Qonaq Kitabı
AYRI BİR YOL YOXDUR

Eşitdiyimizə görə Tehranın  vəziyyəti çox qaranlıqdır. Dövlət və məclisin əksəriyyətini təşkil edən mürtəce ünsürlər qanunu ayaqları altına alıb çox vəhşiyanə və qəddaranə bir surətdə azadlıq ilə mübarizəyə girişmişlər.

Bu mübarizə birinci növbədə azadixah mətbuatın qanunsızcasına toqifi və azadixah hisslərini fişa rvə sıxıntı altına alınması, ikinci növbədə diktatorluq, zülm və fişara müxalifət göstərən əfsərlər və nizamilərin qoşundan ixrac edilib abi-havası zəhərli olan şəhərlərə sürgün edilməsi şəklində meydana çıxmışdır.

Ziyalı əfsərlər və azadlıq uğrunda mübarizə edən əsgərlərin sayı gündən-günə artmaqdadır. Bunlar artəşi, sərbazlığı təhqir və tohin edib, onları millət əleyhinə qaldırıb qardaş qanı tökməyə vadar edən ərkane hərb rəisi Ərfənin[i] apardığı xainanə siyasəti ilə ciddən mübarizə aparmaqdadırlar.

Xorasan hadisəsi qətən sadə bir ittifaq deyilmiş, görünür bütün hərbi qüvvələrdə irticaya qarşı böyük bir nifrət hissi oyanmışdır.

Mərkəzi dövlətin apardığı kəsif siyasət şimal şəhərlərində böyük müxalifət cərəyanı və nifrət hissi oyatmışdır. Bu nifrət bəzi yerlərdə ciddi şuriş halı almağa başlamışdır. Aldığımız xəbərlərə görə türkmənlər Günbədiqabus şəhərini işğal edib, Gürganı mühasirəyə salmışlar. Mərkəz kəklik kimi başını qara quylamaqla, xalqın ehsasatının üzərinə pərdə çəkmək istəyir.

Bu xətti-hərəkət çox qorxulu və çox xətərnak bir xətti-hərəkətdir. Hətta Rza xan belə əvvəl işə girişdikdə bu cür kobudluqla rəftar etməyə cürət etmirdi. Aldığımız xəbərlərə görə «Fərman» ruznaməsinin müdiri «Şahəndə», «İranema» ruznaməsinin müdiri Təfəzzül «Rəhbərin» məsul işçilərindən Həkəmi çapxanada və idarədə işləyirkən toqif edilmişlər.

Bu toqiflərin naziri fəqət Məhəmmədəli Mirzanın başladığı irticai əməliyyat zamanı, yəni məşhur Bağşah hadisəsində görülə bilmişdir.

Görünür Sədrüləşraf cavanlığını yada salıb, yenə də cəlladlıq şoğlunu təkrar etmək fikrinə düşmüşdür.

Belə bir zamanda, Azərbaycan azadixahları bikar dura bilməzlərdi. Onların tarixi borcları və Milli vəzifələri bu şədid irticaın əleyhinə ciddi bir surətdə mübarizəyə girişmək idi. Bu mübarizə qətən əvvəl Azərbaycanın daxili əmniyyət və azadlığını təmin etməkdən başlanmalı idi.

İnkar etmək olmaz ki, Azərbaycanda bəzi dövlət məmurlarının ləyaqətsizliyi və mənafeyi bir-biri ilə müxalif olan təbəqələrin ziddiyyəti sayəsində bir neçə gün bundan qabağa qədər böyük şuriş və hərc-mərclik hiss olunurdu.

Azərbaycan azadixahları bu vəziyyəti nəzərə aldıqları üçündür ki, birinci növbədə əmniyyət vücuda gətirilməsi məsələsini ortaya sürməkdədirlər.

Biz bu xüsusda uzun mütaliə etdikdən sonra yəqin hasil edirik ki, möhkəm bir təşkilat vücuda gəlməzsə gündən-günə qüvvətlənməkdə olan selin qabağını sədd etmək mümkün olmayacaq. Ona görə birinci növbədə böyük bir firqə yaratmağa təşəbbüs etdik.

Firqəmiz xalq tərəfindən geniş rəğbətlə istiqbal olundu. Yüzlərcə teleqraflar idarəmizə axmağa başladı.

Təşkilatlarımızdan daha əvvəl vücuda gələn partiyalar və cəmiyyətlər də xətti-hərəkətimizin düzgün olduğunu dərk edib, böyük həvəs və rəğbətlə bizə yaxınlaşmağa başladılar. Çox tez bir surətdə bütün Azərbaycanın sağlam fikirli adamları firqəmizin bayrağı altına toplanacaq, bu vasitə ilə burada möhkəm bir mərkəzi-siql vücuda gələcəkdir.

Əgər biz başqa firqələr kimi qeyri-əməli şüarlar ilə işə başlayıb böyük daşı götürsəydik qətən hədəfə yaxınlaşa bilməyəcək idik.

Ayrı bir yol ola bilməzdi. Çox sadə bir surətdə Azərbaycandan başladıq. Əvvəl buranı hərj-mərclikdən saxladıq və öz evlərimizi qarət və yıxmaqdan qorumaq lazım gəlirdi. Sonra da gələcək üçün böyük bir qədəm götürməyə ehtiyac var idi. O qədəm məxsusən indi götürülməli idi.

Tehran irticaı qüvvət tapsaydı, biz iş görmək səhldir, hətta danışmaq imkanına belə malik razı ola bilməzdik.

Fürsət bizə qurbanlar bahasına mal olmuş qanuni-əsasini diriltmək imkanı vücudə gətirmişdir.

Əyalət əncüməni və məhəlli Muxtariyyət məsələsi qanuni-əsasini əsas və köküdür. Biz irticaın zəfindən istifadə edib onu əməçli bir surətdə həyata keçirməliyik. Fürsəti əldən verdikdən sonra peşimanlıq fayda verməz. «Daldan atılan Daş topuğa dəyər». Bu köhnə bir Azərbaycan məsəlidir. Onu heç bir vaxt unutmaq olmah. Ərəblər «Və fittəxir afat» demişlər». Bu doğru sözdür.

İndi Azərbaycan xalqının əlinə böyük bir fürsət düşmüşdür. Bundan istifadə etməmək xəyanətdir.

Bu kimi fürsətləri Azərbaycan azadixahları mövhum sözlərə inanıb mükərrər surətdə əldən vermişlər. Əgər sərdari-milli Tehrana inanmasaydı, əgər Şeyx Məhəmmədxiyabani Xain, yalançı və min üzlü müşavirlərinin sözlərinə əhəmiyyət verməsəydi, əgər Lahutiyə xəyanət edən yalançı pəhlivanlar dara çəkilsəydi indi nə tək Azərbaycan bəlkə bütün İran dünyanın ən mütərəqqi, ən demokrat ölkələrindən biri olmuşdu. Bu səhvlər daima nəzərdə tutulub müzəbzəb və mürəddəd adamların xainanə təlqinlərinə şulaq asmayıb öz gücümüzə bel bağlamalıyıq.

Azadlığı və azadixahlığı özlərinə dükan qayırıb hər bir ciddi işi ixlal edənlərin həqiqi simalarını açıb xalqa göstərin!

Onların, yəni o maskalı azadixahların hiylələri nəticəsindədir ki, İran məşrutəsi kağız üstündə qalan əsərsiz bir dua və tilsim halına düşmüşdür.

 

 

"Azərbaycan" qəzeti № 3,

12 sentyabr 1945-ci il.



[i] Məqsəd – vaxtı ilə İran ordusunun baş qərargah rəisi olmuş general Həsən Ərfədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info