Qonaq Kitabı
HƏQİQİ SİYASİ İŞÇİLƏR TƏRBİYƏ ETMƏLİ

Firqə böyük bir siyasi təşkilatdır. O, bir dəstəbisavad və məlumatsız adamların yığıncağından ibarət ola bilməz. Siyasi bir təşkilatın payəsi yalnız ehsasat üstə durarsa, o, təşkilat uzun müddət davam edib, böyük siyasi işlərin yükünə dözməz. Ehsasat və ani mənfəətələr dəyişib təğyir tapar. Onların sayəsində toplanan cəmiyyətlər də naçar pozulub ortadan getməyə məcbur olar. Əsaslı bir firqə düşüncə, anlan və siyasi məlumat üstündə qurulmalı, üzvlərinin biliyinə dayanmalıdır.

Minlərcə məlumatsız və siyasi biliksiz adamları bir neçə faydalı şüarlar ilə yığmaq mümkundür. Lakin onları uzun müddət saxlamaq o vaxt mümkün olar ki, firqə yüzlərcə anlaqlı, bacarıqlı, siyasi cəhətdən məlumatlı adamlar yetişdirməyə müvəffəq olmuş ola.

Bunsuz iş qabaqdan gedə bilməz. Firqə başçıları orduların əfsərlərinə bənzər. Nizami və hərbi məlumatı olmayan bir əfsər heç bir vaxt qoşunu fəth və zəfərə nail edə bilməz.

İşimizin əvvəli olduğu üçün bu vaxta qədər göbələk kimi yağış nəticəsində çıxıb foriyyətlə məhv olub gedən siyasi firqələrdən ibarət olınmalıdır.

İstər Azərbaycan, istərsə İranın ayrı nöqtələrində bu günə qədər yüzlərcə firqələr və cəmiyyətlər vücuda gəlmişdir. İndi isə onların əksərindən quru bir ad belə qalmamışdır. Nə üçün? Ondan ötrü ki, o firqələri təşkil edib onların başında duranlar siyasi məlumata malik deyilmişlər.

Biz bu nöqsanı ciddi bir surətdə rəf edib firqə üzvlərinin ehsasatını təhrik etməkdəq artıq onların məlumatını artırmağa çalışmalıyıq.

Hələlik geniş və elmi-siyasi bir mədrəsə açmaq im-kanımız yoxdur. Lakin əldə olan vasitələrdən hədd-əksər istifadə etməkdən sərf-nəzər etmək olmaz.

Siyasi firqələrin pozulmalarının illətini xalqın təbii əxlaqında və ölkənin ab-havasında arayıb axtaranlar iştibah edirlər. Dünyada cəhalətə, infiradi həyat sürüb qeyri-mütəməddin bir halda əbədi olaraq qalmağa məhkum bir millət yoxdur. Bəşər müəyyən şərait altında tərəqqiyə doğru yeriməyə məcburdur. İctimaın qanunlarında dəxi   təbiətin qanunlarında olmadığı kimi istisna yoxdur. Burada sadə bir səbəb var. O, firqə vücuda gətirmək istəyənlərin siyasi savadsızlığı və firqələri idarə etmək üçün layiq başçılar yetirməyə əhəmiyyət verilməməsidir.

Bizim firqəmiz ümumi savad cəhətdən fəqir deyildir. Lakin ümumi savad kifayət etməz. Siyasi işlə məşğul olan əşxas bu işdə bəsir və müsəllət olmalıdır.

Firqəmiz Tudə təşkilatından geniş kəndli və fəhlə dəstələri almışdır. Bu dəstələrin çoxu ehsasat üzərində cəlb edilmiş həssas və sadə adamlardan toplanmışdır.

Kəndli və fəhləyə ani mənfəət göstərib, cəlb etmək müşkül bir iş deyildir. Lakin onları təşkil edib siyasi mübarizədə münəzzəm bir surətdə çalışdırmaq, bu asanlıq ilə mümkün ola bilməz.

İndi istər mərkəzdə, istərsə kənd və şəhərlərdə firqə işçilərimizin vaxtının hamısını işğal edən kəndlilərin şikayət məsələsidir. Əlbəttə, bunun ayrı səbəbləri də var. Məsələn, jandarmların başladıqları vəhşiyanə hərəkətlər də var. Lakin əsas səbəb dörd il müddətində kəndliyə verilən saysız-hesabsız vədələrdir.

Onlara bu vədələrin yüzdə onu qədər siyasi bilik və firqəvi tərbiyət verilsəydi indi qabağa bu böyük müşkülat çıxmazdı. Siyasi mübarizə od yandırmaq, tufan çıxarmaq deyildir. Odu və həriqi yandırmaq asandır. Lakin onu söndürmək, ya istənilən məqsəd üçun ondan istifadə etmək güc, bilik və anlamaq istər...

Bizim siyasi cəhətdən savadsız olan işçilərimizin çoxu od yandırmaq, həriq vücuda gətirmək, yəni işin asan qısmində çox çalak və ustaddırlar. Lakin söndürməyə ya məqsədə aparmağın fikrində belə olmamışlar.

Ona görə kəndlilər arasında çalışan firqə üzvləri belə anı istifadə görmədikləri halda məyus olur, əl-ayaqlarını itirir, hətta bəzən firqədən kənar durmaq istəyirlər.

Liqvan hadisəsi, həmçinin kəndlərdə baş verən indiki hadisələr isbat edir ki, keçmiş təşkilat xalqı öz dalınca aparmaq əvəzinə cərəyana tabe olub onun ardınca getməyə məcbur imiş. Belə bir təşkilat uzun müddət davam edə bilməz.

Firqə başçıları bu naxoş və yaramaz işə axır qoymalı. Kütləni intizam və rəhbərlik altına almaq üçün firqə şöbələrini düzgün əsas üstündə qurmalıdırlar.

Əvamfəriblik, kəndlinin ani mənafeyi üzərində ehsasatını təhrik edib, yaman gündə başına buraxıb komitələrin qapısına çəkmək xəyanətdir.

Biz sizdən yüz minlərcə üzv tələb etmirik. Biz sizə icazə vermirik bitərəf kəndlinin xoşuna gəlmək üçün bacarıb verə bilmədiyimiz bəzl və bəxşişlər ilə onları iğfal edib firqəyə yazdırasız. Bizə yüz nəfər ani mənfəət üçün gələn adamlardan isə bir nəfər firqəmizin məram, nizam və məqsədini anlayan üzvün faydası daha artıq ola bilər.

Çalışın üzvlərin siyasi biliyini artırın. Özünüz yəni firqə başında duranlar siyasi bilik ilə mücəhhəz olun. Firqəmizin maramnaməsində böyük siyasi və ictimai məsələlərə işarə edilmişdir.

Komitə üzvlərimizin əksəri əgər o dairədə siyasi məlumata malik ola bilsələr, firqə çox böyük qədəmlər götürə bilər. Ondan olavə, məmləkətin qanuni-əsasisi, onun yaxşı və pis tərəfləri firqə başçıları tərəfindən dəqiq bir surətdə xalqa anladılmalıdır.

Demokratlıq və dünyada olan demokrat dövlətlərin quruluşu və demokratizm yolunda aparılan tarixi mübarizələr gərək firqə başçılarının nəzərindən uzaq qalmasın. Şikayətlər, xüsusi davalar, şəxsi münaqişə və infiradi ərizələr təşkilatı boğub işdən salmaqdadır. Buna axır qoymaq üçün əqəllən firqə üzvlərinə firqənin məqsədini qandırmaq lazımdır.

Kəndlərdə at oynadıb yalan vədələr verən savadsız, məlumatsız avamfərib təlimatçılara kəndlərdə yol verməməliyik. Bunlar firqənin başına bəla açmaqdan başqa bir iş görə bilməmişlər.

Qabaqda duran firqə vəzifəsi, siyasi bilik, həqiqi təşkilat yaratmaqdan ibarətdir.

Bu yolda hər bir savadlı və məlumatlı firqə üzvü səfərbərliyə alınmalı, yerli komitələr var qüvvələri ilə işə girişməlidir.

 

 

P.

"Azərbaycan" qəzeti № 37,

25 oktyabr 1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info