Qonaq Kitabı
VƏTƏN DİLİ

(Azərbaycan dilində birinci dərs kitabına dair)

 

Biz keçən məqaləmizdə qəzetin 11-ci nömrəsində Azərbaycanın böyük xalq maarif  xadimi Rüşdiyyənin müxtəsər şərhi-halını yazıb qeyd etdik ki, Rüşdiyyə böyük təcrübəli bir müəllim idi. O, təlim və tərbiyyət üsulunun əsası olan ana dilini təbliğ və tərvic edirdi. Belə ki, o hər şeydən əvvəl Azərbaycan əlifbasını asanlaşdırmaq fikrinə düşmüş və sovti üsul ilə Azərbaycan dilini dərs demək təşəbbüsündə olmuşdur. Bu üsulun köməyi ilə uşaqlar öz ana dillərini 60 saatlıq tədris müddətində yazıb-oxumağı öyrənə bilərlər.

Azərbaycan dilinin tədrisi üçün Rüşdiyyənin təlif etdiyi məşhur kitab, qırx il bundan qabaq Təbrizdə çap və nəşr olmuş “Vətən dili” adlı tarixi əsərdir... Bu əsərin müxtəsər elmi təhlilindən qabaq zikr etmək lazımdır ki, Hacı Mirzə Həsən Rüşdiyyənin Azərbaycan dilində təlim alan şagirdləri bu gün Azərbaycanın ən mə’ruf görkəmli maarif xadimlərini vücuda gətirmişlər. Onlar Rza şah dövrundə və hal-hazırda “farsidən farsiyə” təhsil alan bəzi bədbəxt cavanlar kimi savadsız, iradəsiz və süst deyildilər. Onlar yaşayıb yaratmağa öyrənmişlər. Onlar öz ana dillərini, Azərbaycan dilini göz bəbəyi kimi sevib qorumağı özlərinə ən mühüm bir vəzifə hesab edirlər.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bir çox satqın və xain dövlət başçıları və Tehranın digər yazıçı və qəzetçiləri bəzi Azərbaycan dilini, xalqın öz dilini oxumağı və bununla Azərbaycan xalqının milli mədəniyyət və muxtariyyətinin bünövrəsini yaratmaqda “xain” hesab edirlər. Biz firqəmizin qərarı üzrə bunların həzyanlarına cavab verməyəcəyik. Lakin demək istəyirik ki, xub ağalar! Yüz ildən artıq ömrünü maarif və mədənniyyətin inkişafı uğrunda vəqf etmiş Mirzə Həsən Rüşdiyyələr də xain idilər? Hörmətli yazıçı və qəzetçilər, aya 3 min ildən artıq mədəniyyət tarixi olan çoxmilyonlu böyük millətin öz dilində yazıb oxumağı və savadlanıb tərəqqi etməsi xəyanətdir?

“Vətən dili” ana dili deməkdir. Böyük maarifpərvər bu kitabı yazarkən həqiqi bir rəvanşünas kimi uşaqların yaş səviyyəsini, qəlbini və əhvali-ruhiyyəsini nəzərə alaraq onun idrak qabiliyyətinə müvafiq surətdə hekayə və misalları tərtib etmişdir.

Müəllif daha çox kitabın dil və üslubuna fikir vermişdir. Dilin sadə, təbii olmasını, uşaq üçün çətinlik törətməyəcəyini və həyatı dərk etmək üçun sözün böyük əhəmiyyətini nəzərə alan Rüşdiyyə Azərbaycan dilinin saflığını qorumağa xüsusi səy etmişdir.

O, ayrı-ayrı şeylər və məfhumları uşağın zehninə həkk etmək üçün ən canlı və həyati bir üsul seçir. Bu da atalar sözləri vasitəsi ilə məfhumları anlaşdırmaqdır. Uşaq ailədə eşitdiyi atalar sözü vasitəsi ilə müəllifin aşılamaq istədiyi təzə bir möfhumu daha tez mənimsəyir, uzun müddət zehnində saxlayır.

Nəsihətçilik kitabda əsas məsələdir. Lakin Rüşdiyyənin nəsihətçiliyi xürafatdan xalidir. Müəllifin məqsədi yalnız canlı insan tərbiyə etmək olduğu üçun o, ən təsirli vasitələrdən istifadə etmişdir.

Kitabda dərc olunan hekayə və mənzumələrdə əxlaqi nəticələr əlahiddə qeyd olunur. “Vətən dili” kitabı Azərbaycanda, doğma Azərbaycan dilinin birinci dərs kitabı kimi tarixdə qalacaq və xalq onun müəllifini qədirdanlıqla yad edəcəkdir.

 

 

Səməndər

"Azərbaycan" qəzeti â„– 23,

8 oktyabr  1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info