Qonaq Kitabı
NƏDƏN YAZACAYIQ?

Diktatorluğun başlanğıcı dövründə də, ölkədəki ictimai quruluşun əsası çürümüş və bərbad halda idi. O gündə də İran xalqının əksəriyyəti öz ictimai vəziyyətini islah etmək naminə nə kimi vasitə və kimin əlilə olursa-olsun dövlət işlərini əsas etibarı ilə zadəgan və nüfuzlu təbəqəyə mənsub olan başçıların titrək əllərindən çıxarıb öz əlinə almağa səy edirdi. Xalq istəyirdi ki, dövlət məmurlarının və imtiyazlı siniflərin qədim iş qaydası sayılan zorakılıq, zülm və istibdad tədbirlərinə son qoyaraq özünə aid bütün işlərdə yaxından iştirak etsin. Lakin bədbəxtlikdən bugünkü mövzudan xaric olan bir çoxlu səbəb və təsadüflər üzündən iyirmi illik diktatorluq dövrü başlandı. O, ağızları qıfıllamaq, qələmləri sındırmaq, fikir və düşüncələri zəhərləmək və xeyirxah şəxslərin əzm və iradəsini tapdalamaq yolu ilə işə başlayıb çürümüş və qələt hökumət quruluşuna bəzək-düzək verdi. İş başına gəlmiş diktator çürümüş üsuli-idarənin şikəst payələri üzərində zahirən xoşagəlim, lakin batində tam mənası ilə quru bürokratik və poliscəsinə düzəldilmiş aristokratik sarayı bərpa etdi. O, zahirdə Avropa mədəniyyətindən təqlid edərək vergiləri artırmağa, dəbdəbəli idarələr yaratmağa, saysız-hesabsız yüksək rütbəli məmurlar düzəltməyə başladı. Ölkə büdcəsinin istər gəlir və istərsə məxaric hissələrini qarətgərli və soyğunçuluq əsasında quraraq onun miqdarını ildırım sürətilə artırdı. Heç bir ictimai məqsəd və əsas hədəf olmadan, heç bir rəhm  və mürüvvətə yol vermədən kənd və şəhər zəhmətkeşlərini soyub talamağa başladı. Bunun nəticəsində keçmişdəki çürük, süst və dərdə dəyməz aristokratlar təbəqəsinin yerində, iki yeni təzə nəfəs və ciddi təbəqə meydana gəldi.

Bu təbəqələr bütün diktatorluq dövründə əl-ələ verərək ölkənin bütün mənəviyyatı üzərində hökmranlıq etdilər. Onlar öz maddi və mənəvi nüfuz dairələrini gündən-günə genişləndirdilər. Bu iki təbəqədən birisi yüksək rütbəli dövlət qulluqçularından və hökumət idarələrində işləyən nüfuzlu rəhbərlərdən ibarət idi. Onlar öz məqsədlərinin icrası üçün çıxardıqları qanun-qaydalarını bağlayır, öz istəklərini edirdilər. Bu başçılar öz zahiri hüquq və qanunui mövqelərini qətiyyən nəzərə almayaraq, müxtəlif vasitələrlə xalqı soyurdular. Onlar rüşvətxorluq və dövlət əmlakını mənimsəməkdən əlavə ticarətxanalarda, bir sözlə, hər yerdə kök salaraq, zorakılıq, özbaşınalıq metodları ilə ciblərini doldururdular. Onlar heç kəsdən, hətta öz dediklərinə görə, bir işarə ilə yüzlərlə yüksək rütbəli adamı məhv etməyə qadir olan şəxsdən də çəkinmirdilər.

İkinci təbəqə onlardan daha təhlükəli idi. Bu təbəqə ən kobud, cahil və fürsət tələb sələmçilərin, eləcə də küçələrdəki alçaq fırıldaqçı lotuların və bazarlardakı hoqqabaz dəllaların içərisindən törənmişdi. Bunlar puldan başqa heç bir şeyi başa düşmürdülər. Birinci təbəqənin yardımı sayəsində isə onlar son dərəcə varlanmışdılar. Bu iki təbəqə əl-ələ verərək İran xalqının qanını sorur və əhalinin əksəriyyətini fəlakətə uğradaraq gündəlik çörəyə möhtac bir vəziyyətə salmışdılar.

Dövlət və ictimai işlərin idarə olunması məfhumu tamamilə aradan getmişdi. Dövlət təşkilatının ölkə işlərini idarə etməyə vəzifədar olduğunu təsəvvür etmək belə mümkün deyildir. Sanki ölkə və onun əhalisi yalnız dövlət idarələrində işləyən xəyanətkar məmurların yenicə ortalığa çıxmış sələmçi və sərmayədarların tamahı və hərisliyini təmin etmək üçün lazım imiş.

Nəhayət, belə bir şəraitdə şəhrivər[i] hadisəsi baş verdi. Bu hadisənin şiddətli zərbəsi ictimaiyyətin bütün siniflərinə təkan verdi. Pərdələr qəflətən cırılaraq Rza xan diktatorluğunun zəif və solğun siması zahirə çıxdı. Zalım və məzlum siniflər hər ikisi diksinərək özünə gəldi. Lakin məzlum kütlə fəlakətli, yazıq və əl-qolu bağlanmış əsarət vəzində idi. İyirmi il ərzində onu tapdalayıb taqətdən salmışdılar. Onun danışmağa, öz varlığını göstərməyə belə qüdrəti yox idi. Buna görə də diktatorluq üzərindən pərdə götürüldükdə o, nə edəcəyini, haradan işə başlayacağını, öz qanuni hüquqlarından hansını daha tez tələb edəcəyini bilmirdi. O, neçə illik intiqamını çəkməsi üçün nə kimi vasitələrə malik olduğunu bilmirdi. Məzlum əzilmiş, vergilər toplanması yolu ilə soyulmuş zəhmətkeş sinif heyrət və böhtə dalmışdı. Buna görə də şəhrivər hadisəsində o dərhal təsirli bir iş görə bilmədi. Lakin zalım siniflər öz dərslərini yaxşı bilirdilər. Onlar öz danışıqlarının tonunu dərhal dəyişərək, demokratlaşır, azadlıq və millətpərvərlik daşını döşlərinə döyür, necə deyərlər çörəyi günün məzənnəsi ilə yeməyə başlayırdılar. Bundan əlavə onlar həmişəki kimi yenə də yüksək dövləti vəzifələri öz əllərində saxlayıb silahlarla təchiz olunurdular: Onlar danışıq, nitq söyləmək, qəzetlər nəşr etmək, parlament kürsülərindən istifadə etmək imkanlarına malik idilər. Teleqraf, telefon, radio, sinema (kino) gözəl binalar, avtomobillər, bir sözlə, yığıncaqlar təşkil etmək və sürətlə işləmək üçün lazım olan bütün vasitələr onların sərəncamında idi. Həmin ağalar bu vasitələrdən son dərəcə istifadə etməkdən əlavə, bəzən özlərini məzlum və işgəncələr çəkmiş azadixahlar kimi qələmə verirdilər.

Şübhəsiz, bu işin başlanğıcı idi. İndi demək olar ki, vəziyyət yenicə dəyişmişdir. Şəhrivərdən sonra «demokrat» olmuş ağaların, indi daha qeyd olunan maskalara ehtiyacı yoxdur. Hal-hazırda onlar, diktatorluq dövrünün  aldadıcı sözləri ilə açıq surətdə fəaliyyət göstərə bilirdilər. Onlar ictimaiyyəti tam mənasında öz hökmranlığı altına almış, qıtlıqdan, aclıqdan, hay-küy qoparmaqdan, bir sözlə, bütün vasitələrdən və hər hansı təsadüfi bir hadisədən istifadə edə bilirlər. Onlar batində faşist olub eyni zamanda Berlin, Roma, Tokio adlanan oxun tərəfdarı olduqları halda, zahirdə özlərini müttəfiqlərin və demokratiyanın dostu kimi göstərirlər. Onlar xalqa yalan sataraq pul, sərvət, hökmranlıq və ağalıqdan başqa heç bir məqsəd güdmürlər. Biz söhbətimizi həmin təbəqələrin işlərini izah və təhlil etməklə başlayaraq nəhayət, bu təhlükəli təbəqələrə qarşı mübarizə aparmaq yolunu zəhmətkeş siniflərə və təmiz adamlara öyrədəcəyik.

Biz hələ qeyd olunan təbəqələrin bugünkü işlərindən danışmamışıq. Şübhəsiz gündəlik işlər və qarşıya çıxan ictimai hadisələrlə əlaqədar olaraq həmin sələləni bir-birinin ardınca şərh edib, zəhmətkeş kütləni, əməli surətdə yol üstündə qurulmuş tələdən xəbərdar edəcəyik.

Bəziləri hazırkı bədbəxtlik və fəlakətləri bilavasitə müharibənin və son illərdəki gözlənilməyən hadisələrin nəticəsi kimi hesab edirlər. Bu heç də düzgün deyil. Bu fəlakətlərin kökünü illər boyu davam etmiş diktatorluq dövrünün qələt və təhlükəli siyasətində axtarmaq lazımdır. Bu siyasət isə yuxarıda qeyd olunan təbəqələrin əlilə həyata keçirilir. Dünən qəzetlərdən biri üstüörtülü halda göstərmək istəmişdi ki, keçmiş hökumətin guya müəyyən məqsədi olmuşdur. O ölkəni kənd təsərrüfatı halından çıxararaq sənayeləşdirmək istəyirmiş. Bundan daha gülünc iddia ola bilməz. İstər keçmiş, istərsə də indiki hökumətlərin başı gündəlik məsələlərlə o qədər qarışmışdı ki, onlar nəinki əsas məqsəd haqqında, bəlkə gündəlik məqsəd haqqında da fikirləşməyə vaxt tapmırlar. Bu sözlər çoxdan eşitdiyimiz bayatılardır. Ağalar tutuquşu kimi onları əzbərləyərək xalqa aşılamaq istəyirlər. Keçmiş hökumətin siyasəti əməldə çox sadəlövh və səthi olmuşdur. O, hər hansı ünvan və vasitə ilə olursa-olsun çoxlu pul əldə etmək və həmin vəsaiti yalnız mərkəz və bir neçə şəhərdəki küçələri bəzəmək üçün xərcləmək istəmişdir. Dövləti vəzifələri işğal etmiş ağalar isə mümkün qədər mülk və kənd alır. Xırda malik və əkinçiləri taqətdən salaraq, onları dəstə-dəstə dilənçi halında şəhərlərə göndərirlər. Heç bir ölkə əkinçilərin vəziyyətini islah etmədən, onların alıcılıq qüdrətini artırmadan, məhsul üçün bazar yaratmadan özünü sənayeləşdirə bilməz. Beləliklə, aydın olur ki, keçmiş hökumətin məqsədi heç də ölkəni sənayeləşdirmək olmamışdı. Bu fikri yalnız dəllallar və öz köhnə maşınlarını satmaq istəyən alman və sair ölkələrin kapitalistləri, habelə böyük maaşlarla zavodlarda mühəndis və mütəxəssis adı ilə fəaliyyət edən xarici casuslar təbliğ edərək, bu yol ilə ölkəni öz ölkələri üçün sağmal inəyə çevirmişdilər. Biz bu məqalədə onların siyasi nöqteyi-nəzərləri və sair fırıldaqları haqqında danışmaq istəmirik. Bir sözlə demək olar ki, son iyirmi il ərzində ödkə iqtisadiyyatının bazası sayılan kəndlərin abadlaşması və islahı haqqında kiçik addım belə atılmamış, digər istehsalçı təbəqələrin mənafelərini qorumaq barədə sadə danışıq belə olmamışdır. Bəziləri misal olaraq «sənaye ölkəsinin» zavodlarında istehsal olunmuş malların satılmasını dəlil göstərir. Bu mallar kimə satılmalı idi? İranın əsas kütləvi gündəlik çörəyə möhtac idi. Xarici qonşularımız da hər biri özünə görə sənayeləşdirilmiş və öz ehtiyacını özü ödəyə bilirdi. Bundan başqa bizim məmləkətin cüzi və zəif sənayesi başqalarının heyrətəngiz və əzəmətli sənayesi qarşısında necə rəqabət edə bilərdi? Kazruni fabriklərində toxunan təlisləri, Londonun yun parçalarından belə baha qiymətə, zorla xaricilərə satmaq olmaşdı. Eləcə də biz dövlət və ictimai müəssisələri, yaxud xarici ticarət təşkilatlarını Behşəhr və Şahi şəhərlərində toxunan çit və kətan parçaları daxildə satılan qiymətə almağa məjbur edə bilməzdik. Bu göstərişlərdən məqsəd nə imiş? Düzgün məqsəd qarşıya qoyulsaydı, iş bu yerə çatmazdı. Dünyanın başqa ölkələrində belə bir hadisə baş verməmişdirmi? Silah ələ gətirərək neçə il ərzində öz ölkəsini müdafiə edən qonşularımız da aclar və yoxsulların səsi bizim ölkədə olduğu kimi qulaqları kar etməmişdi.

Bunun səbəbi çox aydındır. Çünki onların məqsədləri vardır. Bu ölkələrin başçıları ölkəni idarə və kütlələrin həyatını təmin etmək üçün müəyyən plan və proqrama hazırlamışlar. Onların hökumətləri öz sədaqəti və səmimiyyətləri ilə xalqın bütün təbəqələrinin etimadını qazana bilmişdilər. Onların başçıları heç daə torpaq almaq, şəxsi qazanc əldə etmək, zülm, təcavüzkarlıq və lovğalıq etmək fikrində deyillər. Şübhəsiz ki, həmin idari anarxiya və qarmaqarışığın nəticəsi hazırkı siyasi və iqtisadi anarxiya və qarmaqarışıqlıqdan başqa heç bir şey ola bilməz.

 

"Acir" qəzeti â„– 1-2,

22-23 may 1944-cü il

(1-2 xordad 1323)



[i] İkinci dünya müharbiəsi dövründə 1320-ci h. ş. İlin şəhrivər ayının 3-də (1941-ci ilin avqust ayında) müttəviq qoşunların İrana daxil olması nəzərdə tutulur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info