Qonaq Kitabı
SƏTTARXANIN QƏBRİ ÜSTƏ TƏŞKİL OLUNMUŞ MİTİNQDƏKİ NİTQİN XÜLASƏSİ

Sərdari-millinin ilk xatirə məclisini azadlıq cəbhəsinə mənsub olan qəzetlər adından böyük iftixarla açıq elan edirəm.

Şübhəsiz ki, gənc nəslin tərbiyəsində böyük şəxsiyyətlərin yad edilməsinin dərin təsiri vardır.

Bu gün biz böyük bir tarixi igid insanın məzarı qarşısında dayanmışıq. Bu xalq sərkərdəsi vaxtı ilə İranın tanınmış parlaq ulduzlarından olan məşhur Səttarxandır. Səttarxanın adı tək İranda deyil, bütün dünyada ildırım sürəti ilə yayılmış və onun qəhrəmanlığı bütün iranlıların başını ucaltmışdır.

Mən bu azadlıq qəhrəmanının əxlaqı və heyranedici işləri haqqında söhbət etməzdən əvvəl, bir neçə kəlmə onun doğulduğu yer haqqında, yəni Azərbaycan və xüsusilə Təbriz şəhəri haqqında danışmağı lazım bilirəm.

Böyük ustad ağayi Məlikeş-şüəra Bahar üçün baş vermiş gözlənilməz hadisə nəticəsində Azərbaycanın tarixi əhəmiyyətini bu məclisdə ağalar üçün qeyd etmək mümkün olmadı. Bizim məqsədimiz heç də tarixi şərh etmək deyil. Bu gün biz, bu böyük məzarın qarşısında yalnız öz səmimi hisslərimizi təqdim edə bilərik.

Bəzi adamlar otuz neçə il bundan əvvəl baş vermiş məşrutə hərəkatını süni və diktə olunmuş bir iş hesab edirlər. Bəziləri isə onun səbəb və amillərini nəzərə çatdırmadan Azərbaycanın tutduğu mövqeyi sadə şəkildə tərifləmək və azərbaycanlıların fədakarlığından danışmaqla kifayətlənirlər. Məncə, bu cür tərif Azərbaycanın Milli məşrutətələblik hərəkatının qədr-qiyamətini azaldır və gəncləri ona nisbət laqeyd və şübhəli edir.

Əldə olan bir çox dəlillərə görə bu məsələlərə bir az diqqət edən və dərindən yanaşan hər bir Adam başa düşəcək ki, qeyd olunan hərəkat əzab-əziyyət görmüş iranlıların ürək arzularının məhsuludur. Bu heç də səbəbsiz deyil ki, həmin hərəkatda Azərbaycan xalqı ilk addım atmış və İran əhalisinin arzularını həyata  keçirmək üçün daxilindən Səttarxanlar və Bağırxanlar kimi mübarizələr yetişdirərək öz ictimaiyyətinə təqdim etmişdir.

Hamımız bilirik ki, keçən müharibənin başlanğıcında, xüsusilə hazırkı əsrin əvvəllərində, Azərbaycan iqtisadiyyat və ticarət nöqteyi-nəzərdən İranın mərkəzi hesab edilirdi. Təbriz tacirləri, ticarət mallarını idxal və ixrac edən mühüm amillər hesab olunur və dünyanın bütün ölkələri ilə əlaqə saxlayırdılar. Avropanın hər hansı ticarət mərkəzində Azərbaycanın bir çox böyük ticarət müəssisəsinə rast gəlmək mümkün idi. Buna görə də Təbriz tacirləri həmin yolla asanlıqla Avropanın vəziyyəti və mədəni millətlərin inkişafı ilə yaxından tanış olurdular. Onlar xanlıqlar dövrünün çürümüş fikir və əqidələrinin zəncirindən xilas olub azadlıq, təkamül və inkişaf fikirlərini öz vətənlərinə sovqat gətirirdilər. Bundan başqa Azərbaycan Rusiya və Türkiyə ilə qonşu olduğu üçün buradakı müxtəlif siniflərin bir çox nümayəndələri sərvət qazanmaq və yaşayış vəsaiti əldə etmək xatirinə həmin ölkələrə səfər edərək, orada tərəqqi pərvər adamlarla yaxın rabitə saxlayıb azadlıq və yenilik fikirləri ilə öz vətənlərinə qayıdırdılar.

Xüsusilə Rusiyada baş vermiş 1905-ci il inqilabı, habelə Türkiyədə Soltan Əbdülhəmid əleyhinə başlanan cümhuriyyətçilər hərəkatı Azərbaycan xalqının ruhiyyəsinə dərin təsir göstərdi. Türklərin və Qafqazlıların dilini bilən təbrizlilər üçün həmin məntəqələrdə olan yeni fikir və azadlıq əqidələri ilə tanış olmaq heç bir çətinlik törətmirdi. Bundan əlavə azərbaycanlılar Avropada sənayenin inkişafını, zavod, fabrikləri və digər iqtisadi vasitələri mədəniyyət karvanından xeyli geri qalmışdır. Onlar dərk edirdilər ki, əgər fədakarlıq göstərməyib özlərini qurban verməsələr İran əldən gedəcək və onun quru, boş adından başqa heç bir şey qalmayacaqdır. Eyni zamanda azərbaycanlılar İran sərhədindən xaricə qədəm qoyduqda özlərini müəyyən dərəcədə azad və müstəqil hiss edirdilər. Onlar görürdülər ki, heç kəsin azərbaycanlılar ilə işi yoxdur. Heç bir adam məhkəmənin hökmü olmadan onlara təcavüz  edə bilməz. Öz əqidələrini heç bir maneə və qeyd-şərt olmadan azad surətdə deyə bilirlər. Orada məskənləri, şəxsiyyətləri və heysiyyətləri qanun vasitəsi ilə tamamilə mühafizə edilir. Həqiqətdə onlar özləri üçün şəxsiyyət qazanırlar. Şübhəsiz təsdiq edirsiniz ki, keçmişdə bizim ölkədə indiki bu sadə azadlıq da yox idi. Hətta bu gün də tamam mənasında azadlıq yoxdur. Buna görə də həmin adamlar üçün yalnız bir yol qalırdı. Onlar istər-istəməz elə bir iş görməli idilər ki, həmin haqqı öz vətənlərində, öz doğulduqları yurdalırnda da əldə etsinlər. Azərbaycanlıların vətəni sevmək sahəsindəki qızğın hissləri də həmin əsas üzərində qurulmuşdur. Azərbaycanlı hiss edirdi ki, onun vətəni, mənəviyyəti və milli şəxsiyyəti vardır. Bunları qoruyub saxlamalıdır. O, anlayırdı ki, özbaşınalıq üsuli-idarəsi, zorakılıq, quldurluq recimi həmin böyük arzu qarşısında maneə təşkil etmişdir. Bundan başqa təbrizlilər Məmmədli mirzənin sarayındakı vəziyyəti, onun xüsusi əxlaqını digər vilaətlərin adamlarından daha yaxşı bilirdilər. Onlar başa düşürdülər ki, çürümüş mühit daxilində olan bu pozğun ünsür İranı bədbəxtliyə və fəlakətə sövq edəcəkdir. Götürün xüsusi azərbaycanlı tip sayılan rəhmətlik Talıbovun kitablarını oxuyun. Onun qərəzsiz bir azərbaycanlı kimi yazdığı «İbrahimbəyin siyahətnaməsi» adlı kitabını nəzərdən keçirin. Digər kitablar, qəzetlər və xitabnamələr də göstərə bilər ki, azərbaycanlı yeni bəşər mədəniyyətinin mənasını anlamaqda, azadlığın əsasını başa düşməkdə nə qədər irəliləmişdir. Azərbaycanlılar öz azadlıqları yolunda fədakarlıq edərkən qarşılarında belə bir yüksək və böyük məqsəd qoymuşdular. Beləliklə, məlum olur ki, məşrutə hərəkatı heç də süni və öz-özünə törənmiş bir hadisə olmamışdır. Onu Azərbaycan xalqına heç kəs zorla və ya diktə etməmişdir.

Bu qələt fikrin və təhlükəli nəzəriyyənin tərəfdarları bir çox hallarda İran İran azadlığına düşmən olan ünsürlərdən ibarətdirlər. İranın həqiqi azadlıq sevənləri və İran xalqı şübhəsiz ki, onlardan cana gəlib, onlara nifrət bəsləyir.

Azərbaycanlılar azadlıq və məşrutətələbəlik hərəkatının dərin kökləri olmuşdur. Bu müqəddəs torpağın sakinləri pak və təmiz niyyətlə istəyirdilər ki, öz xalqlarını istibdad zəncirindən xilas edib, onu mədəniyyə karvanına çatdırsınlar. Bu böyük iş üçün yol göstərən rəhbərlər lazım idi. Əməli işə başlanması və fəaliyyət meydanının əmələ gəlməsi ilə, təbii olaraq rəhbərlər də tapıldı. Bu iş üçün heç də çoxlu axtarış lazım olmadı. Hərəkətə gəlmiş kütlə əməl meydanını tanıyırdı. O, elə bir adamın rəhbərlik bayrağı altına toplanırdı ki, mərdliyi və ləyaqəti olsun, öz vicdanını dünya malına satmasın, xalqı yolun yarısında tək qoymasın. Xalq elə bir rəhbərin ətrafına toplanmaq istəyirdi ki, müvəqqəti şikəst və məğlubiyyətlərdən təcrübə əldə edərək, kapitanlığın məsuliyyətini üzərinə götürmüş gəminin sükanını hadisələrin sərəncamına buraxmasın. Onu öz əlində möhkəm saxlasın. Əli qüvvətli və dəmir kimi möhkəm olsun, öz xalqını qüdrətli və qüvvətli hesab etsin. Öz nəfəsinə, öz şücaət və bacarığına istinad edərək öz əmri altında olan qüvvələrin qəti qələbəsinə tam surətdə inansın. Təbriz azadixahları Səttarxanı belə bir fövqəladə şəxsiyyət kimi tanıyaraq, hətta bir mərasim və müqəddimə olmadan onu özləri üçün sərkərdə qəbul etdilər. Ona görə ki, xalq Səttarxanı gündəlik həyat və mübarizə meydanında tanıyıb, onun qüdrətli əhvali-ruhiyyəsini dərk etmişdir.

Təcrübə əməli surətdə sübut etdi ki, Azərbaycan azadixahları Səttarxanı seçməkdə heç də yanılmamışdılar. Bu rəşadətli insan azadlıq cərəyanının başında durduğu vaxtdan öz həyatının son dəqiqələrinədək azadlığa bəslədiyi iman və əqidəsi üzündən misli görünməmiş istedad və ləyaqət göstərdi. Mən son səfərimdə seçkilər mübarizəsi ilə əlaqədar olaraq məşrutə inqilabı günlərində silah ələ götürüb azadlıq yolunda çalışmış böyük bir dəstə mücahidlə yaxından tanış oldum. Bu adamların hamısı sərdar millinin adına valeh olub ona yüksək hörmət bəsləyirdilər. Onlar Səttarxanın heyrətləndirici işlərini tərifləyir və bununla da özlərini xoşbəxt hesab edərək, öz iftixarı xatirələrinə həvəskar dinləyici tapıldığı üçün sevinirdilər. Xüsusilə, sərdar millinin mübarizəni davam etdirmək haqqında qəti qərara gəldiyi gecənin xatirəsi dinləyicilərin ruhuna təkan verir və onları bu əzəmətli ruhiyyə qarşısında baş əyməyə vadar edir. Mücahidlərin rəisi və azadixahlar sərdarının ruh yüksəkliyi və iradə qüdrəti məhz həmin qəti qərarda tam mənası ilə öz ifadəsini tapmışdır.

Təbriz azadixahların ən ağır mübarizə günlərindən biri idi. İrticaçılar nə tək bütün İranı, bəlkə Təbrizin bəzi məhəllələrini də mücahidlər əleyhinə silahlandırmışdılar. Qanlı vuruşmaların başlanmasından neçə gün keçirdi. Mücahidlərin bir çoxu ölüb, yaxud yaralanmışdı. İrticaçıların fitnəkarlığı və hiylələri nəticəsində bir dəstə özünü kənara çəkib, ehtimal olunan məğlubiyyətdə baş verə biləcək ölüm təhlüeəsindən canını xilas etmək istəyirdi. Son damla qanınadəkk azadlıqdan difa etməyə hazır olmağı iddia edənlərin çox az bir hissəsi Səttərxanın ətrafında qalmışdı. Belə bir gündə azadlıq hərəkatına müxalif olanlar tərəfindən Səttarxanın yanına nümayəndələr göndərildi. Onlar mücahidlərin ağır vəziyyətini şərh etdikdən sonra Səttərxana deyirlər ki, sülh etdiyi təqdirdə dövlət ona istədiyi rütbə və məqamı verəcəkdir. Onlar eyni zamanda bildirirlər ki, məşrutəçilər öz təhlükəsizliklərinə xatircəm olmaları və təminat əldə etmələri üçün hər hansı xarici dövlətlərdən birinin bayrağı altına sığına bilərlər. Öz xalqının qüdrətinə iman bəsləyən bir sərdar üçün bu təklif çox ağır və xoşagəlməz idi. Buna baxmayaraq o, düşmən elçilərini hörmətlə qəbul edərək demişdir: «Bu evin üzərində dalğalanan bayraq dünyanın ən iftixarlı və böyük bayraqlarından biridir. Bütün dövlətlər həmin bayrağın altına sığınmalıdırlar. Biz ölümdən qorxmayırıq. Xatircəm ola bilərsiniz ki, qələbə bizimlədir».

Eşitdiyimiz kimi həmin böyük hümmət və polad iradə sayəsində Əmirxiz məhəlləsində mühasirə olunan neçə nəfərlik mücahid irtica qüvvələrini dağıdıb qalib gəldi, məşrutə və azadlıq bayrağını bütün İranda ucaltdı.

Bu mərd insanın gördüyü işləri təfərrüatından danışmaq neçə saatlar vaxt tələb edir. Xülasə surətdə demək lazımdır ki, sərdar Milli Təbriz azadixahları və məşrutəçilərinin vuruşduqları vaxt məşhur Sima olmuşdur. İran xalqı onun adını hörmətlə yad edir, hər yerdə Səttərxanın şəklini görmək olurdu. Hətta İranın ən ucqar nöqtələrində yaşayan kəndlilər belə öz daxili hisslərini bəyan etmək üçün daxmalarını onun şəkli ilə ziynətləndirirdilər. Bu nüfuz və şöhrət öz-özlüyündə sübut edir ki, məşrutəxahlıq hərəkatı heç də diktə ilə olmamışdır. Xüsusilə İranın xalq kütlələri bu ictimai hərəkata böyük ümidlər bəsləyir və təsəvvür edirdilər ki, azadlıq qüvvələrinin qalibiyyəti nəticəsində onların maddi, mənəvi və ictimai vəziyyətləri yaxşılaşaxaq, əsarət, yoxsulluq və zülmdən nəcat tapacaqlar. Xalq öz məqsədinə çatmağı iradə, rəşadət və şücaəti ilə şöhrət qazanmış Səttərxanın simasında görürdü. Təsadüfi deyil ki, xalq içərisində Səttərxana Aid müxtəlif əfsanələr və dastanlar qoşulmuşdur. Bəziləri deyirdilər ki, o, ruyintən və kəmərbəstədir (tunc bədənli.-red.). Onun bədəninə güllə təsir etmir. Səttərxan sinəsini açaraq düşmənin üzərinə

 İrəliləyir. Onun tərəfinə atılan güllələr isə dolu kimi ətəyinə tökülür, sağ və səlamət öz iqamətgahına qayıdır. Məşrutiyyət dövründə sərdar Milli haqqında çoxlu qəsidə və şerlər də deyilmişdir. Məncə onların ən dəyərlisi kütlə arasında yayılmış Şer və mahnılardan ibarətdir.

Farsca və azərbaycanca deyilmiş bu şer və mahnılardan əlavə Tehrana varid olan zaman səttərxanın böyük təntənə ilə istiqbal edilməsi də İranın bu xələf oğlunun xalq kütləsi içərisində nə qədər nüfuza malik olduğunu göstərir. Həmin yığıncaqda elə adamlar var ki, qeyd olunan böyük istiqbalda iştirak etmiş və onu görmüşlər. Əgər desəm ki, Tehran əhalisinin müxtəlif təbəqələrinə mənsub olan yüz min nəfərdən artıq Adam haman istiqbalda iştirak etmişdir, bu heç də mübaliğə deyildir. Bir neçə dəqiqə bundan əvvəl ağalardan biri deyirdi ki, Səttərxanın istiqbalına gəlmiş adamların sırası Tehranın mərkəzindən Kərəcə qədər uzanırdı. Əhali bir neçə gün qabaqdan həmin istiqbal üçün hazırlıq görmüşdü. Bu istiqbalda bütün nəqliyyat vəsaitindən istifadə olunmuşdur. Bütün yolu toz bürümüşdü. Hamı istəyirdi ki, azadlıq yolunda möcüzələr göstərmiş şücaətli insanı, iradəli və qətiyyətli sərkərdəni yaxından görsün. Müxtəlif dəstələrə mənsub olan şəxslər addımbaşı Səttərxanın ayağı altında inək və qoyun qurban kəsirdilər. Tehran şəhəri o gün füsunkar gəlin və nazlı bir dilbər kimi öz sevimli kürəkənini qəbul etmək üçün nəhayət dərəcədə bəzənmişdi. İranın paytaxtı ürəkdən nüfuz və şadlıq edirdi. Kim bilir, bəlkə də həmin nüfuz və əzəmət qərəzli və paxıl adamların kinli ürəyini şölələndirdi və onlar bu adlı-sanlı qəhrəmanı yıxmaq üçün xəyanət əllərini işə saldılar.

Mən otuz illik siyasi təcrübədən belə başa düşmüşəm ki, nifaq, azadlıq hərəkatları üçün ən böyük təhlükədir. Məhz həmin təhlükəli xəstəlik Cəngəl hərəkatını faciəli vəziyyətdə sona çatdırdı.

Eşitdiyimiz kimi, mərhum Kiçikxan da öz növbəsində şöhrətli bir Adam olmuşdur. O da İran xalqının diqqətini cəlb etmişdir. Cəngəldə azadlığın müxtəlif düşmənləri tərəfindən törənən ixtilaf və çəkişmələr nəticəsində bu rəşadətli azadixahın işi o yerə gəlib çatdı ki, nəhayət Talış kədiyində tək tənha şaxtadan öldü. Bu hadisədən sonra onun başını kəsib sərdar Süpəhə[i] sovqat apardılar. Halbuki, o, heydərxan əmioğlunu öldürdüyünə görə İran azadixahlarının əksəriyyəti içərisində öz etibarını itirmişdi.

Sərdar Milli Tehrana varid olan zaman zahirdə hökumət Məmmədli Mirzənin əlindən çıxmış səqir istibdada[ii]  son qoyulmuş, məşrutiyyət üsulu qurulmuşdu. Lakin o zaman İran hakimi dairələrində həssas mövqelər tutan və zamanın təqazasına görə özlərini azadixah adlandıran bəzi şəxslərin mahiyyəti və sinfi mövqelərini tədqiq və nəzərdən keçirdikdə aydın olur ki, Tehran «təntən» ilə Səttərxanı qarşıladıqda onu ölüm ayağına çəkmək istəyirdir. Məhz belə hallarda tarixin qüdrətli əli işə qarışır. Tarixçi zamanın ötüb keçməsindən, qərəzli adamların hərarətdən düşməsindən istifadə edərək qələm silahını ələ alıb, bacarıqlı bir cərrah kimi tam qanısoyuqluqla yaranı sökür, onu törədən əsas amili çıxarıb bütün dünyaya göstərir. Ətabək parkının[iii] mühasirəyə alınması xalq sərkərdəsi Səttərxanın yaralanması haqqında indiyədək yazılmış və deyilmiş sözlərin hamısı ya qərəzli olmuş və ya heç olmazsa həmin sözlərin müəllifləri Azərbaycan mücahidlərinə müxalif olan şəxslərin təbliğatı təsiri altına düşmüşlər. Bu qanlı hadisənin İran məşrutə tarixi nöqteyi-nəzərindən ətraflı və bitərəf bir şəkildə öyrənilməsinin böyük əhəmiyyəti vardır.

Hadisənin şahidi olan mücahidlər deyirlər ki, biz Rehrana varid olduğumuz gündən qəsdən tərkisilah edilmək üçün Tehrana gətirildiyimizi və mühasirə olunduğumuzu hiss etdik. Mərhum sərdar Milli özü hiss etmişdi ki, hökumət zahiri surətdə əvəz edilmişdir. Hələ də qüdrət və nüfuz müstəbidlərin və mürtəcelərin əlində idi. O deyirdi: «Biz ona görə qurbanlar verib fəaliyyət etdik ki, hökumət xalqın öz əlinə verilsin. Xalq özü əyalət və vilayət əncümənlərinin, Şura məclisinin vasitəsi ilə ölkənin müqəddəratını təyin etsin. İndi bir Məmmədli mirzə getmiş və onun yerində bir neçə Məmmədli mirzə oturmuşdur. Bundan əlavə məşrutəçilik donu geymiş və özlərini mühitə uyğunlaşdırmış irticaçılar bilirdilər ki, sərdar millinin qüdrəti digər əyalətlərdə işləri ələ almaq üçün istifadə etdikləri xanlıq qüvvələrindən tamamilə fərqlidir. Bizim əqidəmizcə bu qanlı hadisədə böyük xəyanətlər olmuş və mücahid qüvvələrin aradan aparılması geniş xəyanətkar nəqşə əsasında həyata keçirilmişdir. Mən şəxsən bu hiyləgərlik və xəyanətin üzərindən pərdələrin götürülməsinin tərəfdarıyam deyirlər ki, sərdar Milli silahlı yerə qoymaq istəmirdi. Mücahidlərin arasında toqquşmalar baş verir və hər gün mücahidlərdən bir neçəsi bir-birini öldürürdü. Bütün bunlar baş verə bilər. Lakin mücahidlərin tərkisilah edilməsinin nə üçün lazım gəldiyini araşdırmaq lazımdır. O vaxt bütün ilat, əşair və xanlıqlara mənsub adamlar təpədən dırnağa qədər silahlanmışdılar. Onlar hətta mərkəzi hökuməti də öz təsirləri altına ala bilmiş, nazirlərin təyin edilməsinə, dövlətin əməliyyatına və məmləkətin müqəddəratına təsir göstərən amillərə çevrilmişdir. Bu heç də aydın deyildir ki, Yefremin[iv] dəstələri İranın azadlığı və istiqlaliyyətinə sərdar millinin mücahidlərindən daha çox əlaqə bəsləsinlər. Yaxud Bəxtiyari xanları mərkəzi hökuməti qüvvətləndirməkdə Təbriz və Tehran azadixahlarından daha irəlidə olsunlar. Burada bir çox incəliklər var. Həmin incəliklər Azərbaycan mücahidlərinə əlaqə bəsləyənləri tarixçilərin, qəzetçilərin yazılarına, xüsusilə klassik tarix kitablarına şübhələndirir.

Razı Həmədani adlı axmaq bir adam bir tarix kitabı yazaraq, iddia etmişdir ki, Səttərxan və Bağırxan iki qardaş olmuşlar. Onlar Tehrana gəlib bəzi işlər görmüşlər, ona görə də dövlət tərəfindən mühasirəyə alınıb tərksilah edilmişlər. Səttərxan, Bağırxan kimi iki məşhur adamı müəyyənləşdirmək üçün hətta kiçik zəhmət belə çəkmək istəməyən bir «tarixçi» şübhəsizdir ki, İranın ən böyük fədailərini də yaği və iğtişaşçı kimi göstərə bilər. Hər halda bir gün gəlib çatacaq ki, biz yaltaqların və ikiüzlülərin yazılarını cırıb yandıracağıq.

Bizə məlumdur ki, sərdar Milli Səttərxan öz vətəninə əlaqə bəsləyən, onu böyük və qüdrətli hesab edən, vətənin azadlığı yolunda mərdliklə azadlıq hərəkatı bayrağını yüksəklərə qaldıran bir şəxsiyyət olmuşdur. Ətabək parkındakı qırğın, mücahidlərin tərksilah olunması da bizim fikrimizcə böyük bir xəyanətdən ibarət olmuşdur. Təəssüflər olsun ki, əşraf və irticaçılar tərəfindən hazırlanmış bu nəqşəni mücahidlərin bir dəstəsi kor-koranə surətdə həyata keçirmiş və bununla da axmaq və şüursuz tarixçilərə imkan vermişlər ki, böyük sərdarın İran azadlığı tarixində açdığı iftxarlı səhifəni qaralasınlar. Şübhəsiz ki, o zaman Milli qüvvələri yıxmaq deyil, onları qüvvətləndirib genişləndirsəydilər, İranın məşrutə hərəkatı səmərəsiz qalmazdı, irticanı ünsürlər məşrutəçilik donu geyib yenidən əvvəlki mövqelərinə keçə bilməzdilər.

Deyirlər ki, sərdar Milli nümayəndələrdən bəzilərinin sürgün olunmasını tələb edirdi. Bu ehtimal olunası məsələdir. Bizim əqidəmizcə, hətta bu gün Şura məclisində oturub azadlıq və məşrutiyyətin kökünü qazıyan bəzi nümayəndələr edam olunmalıdır. Əqidəmizcə səttərxan millətin evi və məşrutə ölkəsinin ağırlıq məkrəzindən bir neçə nəfə diktator, lovğa və mırdar ünsürlər təmizləmək əzmində olmuşsa, onun yüksək ruhu və müqəddəs fikri qarşısında bir daha təzim etmək lazımdır.

Məşrutiyyət dövründə azadixahların bir səhvi də bundan ibarət olmuşdur ki, onlar azadlıq düşmənləri ilə sərt rəftar etməmiş, bu vəhşi bitkiləri kökündən çıxarmamış və bununla onların tam maddi və mənəvi qüdrətilə sağlam qalmasına imkan vermişlər. Məhz buna görə də döyüş sonna çatdıqdan sonra onlar öz qüvvələrini azadlıq əleyhinə işə salmışlar.

Gördüyünüz kimi, bizim sərdar Milli heç də sadə və məlumatsız Adam olmamışdır. O öz möhkəm inamı, sağlam və pak əqidəsilə mücahidlərin vuruşmaları nəticəsində boşaldılmış səngərləri bir-bir saziş və dinc vasitələr ilə işğal edir. İndi görürsünüz ki, Sərdar millinin qaldırdığı və bütün dövlətlərin onun himayəsi altına toplanacağını zəruri hesab etdiyi bir bayrağı azadlıq əleyhdarları nə kimi hiyləbazlıqla yıxıb yerə atdılar. İrtica qüvvələri qarşısında sinə gərib azadlığı qoruyan mücahidləri necə hiylə ilə yıxdılar. Belə gənclər S ərdar millini tanımalı, onun həyatını və rəhrəmanlıq əməllərini oxuyub öyrənməli, böyük əqidə, fikir və arzularını bilməlidirlər.

Şübhəsiz ki, Sərdar Milli o vaxt təslim olmamaqla düzgün hərəkət etmişdir. O bilirdi ki, təslim olduğu təqdirdə azadlıq və məşrutəni öz əlilə təslim etmiş olacaq. Bu çox diqqətəlayiq məsələdir və onun qüdrətli iradəsi, sabitqədəmliyi məhz bu işdə özünü təzahür etdirir. Biz görürük ki, on-on beş nəfər sadə mücahidlə bütün ölkə qarşısında müqavimət göstərmiş bir şəxs, Ətabək parkında da, ətrafda olan cəmiyyətə arxalanaraq təslim olmur. Burada da əgər hiylə və riyakarlığa əl atılmasaydı, Müstofilməmalik iş başına gətirilməsəydi bu xəyanətkar nəqşə həyata keçə bilməzdi. Sərdar milli ağayi Müstofülməmalikə nəhayət dərəcədə etimad bəsləyirdi. Onu tam azadixaş bir adam tanıyırdı. O bu xeyirxah dərvişməslək adamın arxasında Qəvaməs-səltənənin gizləndiyini bilmirdi. Müstofülməmalik iş başında olmasaydı Ətabək parkını belə asanlıqla mühasirə edə bilməzdilər. Sərdar Milli bilmirdi ki, Müstofini yalnız onu qafilgir etmək xatirinə, qəsdən Müstofini biyabır etmək xatirinə iş başına gətirmişdilər. O, bilmirdi ki, həqiqi aktyor yəni daxilə naziri ağayi Qəvaməs-səltənə polis idarəsinin, Yefrmin, Bəxtiyari xanları nökərlərinin Çalameydan və Səngləc lotuları və qoçularının əlilə onu xaincəsinə mühasirə edəcəkdir.

Həmin məqbərəyə gəldikdə qeyd etməliyəm ki, qarşısında dayandığımız bu məzar haqqında mənim təəssüfləndirici xatirələrim vardır. İlk dəfə mən 1301-ci ildə məqbərəni ziyarət etdim. Məzarın daşı bugünkü kimi yerin səthi ilə bərabər idi. Bu məni təəccübləndirdi. Ona görə ki, bir neçə il keçdikdən sonra onun üzərindəki bütün xətlər sürtülüb aradan gedə bilərdi və beləliklə gələcək nəsil onu axtarmaq üçün rəvayətlərə istinad etməli olardı. O zaman, təsadüfən bir neçə nəfər gənc azərbaycanlı tapıldı. Nəzərimizcə doktor Rzazadə Şəfəq də onların sırasında idi. Biz həmin işlə məşğul olan şəxsin yanına getdik. Bizə dedilər ki, məzarın daşı yerin səthindən yarım arşın uca olmuşdur. O, bir çox bəhanələr gətirdikdən sonra söz verdi ki, məzarı əvvəlki vəziyyətdə olduğu kimi yenidən bina edəcək. Bir neçə gündən sonra gəldik, doğrudan da o öz sözünə əməl etmişdi.

Uzun illər ötüb keçdi. Qəsri-Qacar zindanının dəmir barmaqlıqları və uca divarları elə möhkəm bir manə idi ki, mən öz qollarımla onları qırıb əzizlərimin məzarını ziyarət etməyə qadir deyil idim. Bu məhrumiyyət on bir il davam etdi. Kaşan sürgünündən qayıdan zaman yenə də özümü bu kiçik həyətə çatdırdım. O zaman yenə də məzarın daşını həmin indiki vəziyyətdə gördüm. Demək onu yenə də həyəti səthi ilə müsavi etmişdilər ki, üzərindəki əsərlər tezliklə məhv olub getsin. Təbrizdə Sərdar millinin qardaşı xadimi-milli Hacı Əzimxanla söhbət zamanı belə bir fikrə gəldik ki, Sərdar millinin məzarı Təbrizə köçürülsün. Hacı Əzimxan deyirdi ki, cənazə Tehranda əmanət qoyulmuşdur. Məlumatlı və etimadlı adamlardan sayılan ağayi Məməqaninin də fikri belədir. Bu gün həmin mövzuda bəhs etmək istəmirəm. Bir iranlının nöqteyi-nəzərindən Tehranla Təbriz arasında fərq ola bilməz. Lakin Sərdar Milli əgər həqiqətdə bu işi lazım bilibsə hökmən ona əməl olunmalıdır. Bundan əlavə məzarın hazırkı təəssüfləndirici vəziyyəti mümkün qədər tez bir zamanda dəyişməlidir. Bura tarixi bir yerdir. İranın gələcək gəncləri burada yatmış şəxsi tanımalı, onun məzarından qəhrəmanlıq, mərdlik dərsi, əxlaq, vətənpərvərlik və azadixahlıq dərsi almalıdırlar. Eyni zamanda Səttərxanın ev idə mümkün qədər tez bir zamanda azadlıq muzeyinə çevrilməlidir. Sərdarın övladları ağır müsibət şəraiti və ehtiyac üzündən bu evi satmışlar. Mən Sərdarın qardaşı ilə bu haqda çoxlu söhbət etdim. O dedi: çalışarıq ki, tezliklə evin təzə sahibi onu qədimdə olduğu kimi yenidən tikdirsin. Eşitdiyimə görə, Sərdarın evini irticaçılar intiqam üzündən xarab etmişlər. Sərdarın ailəsi də çox ağır şəraitdə yaşayır. Onun iki qıxına dövlət tərəfindən ayda on, on beş tümən pul verilir. Rəşadətli bir adamın ailəsi, sadə nahar yeməyi üçün kifayət etməyən bu pul ilə yaşamalı və öz böyük atasının abı rvə hörmətini hifz etməlidir. Bu vəziyyəti şərh etməkdən məqsədim heç də boş və quru ürəkyananlıq göstərmək deyil. Mənim əqidəmcə Səttarxanın evi tarixi bir yerdir. Orada vaxtı ilə böyük bir hərəkata rəhbərlik edən partiyanın qərargahı yerləşmişdir. Bu evi təzədən tikdirmək lazımdır. Səttərxana və mücahidlərə aid bütün şeylər, habelə o vaxtki top, tüfəng və sair silahlar bu evdə saxlanılmalıdır. Məşrutiyyət dövrünün xitabələrini, bəyannamələrini, məktublarını, şəkillərini də tapmaq lazımdır. Bunlar canlı tarixi sənədlərdir. Həmin sənədlər toplanmalı və mühafizə olunmalıdır. Bu elə bir adi işdir ki, bütün mütərəqqi millətlərin maarif idarələri tərəfindən başqalarının dəxaləti olmadan həyata keçirilir. Bizim həqiqi Maarif Nazirliyimiz olmadığına görə, özümüz təşəbbüs göstərib bu işi həyata keçirməliyik.

Qısa açılmış nitq əvəzinə bir saat sizin vaxtınızı aldığıma görə çox üzr istəyirəm. Mən heç də iddia etmirəm ki, bir saat ərzində Sərdar milli qarşısındakı borcumu layiqincə yerinə yetirmişəm. Şübhəsiz, Sərdar millinin adı məşrutə hərəkatı ilə bir sırada çəkilir. Bu hərəkatın əhəmiyyətini bir saat ərzində şərh etmək olmaz. Burada məqsədimiz Səttarxanın böyük adı əbədi yaşadığı kimi, Səttərxanın adı da həmişə qalacaq və yaşayacaq.

Yaşasın Sərdar millinin böyük adı!

Yaşasın özlərini Azərbaycanın qeyrətli, qocaman mücahidlərinin davam etdiricisi hesab edən İranın gənc azadixahları!

 

 

"Acir" qəzeti № 177, 179, 210.

17 avqust 1944-cü il

19-26 mordad



[i] O zaman İranın hərbi naziri olan Rza xan Sərdar Süpəh adlanırdı.

[ii] Səqir İstibdad dövrü Məmmədəli Mirzənin hakimiyyət başında olduğu 1906-1912-ci illərdir.

[iii] Tehranın şimal qərbində və məşhur irticaçı Ətabəkin Adı ilə adlanan parkdır.

[iv] Yefrem Davidyants məşrutə inqilabı dövründə Gilan daşnaqlarının başçısı olmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info