Qonaq Kitabı
İRTİCA BAŞ QALDIRDI

Hələ müttəfiqlərin qoşunları Tehran darvazasından rədd olunmamışdı ki, irtica baş qaldırıb azadlıq yolunda mübarizə edən siyasi cəmiyyətləri fişar altına almağa başlamışdır.

Bəndəri Ənzəli nümayəndəsinin hökuməti nizami məmurlarından Zərrinkəşf vasitəsi ilə şədid bir surətdə yaralanmasını ruznaməmizdə yazmışdıq. Təzə gələn xəbərlərdə deyilir ki, bir çox azadixahlar töqif edilmiş, sol cərəyana mənsub olan cəmiyyətlər qadağan olunmuş. Məruf və məşhur azadixahların mühüm ibr hissəsi zindana salınmışdır.

Zindanilər arasında İran kargərləri şurasının məşhur katiblərindən Rza Rusta da vardır.

Rusta guya Parisdə təşkil olunan Beynəlxalq Gargər İttihadiyyələrinin konqresində şirkət etmək üçün viza alıb bir neçə saatdan sonra gedəcəkmiş.[i]

Sədr dövlətinin bu vəhşi hərəkəti İranda hökmran olan faşizm hakimiyyətinə sözsüz bir dəlildir. Qoy dünya kargərləri görüb, eşidib anlasınlar ki, azadlıq  cəbhəsinin ciddi müdafiəçiləri dərəbəylər və müstəbidlər tərəfindən nə kimi şərait altında mübarizə aparmaq məcburiyyətindədirlər. Qoy Amerikanın, Fransanın, İngiltərənin fəhlələri bilsinlər ki, İranda demokratiya və azadlıq boş və mövhum sözlərdən ibarətdir.

Qoy bütün zəhmətkeş dünya bilsin ki, bərbəriyyət və zorakılıq elə bir mərhələyə gəlib çatmış ki, minlərcə xalqın hüzurunda suiqəsdə, tohin və təhqirə məruz qalar, məclis nümayəndəsi məclisdə öz şikayətini deməyə qadir olmayır. O, yaralı halda danışmaq istəyirkən xain, yalançı və fitnəkar ünsürlər kəmali-namərdlik və istedadı sayəsində bütün İranda şöhrət və məhəbbət kəsb edən nümayəndə məcbur olur məclisin mataşaçıları üçün sözlərini desin.

Bu qabili-təhəmmül bir vəziyyət deyildir. Müttəfiqlərimiz gərək böu irticaın qarşısını almaqda İran azadixahlarına kömək etsinlər. İrtica yaralı əcdaha kimi qudurub həmləyə keçmişdir. Müttəfiqlər bu məsələdə gərək bitərəf qalmasınlar. Ondan ötrü ki, irticanın xainanə pəncəsi altında əzilənlər onların dostluğundan başqa ayrı bir ittiham ilə müttəhim deyildirlər.

Bu gün Tehran həbsxanalarını dolduran azadixahlar il yarım bundan əvvəl ziddi-faşist olduqları üçün həmin oğru və cahil fərmandehlər tərəfindən tohin və təhqir edilirdilər. İndi də bu yalançı Pəhləvanlar, bu Pəhləvanlar ki, sərbazlığın və İran millətinin şərafəti və namusu hesab olunan əfsərliyin heysiyyət və abırını ayaqlar altına alıb dövlət avtomobillərindən istifadə edərək uzaq şəhərlərə qaçmışdılar. İndi də meyhənpərəst və fədakar sərbaz və əfsərlərin başını aşağı salmaq üçün xalqı başına bəla kəsilib azadlığın kökünü kəsməyə, azadixahları ayaqdan salmağa çalışırlar.

Biz bu yalançı pəhləvanların şücaətlərini imtəhandan çıxarmışıq. Bunlar silahsız xalq üçün qəhrəmandırlar. Məhrum böyük yalançı pəhləvan[ii] bunu özünün son hərəkəti, yəni paytaxtı tərk edib İsfahana doğru qaçması ilə isbat etmişdi.

İran xalqı təcrübədə görüb anladığını bir daha imtahan edə bilməz. Bizə yalançı qəhrəmanlar və füqəra başında bəla kəsilən qəhrəmanlar deyil, millətin etimadını qazanıb onun səadəti yolunda varlığı ilə mübarizə edən milli azadixahlar rəhbərlik etməli, dövlətimiz, hökümətimiz demokrasi üsuluna inanan şəxslərin əlinə tapşırılmalıdır.

 

P.

"Azərbaycan qəzeti № 11,

24 sentyabr 1945-ci il.



[i] Orijinalda «əzimət edəjəkmiş» yazılmışdır.

[ii] Rza şah qəzərdə tutulur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info