Qonaq Kitabı
KARLAR EŞİTSİN, KORLAR GÖRSÜN

Bir ayın içərisində firqəmizin dəftərinə və ruznamələrimizin idarəsinə mindən artıq şikayət ərizələri gəlmişdir. Bu ərizələrdə dövlət məmurlarının və onların təchiz etdikləri əşrar və cəllad dəstələrinin Azərbaycan xalqı ilə etdikləri vəhşiyanə rəftar çox diri və canlı bir surətdə tənzim edilib, xalqımızın göz yaşları ilə ziynətlənmişdir. Siz əgər bir və ya iki gün idarələrimizə gəlib, bu ərizələri gətirən azərbaycanlıların qiyafələrinə baxsaz onda bizim qəlbimizin yandığı, vicdanımızın üsyan etdiyinin səbəblərini anlarsız.

Azərbaycan  xalqının dilini bağlayıb, onu zülm və fişar nəticəsində məhv etmək fikrindədirlər. Demokrat dünya və onun şəhərimizdə olan nümayəndələri bu fəcaye və vəhşilikləri  əgər görə bilmirlərsə, onda öz azadixah və demokrat xalqlarının onlara tapşırdıqları vəzifəni layiqincə yerinə yetirmədikləri üçün vicdanən və əxlaqən bəşəriyyət müqabilində məsuldurlar. Əgər görüb, eşidirlərsə bəs nə üçün onu öz millətlərinin və öz ruznamələrinin nəzərinə yetirmək istəmirlər.

Xalq məhv olunur. İnsanların varlığı və heysiyyəti ayaqlar altında tapdalanır. Bu indiki əsr üçün nəngdir. Bu əsrdə mütəməddin millətlərin aliməqam nümayəndələrinin yaşadığı bir ölkədə xalqın dodaqlarını kəsir, dərilərini soyurlar. Keçən nömrədə üç ya dörd yaşlı qızın jandarm sərnizəsi ilə öldürülmüş cəsədinin qravürunü intişar verdik. O bir gün jandarm məmurlarının bir kəndlini çokmə altında əzib həyatına xatimə verdiyi xəbəri yazdıq. Üç nəfəri öldürüb, doqquz nəfəri ağır surətdə yaralayan Sadiq Müctəhidi azad bir surətdə Təbrizin küçə və xiyabanlarında gəzib, sinəsini daha qabağa verməkdədir. Ədliyyə pul alıb böyük cinayətkarı buraxmış, dadsitan isə, mizinin dalında kağızlar və pərvəndələr içərisində qərq olub qalmışdır.

Sərdrudda bərbəriyyət dövrəsinin ağır vəhşiyyətini andıran cavan uşaqların dodaqlarına dağ basmaq əfsanə deyil, həqiqətdir. Bu həqiqəti örtüb basdırmaq üçün Tehran dövləti - Azərbaycan ruznaməsinin Tehranda intişarını qədəğən edir və xalqın gözünü bağlayıb, qulağını kar saxlamaq istəyir.

Qoy bütün dünya bilsin və Azərbaycanın mərkəzində yaşayan mütəməddin dövlətlərin nümayəndələri gözlərini  açıb görsünlər ki, Tehran dövləti Azərbaycan xalqından intiqam çəkir, ona azadlıq əvəzində cəlladlardan, qatillərdən himayət edən, onların cinayətlərinin üstünü örtən xain ədliyyə məmurları, cani jandarm rəisləri, vəhşi və qaniçən bəxşdar və dehdarlar verməkdədir.

Biz bu gündən etlbarən cinayət qurbanlarını mütəməddin ölkələrin nümayəndələrinin qapılarına göndərməyə məcburuq. Qoy bütün dünya bilsin ki, Azərbaycanda qanun və ədalətdən bir əsər yoxdur. Tehran hökuməti və azadlığı məhv etməyə çalışan mürtəcelər xalqımızı ayaqlar altında məhv, nabud etmək fikrindədirlər. Qoy hamı bilsin ki, Azərbaycan xalqı özunün daxili işlərini idarə etməyə bəşəriyyət müqabilində məsuldur.

Qoy mənşur Atlantik kimi millətlər azadlığının əsasını təqib edən sənədlərdə bu cinayətləri təbrəə etmək üçün  maddələr və dəlillər tapıb göstərsinlər.

Azərbaycan xalqı bu vəhşiliklərə baxmayıb yaşayacaq, özünün rəhbəri olan Demokrat firqəsinin bayrağı altında zülm və əsarətə xatimə verəcəkdir.

 

P.

"Azərbaycan" qəzeti № 53,

13 noyabr  1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info