Qonaq Kitabı
FİRQƏMİZ İŞƏ BAŞLADI

Düşənbə günü firqəmizin müraciətnaməsi[i] intişar tapdı. Bu müraciətnamə xalqımız tərəfindən geniş təvəccöh və böyük rəğbət ilə qarlışandı. Minlərcə azərbaycanlı Azərbaycan şəhərlərində müraciətnamə yapışdırılmış divarların qabağında toplanıb ürək döyüntüsü ilə onu axıra qədər oxudu, düşündü, alqışladı. Bu vasitə ilə səadət və azadlığı üçün yol açıldığını hiss etdi.

Bu isti istiqbal və hərarətli təvəccöh göstərdi ki, tutduğumuz yol düz və intixab etdiyimiz hədəf doğrudur.

Bizim başqa firqələr kimi xalqı cəlb etməkdən ötrü ali sözlər ilə deyil, həqiqi yol göstərmək məqsədilə əməli tədbirlər vasitəsilə işə başladığımızı xalq özü çox gözəl bir surətdə təşxis verdiyi üçündür ki, müraciətnaməmiz ümumxalq tərəfindən bu qədər həvəs və rəğbət ilə qarşılanmağa səbəb olur.

Müraciətnaməmizin dili olduqca aydın və sərih idi. Burada xalqın istəkləri, arzuları, ehtiyacları açıq-aydın bir surətdə göstərilmişdi.

Biz İranın istiqlalına əlaqəmənd olduğumuz ilə bərabər Azərbaycan xalqının fərhəngi ixtiyaratı və öz müqəddəratını öz gücü ilə təmin etməsini arzu edirik.

Biz öz dilimizdə fərhəng, behdaşt və dövlət idarəsi tələb edirik. Öz dilimizdə kitabımız, ruznaməmiz və ədəbiyyatımız azad bir surətdə vücuda gəlmək ilə xalqımızın mütərəqqi bir xalq olmasına imkan verilməlidir.

Biz birinci növbədə öz evimiz olan Azərbaycandan başlayıb buranın tərəqqisini təmin etməyə çalışırıq. Bunun üçün çox sadə və təbii bir təşkilat vücuda gətirməyi ciddən tələb edirik. Bu təşkilat İran qanuni-əsasi payəsini təşkil edən əyalət və vilayət əncümənləridir.

Əyalət və vilayət əncümənləri təzə bir təşkilat deyildir. Onun böyük və tarixi keçmişi vardır. İran xalqları azadlıq və məşrutə almaq işində Azərbaycan xalqının əyalət əncüməninin fəaliyyətinə və fədakarlığına borcludur. Ona görə də müstəbidlər və azadlıq düşmənləri birinci növbədə bu təşkilatı ortadan çıxarmağa müvəffəq olmuşdur.

Firqəmiz xalqın iradə və gücünə dayanaraq bu haqqı alacaq, onun vasitəsi ilə xalqın azadlığını və ölkənin tərəqqisini təmin edəcəkdir.

Firqəmiz milli bir firqə olduğu üçün sinif və təbəqə nəzərdə tutmayıb ümum camaatı öz bayrağı altına çağırır. Bu vasitə ilə mərkəz və hökumət və yerli məmurların ləyaqətsizliyi nəticəsində meydana çıxan nifaq və bəzi yaramaz ünsürlərin narəva hərəkətləri sayəsində törənən hərcü-mərc və şuluqluğa xatəmə verəcəkdir.

Qəzetimiz firqənin naşiri-əfkarı olduğu üçün müraciətnamənin əsaslarını unutmayıb, yeri gəldikcə onun təbir və təfsirinə çalışacağıq və xalqı milli azadlıq üçün mübarizəyə hazırlayacaqdır.

Biz bilirik ki, Azərbaycan xalqının daxili və xarici düşmənləri firqəmizin meydana çıxmasına yarasalar[ii] günəşdən qorxan kimi qorxuya düşüb ziddimizə qalxacaqlar.

Qəzetimiz bu xain ünsürlər ilə şədid mübarizə etdiyinə görə oxucular üçün fövqəladə bir surətdə cəlbi-təvəccöh olacaqdır.

Bu şanlı vuruşmalarda bizə qətən qalib çıxmalıyıq. Çünki yolumuz doğru və məqsədimiz müqəddəsdir. Biz rəşid bir millətin haqq və ixtiyarı üçün mübarizə edirik.

Azərbaycan xalqı öz azadlığını almaqla bütün İran xalqlarını da əsarətdən xilas edəcəkdir.



[i] Məqsəd – Azərbaycan Demokrat firqəsinin 12 şə şəhər 1324-cü il tarixli (3 sentyabr, 1945-ci il) nəşr etdiyi müraciətnaməsidir.

[ii] Orijinalda «xəffaş» yazılmışdır. «Azərbaycan» qəzeti â„– 1, 5 sentyabr 1995-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info