Qonaq Kitabı
MƏSNUİ TƏƏSSÜB

Eşitdiyimizə görə mürtəcelər və Seyid Ziya dəstəsi Tehranda məsnui surətdə təəssüb icad etmək fikrindədirlər. Hüseyn İttika, Zehtab və bu kimi şəyyadları pud vasitəsi ilə potlayıb, Azərbaycan namindən hay-huy salmaq fikrindədirlər.

Camal İmami, Sərtibzadə, Siqqətulislamının bədəxtliyi o yerə çıxmışdır ki, kor, kar, kəsif, tiryəki va uzun müddət dəlixanada ömür sürən Hüseyn İttika ilə macəracu,   anlamaz,  ləcuc,  tamahkar, kəçxəyal və nəcisdən nəcisraq olan Qulam Hüseyn Rzazadənin ətəyindən yapışmağa və ondan kömək gözləməyə məcbur olmuşlar.

Firqəmizin möhkəm silləsi yalançı pəhləvanları birləşdirmişdir.

Əmir Nüsrət İskəndərinin keçən günədək Sərtibzadəni görən gözü yox idi. Sərtibzadə isə burnunu aşağı salıb «Əmir Nüsrət ilə salaməleyk edən adamlar ilə, mən danışmaram» deyirdi. Doktor Müctəhidi ilə Siqqətülislaminin tarixi düşmən olduqlarını Azərbaycanda bilməyən yoxdur. Bunların famili yarım əsr tamam bir-biri ilə şədid və qanlı mübarizə aparmışlar. Bu famillər bir-birinin adamlarını kafir və qanı halal bilir və heç vaxt bir-biri ilə təmas tutmazlar. Sərtibzadə isə bu əşxasın nəzərində iblisdən mənfur hesab olunurdu. Əmma indi bunların hamısı əlbir olub Hüseyn İttika və Zehtab vasitəsi ilə Azərbaycan xalqının səsini boğmaq və qanuni haqqını ayaqlar altına salmağa çalışırlar. Biz bu təşəbbüslərə, bu rəcəzxanlıqlara, bu yalan birliklərə gülüb öz işimizi təqib edirik və bizə sabit olmuşdur ki, iş təşkilatdan, sədaqət və iman üzrə toplanan birlikdən asılıdır.

Sərtibzadə, Əmir Nüsrət, Siqqətülislami və doktor Müctəhidinin ittihadı baş tutsa da, məşhur rus təmsilnevisi Krılovun yazdığı (Balıq, ördək və xərçəngin) birliyi kimi, arabanı yerdən təkan verə bilməz. Çünki, onların hər biri bir ayrı məqsəd təqib edir və arabanı öz yoluna tərəf çəkməyə çalışır.

Bizim firqə təşkilatımız isə həmfikir, həmməslək və həməqidə adamlardan təşkil olunmuşdur. Biz firqəmizin birinci konqresində çox açıq və sadə bir dil ilə demişik: Firqə bir məqsəd və bir hədəf təqib edənlərin təşkilatıdır.

Onun məram və nizamını qəbul edə bilməyənlər, buyurub gedə bilərlər. Biz kimsəni ikrah və güc ilə firqəyə çəkmək fikrində deyilik. Bu sadə və təbii siyasət nəticəsində firqəmiz gündən-günə möhkəmləşib, mətin və möhkəm qədəmlərlə irəli gedir.

Biz Tehranda hay-küy salan ağalara deyirik, əgər sizin doğurdan da Azərbaycana ürəyiniz yanırsa, buyurun, bu guy, bu meydan. Burada xalqın içərisində çalışıb öz fikrimizin doğruluğunu isbat edin. Daldan bombaça çıxarmağın mənası yoxdur. Azərbaycan məsələsi Azərbaycanda həll oluna bilər. Tehran əgər zirək və çox qoçaq isə buyurub öz kəsafətkarlığını təmizləyib, düzgün bir dövlət vücuda gətirsin. Ondan əlavə həqiqi azərbaycanlılıq təəssübü Tehranda yaşayan zəhmətkeş və kəsəbə arasında axtarılmalıdır.

Bizim dəqiq hesabımıza görə, orada yüz mindən ziyadə azərbaycanlılar səmimi-qəlbdən bizim tərəfdarımızdırlar. Siz onların arasında gedir, farsca nitqə başlayın, görün sizə nə cavab verirlər. Əgər azərbaycanlı dili ilə danışmağa başlasaz onda onların sizə nisbət bəslədikləri ehtiramın ləzzətini alarsız.

Siz məsnui farslıq təəssübü ilə nifrətdən başqa xalq arasında bir nəticə əldə edə bilməzsiz. Hələ özünüz belə yaxşı farsi danışmağa qadir deyilsiz. Sərtibzadə qələt danışmaq qorxusundan beş kəlmə də olsa məclis tribununda söhbət etməyə cürət tapmamışdır.

Camal İmami isə farslaşmış, bəlkə ingilisləşmiş bir adamdır, Siqqətülislaminin ləhcəsi uzaqdan fars olmadığını bildirir. Əmir Nüsrət farsi danışa bilməmək qorxusundan səsini çıxarmır. Bu adamların fars mütəəssibi kimi meydana atılmaları əcaba məsxərəbazlıq deyildir, nədir?

Biz fars camaatını biganələrə əsir edən İstəxr kimi, ya Lobnandan[i] İrana mühacirət edən Cavahirülkəlam kimi yazıçıların dərdini anlamamış deyilik. Onların dad-fəryadı təbiidir. Çünki, süt verən Azərbaycan adlı inəkləri, artıq onlara süt vermək istəmir. Sütünü öz əziz balasına sərf etmək istəyir. Lakin bizim farslar demşikə (kasə əz aş dağtər)[ii] vəkilcığazlarımızın farslıq təəssübü məzəlidir.

 

 

P.

"Azərbaycan" № 47,

6 noyabr 1945-ci il.



[i] Liviya deməkdir.

[ii] Tərcüməsi – aşdan isti kasa.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info