Qonaq Kitabı
AZƏRBAYCANIN SƏRVƏTİ AZƏRBAYCANDA QALMALIDIR

Bizim möhkəm və əməli şüarlarımız millətimizin məhvinə çalışan düşmənləri acıqlandırıb onları divanələr kimi mənasız hərəkətlər büruzə vermək və məntiqsiz sözlər danışmağa vadar etməkdədir.

Eşitdiyimizə görə, Seyid Ziya dəstəsi və Azərbaycana özünü kəfil göstərmək istəyən beş-üç yalançı pəhləvan axır vaxtlarda sadəlövh və heç bir siyasi iş ilə əlaqəsi olmayan bazar camaatını çəkib Tehrana aparmağa çalışırlar. Biz əlbəttə evini, zindəganlığını, kəsbi-ticarətini tərk edib Tehranda mürtəce farsların tohini və təhqiramiz hərəkətlərini öz xalqının qardaşlığına tərcih verən adamların getməsindən çox da təəssüf etmirik. Onlar çox tez bir zamanda gördükləri işin zərərini hiss edib, peşman olacaqlar. Bu peşmanlıq onlar üçün faydasız ola bilər. Bu bizə mərbut deyildir. Bizim nəzərimizi cəlb edən işin ayrı cəhətidir. Tehran bizim sərvət və varlığımızı bu vasitə ilə əlimizdən almaq, ölkəni fəqrü-fəlakətə sövq etmək istəyir. Firqəmiz bu ciddi məsələni nəzərdə tutmalıdır.

Biz işə başladığımız zaman düşmənlərimizin göstərəcəkləri əksüləməli unutmamışdıq. Çox gözəl bilirdik ki, onlar bizim qabağımıza cürbəcür əngəllər çıxara bilərlər. Məxsusən, məsnui işsizlik yaradıb, xalq arasında vəhşət yaratmaqla əllərinə bəhanə salıb xalqın malına və heysiyyətinə əl atmaqla sudan balıq tutmaq kimi alçaqlıqda onların mahir olduğunu mükərrər imtahan etmişdik. Ona görə əmniyyəti saxlamağı, xalqın mal, can və heysiyyətini qorumağı əsas bir şüar olaraq təqib edib əmələn hər yerdə baş verən hərc-mərcin qabağını almağa əvvəldən tədbirlər görmüşdük.

Azərbaycan xalqının düşmənləri isə bu zəhməti puça çıxarmaq yolunda iki ay tamam var qüvvələrini sərf edib cürbəcür oyunlar oynadılar. Lakin bizim təsmimiz xələlnapəzir idi. İndi düşmənə heç bir bəhanə verməyib, başladığımız böyük işi mətanət və xunsərdlik ilə təqib edib firqəni möhkəm payə və əsas üstündə qoymağa müvəffəq olduq.

İndi xalqı qorxudub bu vasitə ilə sərvətimizi çəkib aparan xainanə siyasət ilə ciddi surətdə mübarizə etmək zamanı gəlib çatmışdır.

Bu işdə dəxi mətanət və xunsərdliyi hifz etmək lazımdır.

Düşmənlərin törətdikləri vəhşət və qorxunu ortadan qaldırmaq və xalqı firqəmizin şüarlarının həqiqətinə inandırmaq üçün şəhərlərdə təbliğat işini güçləndirmək lazımdır.

Bu iş çox zəif bir haldadır. Mərkəzi komitəmizin ümumi iclası konfranslar və mitinqlər təşkilinə icazə vermişdir. Artıq firqə daxili işlərini yoluna qoymuş, kafi miqdarda firqə siyasəti ilə aşina olan adamlar yetirməyə müvəffəq olmuşdur.

Bu gündən etibarən təbliğata girişib, şüarlarımızı xalq üçün böyük iclaslar və geniş mitinqlər vasitəsi ilə izah etməli və xalqın gözünü açıb onu peşmanlıq törədən işlərdən qaytarmalıdır.

Hərgah bu iş bir qədər ciddi şəkil alarsa, yəni xalqı vəhşətə salan ünsürlər vətənimizin sərvətini çəkib aparmaqdan əl götürməzlərsə, onda xalq öz gücü ilə bu işin qabağını almalıdır.

Azərbaycanın tolid etdiyi sərvət onun doğma xalqının  ehtiyaclarını rəf etməyə sərf olunmalıdır. Bunun əleyhinə çalışan xainlərə deyin: Biz ölümə məhkum olsaq da öz vətənimizdə, öz ana yurdumuzda dəfn olmağa iftixar edirik.

 

P.

"Azərbaycan" qəzeti â„– 52,

12 noyabr  1945-ci  il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info