Qonaq Kitabı
BİZİ ÖZ HALIMIZA QOYSUNLAR

Tehran ruznamələrindən biri firqəmizi tənqid[i] edərkən yazmışdı ki, azərbaycanlıların şikayəti yersizdir. Çünki İranın ayrı əyalətlərinə də təvəccöh edilməmişdir.

Biz ayrı əyalətlər barəsində bəhs etmək istəmirik. Mümkündür bu iddia çox həqiqətə yaxın olsun. Lakin Azərbaycanın mərkəzi olan Təbriz şəhərini o məqalə yazanlar gəlib görsəydilər təsdiq edərdilər ki, Cəndəq və Bəndərabbas ilə də belə rəftar edilməmişdir. Urmiyə, Ərdəbil, Xoy, qətən Kaşan və Qum ilə müqayisə edilə bilməzlər. Halbuki, Rza xan meydana çıxmazdan əvvəl bu şəhərlər abadanlıq və mədəniyyət cəhətdən hətta Tehranın özündən belə irəlidə idilər.

Təbrizdə teatr, tamaşaxanalar olduğu zamanda Tehranda bu ad ilə adlandırmaq mümkün olan bir müəssisə belə yox idi. Astarada xalqın öz köməyi və təşəbbüsü ilə açılan mədrəsənin nazirini İsfahanda görmək olmazdı. Təbrizin, Ərdəbilin ticarət müəssisələri bütün İranda şöhrət və etibarda birinci hesab olunardı. Urmiyyənin gözəlliyi, abadlığı İranı siyahət edən avropalıların əsərlərində mühüm yerlər tutardı.

İndi istəyirdik Azərbaycan haqqında məqalə yazanlar gəlib bu şəhərləri nəzərdən keçirə idilər. Təbriz hətta Qəzvin ilə müqayisə edilə bilməz. Orada əqəllən təzə üsulla icad edilmiş üç asfalt xiyabana təsadüf edilir. Böyük Təbriz şəhərinin mərkəzi xiyabanının yarısı belə asfalt deyildir. Yayda toz-torpaq, qışda palçıq və mirdablar sürünüb sürüklənən camaatı burada saxlayan fəqət naçarlıqdır.

Qışda yanacaq yoxluğu, yayda su qəhətliyindən Təbrizin hamamlarından istifadə etmək qeyri-mümkün olan işlərdəndir.

Bağçalar və həyətlərdə olan ağac və göyərti quruyub məhv olub gedir. Xalqın susuzluqdan fəryadı göylərə qalxır.

Sadə bir təhqiqat aparılarsa əhalinin yüzdə yetmişi traxom və sair göz nazoşluqlarına mübtəla olduğunun iddia deyil, həqiqət olduğu aşkara çıxar. İşsizlik xalqımızın əksəriyyətini təhdid edir. Bu cəhətdən şəhərlərimizi tərk edib bir parça çörək dalınca başqa şəhərlərə mühacirət edənlərin sayı gün-gündən artır və qorxulu bir şəkil alır.

Mədrəsələrimiz çox fəna bir haldadır. Xalqın təvəccöh və rəğbətinə baxmayaraq hətta şəhər əhalisi uşaqların yüzdə onunu mədrəsəyə göndərə bilmir. Aclıq və fəlakət nəticəsində altı yaşlı balaların zəhmətindən birəhmanə surətdə istifadə edilir. Xalı karxanalarında, parça toxuyan əl dəzgahlarında çalışan kargərlərin yüzdə həştadı kiçik yaşlı tədris və tərbiyətə möhtac uşaqlardır. Bunların gündə iki riyal, bəlkə otuz şahı müzd alanları vardır. Beləliklə, Azərbaycanın nəsli kəsilir və Azərbaycan xərabəzar hala düşür.

Azərbaycan xalqı İranın ayrı əyalətlərində yaşayan xalqlara bənzəməz. Bizim kəndlilərimiz qol gücü ilə hasil yaradır. Bağbanlarımız zəhmət və rəng sayəsində abadlıq vücuda gətirirlər.

Ab-həvamızın sərtliyi və ölkəmizdə uzun müddət davam edən qış fəsli xalqımızı fəal və zəhmətkeş, qüvvətli bir xalq olmağa vadar etmişdir. Ona görə nə tək Azərbaycan, bəlkə bütün İranda vücuda gələn sənaye bu xalqın qüdrət və dözümünə minnətdardır.

Bəndərşahdan Bəndərşahpura qədər qurulan dəmir yol xətti bizim zəhmət və rəncimizin məhsuludur. Mazandaran və sair şəhərlərdə vücuda gələn fabrikləri Azərbaycan gərgərləri dolandırır. Hətta, Tehranın ağır işləri bizim kəndlərimizi tərk edib çörək dalınca gedən cavanlarımızın öhdəsindədir.

Tehran ruznamələri tək raziyə[ii] gedir. Azərbaycan ilə İranın ayrı yerlərində fərq yoxdur deməklə, özlərinin cəhalət və qərəzlərini sübuta yetirirlər.

Azərbaycan Tehrandan bir şey istəmir. Onu öz halına qoysalar kafidir. Ona imkan versələr, öz əlilə öz işlərini idarə etsin, bəsdir.

Tehran bizi iflic və müəttəl etmişdir. Göz açmağa yol vermir, xırda bir iş görmək istərsək nəfəsimizi kəsir, əl-qolumuzu bağlayır.

Hər gün bir oğrunu üstandar, fərmandar ünvanı altında əlinə böyük bir çəmədan verib, üstümüzə göndərir. Təzə və iti bir ülgüc ilə min dəfələr ilə qırxılmış başlarımızı qırxmaqdan utanmırlar. Neçə aydan ziyadədir şəhər əncüməni inticab etmişik. Hələ onun təsdiqindən bir xəbər yoxdur. Oğrular, dövlət pulunu mənimsəyənlər başımıza hakim kəsilib hər bir qədəmdə qarşımıza əngəl çıxarırlar.

Nə üçün əlli illərlə məmləkəti müəttəl edən oğru, yalançı və xain məmurlar yenə gərək məmləkətə əlaqəmənd olan fəal və təzənəfəs bu azərbaycanlılardan qabaq tutulsun?

Azərbaycanlı, hətta bu naqis qanunlar baqqi qalsa belə özünü idarə etməyə qadirdir. Tehrandan biz heç bir kömək istəmirik. Bizi öz halımıza qoysunlar. Bu fəqir vəziyyətdə belə onların Xain məmurlarından yüz qat yaxşı bir surətdə işləyə bilərik.

 

"Azərbaycan" qəzeti,

27 sentyabr 1945-ci il. 



[i] Orijinalda «intiqad» yazılmışdır.

[ii] Bir tərəfli mühakiə yürütmək deməkdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info