Qonaq Kitabı
AZADLIQ CƏBHƏSİNİN ƏYALƏT ŞURASI TƏRƏFİNDƏN TƏBRİZDƏ FİRDOVSİ MƏKTƏBİ SALONUNDA TƏŞKİL OLUNMUŞ YIĞINCAQDA NİTQ

Mən bir Təbriz deputatı kimi deyil, azadlıq cəbhəsi nümayəndəsi kimi Təbrizə gəlmişəm. Buna görə də etibarnamənin[i] rədd edilməsi barədə söhbət edəcəyimi gözləməyin. Etibarnaməmin rədd olunması mənim siyasi mübarizəmin müəyyən hissəsini təşkil edir. Ona görə də bu haqda söhbət etmək istəmirəm. Hətta yay fəslində səfər etməyi nəzərdə tutmuşdum. İstəmirdim belə bir söz çıxarsınlar ki, Pişəvəri mandatı rədd edildiyi üçün Təbrizə gəlmişdir. Bunlar bir kənara dursun. İndi görək biz nə haldayıq və haraya gedirik.

Bugünkü vəziyyətimizin kökləri uzaq keçmişlərə gedib çıxır.

1320-ci ilin şəhrivər ayında baş vermiş hadisə bizi qafilgir etdi. Xalq bu hadisədən köklü, istədiyi kimi, layiqincə istifadə edə bilmədi. Şəhrivərdən sonra diktator qaçdı. Lakin diktatorluq dəstgahı aradan getmədi diktatorun istifadə etdiyi dövlət maşını olduğu kimi yerində qaldı. Digər tərəfdən xalqın zamanla bir sırada irəliləməsini və tərəqqi karvanı ilə həmahəng olmasını istəyən adamları zindanların bucaqlarında, zəhər yedirtmək və ampula vurmaq yolu ilə məhv etdilər. Qalanlarını isə ağır zəncirlər altında saxladılar. Nəticədə şəhrivər hadisəsi zamanı xalq həmin tərəqqipərvər və azadixah adamlardan istifadə edə bilmədi. Bundan başqa irtica azadixahlıq sabiqəsi olan adamların bir çoxunu öz tərəfinə cəlb edərək öz mənafeinə uyğun surətdə bir sıra nazirlik və rəislik postlarını onlara tapşırdı. Şəhrivər hadisəsi qarşıya çıxdı. Lakin yalnız bir adamın məqsədlərini həyata keçirmək xatirinə diktatorluq əsasında qurulmuş dövlət maşını dağıdılmadı. Şəhrivərdən sonra da diktatorluq quruluşunun azadixahlar və Milli təşkilatlar üzərindəki təzyiqi o qədər güclü idi ki, İran Xalq Partiyası təşkil olunan zaman öz məramnaməsini Tehranda çap etdirə bilmədi. O öz məramnaməsini nəhayət Təbrizdə çap etdirib Tehranda nəşr etməyə məcbur qaldı. Dövlət diktatorluq aparatında ən kiçik dəyişikliyə belə yol verməmək üçün  qəzet imtiyazı verilməsindən boyun qaçırırdı. İrticaçılar mətbuatın Milli bir qüvvə olduğunu, diktatorluq üsuli-idarəsinin köklərini lərzəyə salan bir qüvvə olduğunu başa düşürdülər. İqtisadi böhran habelə müharibə nəticəsində törənmiş çətinliklər üzündən ölkə əhalisinin müəyyən hissəsi iqtisadi məsələlərlə daha çox maraqlanırdı. Digər tərəfdən ölkədə baş vermiş aclıq, bahalıq iranlıların digər hissəsini də ictimai fəaliyyətdən ayırmışdı. Bulanıq sudan balıq tutmaq istəyən pulpərəst, prinsipsiz adamlar azadixahların irəliləməsi yolunda böyük maneəyə çevrilmişdilər. Bunlar özlərinin çox kiçik məqsədləri xatirinə, şəxsi istifadələri xatirinə, nazir və ya məclisdə nümayəndə xatirinə, şəxsi istifadələri xatirinə əsası olmayan dəstələr və cəmiyyətlər düzəltdilər. Yerdən göbələk kimi çıxan bu dəstələr tərəqqipərvər və demokratik partiyaların inkişafı və irəliləməsi yolunda maneəyə çevrildilər. Bu prinsipsiz və məqsədsiz dəstələr xalqı çaşdırdı. Adamlar hansı tərəfə meyl göstərməyi, hansı dəstəyə qoşulmağı ayırd edə bilmirdilər.

Gənclərimizi müəyyən dərəcədə aldadıb, onların azadlıq uğrunda mübarizəyə qoşulmalarına maneçilik törədən digər amillərdən biri də almanların müvəqqəti qələbəsi idi. Bu “qələbə” bəzi gənclərin gözünü qamaşdırmışdı. Bəzən gənclər isə almanları bir növ sosialist hesab edirdilər. Mən özüm zindanda olarkən, bəzilərinin sosializm ilə nasional-sosializm məfhumlarını bir-birinə qarışdırdıqlarına şahid olmuşam. Mən onları çox da təqsirləndirmirəm. Ona görə ki, iyirmi il müddətində ölkəmizin ətrafına uca və qalın hasar çəkərək, xalqın sosializm, nasional-sosializm və faşizmin həqiqi mənalarını başa düşməsinə maneçilik törətmişdilər. Almanda çap olunmuş kitablar və sair mətbuat ölkə daxilində geniş surətdə də yayılır, faşizm iranlıların gözündə başqa cürə cilvələnirdi. Bu təbliğata uyan adamlar Hitler hökumətinin mahiyyətini başa düşmür. Onun Avropa libası geydirilmiş Rza xan hökumətinə oxşar bir şey olduğunu bilmirdilər. Gənclərimizdən bəzisinin başa düşmədən Hitlerin müvəqqəti və əsassız qələbələrinə məftun olması bizim üçün bir bəlaya çevrilmişdi. Bu iş, onları siyasi və ictimai mübarizədən də kənar etmişdi. Məsələn, bəziləri tarixin ayrı-ayrı şəxslər tərəfindən, yəni alman tarixinin Hitler, İtaliya tarixinin, Mussolini və İran tarixinin Rza xan tərəfindən yaradılmasını iddia edirdilər. Onlar bu fikrin boş və əsassız olduğunu, tarixin xalq kütlələri tərəfindən yaradıldığını bilmirdilər.

Məlumdur ki, heç diktatorlar düzəltmək yolu ilə tarixin cərəyanını dəyişmək mümkün deiyldir. Xoşbəxtlikdən yuxarıda qeyd etdiyimiz pərdələr yırtıldı. İran xalqı, xüsusilə ziyalılar «ildırım surətli hücumların» müharibənin müqəddəratını həll edə bilməyəcəyini başa düşdülər.

Bəzilərinin də siyasi cərəyanlara qoşulmasına səbəb bir sıra gopçu və qərəzli adamlar tərəfindən yayılan şayiələr idi. Məsələn, belə şayiə yayırdılar ki, guya müttəfiqlər İran torpaqlarını işğal etmək fikrindədirlər. İran barədə ərazi nöqteyi-nəzərləri vardır. Lakin «millətlərin təyini-müqəddərat hüququnun» həm Atlantika xartası, həm də Tehran və Krım konfransları tərəfindən təsdiq edilməsi fitnəkarların şayiələrini puça çıxartdı. Biz müttəfiqlərlə elə bir vaxtda müqavilə bağladıq ki, faşist qüvvələri az qala Xəzər dənizi yaxınlıqlarına çataraq İran və Şərq ölkələrini təhdid edirdi. Biz qələbə çalmaq xatirinə bütün yollarımızı müttəfiqlərin sərəncamına verdik. Bu düzdür ki, daxili siyasət sahəsində böyük addımlar götürə bilməmişik. Lakin azadixahların, habelə azadlıq yolunda mübarizə edən mətbuatın fəaliyyəti sayəsində xarici siyasətdə böyük müvəffəqiyyətlər qazanmışıq. Bunlardan biri üçtərəfli müqavilə imzalanmasından, digəri isə, Hitler Almaniyası əleyhinə müharibə elan olunmasından ibarətdir. Müttəfiqlərin bizim torpağımız və istiqlaliyyətimiz haqqında pis niyyətdə olduqlarını iddia edən adamları mən cahil və nadan hesab edirəm. Bizim məsləhətimiz müttəfiqlərə yardım göstərməkdədir. Bunu bizim mənafeyimiz tələb edir. Əgər Vətənimizlə vəhşi hitlerçi işğalçıların arasında rəşadətli Qızıl Ordunun və Sovet İttifaqı xalqlarının sinələri böyük bir qala kimi sədd çəkməsəydi, bu gün həmin Təbrik şəhərindən əsər-əlamət qalmazdı. Bizim əxlaqi vəzifəmiz, insanpərvərlik hisslərimiz tələb edir ki, Qızıl Ordunun parlaq qələbələrinə ürəkdən sevinək!

Müttəfiq qoşunlarının irəliləməsi ilə əlaqədar olaraq xalqın ayılmasından və millətin azad olacağından qorxuya düşənlər azadlıq hərəkatının qarşısını almaq üçün tərəqqipərvər və azadlıqsevən adamların müəyyən hissəsini öz ətrafına toplayıb, İran Xalq Partiyasının inkişafına mane olmağa və bu barədə yeni tədbirlər hazırlamağa çalışdılar. Onlar əsası olmayan partiyalar vasitəsi ilə bir iş görə bilmədiklərini başa düşərək azadlıq hərəkatının qarşısını almaq üçün bir ovuc Tehran mürtəcelərinin əlilə, vaxtı ilə dövlət çevrilişi yaratmaqla hay-küy salmış fitnəkar bir adamı, yəni Seyid Ziyaəddin Təbatəbaini Tehrana gətirmək istədilər. Nəhayət o, salam-salamatla Tehrana gətirildi. İrticaçılar bütün iranlıların Seyid Ziyanı qarşılayacaqlarını gözləyir və ümid edirdilər ki, hökuməti onun əlinə tapşıracaqlar. Lakin İran xalqı nəinki Seyid Ziyanı qarşılamadı, bundan əlavə saysız-hesabsız mitinqlər, konfranslar təşkil etməklə ona nifrət bəslədiyini bildirdi. İran xalqı Seyid Ziyanı macəraçı və fırıldaqçı bir ünsür kimi tanıyır. Buna görə də, Seyid Ziya öz məqsədlərini həyata keçirə bilmədi. Artıq, xalq öz səadətinin Milli təşkilatlar əlində olduğunu dərk etmişdi. Buna görə də o, «nabiğə» adlandırılan seyidi qarşılamadı. Seyid istəyirdi ki, Qızıl Ordunun məhbubiyyətindən, Sovet ittifaqının mənəvi nüfuzundan istifadə etsin. Buna görə də, Fələstindən İrana yola düşməzdən əvvəl yazdığı bəyannaməsində qeyd etmişdi ki, «Mən sosialist bir hökumət yaratmaq və torpaqları bölüşdürmək məqsədilə İrana gedirəm». Şübhə yox ki, bu həm İran xalqını, həm də Sovet hökumətini aldatmaq xatirinə idi. Lakin nə İran xalqı, nə də Sovet hökuməti bu hiylələrə aldanmadılar. İranın demokratik və milli qüvvələri onun əleyhinə qiyam edib dedilər: Sən haman adamsan ki, vaxtı ilə məşrutə və milli hökumət əleyhinə çevriliş yaradıb qanuni əsasini tapdalamışdın.

Sovet hökuməti də Seyid Ziyanın sosialist hökuməti yaratmaq və torpaqları bölüşdürmək fırıldaqlarına  inanmadı. O, İranın daxili işlərinə qarışmaq və Seyid Ziyaya himayə göstərmək kimi işlərdən çəkindi.

Seyid yuxarıda qeyd olunan hiylələrlə bir iş görə bilməyəcəyini başa düşdükdə, avamların cəhalət və xəbərsizliyindən istifadə etmək istədi. Buna görə də papaq qoymaq, çarşab örtmək, məktəbləri bağlamaq və sair buk imi söhbətləri ortaya atdı. Burada da o, müvəffəqiyyətlsizliyə uğradı. Sonra köçəri tayfalarını təhrik etmək, xanlar və feodallardan istifadə etmək fikrinə düşdü. Maddi vəsait toplamaq üçün Said və Milsponun köməyi ilə bir sıra fırıldaqlara, ticarət hoqqabazlıqlarına əl atdı. Gürganda baş vermiş zəlzələdən zərər görənlərə «kömək» bəhanəsi ilə müəyyən məbləğ pul əldə etdi. Bu pulların hamısını öz bıçaqçəkənlərinə və başqa fitnə-fəsad törətmək işlərinə sərf etdi. Rəşidyandan alınan doqquz yüz min metr parça və iplik məsələsi də hamıya məlumdur. Zənnimizcə bunları izah etmək lazım deyil.

Azadlıq cəbhəsi məsələsinə gəldikdə qeyd etməliyəm ki, mən həmin cəbhənin bir nümayəndəsi kimi Təbrizə gəlmişəm. Bu cəbhə çox geniş və güclüdür. İndi mərkəzdə və vilayətlərdə nəşr olunan qəzetlərin otuz beşi həmin cəbhənin üzvü sayılır. Bütün azadixahlardan xahiş edirəm ki, öz sinfi mənsubiyyətlərinə baxmayaraq azadlıq cəbhəsinə qoşulsunlar və bu yol ilə azadixahların sıralarını daha da möhkəmləndirsinlər.

Qızıl Ordunun təşkil olunmasının iyirmi yeddinci ildönümü yaxınlaşır. Arzu edirəm ki, şəhərin bütün əhalisi həmin təntənəli ildönümündə səmim-qəlblə şirkət edəcəkdir. Bizim azadlığımız, bütün dünyanın azadlığı xüsusilə Qızıl Ordunun qələbəsinə bağlıdır. Hazırkı müharibənin cərəyanında qəhrəman Qızıl Ordu misilsiz fədakarlıqları və verdiyi qurbanlar bahasına bütün dünyanı faşist əsarətindən xilas etmişdir. Qızıl Ordunun qələbələri nəticəsində bizim əhih Vətənimizdə müharibənin zərər və dəhşətlərindən qorunmuşdur. Mən inanıram ki, Təbriz əhalisi bu böyük təntənədə səmimi-qəlblə bu şəhərin adına layiq bir şəkildə iştirak edəcəkdir (sürəkli alqışlar.)

 

 

"Acir" qəzeti â„– 257,

Tehran (15 isfənd 1323)

6 mart 1945-ci il.



[i] İran Milli məclisinin 4-cü dövrə iclası tərəfindən deputatlıq mandatının rədd olunmasına işarədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info