Qonaq Kitabı
XALQ ÖZ BAŞINA ÇARƏ EDİR

Beş-üç nəfər istifadəçi onsuz da aclıq və işsizliyə məhkum olan xalqın azuqəsini çəkib aparmaqla məsnui qəhətlik yaratmaq istəyirlər. Bu xüsusda Şəhristanlarda və Təbrizin özündə firqəmizə müraciət edib çarə istəyənlərin sayı gündən-günə artıb, vəhşətnak bir vəziyyət almışdı. Ona görə, dəfələrlə firqə tərəfindən dövlət idarələrinə müraciət edildi. Mütəəssifanə idarələrin başında duranlardan, icz və göz yaşlarından başqa bir cavab alınmadı. Nəhayət, işin qorxulu olduğunu nəzərə alıb əhaliyə öz vasitələri ilə bu xətərli oyuna xatimə vermələri tövsiyə olundu.

O gündən etibarən, Azərbaycan hüdudundan yağ, pendir, un, buğda, qoyun, ət, toyuq kimi xarbar şeylərinin çıxarılmasının əhali tərəfindən qabağı alınmağa başladı. Eşitdiyimizə görə bu şeylərin çoxusu hətta İran sərhəddindən də xaricə göndərilirmiş. Səlahiyətdar olan şəxslərin verdiyi rəqəmlər çox qorxuludur. İş belə davam etsəydi, yağın batmanı yüz tümənə də tapılmazdı. Hələ indi bazarda yeməli təmiz yağ tapmaq mümkün deyildir. Təqəllübçilər piy və başqa yağlardan təcavüz edib vazelin, parafin və gərçək yağına da əl atmışlar. Pendir, süt, qatıq qabili istifadə deyildir. Yağ baha olduğu üçün sütü çərxə verir, üzünü kərə üçün götürür. Onun dadsız-təmsiz suyundan pendir və yoğurt düzəldib baha qiymətə xalqa satmaqdadırlar.

Miyanada minlər ilə qoyun, milyonlarla yumurta, toyuq və kamyonlarla yağ və pendir saxlanılmışdır. Məsələn, oranın karvansaralarında üç milyon yumurta mövcuddur ki, kəndlilərdən çox ucuz qiymətə alıb Tehrana həml edirmişlər. İndi Təbrizin özündə yumurtanın biri bir riyaldan yuxarıdır.

Heç bir yerdən gəliri olmayan xalq bu məsnui bahalığa dözə bilməz. Tehranda müftə pul çoxdur. Bütün İranı qarət edib orada xərcləyən müftəxorlar hər qiymətə olsa yumurta tapıb zəhrimar edə bilirlər. Biz gözümüzün qabağında xalqımızın acından öldürülməsinə dözə bilmərik. Ehtikar və xalqı aclığa məhkum edənlərin cavabı odur ki, Bostanabad və Vasmınc, Türkmənçay və Miyana əhalisi verirlər.

Bir misqal yağ, bir batman buğda, bir baş qoyun, bir hələbi pendir xaricə çıxmayacaqdır.

Budur xalqın arzusu. Budur biçarələri acından öldürmək istəyən istifadəçilərin cavabı.

Ticarət malına isə, əgər ehtikar və azuqə cənbəsi olmazsa, mane olunmamalıdır. Məsələn, fərş, xuşgəbar, badam və bu kimi şeyləri azad bir surətdə aparıb dünya bazarlarına yetirməyin zərəri yoxdur.

 

P.

"Azərbaycan" qəzeti â„– 47,

6 noyabr 1945-ci il

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info