Qonaq Kitabı
"MOLLA NƏSRƏDDİN" JURNALI NƏDİR?

Tiflisdə 1903-cü ilə qədər ara-sıra, qorxa-qorxa edilən kiçik və gödək tətillər 1904-dən başlayaraq, böyüməyə üz tutdu. Hələ döşlərindəki dualı "ikona"lara ümid bağlayan çarizm əsgərlərinin yaponlar qarşısında məğlubiyyəti böyüməkdə olan inqilaba daha yeni bir qüvvət verərək, 1905-ci il manifestini meydana gətirməklə, onun daha ziyadə böyüməsinə yol açdı. Bu inqilab nümayişində Tiflis türk əməkçilərinin heç gözlənilməyən iştirakları hökumətin gözünə iti bir ox kimi batdı. Buna görə hökumət aradakı sinif qardaşlığını, gələcəkdəki inqilabın qabağını almaq üçün Tiflisdə 1905-ci ildə türk-erməni qırğınını çıxardı. İnqilabı bununla yayındırmaq xəyalına düşdü.  Lakin belə alçaq şeytanlıqlarla elə böyük selin qabağını almaq mümkün deyildi.

Bir tərəfdən çarizmin sərsəmləşib özünü itirməsi, iqtisadi böhranın, aclıq və səfalətin artması, digər tərəfdən inqilabın altdan-altdan şişib böyüməsi hər kəsdə bir həyəcan, bir qayğı oyandırdı. Geniş kütləni mübarizəyə hazırlamaq üçün yeni vasitələrə müraciəti ehtiyacı göründü ki, bunlar da yeni qəzet və jurnallar idi.

Tiflisdəki qonşularımız bu yeni ehtiyacı tezcə başa düşüb, yeni liberal qəzetlər, "Kukareku"[1] kimi sol jurnallar çıxarmağa başladılar. Yanıbaşımızdakı bu inqilab hərəkatları, bu iqtisadi böhranlar biz türk əməkçilərinə də təsirsiz qala bilməzdi. Çünki biz də qonşularımızla birlikdə bir mühitdə yaşayır, bir odda qovrulurduq. Bizi qonşulardan daha çox əzən çarizm divi ilə mübarizə üçün bizim də yeni vasitələrə yapışmağımız bir ehtiyac olaraq qarşımıza çıxırdı. Bu ictimai ehtiyac isə hər əməkçinin, xüsusilə, hər inqilabçı ziyalının boynuna bir vəzifə olaraq düşürdü.

On-on beş illərdən bəri maarif yolunda çalışan və son illərdə Tiflisdəki inqilabi hərəkat və nümayişlərində qələmləri ilə, vücudları ilə iştirak edən iki yaxın yoldaş bu ağır vəzifələri boyunlarına götürməyə bir növ məcbur oldular. Və bu məcburiyyətlə bir qəzet və ya jurnal çıxarmaq fikrinə düşdülər. Lakin bunlar xeyli zaman onların başlarında dadlı bir xəyal olaraq uçub durdu. Bunu həqiqətə çevirmək onlar üçün çox da yüngül deyildi. Çünki onların nə maddi qüvvətləri, nə də mənəvi köməkçiləri var idi. Əllərində ancaq boş bir çapxana, o da erməni-türk qırğını münasibətilə iki aydan çox bağlı. Borc almaq, iş görmək də çətin. Ticarət durmuş, gəliş-gediş kəsilmiş, heç kimdə sabahkı haldan əminlik yox.

Belə bir vaxtda dala qalmış bir millətin qəzetə pul verib oxuyacağı da şəkkli. Xüsusilə, ortada türklərin ehtiyacını ödəyə biləcək, iri-iri səhifələrlə çıxan "Həyat" və "İrşad" adında gündəlik iki böyük qəzet də var. Bunlar ola-ola özgə bir qəzetə lüzum nə? Ancaq o iki yoldaş anlayırdı ki, ruhani vaizlərlə dolu, ağır dil ilə yazılı, həqiqəti bildirməkdən qorxan, inqilabçılıqdan uzaq olan bu qəzetlər avam da olsa, kütlənin arzu və ehtiyacını ödəyə bilməz.

Onlar duyurdular ki, geniş kütlənin özünəməxsus düşüncəsi, qayğısı və bir gözlədiyi var. Bu alt təbəqə, daha doğrusu, bu əməkçi kütlə ilə yuxarıdakı təbəqə arasında düşüncə və arzuca böyük-böyük ayrılıqlar var. Bakıdakı qəzetlərsə bu ayrılıqları başa düşmürlər. Onlar daha doğrusu, fikir edirdilər ki, hökumət zülmü ilə bərabər, türk-erməni qırğını ilə daha çox əzilmiş, aradakı intriqaların bəlasını daha çox çəkmiş olan kütləni ruhanilərin, köhnə rahatlıqlarını pozmaq istəməyən ziyalı qəzetçilərin yazıları razı sala bilməz. Çünki kütlənin ürəyi həmişə canına ox batıran, həyatını zəhərləyən, yaşayış vasitələrini kəsən mülkədar və böyük qulluqçulara qarşı intiqam hissi ilə yanır.

Onlar bilirlərdi ki, kütlədəki din mövhumatı millət ənənələri ikinci dərəcəli bir amildir. Onu əsl maraqlandıran, qayğılandıran gündəlik yaşayış, daha açığı qarın məsələsidir. Bunun üçün də kütlə öz ürəyində öz yaşayışlarını pozanların, özlərini fəlakətə salanların məsxərəyə alındıqlarını, rəzil olduqlarını və bu surətlə nüfuzdan düşmələrini görmək arzularını yaşadır. Buna görə də o arzuları canlı surətdə göstərən yazılardan, gülməli şəkillərdən xoşlanır.

Mollanın gələcəyi üçün çox böyük əhəmiyyəti olan bu psixoloji və ictimai bir məsələni öz aralarında həll edən o iki yoldaş çıxaracaqları jurnalın yazılarını qabaqcadan təyin edib, onun mütləq şəkilli olması qərarına gəldilər. Bundan sonra jurnalın adı üstündə uzun düşündülər. Çünki adın özü də bir reklam, bir dəlildir. Oxucu hara gedəcəyini, nə ala biləcəyini qabaqcadan bilmək marağını bəsləyəndir. Buna görə də bir çox adlar sadalanıb tullanandan sonra "Molla Nəsrəddin" üstündə dayanıldı.

"Molla Nəsrəddin" deyəndə oxucu düşünə bilər ki, onda gülməli hekayələr, əyləncəli söhbətlər, ibrətli sözlər var. Hələ üstəlik olaraq, bir də gülməli şəkillər.

Burasını da söyləmək lazımdır ki, onlar bu fikri Tiflisdə çıxan "Kukareku" jurnalından aldılar. Lakin burasını da qəbul etməli ki, "Molla Nəsrəddin" bizim üçün "Kukareku" kimi adlardan daha münasib, daha da xoşagələndir.

Ad tapılandan sonra 1-ci nömrəni hazırlamaq üçün lazım olan 100 manat borc pul tapıldı. 1-ci nömrə hazırlandı. Lakin alınan pul ancaq çapxana, litoqrafiya, kağız, şəkilçəkən, mürəttib xərclərinə çatdı. Gecə əl makinasını hərləndirəcək əmələ üçün onların 4-5 manata daha ehtiyacları vardı. Bu isə heç birində yoxdu. Buna görə makinanı gecə səhərə qədər özləri hərləndirib 1-ci nömrəni çapdan çıxardılar.

Onlar səhərə qədər ziyada ayıq və həyəcanlı görünürlərdi. Çünki o gün onlar üçün imtahan günü idi. İki-üç aylıq düşüncə və zəhmətlərinin qiymətini o gün duyacaqlardı. Hərçənd geniş kütləni nəzərə alaraq, çox gözəl düşünmüş, yazmış, şəkillər də çəkdirmişdilər. Lakin yenə də köməksizlik, yoxsulluq üzündən yükləndikləri borclardan qorxurlardı. O günü erkəndən Tiflisin Şeytanbazarına göndərilən 30 nömrənin tezliklə satılıb yenidən istənilməsi, yuxusuzluqdan sərsəmlənmiş biçarələrin üzünə sanki təzə bir ruh və rəng gətirmişdi.

Onlar bu ilk təcrübə ilə düşüncülərində, hesablarında yanılmadıqlarını anladılar və bu anlayışla kütlənin köməyinə arxalanaraq, "Molla Nəsrəddin"i davam etdirməyə çalışdılar ki, bu davam indiyə qədər heç bir türk qəzet və jurnalına nəsib olmayan bir müvəffəqiyyətdir.

Mollanın birinci nömrəsindəki yazılarından bir çoxunun senzor tərəfindən pozulacağı zənn edilirdi. Lakin əl dəymədiyi görününcə, qabaqcadan kağız üstündə yazdıqları: "İt itlə boğuşar, hökumətin işi rast gələr"in yerinə jurnalda: "At atla boğuşar, hökumətin işi rast gələr" yazdıqlarına və bunun təki qabaqca yazdıqları: "Bu nə sirdir ki, erməni-müsəlman vuruşması düşən kimi hökumət əsgərləri erməni və müsəlmanlara ucuz qiymətlə silah satırlar"ın yerinə "Bu nə sirdir ki, erməni-müsəlman vuruşması düşən kimi hökumət əsgərləri elə şiddətli azara mübtəla olurdular ki, təbiblər onların çölə çıxmağını rəva görmürdülər" şəklinə çevirmələrinə peşman oldular. Onlar qabaqca bu azadlığa çaşıb durdularsa da, sonraları bunda bir şeytanlıq olduğunu başa düşdülər. Çünki çox keçmədi ki, jurnalın bir çox yerlərini tez-tez pozub qaralayır və hətta tamamilə də bağlayırdılar. Yazanları isə aylarca dustaqxanalara salır (1907-ci ilin sonlarında), çıxandan sonra da sürgün eləyirdilər. Bununla bərabər, onlar heç də ruhdan düşüb ümidvarlıqlarını kəsmir, dustaq ola-ola, əziyyət çəkə-çəkə yenə də yollarında qətiyyətlə davam edirdilər. Ehtiyat üçün 1000 ədədə qədər olan birinci nömrənin az vaxtda satılıb qurtarması gələcək nəşrlərin yavaş-yavaş artırılmasına, yazılarının daha qorxusuz, daha açıq olmalarına bir dərəcəyə qədər səbəb oldu.

Jurnala olan rəğbət ancaq və ancaq geniş kütlə tərəfindən idi. Bəylərdən, dövlətlilərdən, ruhanilərdən isə ətək-ətək söyüş, lənət və hədə kağızları alırdılar. Bu isə yazanlar üçün psixoloji bir təcrübə idi. Jurnala qarşı yuxarıdakı təbəqədən lənət, nifrət yağır. Əməkçi deyilən aşağə təbəqədə isə hörmət qalxırdı. Birinin incidiyi, qəmləndiyi nisbətdə o birinin sevincini artırırdı. Göstərilən rəğbət inqilabın için-için qaynadığını, onun yaxında köpürüb daşacağını xəbər verən bir muştuluq yerində idi.

Əcəba, bu geniş kütlənin rəğbəti, dövlətlilərin nifrəti nədən idi?

Əsl can alacaq, Mollanı tanıdacaq, tədqiq ediləcək əhəmiyyətli bir nöqtə!

Yazanlara elə gəlirdi ki, çarizmin zülm və haqsızlıqları altında əzilən əməkçi kütlə jurnalı oxuduğu vaxt ürəyindən az-çox bir tikan çıxarmış, özü də əzənlərdən intiqam almış kimi fərəhlənir, sevinirdi... Çünki o Molla səhifələrində öz bağrını deşən tikanları görür, öz boynuna vurulan zəncirlərin şıqqıltılarını eşidir, öz əl və qollarını sarıyan bağların acısını, yaralı ürəyinin sızıltılarnı duyurdu. Öz uşaqlarını ac və səfil qoyan səbəbləri görüb ayılırdı. Bunlarla bərabər, öz başına gələn bir neçə bəlalardan qurtarmaq dərmanını az-çox yenə ondan öyrənir, ruhlanırdı. Dövlətlilər, ruhanilər üçün isə Molla onların gizli rəzalətlərini açan bir şeytan, ürəklərini parçalayan bir zəhər idi.

Burada bir sual yada gəlir: Nədən ötrü yalnız Molla kütlənin ruhunu ələ almış, rəğbətini qazanmış? Çünki ondakı yazılar, yazanların öz ürək sancılarından, qəhər sızıltılarından, zəhmət ağrılarından, yaralarının qan şırıltısı səslərindən, dişlərindəki ah-vaylardan, beyinlərindəki dadlı xəyallardan başqa bir sey deyildir.

Molla Nəsrəddini çıxaranlar məzlum kütlə ilə bərabər, həyatın bütün işgəncələrini, ağırlıqlarını görmüş, sınamışlardı. Odur ki, onların ürəklərindən təbii sürətlə qopan fəryad geniş kütlənin qəlbinə dəyir, orada eşidilir və ancaq orada əksini görür. Biçarə kütlə də elə bilir ki, ağrıyan ürək, yaş tökən göz, inildəyən döş, qıvrılan vücud, yanan bağır özlərinindir. Buna görə də onları sevib xoşlayır.

Bu yuxarıdakılardan anlaşılır ki, "Molla Nəsrəddin"i tədqiq etmək, bilmək üçün qabaqcadan onu yazanların kimlər olduğunu bilmək lazım görünür. Əcəba, Mollanı qabaqca düşünüb çıxaranlar və davamına çalışanlar kimlərdir?

Bunların birincisi Mirzə Cəlildir, Naxçıvanda duz satan fəqir bir baqqalın oğlu olub, iyirmi yaşlarında Qori darülmüəllimini qurtarmış, on ilə qədər Nehrəm kəndində müəllimlik etmişdir. Mirzə Cəlil kənddəki müəllimlik vaxtında özündə olan böyük bir istedad ilə kəndlilərin bütün düşüncülərini, təbiətlərini, yaşayışlarını yaxından öyrənmiş, daha orada ikən cürbəcür adlarla gördüklərini gözəl bir surətdə təsvir etmişdir. Aradakı boş vaxtlarında rus ədəbiyyatını mütaliə etmiş və ziyada Qoqolu bəyənərək onu təqlidə çalışmış və bu surətlə "Qurbanəli bəy"i, "Ölülər"i çıxarmış, "Molla Nəsrəddin"ə ruh vermişdir.

Nehrəmdəki müəllimliyindən sonra İrəvanda dövlət qulluqlarında olaraq, hökumətin zülmünü, xan, bəy və ruhanilərin əziyyət və rəzalətliklərini görmüş və onları yazılarında ifşa etmişdir.

Bu iki yoldaşın o biri isə Axıskada (Axalsix) Azqur kəndində Neman adlı birinin oğlu olub, kiçik yaşında İstanbula qaçmış, orada "Darüşşəfəq" ali məktəbini qurtarmışdır. Bir-iki il də hökumət qulluğunda olub, Sultan Əbdülhəmidin istibdadını yaxından dadmış, inqilabçı gənc türklər qrupunda çalışmış, siyasi töhmətlə düşmən ediləcəyi vaxt Qafqaziyaya qaçıb gəlmişdi.

1893-1903-cü ilə qədər Axalsixdə, Şəkidə, Şamaxıda müəllimliklə çalışmış, oralardakı dövlətlilərin, bəylərin, ruhani və şeyxlərin soyğunçuluqlarını, xalqın başına gətirdikləri bəla və rüsvayçılıqları öz gözləri ilə görmüşdür.

Hökumət istibdadının hər dürlü zülm və haqsızlıqlarını öyrənməklə bərabər, öz nəfəsində də sınamış, siyasi təhdidlə dəfələrlə həbs və sürgün edilmişdir.

Bu iki pedaqoq və psixoloq yoldaşdan biri Naxçıvan, İrəvan tərəflərini - şiə aləmini, o biri isə Şəki, Şamaxı, Gəncə, Bakı tərəflərini - sünni aləmini, şeyxlik büsatını, Türkiyə və Rusiya müsəlmanlarını yaxşı öyrənmiş və sırası gəldikcə onları olduğu kimi göstərmişlərdi.

Demək olar ki, Molla Nəsrəddin böyük zəhmət, uzun tədqiqat və məlumat ilə meydana gəlmiş əsri və inqilabi bir əsərdir.

Bu, "Həyat", "Tazə həyat", "İrşad", "İqbal", "Füyuzat", "Bəhlul" kimi dövlətlilərin ianələrinə çıxan, inqilabdan, həqiqəti göstərməkdən qorxan, gödək ömürlü bir jurnal deyildir. Rusiya inqilab hərəkatından, xüsusilə, onun Tiflisdəki dalğaları arasında doğmuş bir inqilab yavrusudur, yarım əsrlik bir zamanın, uzun ictimai bir həyatın zəngin tarixidir. Həm, yalnız bir Azərbaycanın deyil, qismən də qonşu Gürcüstanın, Ermənistanın, Türküstanın, İranın, Rusiyanın və hətta xaricdəki bir çox koloniyaların hallarından xəbər verən bir tarixdir.

Hər halda, "Molla Nəsrəddin" jurnalı yarım əsrlik inqilabi, ictimai bir həyatı tədqiq üçün lazım olan tarixi mənbələrdən biridir ki, indiyə qədər bunu hələ bir kimsənin layiqiylə tədqiq etdiyi yoxdur. Halbuki, inqilab və maarifimiz namına onu ciddi tədqiq mütləq lazımdır.

 

Ömər Faiq,

25 may 1936.



[1] 1906-cı il fevralın 26-dan etibarən Tiflisdə rus dilində nəşr olunan satirik jurnal. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info