Qonaq Kitabı
BİZ DƏ BUNU DEYİRİK

Axır vaxtlarda, yəni bizim təkanverici müraciətnaməmizə cavab olmaq məqsədilə, vəzarəti-kişvər[i] uzun müddət götür-qoydan sonra əyalət və vilayət əncüməni barəsində gülünc bəxşnamə sadir etdi.

Bu bəxşnamədə deyilir ki, 1328-ci hicridən (1910) bu tərəfə çoxlu qanunlar verilmişdir ki, onların bəzi maddələri əyalət və vilayət əncüməni qanunlarının xilafınadır. Məsələn, yol çəkmək və fərhəng üçun ayrı qanunları müraat etmək yolu  ilə çoxlu pullar sərf edilmişdir. Əsasən təzə qanunlar ənçümən qanununun icrasını çox müşkül hala salmışdır. Ona görə əncümən təşkili fayda əvəzinə zərər verir və işi müşkülləşdirir. Çun dövlət istəyir bu qanunu islah etsin, əncüməni istəyənlərə deməlidir ki, onun icrasına maneə var, icra edilə bilməz.

Bu idi ağayi Sədrüləşraf hökumətinin əyalət və vilayət ənjüməni istəyən, azadixahlara cavabı. Buna farslar deyirlər (yəni—köşk)[ii].

Ağayi Sədrüləşraf və onun vəziri kişvəri gərək bilsinlər ki, əyalət və vilayət əncüməni millətin haqqıdır. O, məşrutə və demokrası reciminin əsaslarındandır. Məclisi-Şuradan diktatorluq zamanında imtahan üçün keçirilən qələt və ziddi azadi qanunlar və həmçinin qanuni-əsasiyə müğayir olan qanunlar verən və icra edənlər qanun mövcibincə mücrim hesab olunub cəzalanmalıdırlar. Pəhləvi dövrünün vəkilləri və ondan irəli dövrlərdə vəkil olan nümayəndələr azadlığa xəyanət edib 1328 hicridən biri müruri-zəman ilə məşrutə  qanunlarını  əmələn ləğv  etməyə çalışmışlar. Halbuki qanuni-əsasi cüzən tətilbərdar deyil.

Vəzarəti-kişvər öz bəxşnaməsində buna etiraf edibdir. Əmələn məclis tərəfindən elə qanunlar vücuda gətirilmişdir ki, onların icrası əyalət və vilayət əncümənlərinin icrasına manuçilik törədir. Demək irticai məclisdən elə qanunlar keçirilmiş ki, onlar qanuni-əsasiyə müğayirdir.

Bu qanunların icrası qadağan edilmək əvəzində qanuni əsasini dəyişdirməyə can atan Sədr hökuməti bilməlidir ki, xalq öz qanuni haqqından bu günahdan pis olan  (üzr bədtər əz günah) bəhanələr ilə keçə bilməz.

Əncümən əyaləti və vilayətinin dayandırılması nəticəsindədir ki, İran camaatı məşrutə və azadlıqdan məyus olmuş, beş-üç nəfər xain bütün məmləkətin müqəddəratını əllərinə  keçirməyə  müvəffəq olmuşlar.

İxtilaslar, sui-istifadələr, xalqın malına, canına, namusuna təcavüz etməklər, hamısı qanuni-əsasinin payəsini təşkil edən milli hökumət və məhəlli ixtiyaratın ortadan getməsindən irəli gəlmişdir.

Sədr deyir: «Qırx ildən bəri müruri-zəman ilə qanu-əsasi və xalqların ixtiyaratı nəqz edilmişdir. İndi onu geri qaytarmaq istəyənlər, gərək gözləsinlər. O, bir təzə-layihə düzəltsin. Ondan sonra əgər Məclisi-Şuranı özlərinə dükan qayıran lotular səlah görsələr, istədikləri kimi onu qəbul edər, ondan sonra millət öz haqqına malik olar. Əgər səlah görməzlərsə heç. Bu, məsxərədən də məsxərədir.

Əgər Azərbaycan xalqına heç bir dəlil göstərməzsələr, vəzarəti-kişvəri idarə edən axmaqların bu bəxş-namələri kafirdir ki, onlar Tehran hökumətinin saqqalına gülüb, desinlər: Sizin məmləkəti idarə etməyə ləyaqətiniz yoxdur, qoy xalq özü özünü idarə etsin. Siz ki, sadə bir cavab verməyə qadir deyilsiniz. Siz ki, özünüzə o qədər zəhmət verə bilmirsiz xalqın qanuni tələbatına məntiqi cavab verəsiz. Sizin hakimiyyətiz altında yaşamağa xalqı məcbur etmək arzusunda olmağız səfahət deyildir bəs nədir?

Müraciətnaməmiz intişar tapdıqdan sonra, Tehran mətbuatında qopan gurultudan nəzərə çatanı fəqət bu bəxşnamə idi ki, o da xoşbəxtanə gərdügüz kimi çox zəif, çox naqis, çox qeyri məntiqi və çox əhməqanə bir tərzdə inşa edilmişdir.

Bu göstərir ki, mərkəzin xalqa diyəcək hesabi bir sözü yoxdur. Ona görə söyüş və töhmət vurmaq ilə xalqı bizim əleyhimizə təhrik etməyə çalışırlar.

Tehran ruznamələri bizim şüarlarımızı rədd etmək əvəzində firqəmizin müəssislərinin şəxsiyyətlərinə tohin etməklə, nadan və ködən uşaqlar kimi özlərinin zəflərini isbat edirlər.

Vəzarəti-kişvərin bəxşnaməsini oxuyanlara müraçiətnaməmizin əyalət və vilayət ərcümənləri haqqında yazılmış hissəsini oxumağı tövsiyə edirik.

Orada biz əncümənlərin barəsində geniş bir surətdə bəhs edib və əməli dəlillər ilə isbat etmişik ki, əncümənlər əməli olmasa demokrasi üsulu əməli ola bilməz.

Sədrüləşraf deyir: Qırx ildir xalqın bu qanuni haqqı yalançı nümayəndələrin qəbul etdiyi qanunlar mocibincə pozulmuşdur. Onu vermək olmaz.

Biz də bunu deyirik, amma bir fərq ilə. Biz deyirik: Qırx ildir sədrüləşraflar, Davərlər və məclisdə oturan xainlər xalqın haqqını paymal etmişlər. Bu gün Azərbaycan xalqı öz haqqını almağı qərara almışdır.

Biz onu Sədrüləşrafdan da tələb etmirik. Çünki, onun hökuməti qeyri-qanuni bir hökumətdir. O, həmişə azadlıq əleyhinə mübarizə etmişdir. Biz öz xalqımızın köməyi ilə haqqımızı almağa çalışırıq və çox gözəl bilirik ki, müstəbidlər xalqın haqqını bu sadəlik ilə verməzlər.

Xalq o haqqı alacaqdır və ona çalışır. Vəzarəti-kişvər buna cavab verməlidir. Yoxsa biz də bilirik müstəbidlər və xalq azadlığını boğanlar qanuni-əsasini pozub xalqın haqqı olan əyalət və vilayət əncüməninin ziddinə qanunlar çıxarmışlar.

 

P.

"Azərbaycan" qəzeti  № 27,

14 oktyabr 1945-ci il.



[i] Daxili işlər naziri.

[ii] Qurut deməkdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info