Qonaq Kitabı
İKİ YOL AYRICINDA

Bizim axır sözümüz

 

Tehrandan gələn xəbərlər İran xalqlarının iki yol ayrıcında qərar tutduqlarını göstərir.

Üç aydan əlavədir ki, mərkəzdə rəsmi və qanuni bir hökumət yoxdur. Əksəriyyət güc ilə Sədr[i] hökumətini və ya onun nəzərini xalqa təhmil etməyə çalışır. Milli ünsürlər irtica xətərini hiss edib əksəriyyətin tədbirləri ilə çox ciddi bir surətdə mübarizə aparırlar. Müharibə nəticəsində meydana çıxan zahiri demokratik üsulu belə məhv etməyə başlamışlar. Eşitdiyimizə görə, demokratik cəmiyyətlər qadağan edilmiş, azadixah qəzetlər qapadılmışdır. Bu cərəyanı İngiltərə xaricə vəzirinin İran haqqında irad etdiyi nitqi qüvvətləndirmişdir.

Zahirdə irticai cərəyanın şüarları çox parlaq və aldadıcıdır. Bu hoqqabazlıq və şəyyadlıq elə meydana atılan şüardır ki, dalında diktatorluq, quldurluq və istibdad gizlənmişdir. Bunlar vətənpərvərlik və istiqlal pərdəsi altında azadlıq hərəkatını pozmağa çalışırlar. İden və Bevin bu göstərişlər ilə günahı öz müttəfiqləri olan Şuralar İttifaqının siyasətindən və cavabından xəbərimiz yoxdur. Ancaq bunu bilirik ki, tamam bu təbliğat azadlıq hərəkatının qabağını almaq, demokrat dəstələrini biganəpərəstlik ilə ittiham edib meydandan qaçırmaq məqsədilə başlanmışdır.

Bu təsadüfi deyildir ki, Seyid Ziya və onun tərəfdarları Mister Bevin və Mister İdenin sözlərini eynən təkrar etməkdədirlər. Bunların hamısı bir çeşmədən su içir. İranda qatı bir irticai dövlət yaratmaq, o dövlətin noxtasını London siyasətmədarlarının əlinə tapşırmaq niyyətindədirlər. Təzə bir Rza xan, müasir bir İran Hitleri vücudə gətirməyə çalışırlar. Azərbaycan camaatı bu macəraya qanı soyuqluqla baxa bilməz.

Tam ağırlıq bizim arxamıza düşmüşdür. Hər kəs yerindən tez durub Azərbaycan hesabına məqam qazanmaq, vəzarət və sərvət əldə etməyə çalışır.

Azərbaycan azadlıq ələmdarı olduğu üçün Tehranda çevrilən fırıldaqlara qurban ola bilməz.

Biz demokratiya və azadlığı var qüvvəmizlə saxlamağa and içmişik. Təzə bir Hitler meydana çıxsa da, onun Azərbaycana yolu ola bilməz. Təzə Rza xanlıq fikrinə düşən xainlərin Azərbaycanda hakimiyyət sürmək arzusu ürəklərində qalacaqdır.

Azərbaycan özü öz işlərini idarə etməyə qadirdir. Əgər Tehran hoqqabazları Londondan aldıqları ilham üzrə azadlığı məhv etməkdə davam edərsələr biz bir qədəm irəli qoyub tamamilə oradan qət’i-rabitə etməyə məcbur olacayıq.

Qoy mürtəcelər, azadlıq və demokratiya üsulu əleyhinə çalışanlar öz hesablarını düşünsünlər və öz təkliflərini bir dəfə qət’i surətdə anlasınlar.

Tehran hökuməti gərək bilsin ki, o, iki yol ayrıcında dayanmışdır. Azərbaycan öz yolunu intixab etmiş, o azadlıq və demokratiya üsuluna doğru gedəcəkdir. Əgər Tehran irtica yolunu intixab edərsə xudahafiz buyurub Azərbaycansız yoluna davam etsin.

Budur bizim axır sözümüz. 

 

"Azərbaycan" qəzeti â„– 1,

5 sentyabr 1945-ci il.



[i] Məqsəd Sədrüləşrafın başçılıq etdiyi İran dövlət kabinəsidir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info