Qonaq Kitabı
AZƏRBAYCAN OTUZ İL BUNDAN ƏVVƏLKİ MÖVQEYİNİ TUTMALIDIR

Əgər cavanlar bilmirsə, yaşlılar bilir ki, birinci dünya müharibəsindən qabaq, Azərbaycan, xüsusən Təbriz İranın, bəlkə Yaxın Şərqin ən böyük ticarət mərkəzlərindən hesab olunurdu.

Geniş ticarətin tərəqqisi mövcibincə Təbriz, Ərdəbil, Əhər, məxsusən Urmiyə gündən-günə tərəqqi edir, böyüyür, abadlaşır, müasir hala duşürdü. Azərbaycanda üzümçülük, badamçılıq və başqa dəyərli meyvələr vücuda gətirmək, köhnə və qaydasız əkinçiliyi ikinci sıraya salır, xalqın iqtisadi vəziyyətini gündən-günə yaxşılaşdırır, ölkənin ümumi sərvətini artırırdı, təəssüf ki, birinci dünya müharibəsinin meydana çıxardığı böyük dəyişiklik hər bir yerdən artıq Azərbaycanın fəlakətinə səbəb oldu. Bu vasitə ilə onun ticarət yolları kəsildi. Nəticədə əl-qolu bağlandı. Nə tək şəhərlər, hətta kəndlər belə bu dəyişikliyin nəticəsində boşalmağa, xarabazara dönməyə üz qoydu. Qiymətli məhsul verən ərik, hulu, badam, hətta üzüm ağaclarını belə kəndlilər kəsib, yandırdıqdan sonra bağların yernidə buğda, arpa əkməyə məcbur oldular.

Müharibədən sonra Rza xan iş başına gələnə qədər  Azərbaycan xalqı əsrlərdən bəri yığıb saxladığı zəxirə ilə baş saxlayıb, ticarət yollarının açılması ümidi ilə ölmə-diril bir surətdə gün keçirirdi.

Rza xan işə başlamaqla bu ümid tamamilə yasa döndü. Çünki, onun təqib etdiyi birtərəfli siyasət Azərbaycan ticarət malının ən münasib və ən faydalı müştərisi olan Şura ölkələri bazarını tamamilə İrandan uzaqlaşdırdı. Nəticədə gözəl Təbriz ticarət cəhətdən ikinci, üçüncü və dördüncü sıraya keçib, xarabazar bir kənd halına düşdü. Onun böyük tacirləri naçar oldular öz sərmayələrini Tehrana və başqa ticarət şəhərlərpnə köçürüb, özlərinə təzə bir bazarlar arasınlar.

Pəhləvi özünün cahilanə siyasəti nəticəsində məmləkətə böyük zərər vurduğu halda Azərbaycanı tamamilə ayaqdan salıb, xalqın yaşayış vasitələrini tamamilə məhv edib ortadan qaldırdı. Müharibə başlanan zaman Təbrizin, Ərdəbilin, Urmiyənin ən fəlakətli dövrləri idi. Müharibə isə onu bir qədər də şiddətləndirdi. Hərgah xalq tərəfindən bəzi ciddi tədbirlər görülməsəydi və Qızıl Ordu müsaidət göstərməsəydi həmin dörd ilin müharibə zamanı buranın bütün məhsulu və azuqəsi çəkilib aparılacaq və camaat tamamilə acından tələf olub gedəcək idi. Hər halda indi Azərbaycanımız iqtisadi cəhətdən çox xətərli bir haldadır. Əgər vəziyyət belə davam edərsə xalq hamısı naçar öz ev-eşiyini tərk edib başqa yerlərə gedəcək, gündən-günə ölkə yoxsullaşıb tamamilə ayaqdan düşəcəkdir. Bu fəlakətin qarşısını almaq, vətənimizi fəlakətdən tamamilə nicat verib, otuz il bundan əvvəlki məqama çatdırmaq üçün firqəmiz ciddi surətdə düşünməyə, düzgün və sağlam tədbirlər görməyə başlamışdır.

Bu tədbir gözəl nəticələr verməkdədir. Xalqımız xüsusən, tacirlər gərək firqənin başladığı bu böyük işə ciddi surətdə istiqbal edib onun əməli olmasına var qüvvə ilə kömək göstərsinlər.

Biz çalışacayıq ki, şura malları Azərbaycan yolu ilə gəlib, İranın başqa bazarlarına göndərilsin. Təbriz, Ərdəbil və Urmiyə böyük ticarət mərkəzləri halına düşsünlər.

Bizim əkinçilik məhsulumuz və həmçinin xoşkbarımız Şura bazarlarına, həmçinin Avropa bazarlarına yol tapsın. həmçinin Avropa bazarları ilə ticarətə girişmək üçün Azərbaycan bazərganları Şura dəmir yollarından və sair nəqliyyat vəsaitindən istifadə etmək imkanına malik olsunlar.

Biz inanırıq ki, firqənin təqib etdiyi bu iqtisadi tədbirlər nəticəsində şəhərlər və kəndlərimiz təzədən çiçəklənməyə və gülməyə başlayacaq, xalqa yaşamaq və xoşbəxt olmaq üçün geniş meydan veriləcəkdir.

Müharibə Azərbaycan ticarətini asanlaşdırmaq üçün təbii vasitələr vücuda gətirmişdir. Bu vasitələrdən ciddi surətdə istifadə etmək lazımdır.

İndi bizim sərhəddimizə iki dəmir yolu gəlib çıxmışdır. Müharibədən əvvəl onlardan istifadə etmək imkanı yox idi. Onların biri Culfa ilə Bakını bir-birinə bağlayan ən qısa dəmir yoludur. İkincisi isə Astaradan Bakıya çəkilən yoldur. Bu yollar vasitəsi ilə Azərbaycanın ticarət malı bütün Şura bazarlarından başqa, Avropanın ən uzaq küçələrinə belə gedib çıxa bilər. Tacirlərimiz gözlərini açıb dünyaya açıq bir nəzər ilə baxmalıdırlar. Azərbaycanın gələcəyi böyükdür.

İran ticarətinin yarıdan çoxu həmişə Rusiya ilə olmuşdur. Bundan sonra vəziyyət tələb edir ki, bu faydalıdır, alver daha da genişlənsin.

Qabağa çıxan bu fürsətdən istifadə etmək lazımdır. Ona görə gərək firqənin götürdüyü bu ciddi qədəmi təqib etmək və İran ticarətinin məjrasını Azərbayjandan salmaq, yuxarıda qeyd etdiyimiz dəmir yollarından ciddi surətdə istifadə etmək lazımdır.

 

 

P.

"Azərbaycan" qəzeti â„– 34,

22 oktyabr 1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info