daxilində məhdud olmuşdur, İrandan heç vəchlə ayrılmaq istəmirik və məşrutə üsuluna da səmimi-qəlbdən sədaqətimiz vardır. Bununla belə istemar heykəlləri dünyanın o başından bizə qan tutmuş hərbi gözlərini bərəldib deyir: Yox, siz də İranın bütün əhalisi kimi əsarət halında qalmalısız. Bizim müstəmərələrimizin hifz və hərasəti bunu tələb edir. Bizim səltənət və qüdrətimiz millətlərin göz yaşları üzərində əsaslanmışdır. Bunu nəzərə almayan millət məhv va nabüd olmağa məhkumdur.

Amma biz öz növbəmizdə yaşamaq istədiyimiz üçün istemarçıların təhdidinə qulaq asmayıb, azadlığımızın təmini üçün mübarizəni axıra qədər davam etdirməyə and içmişik.

 

P.

"Azərbaycan" qəzeti â„– 66,

25 noyabr  1945-ci  il.



[i] Tərcüməsi –borcluya söz deməsən o, tələbkar olar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info