Qonaq Kitabı
CÜCƏNİ PAYIZDA SAYARLAR

Tehran ruznamələrinin yazdıqlarını Təbrizdə və Azərbaycanda oxuyanda insanın İran əhalisinə ürəyi yanır və bu camaatın fəna və zavala məhkum olduğunu hiss etməklə mütəəssüf olur.

İftira, töhmət, yaramaz föhşlər, yersiz xəbərlər, cəli komitələr, beş-üç nəfərin adını əzbərləyib onları klişe kimi hər mövzuda işlətmək, mövcud quruluşda fəsad əxlaqının son dərəcəyə yetişdiyini isbat edir.

Görünür, Tehran mühitini polis və sair şübhəli qüvvələrlə olan irticai dəstələr elə zəhərlənmişlər ki, buynuzlu və quyruqlu yalanları orada azad bir surətdə yazıb intişar vermək uzun müddət davam edə bilər. Kimsə də ayaq irəli qoyub onların həyasızlığını və xalqı soyub məsxərə etdiklərini deməyə təşəbbüs etmir. “Şahnamə”nin mərd qəhrəmanı Rüstəmin əxlaqından əfsus ki, onun övladında heç bir əsər qalmamışdır. Qəhrəmanlıq, böyüklük, iftixar və şərafət, sədaqət və düzlükdədir. Şərif adamlar həmişə öz müxalifləri ilə mərdanəlik və sədaqət silahı ilə mübarizə edirlər. Tehranın satılmış və xain ruznaməçiləri o qədər alçaq, o qədər murdar adamlardırlar ki, öz müxaliflərinin qabağına yalan, iftira hərbələri ilə çıxmaqdan pəhriz etmirlər.

Biz öz sözlərimizi çox açıq və aydın bir dil ilə deyib və sadə bir qələm ilə yazırıq. Təqib etdiyimiz məram və tutduğumuz prinsip bizim üçün müqəddəsdir. Müxaliflərimizin həmlələrini dəf etmək və ya onlara həmləvər olmaq üçün sədaqət və doğruluqdan başqa bir silahımız yoxdur.

Biz Azərbaycanı hər bir cəhətdən özünün daxili işlərini idarə etməyə layiq bilirik. Xalqımızın  danışdığı dil də farsi deyildir. Ona görə çalışırıq, öz dilimiz  ilə xalqımızı dünyanın mütəməddin xalqlarının məqamına yetirək.

Biz on dördüncü məclisi irticai bir məclis bilirik və onun qərara aldığı qeyri-qanuni qərarları sındırıb, on beşinci  məclis seçkilərinin başlanmasını özümüzün milli vəzifələrimizdən sayıb, bu yolda xalqı hazırlığa dəvət edirik.

Siz xainlər, bu məsələnin barəsində danışmalı olduğunuz halda bəhsi töhmət, iftira və təhrif edilmiş hadisələrə çəkib, mövzunu çığır-bağır ilə ört-basdır etməyə çalışırsız. Bu vasitə ilə xalqı iğfal etmək, mühiti zəhərləmək kimi böyük cinayətlərdən belə əl çəkmək fikrində deyilsiz.

Biz istərdik bilək ki, bu dad-fəryad nə vaxta kimi davam edə bilər. Azərbaycan Demokrat firqəsinin rəhbərlərini məsələn, neçə ay cümhuriyyət rəisi adlandırmaqla  vərəqparələrizi doldurub məccanən paylaya bilərsiz?

Amma biz işə sözdən artıq əhəmiyyət verdiyimiz üçün yazdıqlarınızı oxuyub saqqallarıza güldükdən sonra başladığımız böyük işi təqib edirik.

Sizə deyəcək sözümüzü Azərbaycan kişiləninin bu məsəlində xülasə edirik: “Cücəni payızda sayarlar”.

 

Azərbaycan  qəzeti â„– 40,

29 oktyabr 1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info