Qonaq Kitabı
SİYASİ FİRQƏNİN AFƏTİ

Bir firqə və ya cəmiyyət təşkil olar-olmaz salim, xeyirxah və fədakar şəxslər ilə bərabər bir iddə istifadəçi, yalançı və ictimai təşkilatları vəsilə qərar verib, özlərinə sərvət və saman qayırmağa çalışan ünsürlər və leşxorlar kimi onun ətrafına hücum edirlər. Bunu biz bu vaxta qədər meydana çıxan siyasi firqələrin hamısında görmüşük.

Bunlar xüsusi istifadə yolunda heç bir rəzalət və alçaqlıqdan çəkinməzlər. Bunların töhmət, iftira, yalan ad qoymaq kimi kəsif hərbələri vardır.

Bu parazit ünsürlər xarici və siyasi düşmənlərdən daha xətərlidirlər. Xarici düşməni tanıyıb onun əleyhinə mübarizə aparmaq asandır, lakin müftəxor və istifadəçi ünsürlər təşkilatın içərisini çürüdüb onu iflic hala sala bilərlər.

Bunlar xürbəcür şəkildə qabağa çıxa bilər. Kəndlərdə boynuyoğunluq və qolçomaqlıq göstərib illərdən bəri davam edən düşmənlikləri şədidləşdirmək və ondan maddi istifadə etməyə çalışarlar. Şəhərdə dövlət idarələrinə soxulub orada isti bir vəzifə tutmaq və bu vasitə ilə sui-istifadə etməyə can atarlar. Hər şəkildə və hər mühitdə olur-olsun bunlar yol tapıb firqə adından istifadə etməyə, xalqa zor deyir, özlərinin xüsusi işlərini qabaqdan aparmağa səy edirlər.

Qədim azadlıq və məşrutiyyət hərəkatından istifadə edib, vəzifə, sərvət və şəxsiyyət qazanıb istibdada xidmət edən maskalı azadixahlar az deyildir. Onları siz də yaxşı tanıyırsınız. Təzə vücuda gələn firqəyə bunlar yol tapa bilər. Çalışan firqəmiz bu kimi müzürr və fasid ünsürlərin əllərində alət olmasın.

Məqsədimiz ali, fikrimiz böyükdür. Böyük işi napakk  əllər ilə görmək olmaz. Təzahürçü, lovğa və yalançı pəhləvanlardan pəhriz edin. Xalqın mal, can və namusuna göz tikən pis ünsürlərə əvvəldən içərinizə yol verməyin. Qorxaq və ikiüzlü adamlardan qaçın, bunlar sizi yarıyolda qoya bilərlər.

«Mən başımı saxlamaq üçün qarışmışdım» deyənləri çox görmüşük. O adamların zahiri sizi aldatmasın. Başını saxlamaq istəyib düşmənlərə bəli deyən adamları əvvəldən firqəyə yol verməyin. Qoy onlar gedib ayrı vasitə ilə başlarını saxlasınlar.

Biz heç kəsi güc ilə firqəmizə yazdırmaq fikrində deyilik. Xalqın hüsn-rəğbəti və təvəccöhi bizə kifayət edər. Fəqət kəndlər və şəhərlərdən sel kimi axıb gələn camaata bel bağlamalıyıq.

Bizim böyük və ağır vəzifəmiz bu camaatı təşkil etmək və onun iradə və qüdrətini ciddi surətdə xalq azadlığı yolunda işə salmaqdır.

Doğrudur biz bütün xalqı, sinif və təbəqə nəzərdə tutulmadan firqəmizə qəbul edirik. Bəli bu o demək deyil ki, biz azadixahlıq və vətənimizin tərəqiyyə doğru getməsini nəzərdən çıxarmışıq. Belə fikir etmək hərgiz doğru deyildir.

Biz vətənin və xalqın nicatını azadlıqda axtarıb və aramaqdayıq. Biz bunu gözəl bilirik ki, xalqımızın əksəriyyətini təşkil edən kəndlilər bu günə qədər hər bir haqq və ixtiyardan məhrum qalmışlar. Biz bilirik ki, işsizlik xalqımızın böyük bir hissəsini fəlakətə və ölümə sövq etmişdir. Bizə məlumdur ki, fəhlələrimizin hüququnu təmin etmək üçün hələ də rəsmi bir qanun əldə yoxdur. Eyni zamanda biz hiss edirik ki, ərbabların bəziləri kəndlərdə vüsətlənməkdə olan kəndli hərəkatından qorxuya düşüb yerlərin abadlığına, çeşmələrin təmirinə iqdam etmək fikrində deyildirlər. Hətta bəzi yerlərdə xirmənlər bila təklif haldadır. Bəzi istifadəçi ünsürlər malik ilə ərbab arasındakı ixtilafı şiddətləndirib bulanıq sudan balıq tutmağa çalışırlar.

Bunların hamısını bildiyimiz üçündür ki, biz ölkədə qanuni bir recim, mötədil bir vəziyyət meydana gətirməyə iqdam etmişik. Çun təbiidir ki, kəndli ilə ərbab, fəhlə ilə sahibkarın mənafeyi çox vaxt bir-birinə müvafiq gəlməz. Lakin bir qisim mənfəətlər var ki, onlar müştərək hesab oluna bilər.

Məsələn, əmniyyət, xalqın siyasi azadlığı, məhkəmə və qanunlardan müsavi surətdə hər bir vətəndaşın istifadə etmək imkanı, əslən fəhlə ilə sahibkar və ərbaba ilə rəiyyət arasında çıxa bilən ixtilafı aradan aparmaq üçün möhkəm bir qanun vücuda gətirilməsi kimi məsələlər vardır ki, biz onu çox tezliklə və birinci növbədə həll etməliyik.

Bunların hamısı mümkün olan işlərdəndir. Lakin siz çalışın iş pis adamların əlinə düşməsin.

 

"Azərbaycan" qəzeti â„– 4,

16 sentyabr, 1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info