Qonaq Kitabı
GÜNÜN MƏSƏLƏSİ HAQQINDA

Firqəmizin şüarları get-gedə İran tərəfindən anlaşılmaqdadır. İrticai mətbuatın hay-küy salmasına və həqiqəti cürbəcür rənglər ilə boyayıb meydana çıxarmasına baxmayıb, İranın siyasi mühiti çox sürətlə bizim xeyrimizə dəyişməkdədir.

Tehrandan və İranın ayrı şəhərlərindən aldığımız  məktublardan məlum olur ki, firqəmiz camiədə get-gedə öz həqiqi yerini tutub azadlığın dayağı, demokrasi üsulunun zamini olmağa başlamışdır.

İranın istiqlaliyyətini bitərəf və mulayim bir siyasət yeritməklə saxlamağa çalışan vətənpərəst ünsürlər gözlərini açıb, bizi götürdüyümüz böyük və mərdanə qələmin bu yolla nagahani bir vəsilə olduğunu etiraf etməyə məcbur qalmışlar.

Sədrin süqutu, Fərruxun tamam vəsail ilə mücəhhəz olduğuna baxmayaraq, onun Azərbaycan valiliyinə həsrət qalması isbat edir ki, firqəmizin qüdrəti birtərəfli siyasəti titrədib sındırmağa başlamışdır.

Vətənpərəst və azadixah kişilər açıq surətdə bizdən ümid gözlədiklərini yazır, bizi başladığımız işi axıra yetirməyə təşviq edir və özümüzü ümum məmləkət siyasətində müəssir bir amil olduğunu göstərir.

Bu həqiqətdir. Onların hüsni-niyyəti bizə irticaın divanələrə yaraşan vasitələr ilə dünənə kimi adını belə eşitmək istəmədiyi Azərbaycana əl atması çox aydın bir surətdə göstərməkdədir.

Əgər oxucularımız ruznaməmizi diqqətlə təqib etmiş olsalar, təsdiq edərlər ki, biz heç vaxt Tehrana - yəni irticaın başına və biganələrin ağuşuna atılan hərzə və hərcayi siyasət oyunçularına müraciət etməyib, onlardan heç bir ümid gözləməmişik. Onların oynadıqları   xəyanətkar   oyunlar  da   bizim   nəzərimizi cəlb etmir. Kabinələrin dəyişməsi, vəzirlərin birbə-bir əvəz olması bizim işimizdə böyük yer tutmayıb və tutmayacaq. Lakin Tehran indi bizim firqənin ətrafında fırlanır və bizim sadə və təbii səsimizdən vəhşətə düşmüşdür.

İran camaatının qanını sorub, onu fəqr və fəlakətə salan müstəbidlərin artıq yuxusu aparmır. Bunlar milyonlarla xalqın varlığını qarət edib, onunla vücuda gətirdikləri cənnətlərdə rahat dura bilmirlər. Nə üçün?

Ondan ötrü ki, Azərbaycanda xalqın azadlıq və demokratlıq mübarizəsinə rəhbərlik etməyə qüdrəti olan böyük bir firqə vücuda gəlib, millətin öz gücü ilə işi qabağa aparmağa başlamışdır.

Günün  fikri, günün məsələsi, mətbuatın hərarətlə təqib etdiyi mövzu indi budur.

Fəqət buna görə kisələrin başı açılıb yalançı pəhləvanların bazarı rəvac tapmışdır. Axtarıb guşə və kənardan özünü Azərbaycana əlaqədar göstərən çürümüş kor və karları tapıb onların vücudundan istifadə etmək istəyirlər.

Azərbaycan xalqının siyasi haqqını xainanə yollar ilə ayaqlayıb məclis kürsülərini işğal edən irticai nümayəndələr də bir an hərəkətdən əl çəkmirlər. Siyasətin mərkəzi çox qorxulu yerlərə keçmişdir. Rza xanın gördüyü işi təkrar etməkdədirlər. Vəzirlər heyəti və məclis ikinci və üçüncü sıraya keçmiş, daxili işlərə qarışmağa səlahiyyəti olmayan hərbi orqanlar, hakimiyyət sürməyə və oyunda birinci rolu oynamağa başlamışdır. Mərkəz və şimal əhalisindən tutulan jandarm və nizami qüvvələrə belə etimad yoxdur. Cənubdan və mərkəzi şəhərlərdən qüvvə gətirib Tehranı bu vasitə ilə boğduğundan sonra bizim qabaqımıza maniə çıxarmağa can atırlar.

Biz kəndlərdə candarm məmurlarının yandırdıqları odun əsas məqsədini bildiyimiz halda, əmmiyyəti saxlamağa var qüvvəmizlə çalışırıq. Candarm başçıları dildə əmniyyət tərəfdarı olub, məsələnin sülh yolu ilə həll edilməsinə hazır olduqlarını bəyan edir, əməldə isə bu günə qədər bir qədəm belə götürməyə hazır olmamışlar. Biz müəyyən jandarm rəisləri haqqında bir söz demək, ya tohin və təhqiramiz sözlər işlətmək  fikrində  deyilik.   Lakin  ümumiyyətlə,   əldə olan dəlil və mədrəklər göstərir ki, bu vasitə ilə kəndlilərimizdə hərc-mərc və şuriş yaratmaq yolu ilə işə başlamışlar.

Kəndləri vurub, döymək, həbs və təbid etməklə cana doydurub əmniyyəti pozmağa vadar etmək istəyirlər. Əgər belə olmasaydı, onların verdiklərl minlərcə ərizələr təsirsiz qalmazdı.

Bu çox həssas və ciddi bir məsələdir. Buna xalqımız çox diqqətlə yanaşmalıdır. Fərruxun görə bilmədiyi işi jandarm vəkilbaşılarının əlilə görməyə çalışırlar. Bunu düşündüyümuz üçündür ki, tohin və təhqirlərə əhəmiyyət verməyib, kəndlərdə vücuda gələn böyük narazılığın qabağını almağa bu günə qədər müvəffəq olmuşuq. Bundan sonra da bu siyasəti biz təqib edəcəyik. Lakin od ilə oynayan şuluqsalanlar apardıqları siyasətin nəticəsini diqqətlə düşünməlidirlər. Kəndlini narahat edib, onu sıxıb ayaqdan salmaq od ilə oynamaqdan daha xətərlidir.

Hərc-mərc salanlar özləri də onun qurbanı olmaqdan yaxa qurtara bilməzlər. Sədinin həkimanə sözünü yaddan çıxarmayın.

Əgər səd sal gəbr atəş füruzəd

Əgər yekdəm dər u üftəd besuzəd[i]

 

P.

"Azərbaycan" qəzeti â„– 45,

4 noyabr 1945-ci il.



[i] Tərcüməsi – Atəşpərəst yüz il od yandırsa da, bir an onun içinə düşdükdə yanar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info