Qonaq Kitabı
AYI DOSTLUĞU

Firqəmizi qorumaqda şirkət edən məsləkdaşlarımızın boyunlarında olan ağır yüklərdən biri də bizə yaxşılıq etmək istəyənlərin anlaq, huş və zəkalarını yoxlamaqdan ibarətdir. Siyasi təşkilat sadə bir ittihadiyyə deyildir. Onda çalışmaq istəyənlərdən təbii ağıl və şüurdan əlavə məslək, əqidə və siyasi bilik tələb edilir. Qabağa çıxan siyasi, hüquqi, Milli və ictimai məsələlərdə düzgün düşüncə və açıq fikir istənilir.

Biz çox gözəl bilirik ki, bir çox tarixi səbəblərə görə xalqımız dünyanın müasir və mütərəqqi xalqlarından yüz illərcə dalı qalmışdır. Bu xalqı birləşdirib böyük məqsədə tərəf aparmağa çalışan bir firqə mütərəqqi xalqlar içərisində vücuda gələn firqələr kimi üzvlərinin hamısını savadlı və siyasi məlumata malik adamlardan toplaya bilməz. Xalqımız avam, cahil və dalı qalmış xalqdır. Onun mədəni və siyasi cəhətdən tərbiyə edilməsi də firqəmizin öhdəsinə düşür. Biz naçar və məcburuq minlərcə kənd və şəhər zəhmətkeşlərini təşkilatımızın içərisinə alıb, orada tərbiyət edək. Bu inkaredilməz bir həqiqətdir. Bununla belə firqənin əsas səngərləri düzgün, düşüncəli və sağlam fikirli adamların əlinə tapşırılsın.

Cahil adamlar bilib anlamadan firqəyə böyük zərbələr vura bilər. Məxsusən kəndlərdə firqə sözü çox yanlış təbir edilmişdir. Onun başında duranlar çox yerlərdə dövlət idarələrinin vəzifələrini mənimsəmiş və bəzi yerlərdə firqə məsulları öz vəzifələrini unudub dehdar və kəndxudalardan əlavə məhkəmələrin və qanuni idarələrin də işini əllərinə almışlar.

Onlar bilməlidir ki, vurmaq, döymək və xalqın hüquqi işlərinə qarışmaq firqə rəhbərlərinə yaraşan işlərdən deyildir. Biz kənd ya şəhərlərdə firqə ünvanı daşıyan təzə kəndxudalar, təzə jandarmlar və boynuyoğun qolçomaqlar meydana çıxarmaq fikrində deyilik. Bunların dostluğu ayı dostluğundan daha xətərnak ola bilər.

Kəndlərdə və şəhərlərdə çalışan fiqə məsləkdaşlarımız birinci növbə təbliğatçı, ikinci növbədə təşkilatçı olub xalqı firqənin ətrafında toplamaqla böyük məqsədimizi icra etməyə çalışmalıdırlar.

Onlar gərək bilsinlər ki, firqə başçısı qədim imamcümələrin işini görməli deyildir…

Kəndliyə zor demək, öz şəxsi dost-düşmənliyini firqə sıralarına yeritmək istəyən istifadəçi ünsürlərlə firqəmiz amansız bir surətdə mübapizə edəcəkdir…

Məxsusən kəndlərdə sadə və salim kəndliləri uzaqlaşdırmaqla tudə təşkilatına soxulan istifadəçi canavarlardan ciddi surətdə ictinab edib, onları demokrat firqəsinin qapısından içəri qoymaq olmaz, firqə əvvəldən işi möhkəm götürməli, şöbə və komitələri təmiz və düzgün adamlar əlinə tapşırılmalıdır.

Təşkilatımız qoy ədədcə böyük olmasın, amma intizam və istehkamca qüvvətli olmalıdır. Oğru, yalançı, lovğa, əvamfərib və xalqı pisləyib özünü qabağa çəkən adamları qovub eşiyə salmaq lazımdır.

Firqə, şəxslər deyil, ümum millətin səadəti üçün çalışır, ümum zəhmətkeşlərə nicat vermək istəyir. Beş yumurta iki batman soğan ilə kəndliyə nicat vermək istəyən və bu vasitə ilə kəndlərdə nifaq salanlar kəndlilərə ayılar kimi xidmət edirlər.

Doğrudur, ərbabların zülmü həddən aşmış, dövlət məmurlarının da qarnı doymaq bilmir. Lakin gərək bu məsələni firqəmiz əsaslı bir surətdə bütün ölkə içərisində həll etsin.

Bu yolda çox ciddi qədəmlər götürülmüşdür. Azərbaycanda yaşayan maliklər ilə danışıq başlanmış, çox tez bir  surətdə ümumi bir qərar çıxarılacaqdır.

Azərbaycanı tərk edib gedən maliklər bizdən heç bir kömək gözləyə bilməzlər.

Kəndlini alət edib öz ciblərinin xeyrinə çalışanlar firqəmizdən tamah dişlərini çəksinlər. Biz onların kiçik məqsədlərinə alət ola bilmərik. Bu gündən sonra gedib öz yerlərində oturmalıdırlar.

Əgər kəndlərdə ərbablar köhnə mahnılarını başlamaq istəsələr firqəmiz onlara özünün haqq sözlərini deməyə qadirdi.

Biz əmniyyət və birliyə hər bir işdən artıq əhəmiyyət veririk.

Bunu hər bir kəs düşünməlidir.

 

P.

"Azərbaycan" qəzeti â„– 7, 

19 sentyabr 1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info