Qonaq Kitabı
UŞAQ TOVLAYIRLAR

Biz Rza xan zamanında şəhərlərimizi xərabazarə döndərmək məqsədilə aparılan xainanə siyasətdən artıq bəhs etmək istəmirik. Onu Azərbaycan xalqının düşmənləri də bu gün təsdiq etməyə məcburdular. Söz təzə ortalığa atılan yalançı pəhləvandardır. Bunlar bizim intişar verdiyimiz ciddi şüarların qabağına çıxmaq məqsədilə indi Azərbaycana dilsuzluq göstərməyə başlamışlar. Onu yağlı sözlərlə, tumarlayıb yatırmaq ilə bərabər onun üçün xəlifənin kisəsindən bəzl, bəxşişlər də qabağa çəkmişlər. Keçən gün eşitdiyimizə görə şəhrdarimiz böyük bir elan nəşr edib, şəhərimizin xiyabanlarını asfalt etmək fikrində olduğunu xalqın qulağına çatdırmaq istəmişdi.

Görünür, dörd il tamam əhalimizin dad-fəryadlarına qulaq asmaq istəməyən Tehran siyasətmədarlarına Azərbaycan Demokrat firqəsinin təşkili çox təkan vermişdir. Ona görədir ki, tez əl-ayağa düşüb xalqa rüşvət verməklə firqənin qüvvətlənməsinin qabağını kəsmək istəyirlər.

Azərbaycan xalqı, məxsusən Təbriz əhalisi çox gözəl bilir ki, bu bihudə təşəbbüslərə fəqət firqəmizin mürtəcelər qəlbində törətdiyi qorxu səbəb olmuşdur. Əgər belə olmasa idi, müsadirə olunan saysız-hesabsız teleqraflar, uzun-uzadı məqalələr, əlli min nəfərlik böyük mitinqlərdə çıxarılan qərarlar bu günədək cavabsız qalmazdı. Bunların hamısı bir yana, əgər vaqiən Tehran mürtəceləri Azərbaycan xalqına ya əqəllən Təbriz camaatına haqq-həyat qail olsaydı onun intixab etdiyi şahər əncüməninin fəaliyyətinin qabağın almaq kimi xəyanətə hazır olmazdı.

Bizə etiraz edirlər ki, niyə Azərbaycan özünün abadlığı barəsində iqdamat  edir. İranın ayrı əyalətləri də Azərbaycandan abad halda deyildir. Onlar isə səslərini çıxarmırlar.

Biz bunu da təsdiq edirik. Vəli başqa əyalətlərin bərbadlığı, bizi öz vətənimizi azad etmək fikrindən qaytara bilməz.

Biz şəhərlərimizin abadlığı, millətimizin fərhəng, behdaşt və itisad yolunda ciddi qədəmlər götürməsindən, bu kimi əhməqanə dəlillərə görə sərfnəzər edə bilmirik.

Məqsədimiz bu məqalədə bu kimi bəhanələrə cavab vermək deyil. Biz əslən bəhs və münaqişə əhli deyilik. Bizim nəzərimizdə bir əməli qədəm yetmiş batmanlıq məsnəvi təşkil edən mübahisədən qiymətlidir.

Bizim möhkəm yumruğumuzdan titrəyən Tehran irticai indi camaatımızın başın tovlamaq üçün şəhərimizi asfalt etmək fikrinə düşmuş. Olsun, biz buna müxalif deyilik. Hələ əsrlərcə vətənimizi soyub, millətimizin var-yoxunu qəsb edən Tehranın irticai dövləti bizə çox borcludur. Qoy beş-üç  xiyabani, xalqı tovlamaq məqsədilə də olsa, asfalt etsinlər.

Gülünc burasıdır ki, bu qədər dad-fəryad və biyabırçılıqdan sonra, təzə dövlət büdcəsindən deyil, şəhərimizi borclu salmaqla verdikləri boş vədlərə əməl etmək istəyirlər.

Bunlar o qədər cahildirlər ki, qanun mövcibincə əncümən şəhrdarinin qərarı olmadan şəhər naminə bir dinar belə borc etməyə haqlı olmadıqlarını nəzərdə tuta bilmirlər və xəyal edirlər ki, xalqın bu sadə həqiqətdən xəbəri yoxdur və təsəvvür edirlər ki, Seyid Ziyanın tövsiyəsi ilə banklar üsulu yaddan çıxarıb Təbatəbai kimi nadan bir adama şəhər naminə borc verə bilərlər. Təbatəbailərin qanunən rəsmiyyətləri olmadığını da bunlar aplamaq istəmirlər. Bunlar özbaşınalıq və həyasızlığı o yerə yetirmişlər ki, şəhərin ağası xalq tərəfindən intixab olunan şəhər əncüməni olduğunu da əmələn inkar etməyə cəsarət edirlər. Bunu yazmaqdan məqsədimiz şəhərin asfaltına  müxalifət etmək deyildir. Şəhər gərək asfalt olsun, bunun üçün gəlir mənbəyi də vardır. Bizi bu dələduzluq ilə, bu kimi amülmənfəə işlərə müxalif göstərə bilməzlər. Xalq özü bilir ki, Azərbaycan demokrat firqəsinin gurultulu səsi olmasaydı, mürtəcelər hətta, elam belə verməzdilər.

Eşitdiyimizə görə, şəhrdari işçilərinin maaşı belə aylarla təxirə düşür. Hələ əncümənin qərarı olmadan verilən maaşlar da oğurluq və sui-istifadə hesab olunur. Bu maaşları verənlər vaxtında gərək şəhər əhalisinin nümayəndələrinə haqq-hesab versinlər.

«Dərə xəlvət tülkü bəy» oyunlarının vaxtı keçmişdir. Uşaq başı aldatmaq kimi, gülünc hərəkətlərin faydası yoxdur. Xalq bu kimi fırıldaqlara aldanmaz.

Xalqımızın nicatı onun həqiqi rəhbəri olan demokrat firqəsinin bayrağı altındadır. Bu firqə qanunun himayətedicisi və gözətçisidir. Onun olduğu bir şəhərdə qanunsuzluq etmək olmaz.

Çağırılmamış qonaqlar şəhərimizin başını sındırıb ətəyinə qoz tökmək fikrindən göz yumsunlar.

Biz həmişə demişik, haqqı verməzlər, onu almaq lazımdır.

Təbriz şəhəri öz haqqını almağa qadir bir şəhərdir. Onun intixab etdiyi əncümən gərək bütün şəhrdarlıq işlərinə nəzarət etsin. Biz düzgün düşüncəli və səlamət fikirli dövlət məmurlarının vücudunu inkar etmirik. Lakin iş başında duranların çoxusunun oğru olduğunu da inkar etmək olmaz. Bu oğrular indi nəfəslərini arıdıb, şəhərin asfaltı bəhanəsi ilə özləri üçün kisələr tikirlər. Onlar bilməlidirlər ki, kisələri boş qalacaq. Şəhər əncüməni özü bütün şəhər işlərinə yaxından nəzarət edəcəkdir.

Biz şəhər əhalisi tərəfindən seçilən nümayəndələrdən iş və fədakarlıq tələb edirik. Onlardan kim öhdəsinə xalq tərəfindən qoyulan vəzifəni ifa etməyə özünü layiq görmürsə istefa verib getməli, fədakarlığa və xalqa xidmət etməyə hazır olanlar isə işə başlamalı və öz qanuni vəzifələrini əncam verməlidirlər.

Əncümən çox sadə bir surətdə şəhrdari rənsini çağırıb ona deyə bilər ki, ağa şəhərin sahibi vardır. Sən onun qərarı olmadan heç bir iş görə bilməzsən, qanun sənə bu ixtiyarı verməmişdir.

Famili və xudmani  bir surətdə çağrılan heyətlərin heç çürə rəsmiyyəti ola bilməz. Məmləkət məşrutədir.

Hələ qanuni-əsasimiz təğyir tapmamış və şəhrdarın hakimi mütləq ola bilməsi qanuni elan olunmamışdır. Şəhərin dəxli və xərci əncümən şəhrdarinin müstəqim nəzarəti altında ola bilər.

Əgər şəhrdar israr edərsə onda əncümən şəhər əhalisini toplar, onlara əncümən işə başlamadan, əncümənin rəsmi qəbzi olmadan vergi verməyəcəklərini elan edər.

Qoy Təbatəbai gedib Seyid Ziyadan Təbrizin qəssabları, hamamçıları, kəsəbəsi üçün tövsiyələr gətirsin və o tövsiyə vasitəsi ilə şəhərin ayidatını toplasın.

Anladızmı?

 

P.

"Azərbaycan" qəzeti â„– 57,

17 noyabr  1945-ci  il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info