Qonaq Kitabı
FİRQƏMİZİN BİRİNCİ KONQRESİ MÜNASİBƏTİLƏ

Müəssisələr cələsəsinin qərarı üzrə 1324-cü il mehr ayının 9-da (1 oktyabr 1945-ci il) firqəmizin birinci konqresi dəvət edilmişdir. Bu konqreyə Azərbaycanın tamam şəhərlərindən nümayəndələr gəlməyə hazırlaşırlar.

Bu gün axşam 5-də ümum üzvlərimizin böyük iclası Firdovsi salonunda[i] təşkil ediləcəkdir. Bu iclasda şəhər təşkilatımızın əsası qurulmalıdır.

Konqremizin qarşısında böyük bir vəzifə vardır. O dərvaqe təşkilatımızın məclisi-müəssisan vəzifəsini ifa edəcəkdir.

Konqre çox təcili çağrılmışdır. Lakin o xalqın ehsasatı, şövq və zövqi üzrə qurulur. Ona görə, onun təsmimləri gələcək konqrelər üçün çox qiymətli ola biləcəkdir.

Konqre birinci növbədə gərək firqəmizin məramnaməsini təsvib etsin. Gələcək fəaliyyətimizin bərnaməsi olan bu böyük sənədin tənziminə artıq dərəcə diqqət etməliyik. Firqəmizin yorulmaq bilməyən müəssisələri bu az müddətdə onu yazıb hazırlamağa müvəffəq olmuşlar. Konqre isə onu nəzərdən keçirib islah edəcəkdir.

Müraciətnaməmizdə olduğu kimi məramnaməmizin də əsasını məşrutə və qanuni-əsasının ehyası, Azərbaycan xalqının öz daxili işlərini idarə etməkdə muxtar olmasını təmin etmək üçün tezliklə əyalət və vilayət əncümənlərinin intixabı ilə bərabər ana dilimizdə yazıb-oxuyub dövlət idarələrindən istifadə etmək məsələsi təşkil edir.

Bu əsas üzrə məramnamədə kənd və torpaq məsələsi, maarif və fərhəngin tərəqqisi, Azərbaycanın sənətiləşdirilməsi, həmçinin ticarətimizin düzgün yola qoyulub gündən-günə artmaqda olan işsizliyin qabağının alınması kimi mühüm həyati məsələlər ətrafında əməli tədbirlər və sadə yollar göstərilmişdir.

Biz istərdik konqreyə intixab edilən məsləkdaşlarımıız bu xüsuslarda hazırlanıb öz fikirlərini açıq və aydın  surətdə bəyan etməklə firqənin quruluşunda iradələrini dəxalət versinlər.

Hətta firqəmizə daxil olmamış xeyirxah əşxasın da göstərişlərini biz kəmali-məmnuniyyətlə nəzərdə tutmağa hazırıq.

Firqəmiz xalq firqəsi olub ümum millətə dayandığından xalqın fikrinə çox ciddi surətdə əhəmiyyət verməlidir. Bunu biz həmişə yadımızda saxlamalıyıq.

İnkar etmirik hər bir təşkilat üçün olduğu kimi, təşkilatımıza müxalif olanlar tapıla bilər. Əgər bu müxalifət sırf əqidə və məslək üstündə olmuş olsa bizim bədimizə gəlməz. Lakin, yalançı, müğriz, xudxah və istifadəçi, yaxud mürtəcelər tərəfindən təhrik, ya tətmi edilən ünsürlər tərəfindən göstərilən müxalifətlərlə mübarizəmiz amansız və rəhmsiz olacaqdır.

Əqidə, fikir, məslək bizim nəzərimizdə demokrat olduğumuz üçün möhtərəmdir. Məramnaməmizdə dəxi bu mövzuu çox sərahətlə yazmışıq. Lakin şəyyadlıq, siyasi külahbərdarlıq, fitnəculuq və xalqın ruhunu  müzürr təbliğat ilə zəhərləmək, fikir, əqidə və təşkilat azadlığına zərbə olduğu üçün firqəmiz tərəfindən böyük xəyanət sayılır və biz buk imi cərəyanların genişlənməsinə imkan verə bilmirik. Tülkülər kimi gizlənib müstəbid ruznamələrə yalan xəbər yazanlar adlarını yazılarının altında qeyd etsə idilər, xalq görüb bilərdi ki, nə kimi axmaq və kiçik adamları bizim qarşımıza çıxarmaq fikrindədirlər.

Marağada rəisi-cümhuru namizəd göstərmək, 888 nömrəli xəfiyyə namından ölü toyuğu güldürə bilən iftiralarla, hətta Tehranın gözübağlı bitərəflərini iğfal etmək mümkün deyildir.

Firqəmizin müəssisləri öz sözlərin ələni surətdə ruznaməmizdə yazıb xalqa göstərirlər. Böyük konfranslarda danışılan sözlərimiz xalqdan gizli deyildir. Bununla belə yalan qayiələr ilə öz könüllərini şad etmək istəyənlər əcəba dünyanın ən axmaq adamları deyildirmi?

Bizim yalan şayiələrdən elə bədimiz gəlmir. Çünki xalq onların intişar verənlərin müğriz olduğunu bu vasitə ilə daha tez təşxis verə bilər. Qoy hər nə əllərinə gəlir yazıb tehrana göndərsinlər. Ya Tehranda öz idarələrinin pəncərəsindən eşiyi görə bilməyən ruznamə müdirləri istədikləri sözü quraşdırıb ruznamələrində yerləşdirsinlər. Bunların camiədə heç bir təsiri ola bilməz. Biz həmişə yazmışıq: yolumuz düz və məqsədimiz aşkardır.

Biz Azərbaycan xalqının səadətini və İranın səfalət və fəlakətdən xilasını istəyirik.

 

P.

"Azərbaycan" qəzeti â„– 12,

25 sentyabr 1945-ci il.



[i] Təbrizdə Firdovski adına orta məktəb

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info