Qonaq Kitabı
BÖYÜK BƏLALARDAN BİRİ

Xalqımızı ictimai işlərdən kənarda qalmağa məcbur edən səbəblərdən birisi də iradgirlik, adqoyma, eybculuq və böhtan deməkdir. Bunun kökü xudpərəstlik və xudxahlıq və xüsusiyyətə çalışmaqdır. Hər kəs istəyir batman olsun. Yarımbatman olmaq istəyən çox azdır. Ona görə bu vaxta qədər alver baş tutmamışdır. Camaat ictimadan qaçmış, çox böyük fikirlər və ali nəqşələr və ciddi fədakarlıqlar nəticəsiz qalıb unudulmuşdur.

Bizim əqidəmizə görə iradgirlər və eybcular, xalqa ğöhmət atan adamlar hər simada və hər ad ilə təzahür etsələr belə ən qəddar müstəbidlərdən zərərlidirlər. Bunlar öz xüsusi mövhum şəxsiyyətləri üçün azadlığa böyük zərbələr vurmuşu və bunlardan gələcəkdə də daha böyük zərərlər gözlənilir.

Firqəmiz ən birinci qədəmdə xətərnak ünsürlər ilə ciddi mübarizə aparmalı, öz üzvlərindən söz deyil, iş tələb etməlidir. (Bunun burası belə, onun orası elə) bəhanələrlə xalqı təşkilatdan məyus edənlərə firqəmizdə yol ola bilməz. Bizim gizli işimiz və məxfi siyasətimiz yoxdur. Firqəmiz ələni və rəsmi firqədir. Onun əsaslarını müraciətnaməmizdə aydın bir dil ilə yazmışıq. Hər kəs qeyd və şərtsiz bir surətdə məqsədimizi qəbul edirsə təşkilatımıza yazılmalıdır. Hər kimin ayrı məqsədi varsa xoş gəldi. Bizim onun nazını çəkməyə, ona yalvarıb yaxarmağa vaxtımız yoxdur.

Biz var qüvvəmiz ilə mübarizə meydanına girmişik. Bu yolda heç kəsə minnət qoymaq fikrində deyilik, kimsədən də minnət çəkməyə ehtiyacımız yoxdur. Hər kim bizim ilə bu böyük iş və ali məqsəd yolunda yoldaş olmaq və çalışmaq istəsə buyura bilər, ona firqəmizin qapısı açıqdır.

Məsuliyyətsiz ağızlar, iş və fəaliyyəti fəqət şirin sözlər və hərarətli danışıqlardan ibarət bilən adamlara əsla bizim ehtiyacımız yoxdur. Onlar madam ki, firqəmizin ziddinə bir söz danışmayıblar, onlar ilə heç işimiz olmayajaq, amma əgər burada-orada oturub əleyhimizə boşboğazlıq və yaraşmayan sözlər danışıb, xalqı mübarizədən saxlamağa çalışmaq istəsələr, biz onları azadlıq cəbhəsinin fərari sərbazı tanıyıb ciddən fitnəkarlıqlarının qabağını almağa iqdam edəcəyik.

Biz bununla bütün azadixahlara və dostlarımıza elan edirik ki, əgər bizim hərəkatımızda, sözümüzdə, işimizdə bir səhv və xəta görsələr gəlib dustanə bir surətdə bizim üzümüzə desinlər. Biz kəmali-məmnuniyyətlə onların haqq sözlərinə qulaq asıb faydalı göstərişlərini qəbul edərik. Bu, heç vaxt bizim bədimizə gəlməz. Bəlkə çox şad olarıq ki, dostlarımız bizə əlaqəmənd olduqları üçün işimizin islahına çalışırlar. Lakin boşboğazlıq, yalan, töhmət, iftira, daldan boğma çıxarmaq bizim xoşumuza gələn işlərdən deyildir. Bunu biz xainlik və azadlığa əngəl törətmək, müsiəbidlər və mürtəcelərin dəyirmanlarına su açmaq hesab edirik. Ona görə bu kimi ünsürlərlə çox ciddi mübarizə edib var qüvvəmizlə bu möhlük və xətərnak bəlanın qarşısını alacayıq.

 

 

"Azərbaycan" qəzeti № 2,

8 sentyabr 1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info