Qonaq Kitabı
DÜŞMƏNİN HİYLƏSİNİ ANLAMAQ LAZIMDIR

Firqəmizin şədid müqaviməti və ciddi mətanəti sayəsində xaricdə qopardıqları məsnui tufandan məyus olan düşmənlərimiz axır günlərdə siyasətlərini dəyişməyə məcbur olmuşlar.

Bunlar təşkilatımızı içəridən gücdən salıb, dağıtmaq fikrindədirlər.

Biz bu kəsif siyasəti anladığımız üçün onun da çox tez bir zamanda sadə vasitələr ilə qabağını almağa imkanımız vardır.

Bununla belə yerlərdə firqə rəhbərlərinin gözünü açıb onları başa salmaq lazımdır.

Seyid Ziyanın göndərdiyi pullara satılmış alçaq ünsürlər məmləkəti hərc-mərc və qolçomaqlığa çəkməyə çalışan bəzi məqamların sayələri indi bir yerdə əlbir olub çalışmaqdadırlar.

Aldığımız məlumata görə, Tehrandan qeyri-nizami libasda məzacı quldurluq və diktatorluğa mayil olan neçə əfsər gəlmiş, firqəmizə yaxın olan adamlara yanaşıb, bu vasitə ilə mühiti zəhərləməyə çalışırlar. Seyid Ziya adamları məxsusən bu axır günlərdə bu əfsərlər ilə sıx rabitəyə girib, firqəmizə soxulmağa təşəbbüs edirlər. Bunlardan əlavə şəhərimizi tanıyıb firqənin məhşur üzvləri ilə sabiqə nə aşinalığı olan bir çox nacavanmərd adamların təzəliklə varid olduğunu və onların cürbəcür vasitələr ilə özlərinin şüarlarımızın bəzisinə tərəfdar göstərmələri firqənin nəzərindən gizli saxlanıla bilməmişdir.

Bunları tanımaq firqə işçiləri üçün çox müşküldür. Onlar çox yumşaq və haqbəcanib ləhi ilə sizə yanaşır. Məsələn, əncümən əyaləti və vilayəti, ya məclis intixabatını təmcid edir. Onun başlanması haqqında hərarətli dəlillər gətirir, fəqət dil məsələsinin lazım olmadığını meydana çəkib, ondan təcziyə kimi, ya Azərbaycanın İrandan ayrılıb başqa bir ölkəyə yapışdırılması kimi mənalar çıxarır. Bu vasitə ilə sizin qəlbinizdə şübhə yaratmaq istəyirlər.

Ya bərəks, dil məsələsi ilə yüzdə yüz tərəfdarlıq edib məclis intixabatını və əyalət əncümənini ayrı mənada təfsir edib, özü üçün barmaq yeri qoyur və qulaq asanların zehnini qaraldıb fikrini zəhərləməyə çalışır.

Hətta, əlimizdə mədrək və dəlil var ki, Tehrandan güclü miqdarda pul alıb gələn məcaracılar firqəmizə çox sol sözlər ilə soxulub firqə rəhbərlərini sağ və mühafizəkar  siyasət  aparmaqda  müttəhim  edirlər.

Bunlar yer bölgüsü, cümhuriyyət və sərmayədarları məhv etmək şüarı ilə firqəmizin içinə soxulmağa, firqənin sadə üzvlərini narazı salmağa çalışırlar. Məxsusən jandarmların kəndlərdə gördükləri işlər nəticəsində kəndlilər arasında çıxan narazılıqdan xainanə bir surətdə sui-istifadə edənlər də az deyildir.

Bir ayağı şəyyad, gülahbərdarlıq ilə özünü təbliğat idarəsinin nümayəndəsi adlandıran Katozyanın xəyanət dükanında, bir ayağı da firqəmizin binalarında olan adamların gördükləri işlər və intişar verdikləri xəbərlər də bizim nəzərimizdən məxfi deyildir...

Azərbaycanın çörəyini yeyib Azərbaycan xalqının verdiyi maliyat ilə fahişələr kimi bəzənib-düzənib küçəyə çıxan xain məmurların danışıqları qeyri-rəsmi olsa da, bizim üçün mədrəkdir. Görünür, dövlət dəstgahı öz vəzifəsini tamamilə unudub, bitərəfliyini əldən vermiş, siyasi bir firqə halına düşüb bizimlə bir firqə kimi mübarizəyə başlamışdır.

Bu kimi vazifəsini tanımayan məmurlara biz bu günə qədər heç bir söz deməyib, onların işlərini fəqət yaddaş edib saxlamağa qinaət etmişik. Onlar isə bizim mətanətimizdən və etina etməyimizdən sui-istifadə edib cəriləşməkdə davam edirlər. İş belə gedərsə biz naçar olub onların gördükləri işləri açıb meydana qoymağa məcbur olacayıq.

Biz firqəmizin səlahiyyətdar iclaslarında açıq və aydın bir dil ilə demişik: Həmvətənlərimizin hamısını hər libasda, hər şüğl və hər işdə olur-olsun dost tuturuq. Sərbaz, əfsər madam ki, öz vəzifəsindən kənara çıxmayıb, bizim qardaşımızdır. Biz arzu edirik, ərteşimiz fəqət xarici duşmənlər əleyhinə işlədilə və məmləkətin sərhəddini saxlamağa qadir ola. Ərteşi məmləkət əhalisi və həmvətənlər əleyhinə işlətmək, ondan bu və ya digər firqə ziddinə istifadə etmək xəyanətdir...

Mütəəssifanə, bəzi məqamat bunun xilafına olaraq ərteş dəstgahını siyasi bir firqə şəklinə salıb, ondan irticai istifadələr etməkdədirlər.

Rza xan bu böyük bidəti qoymaqla İrana böyük xəyanət etmişdi. Həmin bidət nəticəsində idi ki, Kərim ağalar, Xudayar xanlar və Əhmədilər kimi oğrular bütün İranı soyub, qarət etməklə milyardlar əldə etdilər və o milyardları saxlamağa əlaqəmənd olub sərbazlıq vəzifəsini yaddan çıxarmaqla ölkənin həyatını təhlükəyə saldılar.

Rza xan siyasətini təkrar edənlər keçmişdən ibrət almalıdırlar. Əfsərləri qeyri-nizami paltar geydirib demokrat firqəsi ilə siyasi mübarizəyə göndərmək ərteşə xəyanətdir. Bu işi görən xainləri xalq özü arayıb, tapıb, rüsvay etməlidir.

Bu sözləri yazmaqdan məqsəd kimsəni təhqir etmək deyildir. Biz istəyirik, firqə üzvlərimiz bu işləri bilsinlər.

Bizim gizli siyasətimiz yoxdur. Təbliğatımız da həqiqətə dayanmalıdır.

 

 

P.

"Azərbaycan"  qəzeti â„– 49,

8 noyabr 1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info