Qonaq Kitabı
AZƏRBAYCANIN BÖYÜK XALQ VƏ MAARİF XADİMİ RUŞDİYYƏ

Yüz ilə yaxın ömrünü maarif yolunda, azadlıq yolunda nadanlıq və cəhalət əleyhinə mübarizə işinə sərf etmiş olan qocaman müəllim – mərhum Hacı Mirzə Həsən Rüşdiyyə Azərbaycan millətinin fəxr edəcəyi, ən parlaq və tarixi simalardan biridir.

Rüşdiyyə Azərbaycan xalqının ən böyük xalq maarif xadimidir. O, yaxşı bilirdi ki, hər xalqın tərəqqisi onun mədəni maarif səviyyəsinin tərəqqisi üçün şərait və vəsailin mövcud olmasından asılıdır. Məhz buna görə də o, bu şəraiti yaratmaq və lazımlı vəsaili əldə etmək uğrunda var qüvvəsi ilə çalışmışdır.

Rüşdiyyə böyük təcrübəli bir müəllim idi. O, təlim və tərbiyyət üsulunun əsası olan ana dilini təbliğ və tərvic edirdi. Belə ki, o hər şeydən Azərbaycan əlifabısını asanlaşdırmaq fikrinə düşmüş və sovti üsul ilə Azərbaycan dilini dərs demək təşəbbüsündə olmuşdur. Bu üsulun köməyi ilə uşaqlar öz ana dillərini altmış saatlıq tədris müddətində yazıb-oxumağı öyrənə bilirdilər.

Azərbaycan dilinin tədrisi üçün Rüşdiyyənin üslub ilə təlif etdiyi məşhur kitab qırx il bundan qabaq Təbrizdə çap və nəşr olunmuş «Vətən dili» adlı tarixi əsəridir. Bu kitab istər doğma Azərbaycan dilində olması etibarı ilə, istər təzə sovti üsul tədrisi ilə yazılması cəhətdən və istərsə də elmi nöqteyi-nəzərdən Azərbaycan maarifi tarixində misilsiz bir əsərdir.

Hacı Mirzə Həsən Rüşdiyyənin təzə tədris üsuli əsasında məktəblər açması səyi xüsusilə əhəmiyyətlidir.

Rüşdiyyənin açdığı məktəb istedad və mövhumatçılar tərəfindən doqquz dəfə bağlandısa da, o öz fikrindən əl çəkmədi. Təzə məktəbdə, təzə əlifba əsasında Azərbaycan dilində tədrisi davam etdirdi. Böyük maarifpərvər xadim Hacı Mirzə Həsənin fəaliyyətini bu kiçik məqalədə lazımınca şərh etmək qeyri-mümkündür. Biz oxucularımıza Azərbaycan dilində olan onun «Vətən dili» ünvanlı əsərinin elmi təhlilini və nümunə olaraq bir səhifəsinin klişəsini çap etməyi vədə edirik.

 

 

P.

"Azərbaycan" qəzeti â„– 11,

24 sentyabr  1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info