Qonaq Kitabı
AZƏRBAYCAN ÖZ TARİXİ VƏZİFƏSİNİ UNUTMAZ

Azərbaycan azadixahlarının firqə təşkili ilə məşğul olduqlarını görünür, Tehran müstəbidləri onların ümum İran azadlığına laqeyd olmaları kimi tələqqi etmişlər. Bu doğru bir təfsir deyildir. Tehran və İranın ayrı şəhərlərində azadlığı məhv etməyə başlayan qara qüvvələr öz təkliflərini düşünməlidir.

Azərbaycan Tehranın oyunlarına çox mənfi və bədbinlik ilə baxır. Bu sadəlik ilə məşrutə və qanuni-əsasını ortadan aparmaq olmaz. Beş-on nəfər müstəbid istədiyi kimi xalqın qan və silah gücü ilə aldığı azadlığı poza bilməz. Xain və müstəbid məclis vəkilləri bir daha qan və qurbanlıq tələb edirlər.

Sədrüləşrafın qəbul edilməsi, azadixah cəmiyyətlərin qadağan olunması, ruznamələrimizin qapanması, azadlıq yolunda mübarizə edən qəhrəmanların həbs edilməsi İran millətinə elan-hərb deməkdir. Sədr hökuməti və məclisin müstəbəd nümayəndələri bu elani-hərbdən qalib çıxa bilməyəcəklər.

On və on beş nəfərdən çox olmayan Səttar xan dəstəsi bir gün bütün dünya ictimaiyyətinə qarşı dayanaraq məşrutəni irəlilətməyə müvəffəq oldu. Onun altmış mindən ziyadə mütəşəkkil şagirdləri bu asanlıq ilə məşrutə və azadlıq pərçəminin ayaqlar altına salınmasına yol verəçəklərini arzu edənlər qatən axmaq və divanələr ola bilər.

Azərbaycan Demokrat firqəsi bütün İran xalqlarının azadlıq və nicat ordusudur. Bu firqə iyirmi beş günlük sürdüyü ömründə böyük müvəffəqiyyət qazanmış, onun sədası bütün Azərbaycan şəhərlərini bürümüşdür.

İyirmi beş gündə altmış min üzv toplamaq dünya tarixində az təsadüf olan işlərdəndir. Xalqı bu azadixah təşkilatın tərəfinə toplayan əcəba iman, əqidə və ehsasatdan başqa nə ola bilər? Bu ehsasatın qabağını heç bir qüvvə sədd edə bilməz.

Biz məqalələrimizin birində yazmışdıq: «Əgər Tehran özunü irticaın qucağına atarsa, biz öz azadlığımızı müstəqil bir surətdə tə'min edəcəyik». O işimizin başlanğıcı idi. İndi firqəmizin qüdrəti o qədər artmışdır ki, bir qədəm irəli qoyub deyirik: «Əgər Tehran tutduğu irticai yoldan qayıtmaq istəməzsə, biz onu qəhr və qəzəb ilə o yoldan qaytarmalıyıq».

İran azadixahları arxayın olsunlar ki, Azərbaycan onları tərk etməyib, həmişə olduğu kimi qəti çarpışmada onların möhkəm arxası olacaqdır.

Bizim əmniyyət və asayiş şüarlarımızı sui-təbir edib xalqın əmniyyət və asayişini ayrı yollar ilə pozmaq istəyənlər od ilə oynadıqlarını bir dəfə anlamalıdırlar.

Azərbaycan xalqı yatmamışdır. O, bu gün hər bir zamandan qüdrətlidir. Əgər üç həftə bundan irəli azadixahlar səfində intizamsızlıq, əcələ və hədəfsiz hərəkətlər nəzərə çarpırdısa, bu gün onları idarə etməyə qadir müntəzəm bir mərkəz vücuda gəlmişdir.

İxtilaf və nifaq nəğməsi çalmağa başlayanlar ağızlarını yumub yerlərində oturmalıdır.

Biz təkrarən demişik: Təbəqatı mübarizə aparmırıq. Əmma, əgər bizim hüsni-əməlimizdən sui-istifadə edib azadixahlar və xalqın zəhmətkeş təbəqəsini fişar altına almaq istəyənlər tapılarsa, firqəmizin onlara  nisbətən rəftarı çox şiddətli olacaqdır.

Tehran bunu bir dəfə bilsin ki, Azərbaycan azadixahları onların xəyanətkar hərəkətlərini dəqiq bir surətdə təyin edirlər.

Sədrüləşrafı hökumət başına keçirən məclis İran millətinə və məşrutiyyətə xəyanət etmişdir. Çünki, bu müstəbid İran azadixahlarının və İran məşrutəsinin baş düşmənlərindəndir.

Xainlərin cəzasını millət özü təyin edəcəkdir.

İran azadixahları ciddən ümidvar olmalıdır. Sədrüləşrafların xain əllərilə zindanlara salınmış, mübarizə aparan azadlıq qəhrəmanlarına qardaşlıq salamı!

 

 

P.

"Azərbaycan" qəzeti â„– 16,

30   sentyabr   1945-ci   il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info