Qonaq Kitabı
FİRQƏ KONQRESİ XALQIMIZIN LƏYAQƏTİNİ İSBAT ETDİ

Konqremizin Azərbaycanın ən görkəmli simalarından təşkil tapmış olduğu sabit edir ki, yerlərdə xalqın gözə görünən, başbilən və adlı-sanlı qismi firqəmizin ətrafına toplanmaqdadır. Əvvəlinci cələsədə konqrenin içəri üzü tamamilə aşkara çıxdı. Səlmas nümayəndəsi ağayi-Mükərrəmülmülk, Maku nümayəndəsi ağayi-Murad Bəyat-Maku, Ərdəbil nümayəndəsi ağayi-Həsən Cövdət, Sərab nümayəndəsi ağayi-Haşiminin mənalı nitqləri göstərir ki, konqre müraciətnamimizi iman və əqidə üzrə qəbul edənlərdən təşkil olunmuşdur.

“Biz İran və Azərbaycanın nicatını bu firqənin bayrağı altında görürük. Onun müqəddəs şuarlarını həyata keçirmək üçün canımız, malımız və namusumuz ilə mübarizə edəcəyik”.

Bu idi şəhərlərimizdən gələn nümayəndələrin axır sözü. Məxsusən ağayi-Mükərrəmülmülkün dil məsələsi haqqında söylədiyi məntiqi və mətin sözləri xalqın ana dilimizə olan təvəccöh və əlaqəsini çox gözəl surətdə aşkara çıxardı.

Ağayi Mükərrəm dedi: “Azərbaycanlılara moğulların güc ilə öz dillərini təhmil etdiklərini iddia edənlər çox nadan adamlardır. Moğullar yüz ildən artıq Azərbaycanda hökumət edə bilmədikləri halda öz dillərini bizə təhmil etmişsə, əcaba altı yüz ildən ziyadə hökumət edən farslar nə üçün bu dili dəyişdirməyə müvəffəq olmamışlar?

Bu isbat edir ki, dili zor və ya ayrı vasitələr ilə dəyişdirmək olmaz. Dilimizin müxalifləri fəqət bu puç iddiaları ilə Azərbaycanın fərhəngini boğmaq, bu vasitələr ilə xalqımızı cəhalətdə saxlamağa çan atırlar”.

Ağayi-Mükərrəm bu sözləri ürəkdən dediyi üçün onun nitqi konqremizin təvəccöhünu cəlb etdi. Gurultulu alqışlarla konqre göstərdi ki, natiq onun əfkarının müfəssiri olmuşdu. Konqremizdə milli muxtariyyət məsələsi çox böyük yer tutmuşdur. İranın istiqlaliyyət və təmamiyyəti məhfuz olmaqla  Azərbaycanın öz daxili işlərini azad bir surətdə idarə etməyə qadir olması və bunu əməli etmək üçün bilatəxir əyalət və vilayət əncümənlərinin çağırılması ətrafdan gələn nümayəndələrimizin konqredən tələb etdiyi ən əsas bir məsələdir.

Həmin gün kəndlərdən və ətrafdan təbrikə gələn minlərcə kənd və şəhər zəhmətkeşləri öz şuarları ilə bildirdilər ki, xalqımızın geniş əksəriyyəti firqəmizə etimad edir, ondan öz həyatını yaxşılaşdırmaq yolunda böyük ümid gözləyir.

Konqre sadə bir yığıncaq deyil. Firqənin payə və əsasını möhkəm zəmin üzərində qurmağa layiq ciddi bir ictima olduğu üçün sözə yox, işə artıq dərəcə əhəmiyyət verib, ona görə təzahür və uzun nitqlərdən pərhiz edib məramnamə və nizamnamə təsvibi kimi böyük və əsasi mövzularla məşğul olmaqdadır.

Konqre götürdüyü qədəm və başladığı işin  qiymətini və  məsuliyyətini çox gözəl  bir  surətdə duşünüb anlamışdır.  Ona  görə  nümayəndələrin hamısı  istər nitqlərində, istərsə pişnəhadlarında çox diqqət və mətanətlə izhari-əqidə edirlər.

Bu vaxta qədər Azərbaycanda sabiqəsi olmamış bir ictima olduğuna baxmayaraq, konqremiz tam mənası ilə müasir və münəzzəm bir yığıncaqdır. Bunun özü isbat edir ki, xalqımız özünü idarə etməyə layiq və qadir bir xalqdır.

İki gün ərzində məramnamə kimi əsas bir məsələnin həlli isbat edir ki, bizim konqremiz, mərkəzi parlaman adlanan məclisdən, fəaliyyət və yaradıcılıq cəhətdən təsəvvürə gəlməyən bir fasilədə irəli duşmüşdür.

Məclis il yarımda kiçik bir qanun keçirməyə müvəffəq ola bilməmişdir. Çünki onu təşkil edənlərin əksəri yalançı, xain, xudpəsənd və müqriz adamlardır. Konqre bir gündə gələcək böyük bir firqənin əsasını qurmaq, bəlkə məmləkəti mütərəqqi və müasir bir hala salmaq yollarını təyin etmək kimi böyük işi əncam verməklə isbat etdi ki, onu təşkil edənlər, onda iştirak edənlər vahid bir ruh, vahid bir məslək, vahid bir yol təqib edən fədakar, ciddi və layiq adamlardır. Xalqları əsarət altında saxlayıb güc ilə hökumət sürmək istəyən xainlər gözlərini açmalı və xalqın istedad və ləyaqətini təsdiq etməlidirlər.

Konqerimizin mənası olduqca böyük və onun gördüyü böyük işlər olduqca mənalı olduğundan biz onun barəsində gələcək nömrələrimizdə müfəssəl məlumat verməliyik.

 

Azərbaycan qəzeti   â„– 20,

4 oktyavr 1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info