Qonaq Kitabı
EHTİYACLARIMIZ TƏMİN EDİLMƏLİDİR

Hər bir xalq və camiənin həyat  və bəqası, yəni yaşayıb yaratması, müəyyən şərait və vəsaitdən asılıdır.

Milli şəkildə və beynəlmiləl məzmunda mədəniyyət, geniş xalq kütlələrinin sağlamlığını təmin edən səhiyyə, əhalinin varlıdan tutmuş yoxsula qədər hamının savadlanıb, təhsili-elm etməsi, sənaye və karxanaların genişlənib iqtisadiyyat və sərvətin tərəqqisi, sairlər hal-hazırda bir xalqın həyat və bəqası üçün zəruri şəraitdir.

Əgər bu şəraitdən biri naqis olarsa, o xalq naçar olaraq, mədəniyyət qafiləsindən dalı qalıb və nəhayət, məhv olub gedəcəkdir.

Beynəlmiləl irticanın muzduru olan Seyid Ziyanın 1299-cu şəmisi (1921-ci il) dövlət çevrilişdən əvvəl və Rza şah Pəhləvinin hökumətindən qabaq, Azərbaycanın özünün xüsusi coğrafi mövqeiyyəti sayəsində Asiyanın sərvətli ölkələrindən birisi idi. Azərbaycanda, Azərbaycan dilində qəzetlər nəş olurdu. Mədrəsələrdə Azərbaycan dilində dərs keçirilirdi.

Azərbaycan dünyanın böyük ölkələri ilə ticarət və iqtisadiyyat münasibəti yaratmışdı. Beləliklə, Azərbaycanın XX əsrin əvvəllərinədək özünə layiq sərvət və ticarəti, maarif və mədəniyyəti var idi.

Lakin Seyid Ziya və Rza şah və bunların tərəfdarları vücuda gəldikdən sonra, Azərbaycan məhv olmağa üz qoydu.

Tehranın mürtəce hökuməti Azərbaycan xalqına öz doğma anna dilində yazıb oxumağı qadağan eləyərək, onun milli mədəniyyətini puça çıxartmağa başladı.

Təbrizin dünya ilə iqtisadi və ticarət rabitələrini qət edərək xalqın maddi sərvətinin ən alçaq səviyyələrə tənəzzül etməsinə səbəb oldu.

Azərbaycanda orta məktəblərin qapıları dəxi bağlanıb yalnız kiçik ibtidai məktəblər, o da çox pis vəziyyətdə qaldı.

Azərbaycan xalqının milyonlarla nüfusunun əmək bəhrəsini müxtəlif ünvanlarla qəsb edib xalqı taladı, səhiyyə, maarif və mədəniyyətdən, nümunə üçün də olsa, heç bir asar qoymadı.

Beləliklə, 30 ilin ərzində Azərbaycanın iqtisadi, ictimai vəziyyəti orta əsrlər mədəniyyəti səviyyəsinə tənəzzül edib və nəhayət, min ildən artıq təntənəli tarixi olan böyük Azərbaycan xalqı məhv olmaqda idi. Minlərlə hökmranlar bizi məhv etetmək istəyirdilər. Azərbaycan Demokrat Firqəsi çoxmilyonlu və mübariz Azərbaycan xalqının namuslu hərəkatı ilə bu bədbəxtliklərə son qoyacaqdır.

Azərbaycan Demokrat Firqəsi öz şüarlarını xalqın sinəsində alovlanan odlardan almışdır.

Xalqa tərkiyə edib, xalqın arzu və əməllərini həyata keçirən bir firqə həmişə müzəffərdir. Bizim işimiz haqdır və qalibdir.

 

 

Səməndər

"Azərbaycan" qəzeti â„– 6,

18 sentyabr 1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info