Qonaq Kitabı
MƏRAMNAMƏMİZ

Konqrenin ikinci günü başdan-başa firqə məramnaməsinin ətrafında keçdi. Nümayəndələr əsas maddə üzərində çox şədid əlaqə ilə bəhs etdilər. 48 maddədən ibarət olan bu böyük məramnamədə ictimai, siyasi, iqtisadi, fərhəngi və mədəni həyatımızın yenidən qurulması, ölkəmiznn ən mütərəqqi və mütəcəddid bir ölkə halına salınması üçün əsas və əməli tədbirlər göstərilmişdi. Konqre onu şədid müzakirədən sonra müxtəsər təğyirat ilə müttəfiqürrəy olaraq qəbul etdi.

Milli muxtariyyət, dil azadlığı və bir də torpaq məsələsi çox hərarətlə müzakirə edildi. Nümayəndələr bu məsələlərin tamamilə açılıb anladılmasını öz sualları və çıxışları ilə ortaya sürüb, nəhayət bir çox təğriyatdan sonra qəbul etdilər.

Nümayəndələrimiz məramnaməmizin təkmilləşməsi üçün əlindən ziyadə təklif yazmışdılar. Bunların bəzilərindən istifadə olundu. Bəzisi isə kifayət qədər izah edildikdən sonra rədd edildi.

Konqremiz məramnamə kimi əsas və mühüm məsələni öz ana dilimizdə müzakirə etdi və köstərdi ki, dilimiz şer və ədəb dili olduğu kimi, siyasi, ictimai və dövləti məsələləri həll etməkdə artıq dərəcə yararlı bir dildir.

Məramnaməmizin rəsmi surətdə qəbul edilməsi ilə firqə özünün yolunu tapdı, dedi-qodulara son qoydu. Əgərçe müraciətnaməmiz bu vaxta qədər məramnamə yerində işlənilir, təzə üzvlər onun əsasını qəbul etməklə firqə sıralarına daxil ola bilərdi. Lakin bu kafi deyildir. Məramnaməsiz firqə ola bilməzdi. Bundan sonra bu nöqsan tamamilə aradan qalxır. Kim firqəyə girmək istərsə əvvəlcə məramnaməmizi qəbul edir, sonra dərxast verib üzv olur.

Biz dəfələrlə yazmışıq; Kim iftixar edərsə gəlib firqəmizə yazıla bilər. Mütərəddid və ikiüzlü, qorxaq və bir ayağı müstəbidlər yanında, o biri ayağı azadixahlar ətrafında olan süst ünsür adamlara bizim heç bir surətdə ehtiyacımız yoxdur.

Mərkəzdə və şəhərlərdə təşkilat işi ilə məşqul olanların vəzifəsi bu gündən sonra asanlaşır. Onlar bir kimsə ilə bəhs etməyəcək, şübhəli adamların nazını çəkmək ilə vaxtlarını itirməyəcəklər. Kim məramnaməmizi qəbul edirsə buyursun, gözümüz üstündə yeri vardır. Kim özünün şəxsi səliqəsini bizə qəbul etdirmək fikrində isə, buyurub gedə bilər – deyib təşkilat işlərini aparacaq hədəf və məqsədimizə yetişməkdən ötrü başladığı böyük işi təqib edəcəkdir.

 

"Azərbaycan" qəzeti № 21,

5 oktyabr 1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info