Qonaq Kitabı
HARA GEDİRSİZ DURUN!

Firqəmiz işə başladıqdan sonra Tehran irticaı çox bərk təkan yeyib əcaib və qərib tədbirlər görməkdədir.

Bir tərəfdən kiçik, alçaq və dalda qalmış yazıçıları it kimi hürməyə vadar edib şərəfsizlik, namussuzluq və yalançılıq lüğətnaməsində iftira, töhmət, uydurma və mövhum cinayətləri andıra bilən nə qədər lüğət və istilah varsa bizim tək-tək üzvlərimizə pisbət verməyə can atır. Digər tərəfdən bizim haqq sözümüzə qulaq asmaq əvəzində xalqımızın nifrətini qazanan murdar ünsurləri bizə hakim göndərmək, pul və silah gücü ilə səsimizi boğmağa çalışır. Uçünjü tərəfdən isə candarm qüvvəsini kəndlərə dağıdıb, süni surətdə şuluqluq edib, araqarışdırmaq vasitəsi ilə xalqı yaği göstərmək istəyir.

Biz bu murdar və alçaqlara yaraşan siyasətin iç üzünü çox yaxşı bilirik. Ona görə də indiyə qədər onlara etina etməyib öz tutduğumuz yola davam edib, irəli gedirik. Lakin hər işin bir intəhası və axırı vardır.

Tehran ruznamələri biləxərə ixtira etdikləri töhmət və iftiraları təkrar edib yorulacaqlar. Xalq da o qədar cahil deyil, tez ya gec düşünər, anlar, qərəz ilə həqiqəti təşxis verər. Dövlətin alçaq məmurları isə əgər beş-üç gün hökumət sürməyə müvəffəq olsalar belə nəhayət, xalq öz başladığı işi axıra yetirib ölkənin hakimi ola bilən əyalət və vilayət əncümənlərini vücuda gətirməklə onların xəyanətlərinin qabağını alar. İndi candarm  məsələsi əhəmiyyətlidir.

İş belə gedərsə Azərbaycan kəndlisinin qabağını saxlamaq olmaz. İndiyədək firqəmiz mərkəzdə və məhəllələrdə var qüvvəsi ilə kəndlini səbr və mətanətə dəvət edib əmniyyəti saxlamağa müvəffəq olmuşdur. Lakin bu uzun müddət davam edə bilnəz. Bundan başqa Vongəhi bizim vicdanımız icazə verməz millətin qan-təri ilə qazanıb verdiyi vergi onun heysiyyət və namusunu tapdalamaq üçün əmniyyə şəklinə düşüb kəndlərə göndərilsin.

İyirminci əsrdə xalqın mal, can və namusuna təcavüz etmək olmaz. Dağ basmaq və şallaq altında öldürməg, ağız tikmək, dodaq kəsmək zamanı keçmişdir.

Biz açıq deyirik, əgər jandarm rəisləri başladıqları cinayətlərdən əl götürməzsə, firqə kəndlərdə çıxa biləcək toqquşmaya, ixtilala cavabdeh deyildir.

Kəndlinin səbr və taqəti tükənmişdir. Maliklər isə bu şiə əbədən razı ola bilməzdilər. Malik deyir: jandarm kəndə ayaq qoyduqda o kənd on ilədək abad ola bilməz.

Candarm həm kəndli, həm ərbabın var yoxunu soyub qurtarmasa əl götürməz.

Candarm rəisləri təqsiri mərkəzi dövlətin boynuna atıb (əlməmur, məzur[i]) məsələsinə çox da bel bağlamasınlar. Biləxərə məhəllin əmniyyəti onlara tapşırılmışdır.

Onlar hər bir tək-tək candarmın gördüyü işə məsuldurlar. Onlar çox gözəl bilirlər ki, məmləkətin əfradının mal, can və heysiyyəti qanun mövcibincə müqəddəsdir. Ona heç bir kəs əl uzada bilməz. Kəndlinim evinə rəsmi məhkəmə və dadsitan əmri olmadan girmək olmaz. Candarm və ya başqa dövlət məmurlarının hüquqi işlərə qatışmaları qanunən qadağan edilmişdir. Kəndlini döymək ya onun məhsuluna əl atmaq cürmdür. Kim olursa-olsun onu cəzalandırır.

Kəmfürsətlik və məzlumkoşluq, fəqir və zəiflərin hüququnu paymal etmək böyük İran məmləkətini fəlakət və inqiraza sövq etmişdir. Moqollar, Ərəblər və sair millətlərin İran şahları üzərində qələbə çalmaları hamısı bundan irəli gəlmişdir.

Bu gün minlərcə məzlum azərbaycanlıların nicat tapmaq üçün xarici təbəəsi olmağa çalışmalarına ayrı bir dəlil yoxdur.

Biləxirə kəndli də insandır. Yaşamaq və öz əlinin məhsulundan istifadə etmək istəyir. Əlinə keçirdiyi beş-üç tüfəngə məğrur olub, zülm və vəhşətlər törədən cəlladlar kor gözlərini açıb baxsınlar. Bu gün kəndli-ərbab məsələsi artıq meydandan çıxıb tarixə keçmişdir. Belə bir dövrdə anasının əmcəklərini kəsən cəlladları tüfəng va əmniyyə ilə mücəhhəz edib kəndlərə göndərmək cəzasız qalmaz. Farsların bir məsəli vardır deyirlər:

«Gər nəkonəd şah xüda mikonəd»[ii].

İndi isə məsələ daha aydındır. Əgər dövlət məmurları yerlərində oturmazsa, xalq özü qalxar, onu yerində oturdar. O vaxt xalqın intiqamı şədid və rəhimsiz olar. Yanğın ki, başlandı, yaş və quruya baxmaz, qabağına çıxanı yandırıb, yaxıb, məhv və nabud edər. Candarm rəisləri od ilə oynamasınlar və hərc-mərc salmaqa çox da həvəs göstərməsinlər. Firqə bundan sonra məsuliyyəti öz boynundan atır.

Eyni zamanda jandarmlar unutmasınlar ki, firqə üzvünü təhqir etmək, firqə binasına yaxın düşmək olmaz. Tez-gec bu işə qarışan əllər kəsilər. Bizim axır sözümuz bu idi.

Qoy bütün dünya bilsin ki, Tehran jandarm vasitəsi ilə Azərbaycan kəndlərində süni şuluqluq nə özbaşınalıq yaratmaq istəyir.

Qoy bütün dünya bilsin ki, Asiya despotizmi ruhu ilə ruhlanan mərkəzi hökumət məmləkəti sülh və arameş yolu ilə idarə etməyə qadir deyildir.

Qoy bütün dünya bilsin ki, Azərbaycan xalqı bu cinayətkar dövlətin mənhus siyasəti nəticəsində nə bəlalar çəkmiş, nə səbəbə özünü idarəetmək üçün çarə axtarmağa başlamışdır.

Bununla biz öz vicdanı vəzifəmizi yeriəp yetirib onlardan soruşuruq:

Hara gedirsiz? Durun! Başladığız oyunun axırını düşünüb papağızı qazi edin! Bu işin dalısı yaxşı çıxmaz.

 

"Azərbaycan" qəzeti, № 38,

26 oktyabr 1945-ci il.



[i] Tərcüməsi – məmur olan üzürlüdüür.

[ii] Tərcüməsi – şah da etmədiyi təqdirdə allah edər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info