Qonaq Kitabı
HƏR İŞ ÖZ VAXTINDA

Biqeydlik və bu günün işini sabaha qoymaq vaxtı, saat və dəqiqəni nəzərdən uzaq saxlamaq ictimai işlərin irəliləməsində böyük əngəllərin törənməsinə səbəb ola bilər.

Mühit və ictimai həyatımız ətalət, tənbəllik və laübalılıq yaradan bir mühit olduğu üçün firqomizdə məsuliyyətli işləri boynlarına götürənlər bu xətərnak xəstəliklərdən daima pərhiz etməlidirlər.

Əgər bu günə qədər firqəmiz böyük müvəffəqiyyətə nail olmuşsa, o şüarlarımızın doğru və düzgünlüyündən əlavə, firqəni yaratmaq istəyənlərin diqqətləri və müəyyən nəqşə, bərnamə üzrə işləməklərinin nəticəsidir.

Hər iş öz vaxt və saatında görülməlidir.

Bu olmasa iş axsar, axırda nəticəsiz qalar.

İndi biz başlanğıc və təsis dövrəsini keçirmişik. Birinci konqrenin qurtarmasını müqəddimə bitib qurtardı. Təşkilat rəsmiyyət tapdı. Əsaslı məramnamə və nizamnaməyə malik olduq. Qanuni və rəsmi mərkəzi komitə vücuda gətirdik.

Bundan sonra təşkilat dövrü başlanır. Təşkilat intizamsız, nəqşəsiz və bərnaməsiz ola bilməz. Bir də siyasi bir firqə öz üzvlərindən firqə əxlaqı tələb etməzsə məqsəd və hədəfinə yetişə bilməz.

Firqə əxlaqı, firqə idarə və rüsumu millətin və ölkənin gələcəyi və müqəddəratını təyin etmək üçün ən vacib şərtlərdəndir.

Hər bir demokrat gərək xalq içərisində düz, adil, münsif və qərəzsiz tapınmaqla, xalqın etimadını qazana bilsin. Bu birinci şərtdir. İkinci şərt isə bəzən daha mühüm hesab olunur. Bu şərt firqəyə əlaqə, işə can yandırmaq, intizam və nəqşəni çox şədid bir diqqətlə gözləməkdir. Komitələr, konfranslar və hövzə iclasları gərək müəyyən saatda təşkil tapsın və müəyyən məsələləri bərnamə və planda təyin olduğu kimi həll edib öz vəzifəsini yerinə yetirsin.

Aban[i] ayının onuncu gününə qədər bütün vilayət və şəhər konfransları başa çatmalı və qanuni firqə komitələri intixab olunmalıdır. Bunu bir dəqiqə belə təxirə salmaq olmaz.

Yerli firqə komitələri gərək işlərini elə başlasınlar ki, mərkəzi komitənin bu qərarı yüzə-yüz əməli ola bilsin. Hər saatın bir təqazası və hər günün bir tələbi var. Gün və saatımızın tələb və təqazası budur.

Hər kəs öz vəzifəsini diqqətlə yerinə yetirməli. Qəbul etdiyi işi müəyyən saatda göstərildiyi kimi görməlidir.

Firqə boşboğazlar yıqıncağı deyildir. O diri, fəal, fədakar insanların amal və hədəfi əldə etmək üçün mal, can və varlığı ilə mübarizə meydanına qədəm qoyan mücahidlərin ordusudur. Bu ordunun silahı bilik, iman, məslək, intizam və fəaliyyətdir.

Hər bir demokrat öz işində bu şüarı nəzərdə tutmalıdır.

 

 

P.

"Azərbaycan"  qəzeti № 24,

10 oktyabr 1945-ci il.



[i] Noyabrın biri.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info