Qonaq Kitabı
TƏBRİZ SƏFƏRİNİN YOL QEYDLƏRİNDƏN

Özümüz də nə demək istədiyimizi bilmirik. Gündəlik hadisələrin cərəyanı bizi istənilən tərəfə yönəldir… Mübarizəmizin hansı əsas üzərində getdiyini bir çoxları başa düşmür. Həmişəki kimi hər gün yuxudan durub iradəsiz surətdə qəti məqsədi təşxis vermədən, deyirik, yazırıq, bağırırıq, pis və çirkin sözlər işlədirik, hərarətimizi büruzə vermək üçün var qüvvəmizi sərf edirik. Lakin səbəbi məlum deyil. Mən heç də demirəm ki, hamımız öz  iddialarımıza səmimi deyilik. Əlbəttə, ortamızda ictimai  işləri maaş vasiləsi etməyən və ya təbrizli dostumuzun dili ilə desək, dükan açmayan sədaqətli adamlar da tapılır. Minlərcə boş sözlərin və əsassız iddiaların içərisində kütlələrin həqiqi ehtiyacları üzündən deyilmiş neçə kəlmə düzgün söz də tapmaq olur. Heç də hamımız yalançı deyilik. Şuluq bazardan sui-istifadə edib xalqın papağını götürmək istəmirik. Bizim bir çoxlarımıza hərəkət verən əsas qüvvə iman və əqidədən ibarətdir.  Bunu inkar etmək olmaz. Lakin bədbəxtlikdən mətləbdən çox uzaq düşmüşük. Dediklərimiz və yazdıqlarımız xalqın real həyatına uyğun gəlmir. Biz insaflı adamlar olsaq, öz cəhalət və nadanlığımıza etiraf etməli və deməliyik ki, həqiqi vəziyyəti və adamların həqiqi ehtiyaclarını başa düşməkdən acizik. Bizim iş qaydamızın, təfəkkür tərzimizin, gündəlik mübarizə taktikamızın möhkəm əsası yoxdur. Biz, sadə desək, etiraf etməliyik ki, çox dar və uzaq bir mühitdə ilişib qalmışıq. Azad dünya ilə əsla rabitəsi olmayan qaranlıq və xəfələyici bir çərçivə içərisində boş-boşuna əl-ayaq çalırıq… Həqiqətdə biz cəmiyyətin yuxarısında dayanıb ölkənin əsas kütləsindən ayrılmışıq. Durduğumuz yerdən neçə addım aşağı düşüb həqiqətə yaxınlaşa bilmirik. Biz rəhbərliyi iddiasında olduğumuz cəmiyyət və adamlarla qaynayıb qarışmalı, onların xoşbəxtliyi və məhrumiyyətlərinə şərik olmalıyıq. Bizimlə xalq arasında uçurum və keçilməsi mümkün olmayan sədlər meydana gəlmişdir. Sanki cəmiyyətin işləri yeni vergi qoymaq, idarələr düzəltmək, dövlət şulluqçularını yerbəyer etməkdən ibarətdir. İslahatdan söhbət gedəndə, bir kabinəni rədd edib yeni kabinə iş üstə gətiririk. Bir qayda olaraq hər işdə bu məsələləri nəzərdə tuturuq və çürümüş fikirlər üzərində qəzavət edirik. Qəzetlərimizdə nəşr olunan mövzuların 90 faizi yalnız bu qəbil fəri məsələlərə həsr edilir. Xalqa sərvət hazırlayan, ümum üçün rahatlıq yaradan zəhmət adamları ilə heç cür rabitəmiz yoxdur. Bizlərdən bəziləri əgər gahdan bir onların adını çəkiriksə bu qəti surətdə ya təsadüfi, ya da şəxsi nöqteyi-nəzərimizi təmin etmək xatirinədir.

Bizim yazdıqlarımızdan və iddialarımızdan millətin ruhunun da xəbəri yoxdur. Biz ayrı söz deyirik, onlar isə ayrı şey istəyirlər. Əsas etibarı ilə millətin əksəriyyəti bizim dediklərimizdən və yazdıqlarımızdan istifadə edə bilmir… millət bizə nisbət özünü biganə təsəvvür edir. Ona görə ki, onun işi, iqtisadi və ictimai vəziyyəti, hətta evi və yaşayış şəraiti ayrı cürdür. O, özünü tanıyan gündən bizi özünə nisbət təcavüzkar, qəddar vəz alım bilmiş, heç vaxt öz vəziyyətini dəyişə biləcəyini təsəvvür etməmişdir. Bunların hamısını göydən düşmüş ehkam bilir və belə xəyal edir ki, səmalar onu məhkum, bizi isə, hakim, rəhbər və onun sahibi kimi yaratmışdır. Onun nöqteyi-nəzərincə bu vəziyyətin dəyişdirilməsi haqqında tədbirlər görmək faydasızdır. O, zəhmət çəkməli və işləməli, biz isə zəhmət çəkmədən, iş görmədən onun ağası, rəhbəri, hakimi və həməkarəsi olmalıyıq. Beləliklə, siyasi işlərə müdaxilə etmək, millətin öz müqəddəratında iştirak etməsi kütləyə əfsanə kimi görünür. Bu barədə bizim çoxlu müddəalarımız vardır. Lakin biz heç vaxt icazə vermək istəmirik ki, o ayağını öz yorğanından kənara çıxararaq bu qanuni hüququ ilə tanış olsun. Bu işdə bizim tərəfimizdən həyata keçirilən tədbirlərin də təsiri yoxdur. Biz kortəbii olaraq bu işin qarşısını alıb, kütlə isə sanki buna adət etmiş kimi dözür və heç nə demir.

Mən Azərbaycan kəndlərində siyasətə dəxalət etmək, ölkənin müqəddəratında iştirak etmək mövzuları haqqında kəndlilərlə çoxlu söhbət etdim. Onlar mənim sözlərimə diqqətlə qulaq asırdılar. Mən çalışırdım ki, öz fikirlərimi adi adamların başa düşdüyü sadə misallarla xalqın zehninə yeridim. Onların dediyindən görünürdü ki, mənim sözlərimi başa düşür və dəlillərimi qəbul edirlər. Buna baxmayaraq onlar mənim dediklərimin heç birinin həyata keçirilməsini mümkün hesab etmirdilər. Xəyal edirdilər ki, mən onlar üçün nağıl deyirəm. Məsələn, seçki məsələsində mən sübut etmək istəyirdim ki, onlar diqqətlə və düzgün surətdə səs verdikləri təqdirdə öz müqəddəratlarının həll edilməsində dəxalət etmiş olurlar. Onlar çoxlu fikirləşdikdən sonra deyirdilər ki, dediklərimizin hamısı düzgündür. Lakin heç vaxt mümkün deyil ki, dövlət məmurları rəiyyətlərin qeydinə qalsınlar. Nümayəndələr bizim yükümüzü artırmasınlar, biz onlardan ayrı şey istəmirik. Ayrı bir yerdə, qəsdən uzatdığım çoxlu danışıqlardan sonra dedilər: Eşitmişik siz yaxşı adamsınız. Siz buraya gəlməzdən əvvəl də qərara almışıq ki, adınızı bülletendə yazaq. Lakin hər nə desəniz deyin bu hökumətdən, bu dövlətdən bizim heç vaxt gözümüz su içməyib və içməyəcək… Kəndilərin təfəkkür tərzi belədir. Necə deyərlər, bir ovuc min xərvardan nümunə ola bilər. Gözünü açanda kəndxudadan, dehdardan, vergi toplayanlardan və nizam vəzifə məmurlarından tutmuş ali rütbəli dövlət qulluqçularınadək hamıdan zülm, əzab, əziyyət, zorakılıq və təzyiq görmüş və bir adamdan bizim başqa intizarımız da olmamalıdır.

Bəli, İran xalqları belə fikirləşirlər. Onun hökumətə və hökumət adamlarına etimadı ola bilməz. O, öz nümayəndəsinə deyir… Mən səndən heç bir ümid gözləmirəm, mənə zərər yetirmə!.. Bu söhləri deyənlər hələ şüur cəhətcə nisbətən inkişaf etmiş kəndlilərdirlər. Digər kəndlilər isə deyirdilər ki, biz kimə səs verdiyimizi əsla bilmirik. Ərbabın adamı gəlib, yazılmış kağızları əlimizə verib, deyir ki, aparın bunları sandığa salın. Ayrı bir kəndli isə gəlib dedi: Eşitdiyimə görə deputatlığa namizədlər səs toplamaq üçün pul verirlər. Mən də gəlmişəm öz səsimi pul verən adama verim. Başqa bir dəstə deyirdi: Deputatlar indiyədək bizim üçün nə etmişlər ki, işdən əl çəkərək onların seçilməsi üçün səs verək! Siz məclisə getsəniz heç olmasa elə edin ki, bizə zülm olunmasın… çörəyimizi əlimizdən almasınlar. Nizam vəzifə və sərbaz yığmaq bəhanəsi ilə var-yoxumuzu qarət etməsinlər, inək və qoyunlarımıza dəyməsinlər. Susuzluqdan bütün əkinlərimiz dağılıb aradan gedir. Candarmalar əlindən taqətimiz qalmayıb və sairə… Onlar bu sözləri deyirdilər. Lakin hökumətin bu dərdlərə yetişəcəyinə inanmırdılar. Kəndlərdən birində içməli su tapılmadı. Bir kəndli qadın gedib yarımağaclıqdan su gətirdi. Bütün kəhrizlər və çeşmələr xarab olmuşdur. Kəndlilər isə bu haqda danışmağa belə cəsarət etmirdilər. Onlar belə güman edirdilər ki, biz ərbabın casuslarıyıq. Şikayət etsələr ərbabın qulağına çata bilər. Bəlkə də ərbabın özü ilə bu məsələ haqqında söhbət etmişdilər. Lakin gözlərinə dövlət məmuru kimi görünən bizlərə inanmırdılar.

Bu sözləri yazmaqla heç kəsi tohin və təhqir etmək istəmirik. Özümüz də bilirik ki, bu sözlərlə xalqın dərdinə əlac olmayacaq.  Yalnız istəyirik ki, xalqın təfəkkür tərzi haqqında oxucularımıza bir nümunə göstərək.

Seçki mübarizəsi başlanmışdı. Namizədlər bütün maddi və mənəvi vasitələrlə çalışırdılar. Səsin qiyməti dəqiqə artırdı. Şəhərin diva rvə qapıları qiyməti hər dəqiqə artırdı. Şəhərin diva rvə qapıları seçki elanları ilə dolmuşdu. Hər kəs özünü bir yol ilə xalq kütləsinə tanıtmaq istəyərək çalışırdı ki, ümumün əfkarını  özünə cəlb etsin. Təbrizdə, Tehransayağı həzrət Abbasla və allahla sazişə girmiş nümayəndələr tapılmasa da xalqın məzhəb ehsasatı və dini etiqadlarından istifadə etmək istəyən namizədlər var idi. Hətta, bəzi tamahkar namizədlər ruhanilərin də əlini işə qatıb onların adından divarlara elanlar da yapışdırırdılar. Lakin xalq bu səslərə qulaq asmırdı. Bazar əhli seçkilərdə iştirak etməyi haram bilirdi. Onlar deyirdilər ki, dövlət zülmkardır, məclis müəyyən bidətlər qoymaqdan başqa ayrı iş görmür. Biz şəriət və dinin xilafına olan bir işdə dolayı yol ilə də olsa iştirak edə bilmərik. Hətta ruhanilər də öz rəsmi elamiyyətlərinin əksinə olaraq gizlində həmin nöqteyi-nəzəri qüvvətləndirirdilər. Buna görə də bəzi nümayəndələrin çalışmasına və səyinə baxmayaraq bazar sakit və laqeyd görünürdü.

Məzhəb və din yolu ilə işə başlayan ağaların da oxu daşa dəydi və get-gedə məyus oldular.

Bunun əvəzində xalq kütləsi və fəhlələr daxilində çalışqanlıq hər dəqiqə daha artıq hiss edilirdi. Hər yerdə iclaslar keçirilir, mitinqlər və yığıncaqlar təşkil olunurdu. Xalqın ehsasatı həqiqətən artmışdı. Belə bir vaxtda bütün karxanaların nümayəndələri tərəfindən fəhlələr qarşısında millət nümayəndələrinin vəzifəsi və hazırkı vəziyyət haqqına məlumat verməyə dəvət edilmişdim. Məndən əvvəl neçə nəfər hərarətli sözlər danışaraq hazır olan şəxslərin ehsasatını cuşə gətirmişdi. Mən öz söhbətimdə xahiş etdim ki, fəhlələr öz nəzərlərini desinlər, öz ehtiyacları ilə bizi tanış etsinlər. Gənc fəhlələr hərarətli və ciddi çıxışlar etdilər. Birisi təzyiq və güzəranın ağırlığından, digəri sahibkarların rəhmsizliyindən, ayrısı əmək və ictimai  sığorta qanunundan, xülasə hər kəs mənsub olduğu təbəqənin müəyyən ehtiyaclarından söhbət açıb demək istəyirdi ki, nümayəndələr həmin ehtiyacları aradan qaldıra bilsələr öz vəzifələrini yerinə yetirmiş olarlar. Onlar bildirirdilər ki, belə olduqda biz də bütün maddi və mənəvi qüvvələrimizlə onlara ardıcıl surətdə tərəfdarlıq göstərəcəyik.

Yaralı və məzlum ürəklərdən tam səmimiyyət və sədaqətlə çıxan bu sözlər dinləyixilərə təkan verirdi. Bu vaxt qoca bir kişi yerindən qalxdı. Məclis sakit idi. O, danışmaq üçün icazə istədi. Qoca natiqin köhnə paltosundakı böyük ləkələr göstərirdi ki, o gön karxanasında ən ağır kimyəvi işlərlə məşğuldur. Onun yanında on iki yaşlı bir oğlan dayanmışdı. O, qocanın oğlu idi. Toxuculuq karxanalarından birində işləyirdi. Kişi bərk təsirləndi. Lakin öz fikirlərini izah edə bilir və sadə fəhlə dili ilə mənalı sözlər danışırdı. O, deyirdi: “Yoldaşlar! Sizin bütün dedikləriniz doğrudur. Ehtiyaclarımızın həddi-hüdudu yoxdur. Lakin yaddan çıxarmayın ki, bu gün hər hansı hadisənin təsiri nəticəsində olursa-olsun, biz zahirən azadıq, bir yerə yığışıb söhbət edə bilirik. Ehtiyaclarımızdan danışıb onların aradan qaldırılmasını öz nümayəndələrimizdən tələb edə bilirik. Lakin aldanmayın! Qəflət pambığını qulaqlarınızdan çıxarın! Mən bu azadlıqlardan çox görmüşəm. Biz Səttarxanın bayrağı altına toplanıb üsyan etdik. Cəmi bir neçə nəfər idik. Axırda hətta rəhmətlik Salar da saziş etdi. Müstəbidlər tərəfindən Sərdari-millinin yanına bir neçə nəfər nümayəndə göndərildi. Onlar dedilər ki, siz on nəfərdən çox deyilsiniz. Hədər yerə xalqı ölümə verməyin. Özünüzə layiq hər rütbə və iş istəsəniz verərik. Əgər bizə etimad etmirsinizsə qonşu dövlətlərdən birinin yardımından istifadə edə bilərsiniz. Sizə bir bayraq da göndərilsin və siz həmin bayrağın himayəsi altında amanda olun. Bizim bədənimiz əsirdi, ürəyimiz od tutub yanırdı. Azadlığı sevmək təəssübü ruhumuzu elə həyəcanlandırmışdı ki, bütün dünya silahlı qüvvə ilə üzərimizə hücum etsəydi belə onları darmadağın etmək bizim nəzərimizdə su içməkdən də asan görünürdü. Həmin ehsasata malik olan Sərdarımız elçini tam hörmətlə qəbul etdi. Lakin onun cavabı qəti və qısa idi. O dedi: “Burada qaldırılmış bayraq azadlıq bayrağıdır. Dünyanın yetmiş iki milləti həmin bayrağın altına pənah gətirməlidir. Biz təslim olmarıq. Gedin əlinizdən gələni əsirgəməyin”.

Bu sözlər bizi bir daha ruhlandırdı. Qan tökdük, yonca yedik, məşrutə və azadlıq əldə etdik, lakin qısa müddətdən sonra irtica ayrı paltır və ayrı ünvanla baş qaldırdı. Sərdarımızı öldürdülər, özümüzü iydə ağacının şüyü ilə o qədər döydülər ki, dırnaqlarımız töküldü. Uzun müddət vətənimizi tərk etmək məcburiyyətində qaldıq. Mən sizi bədbin və məyus etmək istəmirəm. Gördüyünüz kimi, oğlum da sizin sinfi təşkilatınıza daxil olmuşdur. Özüm də bu yaşımda sizinləyəm və sizinlə olacağam. Mən yorğan-döşəkdə ölməyi namərdlik hesab edirəm. lakin qəflət etməyin, bunu yaddan çıxarmayın ki, irtica və istibdadın bu dəfə qalib gəldiyi təqdirdə azadlığın və azadlıq sevənlərin kökü qalmayacaqdır”.

Gözlərindən yaş axan bu qoca kişi öz oğlunun əlindən tutaraq salonu tərk etdi. Salondakıların hamısı ağlamışdı. Ayrı bir kişi seçki elanından bir neçə gün qabaq elə bir iş gördü ki, mə nonu müşahidə etdikdən sonra seçkilərdə iştirak etməkdən istefa vermək fikrinə düşdüm. Bu adam, bələdiyyə süpürgəçilərindən biri idi. Dediyinə görə vaxtı ilə Səttarxanın tüfəngçilərindən olmuşdu. Bu hadisə, azadlıq sevənlərin seçkiləri sürətləndirmək üçün birgə teleqrafa qol çəkdirdikləri gündə baş verdi. Fəhlələrə və orta təbəqələrə mənsub adamlar dəstə-dəstə gələrək, teleqrafın mətni yazılmış böyük kağızın aşağısına qol çəkib gedirdilər. Mən azadlıq sevənlərin digər namizədlərindən biri ilə bir guşədə dayanıb himmətli və təəssüblü adamların həyəcan və ehsasatına tamaşa edirdim. Süpürgəçi daxil olaraq, dəstəli süpürgəsini otağın bir guşəsinə dayayıb mizin yanına gəldi. Öz tunc möhürünü çıxarıb kağıza basaraq qayıtdı. O, süpürgəsini götürüb xaric olmaq istədiyi vaxt birdən-birə bizi gördü və ixtiyarsız olaraq süpürgəni bir kənara qoyub bizim yanımıza gəldi, heç söz demədən qollarını açıb bizi bağrına basdı, alnımızı öpüb, danışmadan çıxıb getdi. Mən mütəəssir olub öz-özümə dedim: Aya sən bu sadə ürəyin və təmiz ruhun arzularına əməl edə biləcəksən? Sən onun səadəti yolunda bir addım ata biləcəksən?! Vicdanımda həmin suallara mənfi cavab verildi. Mən həmin gün bir çox yaxın yoldaşlarla ciddi surətdə söhbət edib, öz vicdani təşviş və iztirablarımı açıq surətdə onlara bildirdim. Onların verdikləri cavablar və gətirdiyi dəlillər qaneedici deyil idi. Yenə də öz vicdanıma müraciət etdim. Digər namizədləri ibir-bir özümlə müqayisə etdim. Nəhayət, belə bir fikrə gəldim ki, bu işdən ayağımı geri çəksəm, mümkündür həmin biçarə süpürgəçinin həqiqi düşmənlərindən biri seçilsin. Mən isə əlimdən bir iş gəlməsə də heç olmazsa onun ağır yükünün üzərinə daha bir yük əlavə etməyəcəm. Birinci fəhlə, qeyd etdiklərimizdən məlum olduğu kimi azadlığın qorunması üçün əsirdi. Süpürgəçinin isə nə demək istədiyini bilmədik. Şayəd o bilirdi ki, mən də sairləri kimi onun səadətini təmin etməyə qadir olmayacağam. Yəqin ki, süpürgəçi də mənim azadlığa əlaqəmənd olduğumu və bu yolda can qoyub, zəhmət çəkib imtahanlar verdiyimi eşitmişdi. Dostumu da yaxşı tanıyırdı. Onun haqqında da belə nəzəri ola bilərdi. Beləliklə, xəyal edirdi ki, əgər əlimizdən bir iş gəlməsə də, heç olmasa irtica və istibdadın qayıtmasına yardım etməyəcəyik.

Belə görüşlər çox olurdu. Mən fəqət onlardan ikisini misal üçün qeyd etməklə  istədim ki, oxucuları Azərbaycanın əhvali-ruhiyyəsindən xəbərdar edim.

Dediyimiz kimi bazar hərəkət etmədi. Ona görə ki, bazar əhli hökumət və hökumət qulluqçularını bidət qoyan və zülmkar kimi tanıyırdı. Axund isə siyasi işlərə qarışmağı üstüörtülü surətdə haram etdi. Ona görə ki, o, xalqı öz pəncəsi altında saxlamaq istəyirdi.

Fəhlə qorxurdu ki, istibdad ayrı bir şəkildə baş qaldırsın və iydə şüyü dırnaqlarını yenidən qaraltsın. O, öz vətənindən didərgin düşməkdən qorxurdu. Əsl düzgün təfəkkür bu idi.

Doğrudan da keçirilən seçkilərə sərf edilən pullar ifşa edilib irticaçıların daxili aləmi zahirə çıxarılsa, görərik ki, zəhmətkeşlər cəmiyyətə rəhbərlik etmək iddiasında olan hökumət və təbəqəyə qarşı haqlı olaraq zənin və bədbindirlər. Onların da arzuları bizim dediklərimizə uyğun gəlir. Beləliklə soruşmalıyıq ki, biz kimin və hansı sinfin mənafeyini qoruyuruq? Bu qədər hay-küyün kökü haradadır? Bu qədər zəhmət və məşəqqətlərdən sonra nəticə nə olacaq?!

 

"Acir" qəzeti â„– 150-155,

12 iyun 1944-cü il

(21 xordad 1323)

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info