Qonaq Kitabı
BİZ NƏ DEYİRİK ”“ MİLLƏT NƏ İSTƏYİR?

Altı aylıq seçki mübarizəsi istər-istəməz məni cəmiyyətin daxilinə sövq etdi. Hər yerə getdim, ərbabların təmtəraqlı evləri, kəndlərin daxmaları, fəhlələrin mənzilləri, bir sözlə, Təbriz əhalisinin bütün təbəqələri ilə tanış oldum. Bu işdə mənə hərəkət verən qüvvə heç də ehsasatım olmamışdır. Ona görə ki, siyasi bir şəxsi həvəs və şöhrət naminə özünü suya və oda vurduğu dövrləri mən keçirmişdim. Mən istəyirdim eşidim, görüm, sənəd və millət axtarmaq idi. Həmişə öz papağımı qarşıya qoyub fikirləşir və öz vicdanımla gördüyüm işlər haqqında düşünürdüm.

Həqiqətlər acı və xoşagəlməz idi. Lakin mən onları görməkdən, tanımaqdan və başa düşməkdən qorxmurdum, çalışırdım ki, boş fikir, xəyal və təsəvvürləri bir kənara qoyub özümü olduğum kimi tanıyam. Öz yolumu təşxis verəm. Nəticə mənim üçün əsəbləndirici və xoşagəlməz idi.

Mən istər-istəməz etiraf etməliyəm ki, cəmiyyətə yol göstərmək və rəhbərlik etmək iddiasında olan bizlər onu yaxşı tanınmamış, onun ehtiyaclarına, istək və arzularına yaxşı bələd olmamışıq. Dövlət və məclis üçün mətbuatın da qətiyyən millətlə düzgün rabitəsi yoxdur.

Bəli, Tehrandan, xarici vəziyyətdən xəbəriniz yoxdur. Tehrandan xaricdə yaşayanlar da bizi tanıya bilmirlər. Sanki biz xüsusi bir kürədə, İranın əsas kütləsi də ayrı bir kürədə yaşayırlar. Nə onların ürəyindən qopan nalələrin səsi bizə çatır, nə də biz öz sözlərimizi onların qulağına çatdıra bilirik. Tehrandakı qrupların cürbəcür oyunları, Tehranlakı qulağı kar edən hay-küy yalnız Tehranın öz mühitində xəfələnib aradan gedir. Vilayətlərdə yaşayanlar mərkəzdə baş verən siyasi çəkişmələrin həqiqətini başa düşə bilmirlər. İranın əsas kütləsi ölkənin ümumi siyasətini təşxis verməyi hələ bir yana qalsın, hətta qəzet belə oxuya bilmir.

Deyirlər, ziyalı əqəliyyət millətə rəhbərlik etməlidir. Bu qələt və zərərli bir fikirdir. Həqiqi kütlə ilə rabitədə olmayan ziyalı əqəliyyətin əlindən heç bir iş gəlməz. Bu məsxərə və zəhərləyici fikir təhsil almış ziyalı gənclərin bir çoxunu yoldan caydırır. Yox, təkcə ziyalı əqəliyyət ölkəni idarə etməməlidir! Ölkənin hakimi və həqiqi idarəedicisi millətdən ibarətdir. Müsəlman şərqindəki bəzi ziyalılar ona görə şöhrət qazanırlar ki, onlar cəmiyyət daxilindən, kütlələr içərisindən çıxırlar. Cəmiyyətin ehtiyacları onları irəli çəkir. Səthi müşahidələr üzündən, bədbəxtlikdən biz bu xətərli yola düşüb, istəyirik ki, kifayət qədər siyasi yetkinliyi olmayan ziyalılar ölkənin işlərini öz əllərinə alsınlar, başçı və rəhbər olsunlar.

Millətin siyasi tərbiyəsinə qayğı göstərməmək bədbəxtlik və fəlakətdir. Ziyalılarımız istəyirlər ki, zəhmət və səy göstərmədən millətin qabağına düşüb, başçılıq və rəhbərlik məqamını işğal etsinlər.

İran xalqı bu sözlərə qulaq asmır. O, nə müxtəlif məramnamələri oxuyur, nə də müxtəlif qrupların uzun-uzadı proqramlarından baş çıxarır. O, öz gündəlik ehtiyacları və yaşayışı daxilində itib batmışdır. O, ziyalı təbəqədən təzyiq, zülm, çal-çap və qarətçilikdən başqa ayrı şey görməmişdir. Qanunlar hələ də kəndlərdə özünə ümumi hal almamışdır. Hamının müqəddəratı jandarmaların, bəxşdarların, hampaların və kəndxudaların əlindədir. Şəhər kütlələri də qanun himayəsindən istifadə edə bilmirlər. Hələ də alçaq və kiçik adamlar hamının başı üzərində hökmranlıq edirlər.

Bəli, bizim bütün dediklərimiz və yazdıqlarımız yersizdir. Hamımız əlaqəsiz yazırıq, hamımız süni və qeyri-təbii danışırıq. Milləti cəhalətdə saxlayıb özünü onun rəhbəri müərriflik etmək fırıldaqçılıq  və hoqqabazlıq deməkdir. İlk növbədə milləti tərbiyə etmək, onu öz hüququ ilə tanış etmək lazımdır. O vaxt millət öz yolgöstəricisi və rəhbərini tapacaqdır.

Vilayətlərdə bir xəbər yoxdur. Orada adamların çoxlu çətinlikləri vardır. Xalq Tehranda da həmişə zülm və təcavüz olunduğunu, ağır vergilər müəyyən edildiyini, oğru və ləyaqətsiz məmurlar göndərildiyini görüb bütünlüklə məyus olmuşdur. O, Tehrandan yayılan hər hansı şayiəyə bədbindir.

Tehranda nəşr olunan yüzdən artıq qəzetin, bəlkə də bir neçə nüsxəsi belə əsas kütlənin əlinə çatmır. Bir qayda olaraq xalq fars dilində yazılan qəzetləri başa düşmür. Məclisdəki danışıqlar da millətin qulağına çatmır. Qanunlar içərisində hamıdan əvvəl ağır vergilər tələb edən qanunlar birinci növbədə vilayətlərdə tətbiq olunur və dərhal öz pis inikasını göstərir.

İran xəstədir! Ona ciddi surətdə dərman vermək və müalicə etmək lazımdır. Bədbəxtlikdən onun xəstəliyi hələ də müəyyən olunmamışdır. Yalançı həkimlərin əlilə onun boğazına tökülən dərmanlar zəhərdən də təhlükəlidir. Bir daha deyirik ki, millətin özü tərbiyə olunmadan, siyasi cəhətdən inkişaf etmədən hər nə desək, hər nə yazsaq təsirsiz olacaqdır. Mən millətin maarif və tərbiyəsi haqqında yazmağa meyl göstərirəm. Lakin bunun nə faydası ola bilər? Maarif kökündən xarabdır, ümumiyyətlə ölkədə elə bir dövlət idarəsi tapmaq olmaz ki, xalqın həqiqi ehtiyacları üzərində qurulsun. Hamımız məhdud fikirləşirik. Bütün qanunlar bizim çatışmaz fikirlərimizin məhsuludur. Biz xəyallar və təsəvvürlərimizin çərçivəsindən kənara çıxmırıq. İctimai hadisələri öz bilik, idrak, əxlaq və arzularımıza müvafiq surətdə qarşılayırıq. Bu bizim yolxucu xəstəliklərimizdən biridir. Xalqın siyasi inkişafını, maarif və iqtisadi bazasını nəzərə almağa hazır deyilik. Buna görədir ki, qanunlarımız həyata keçirilmir, tədbirlərimiz kağız üzərində qalır. Sözlərimiz və təbliğatımız dərd-sərdən və vaxt tələf etməkdən başqa ayrı bir nəticə vermir. Hərbi adamların dediyi kimi, həmişə yerində sayırıq və ya mövqeiyyəti dərk etmədən geriyə çəkilirik. Avamfiribliyi və fürsət dalınca qaçmağı özümüzə sənət edərək xalqı aldatmaq, naməlum nöqteyi-nəzər xatirinə işlərin ixtiyarını öz əlimizə keçirmək istəyirik. Süheyli, Qəvam, Said və onların tay-tuşları nə deyirlər, nə istəyirlər? Belə bir hərarət və qızğınlıqla çalışan Seyid Ziyaəddin hara getmək istəyir? Cahil və bədbəxt bir millətə riyasət etməyin, bir xarab ölkəni idarə etməyin, çürümüş bir maşını sürməyin nə faydası və nə ləzzəti var. Əgər bu ağalar islahat yolunda müəyyən bir addım ata bilsəydilər, yenə də dərd yarı idi. Bu ağaların yaxşı niyyəti olsa da onlar heç bir iş görə bilməzlər. Çünki onların millət ilə mənəvi əlaqələri yoxdur. Milləti tanımırlar, onun ruhiyyəsinə bələd deyillər.

Deməli və yazmalı sözlər çoxdur. Lakin demək və yazmaq dərd-sərdən başqa ayrı nəticə vermir. Buna baxmayaraq biz bədbin deyilik.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info