Qonaq Kitabı
AZƏRBAYCAN YATMAMIŞDIR

Eşitdiyimizə görə doktor Müsəddiqin oğrular yuvası adlandırdığı Məçlisi-Şura İran xalqının fəqir və yoxsul cibindən Azərbaycan zəhmətkeşlərinin fərhəng, behdaşt kimi ümumi ehtiyaclarımıza sərf etmək məqsədilə  verdiyi   vergidən ayda  yüz  əlli   min   riyal Seyid Mehdi Fərruxun ixtiyarına qoymuşdur ki, gəlib Azərbaycanda azadlıq və demokratik hərəkatı boğub ortadan aparsın.

Fərruxa bundan əlavə geniş ixtiyar verilmişdir. Hətta deyirlər əmniyyə və nizami qüvvəsi də onun əlinə tapşırılacaq. Bu vasitə ilə Azərbaycanda diktatorluq məqamı kəsb edəcəkdir.

Hələ Tehranın darvazasından xaric olmamış onun burada aparmaq fikrində olduğu xainanə və mustəbiddanə siyasətin əsəri zahir olmaqdadır.

Ustandarlıq kəfili ağayi Nikxu Tehrana çağırılmış, şəhrdari rəisi ağayi İlhami xidmətdən çıxarılmışdır.

Əz qərar məlum ağalar Azərbaycanda olan dövlət idarələrini azərbaycanlılardan təmizləmək fikrindədirlər.

Bunu icra etmək üçün Fərrux bütün idarələrimizi öz adamlarının əlinə tapşıracaqdır. Eşitdiyimizə o gözü ilə on nəfərdən artıq uca rütbəli məmur gətirir. Bu məmurlar idarələrimizdə sədaqətlə çalışan azərbaycanlıların yerlərini işğal edəcəklər.

Görünür, azərbaycanlıların dillərini kəsmək lazımdı - deyən xain nümayəndələr bir nəfər də olsun Azərbaycan dili bilən işçiyə idarələrimizdə yol verməyəcək, güc və zor ilə millətimizi farslaşdırmaq istəyənlər bu vasitə ilə Azərbaycan xalqını dövlət idarələrindən tamamilə əl üzməyə vadar edəcəklər.

Biz məxsusən dövlət məmurlarının firqəmizə daxil olmalarına çox da həvəs göstərməmişdik. Ondan ötrü ki, Tehran hökumətinin tam mənası ilə mürtəce ünsürlər və biganələrin kor-koranə bir surətdə aləti olan şəxslərin əlində olduğunu bilirdik.

Biz bilirdik ki, sədr hökuməti əsl mənada Seyid Ziyanın getdiyi yol ilə gedir. Bu gün İranın əl-qolunu bağlayıb biganələrə təslim etməyə çalışır. Ona görə də fürsətdən istifadə edib, əlsiz, ayaqsız dövlət məmurlarını aclığa məhkum edə bilər. İndi isə pərdə qaldırılmış, həmlə başlanmışdır. Belə bir mövqeydə firqəmiz bitərəf dura bilməz. Azərbaycanın hökuməti azərbaycanlıların öz əllərində olmalıdır. Biz var qüvvəmiz ilə həmvətənlərimizin hüququndan difa edəcəyik.

Azərbaycan xalqının milli mərkəz siiqli olan firqəmizin gözü açıq olduğu üçün bu xalqı ğafilgir etmək olmaz.

Azərbayjanlı oyaqdır.

 

P.

"Azərbaycan" qəzeti â„– 26,

11 oktyabr 1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info