Qonaq Kitabı
DÖVLƏTİ - MUQTƏDİR YƏNİ ÇE?

Keçən dünya müharibəsi qurtardıqdan sonra İranı qeyri-rəsmi, bəlkə rəsmi surətdə yabançı istemarçıların ağuşuna atmağa çalışan məhəbbət dəllalları müttədir hökumət şüarı ilə ortaya çıxıb Vüsuqüddövlə kabinəsini vücuda gətirdilər.

Vüsuqüddövlə kabinəsi, hamı bilir ki, İranın azadlığını pozub qanuni-əsasını ayaqlamaq vasitəsi ilə Rza xanın müqtədir hökumətinin zəminəsini düzəltməkdən başqa bir iş görmüş isə, o da məclisi Şurayi Millinin tətili, İngiltərə dövlətindən ələni bir surətdə aldığı pulların gücü ilə İrana təhmil etmək istədiyi məruf qərardad idi.

Tehran Ruznamələrinin müqtədir hökumət deyib, qulaqlarımızı gurultu ilə doldurmaqları qətən həmin siyasətin təkrarıdır.

Tehran siyasətmədarları o qədər kor, o qədər cahil və o qədər göndəndirlər ki, hökumətin qüdrətini tək-tək şəxslərin əxlaqında axtarır və on bir vəzir vasitəsi ilə dərdlərimizə çarə edilə biləcəyinə xalqı inandırmağa çalışırlar. Dövlətin iqtidarı vəhşət tolid etmək, vurub, yıxıb, xalqı qorxutmaq və azadlığı məhdud etmək ilə əldə edilə bilməz.

Bunu, özlərini bütün İran camaatının ağası, başı və nurçəşmi hesab edən tehranlı siyasət dəllalları bir kərə düşünməlidirlər.

Dövlətin qüdrəti xalqın ona olan meyl və rəğbətindən asılıdır. Xalqa dayanmayan bir hökumət dahilərdən və nabiğələrdən belə təşkil olunursa yaşaya bilməz, yaşasa    da məmləkət və milləti fəlakətlərə düçar etməkdən başqa bir nəticəyə yetişməyə qadir olmaz.

Xalqsız, millətsiz bürokrat bir hökumət istər-istəməz qaba diktatorluğa təşəbbüs etməklə, xalqı özünə düşmən edər və özünün qüdrətini əldən verməyə məcbur qalar.

Xalqın məhəbbət və təvəccöhü olmadan və xalqın düşməni sayılan bir hökumət tez-gec rüsvaylıq ilə yıxılmağa məcbur olar. Bu ictimain təbii qanunudur. Biz bunların hamısını düşünüb nəzərə aldığımız üçündür ki, xalqın hökumət işlərinə yaxınlaşdırılmasını irəli sürüb əncümənlər vasitəsilə milli bir dövlət vucuda gəlməsini tələb edirik.

Əgər bizim məhəlli muxtariyyət şüarımız İranın hər bir əyalət və vilayətində əməli olursa milyonlar ilə şərafətli insanlar dövlətin poştibanı olmağa yol tapar, bu vasitə ilə qüdrətli bir hökumət meydana çıxıb məmləkətin dərdlərinə əlac etməyə müvəffəq olar. Həqiqi mərkəziyyət isə bu vasitə ilə vücuda gəlməyə başlar...

Yarım milyon riyala özlərini satan Tehran mətbuatı bilməlidir ki, İranın həqiqi sahibi onun kəndlisi, şəhmətkeşi və vilayətlərdə yaşayan şərif əhalisidir. Bu qüvvələri nəzərə almayıb onların ehtiyacını təmin etməyə qadir olmayan bir dövlət yaşamağa qadir ola bilməz.

Tehran yazıçıları nahaq başımızı ağrıtmasınlar. Biz də qüdrətli bir dövlətə tərəfdarıq. Biz də hər bir cəmiyyət və hər bir kəsdən artıq İranda əmin-amanlıq tərəfdarlarının iş başına keçmələrinə talibik. Biz də var qüvvətimizlə ölkəmizin qanuni demokratik bir ölkə olduğunu arzu edir və bu yolda mal və canımızla çalışırıq. Bununla belə Tehranın siyasətmədarlarının xain, yalançı və nalayiq olduqlarını hərgiz unuda bilmərik. Biz inkar etmirik, Tehranda da azadixah və şərif adamlar tapıla bilər. Lakin onların bugünkü siyasət bazarına yolları yoxdur. Ora, indi cahil mütəəssib və satılmış hovçuların barmağı ilə rəqs edir.

Tehran yalan danışır, hoqqabazlıq edir, azadlığa mail deyil. İran xalqlarının hamısını cəhalətdə saxlayıb zəli kimi onların qanını sormaqla şişmar qarnını daha da yoğunlatmağa çalışır.

Tehranın başçıları vilayət və əyalət əhalisi üçün haqq həyat qail deyillər. Onlar özlərini əşrəf məxluqat hesab edir, onlar öz nəzərlərində filin burnundan düşmüş böyük adamlardan ibarətdirlər. Bu səfil və cahillər anlamırlar ki, vilayətləri bərbad edilib məmləkətin əhalisi kor, cahil və əsir halında qalmağa məhkum olursa, onların qüdrəti və xanlığı əllərində qala bilməz. Bu surətdə özgələr onların başlarına vurub çörəklərini əllərindən alar. Qarınlarının piyi də çox tezliklə əriyib gedər.

İran böyuk bir məmləkətdir. Onun təbii sərvəti on beş milyon deyil, əlli bəlkə yüz milyonluq bir camaatın həyatını təmin edə bilər. Bu məmləkətin sahibi yoxdur. Onun həqiqi sahibi olan məhəlli xalqların əl-qollarını Tehran  müftəxorları bağlamışlar.

Tehran hovçuları dürüst hərəmsəra xacələrinin əxlaqını büruzə verirlər.

Özlərinin gözəllərdən istifadə etmək istedadları yoxdur, özgələri də hərəmsərayə yol vermək istəmirlər.

Bu, uzun müddət davam edə bilməz, tez ya gec sütuhə gəlib, canı boğazına yığılmış xalq özünə çarə axtarmağa məcbur olar. O vaxt isə xaçəsəralər üçün əl-ələ sürtüb əfsus deməkdən başqa bir çarə qalmaz.

Tehran bunu düşünməli, bunu anlamalıdır. Güc ilə iş keçməz.

Çu dər tas ləğzəndə oftad mur,

Rəhanəndəra çarə bayəd nə zur[i].

Çarə isə ləcacət atından düşüb, xalqa azadlıq vermək, əyalət və vilayət əncümənlərini dəvət edib camaatın ixtiyarını öz əlinə tapşırmaq və bütün İran əyalətlərində yaşayan şərif və pak ünsürlərin köməyi ilə məmləkəti tərəqqiyə doğru aparmaqdan ibarətdir.

Kor müstəbidlər bundan başqa hər bir kuzəyə əl atmış olsalar, qulpu əllərində qalacaqdır.

 

P.

"Azərbaycan" qəzeti № 35,

23 oktyabr 1945-ci il.



[i] Qarışqa sürüşkən təsa düşdükdə, xilaska zor işlətmək deyil, çarə tapmalıdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info