Qonaq Kitabı
CİNAYƏTLƏRİN MƏNŞƏYİ

Əmniyyətdən danışanda nəzərə xəlvət yollar, dərin dərələr, uzaq dağlar gəlir və oxucu elə xəyal edir ki, əmniyyətsizlik fəqət bu yerlərdə yolkəsənlər vasitəsi ilə ola bilər.

Mürur-zaman ilə çox ibarətlər həqiqi mənasını itirdiyi kimi, bu ibarət də indi öz mənasını verə bilmir. Əmniyyətsizlik uca dağlar, xəlvət dərələrdən kəndlər və şəhərlərə köçüb ac, çılpaq, yoxsul və binəva xalqın verdiyi ağır maliyatlar ilə saxlanılan dövlət məmurları həramilər və yolkəsənlərin işini öz öhdələrinə götürmüşlər.

İndi ölkəmizdə heç kəs üçün əmniyyət yoxdur. Dövlət silahı ilə mücəhhəz olan jandarm özünü kəndlərdə hakimi mütləq bilir.

Kəndlinin çörəyini, qoyununu, yumurtasını, yağını zəhrimar elədikdən sonra, onun namusuna və canına belə təcavüz etməkdən çəkinmir. Bir vaxt babi adı xalqı soymaq üçün bir bəhanə idi. Hər kəsin bir parça çörəyi var idi. Onun üstünə bu adı qoyub ayaqdan salırdılar. İndi də azadixahlıq və firqə üzvlüyünü, cənab vəkilbaşı babilik kimi töhmət vasitəsi qərar verib bu ünvan ilə göz çıxardır, baş kəsir, gön soyur, dodaq kəsdirir, ev qarət edir, öküz, inək apartdırır.

İndinin əmniyyətsizliyinə bir qədər diqqət olunarsa, bərbəriyyət dövrəsində nəziri olmadığı nəzərə çarpar. Sədi demişkən «sənghara bəste səghara baz kərdənd»[i].

Dəstü-payi mərdomra bəste iddeyi dozd, qatili-rah-zənra ba tufənghayi   berno   müsəlleh   kərde   qoftəənd, bezənid, bekubid pedəre hərçe nəfəskeş əst dərbiyavərid[ii].

Ədliyyə məmurları isə destpərvərdeyi simürğ[iii] olduqlarından jandarmlardan ayaq dalı qoymurlar. Bunların büruzəliyi və cinayətkarlığı səbəbi ilə canilər, qatillər öz məqamından sui-istifadə edən dövlət məmurlarının cinayətlərinə baxan yoxdur. Onun əvəzində yüzlərcə kəndliləri əsir kimi dəstə-dəstə gətirib məhkəməsiz, mühakiməsiz zindanlara doldurub xalqın rişəsini kəsməyə davam edirlər.

Qoy açıq deyək, indi əmniyyətsizlik sərçeşməsi ədliyyədir. Ədliyyə məmurları öz vəzifələrini əncam vermək əvəzində (şərike dozd və yare qafilə[iv]) rolu oynayıb əmniyyəti xəbərdar edirlər. Onlar pul və nüfuz vasitəsi ilə cinayətkarları azad qoyub, bigünah kəndliləri toqifdə saxlayırlar. Əmniyyələrin cinayətlərindən göz yumub, onların hüququ işlərə müdaxilə etmələrinə açıq bir surətdə yol verirlər.

Məzlumların göz yaşları ilə yazdıqları ərizə və şikayətləri cavabsız qoyub, haradan mənfəət gözlənirsə ora qaçırlar. Bunların bu kəsif hərəkətlərinin nəticəsində oğurluq, rüşvətxorluq, sui-istifadə adi və təbii bir iş olmuşdur. Dövlət mizlərinin başında oturanlar yuxarıdan aşağıya, yəni vəzirdən pişxidmətə qədər, xalqı soymağı özləri üçün məşru haqq hesab edirlər.

Acan, jandarm isə müstəqimən xalq ilə mərbut olduğu üçün bu kəsafətkarlığın məzhəri hesab olunur.

Bu günün əmniyyətsizliyinin, bu günün yol kəsənliyinin və rahzonliyinin şəkli budur.

Artıq heç bir qaçaq yer və pənah yoxdur. Firqə işçilərimiz zülm və cinayətlərdən qaçıb firqə qapılarına pənahəndə olan məzlumların ah-naləsindən cana gəlmişdir.

Artıq çarə və əlac yolu qalmamışdır. Jandarm və ədliyyə başçıları görünür qəsdən və əmdən bu atəşə ətək vururlar. Bundan sonra xalq öz başına çarə etməlidir.

Qoy dünya bilsin ki, beş-üç cinayətkarın əlində xalq nə günə qalmışdır. Qış gəlib qapını aldığı halda minlərcə kəndlilər ev və zindəganlıqlarını tərk edib dağlarda yaşamağa məcbur olmuşlar. Dilənçiliyə məcbur olan ortabab əkinçilər naçar kəndləri tərk edib şəhərlərə pənah gətirirlər. Bu cinayətə tez ya gec son qoymaq lazımdır.

 

P.

"Azərbaycan" qəzeti â„– 56,

16 noyabr  1945-ci  il.



[i] Tərcüməsi – daşları bağlamış, itləri isə açmışlar.

[ii] Tərcüməsi – xalqın əl-ayağını bağlayaraq bir yığın oğru qatil və yolkəsəni berno tüfənglər ilə silahlandıraraq belə göstəriş vermişdilər: Vurun, döyün, nəfəsi gələn bütün adamların atasını yandırın.

[iii] Bu istilah burada irticaın əlaltısı olmaq  mənasında işlədilmişdir.

[iv] Tərcüməsi – oğru ilə şərik, karvan ilə yoldaş deməkdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info