Qonaq Kitabı
RUZNAMƏMİZİN DİLİ

RUZNAMƏMİZİN[i] DİLİ

 

Ruznaməmiz Azərbaycan dilinə artıq əhəmiyyət verəcəkdir. Bizim dilimiz düşmənlərin boş iddialarına baxmayaraq çox geniş və qəni bir dildir. Onun kökü xalqımızın qanında və ürəyindədir. Biz onu ana südü ilə əmib vətənimizin ruhnəvaz havası ilə tənəffüs etmişik. Ona tohin edənlər, onu təhmili və məsnui göstərmək istəyənlər bizim həqiqi düşmənlərimizdir.

Çox xain və əcnəbi ünsürlər qərinələr ilə bu gözəl dili ortadan qaldırmağa çalışmışlar. Onunu tərəqqisinə və yaşamasına mane olmaq məqsədilə məxsusən ən qəddar azadlıq düşmənləri var qüvvəsini sərf etmişdir. Bununla belə o sarsılmaz və möhkəm bir halda xalqın içərisində qalıb öz mövqeini saxlamış, bu vasitə ilə mədəni və mütərəqqi bir dil olduğunu isbata yetirmişdir.

Azərbaycan dili deyimi bir dil deyildir. Onun böyük xalq, geniş camaat qüvvəsi kimi arxası vardır. Dilimiz xalqın yaratdığı dastanlar, zərbüməsəllər, hekayə və nağıllar vasitəsi ilə dünyanın ən böyük dilləri ilə rəqabət edə bilər. Şairlərimiz, ədiblərimiz bu dil vasitəsi ilə öz ehsasatlarını və öz hünər və sənətlərini vücuda gətirib xalqın nəzərini cəlb edə bilərlər.

Bizim vəzifəmiz onu genişləndirmək, onu müasir hala salmaq, onun gözəlliklərini, incəliklərini toz-torpaq arasından çıxarıb təmiz və ali bir zərf içində xalqa təqdim etməkdən ibarətdir.

Azərbaycan dili o qədər qüvvətli və onun sərf və nəhv qaydaları o qədər möhkəm və təbiidir ki, hətta onun içinə varid edilmiş fars və ərəb kəlmələri ixrac edilsə belə onunla böyük fikirləri, ali məqsədləri yazıb şərh vermək mümkündür. Lakin biz xalqın istedadını nəzərdə tutub bu işi nagəhani bir surətdə görməyə ehtiyac hiss etmirik.

Əqidəmizə görə, yazı gərək xalqın danışdığı və anladığı bir üsulla davam tapsın. Məqsədimiz ədəbi müsabiqə deyil. Xalqı başa salmaq, ona həqiqəti aşkar bir surətdə göstərməkdədir. O cəhətdən biz xalq tərəfindən qəbul edilib işlənilən ərəb və fars kəlmələrini müvəqqəti olsa belə saxlamaq lüzumunu inkar etmirik. Lakin onları öz dilimizin qaydalarına tətbiq edib ahənginə uyğun bir hala gətirməliyik.

Dünyada bir dil tapılmaz ki, o tamamilə müstəqil olsun və qonşu dillərin təsirinə düşməsin. Bizim Azərbaycan dili də Azərbaycanın tarixi və coğrafi mövqeyinə görə əcnəbi dillərin təsirindən kənarda qalmamışdır. İstər-istəməz bir çox əcnəbi sözlər xalqımızın ağzına düşmüş, müruri-zaman ilə milliləşmişdir. Biz dilin təkamülünü nəzərdə tutub o kəlmələrdən istifadə etməyi lazım bilirik. Lakin bundan sui-istifadə edib dil və yazını qəlizləşdirmək, vəhşi və mənası anlaşılmaz kəlmələri hesaba qatmağa ciddən müxalifət etməliyik.

Azərbaycan yazıçıları qəbul etdikləri bu çətin və ağır vəzifəni iman və əqidə ilə ifa etməklə dilimizin gözəlliyini və onun tərəqqi və təkamülünü təmin edəcəklərinə bizim ciddi imanımız vardır.

 

"Azərbaycan" qəzeti â„– 1,

   5 sentyabr 1945-ci il.



[i] 1945-ci ilin sentyabrın 5-də nəşr olunmuş Azərbaycan Demokrat firqəsinin mərkəzi orqanı «Azərbaycan» qəzetidir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info