Qonaq Kitabı
SÜLH MƏCLİSİ

Hökumət yüzlərcə il dostca yaşamış iki qonşu millətin arasını vurdurub, bir-birini vəhşicəsinə qırdırmağı bacardığı kimi, onların dövlətlilərini, daha doğrusu, qırğın çıxaranları bir yerə yığıb sülh məclisləri düzəltmək və orada qırğının səbəblərini axtarıb günahkarları cəzalandırmaq, cərimələndirmək kimi ikinci boir cinayət komediyası düzəltməkdən də utanmadı. Hökumət bununla həm xalqın gözünə pərdə çəkmək, öz günahını biçarə əlsiz-ayaqsız, xəbərsiz işçi və kəndlilərin boynuna qoymaq və bu vasitə ilə onları daha da çarəsiz və tərpənməyəcək bir hala salmaq, həm də "sülh məclisi" komissiyaları sayəsində qırğının erməni və türklər tərəfindən çıxarıldığı xəbərini xaricə verməkdi.

Bu sülh məclisi deyilən siyasi komediya Tiflisdə 1906-cı il mart ayında başlandı. Məclisin vücudu hökumət üçün o qədər əhəmiyyətli idi ki, sədrlik vəzifəsini namestnik öz boynuna götürdü. Həm də müşavirə öz zalını vermək iltifatında oldu. Sülh məclisinin müzakirəsini iki-üç dəfə özü apardı. Özünün keyfi olmayanda vəzifəsini öz müavini general Malamaya tapşırırdı. Bu sülh komediyasının türk aktyorları: Qarabəy Qarabəyov, Adil xan Ziyadxanov, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Kərbəlayi İsrafil Hacıyev, Xasməmmədov, Şahmalıyev, Ağaxan Yerevanski idilər.

Ermənilərdən: Arutyunov, Kalantar, Xatisov, Taqyanosov, Ter-Avitisov, Arakelov, Karapetov, Xocayev idi.

Sülh məclisinin birinci məsələsi hər iki millət vəkillərinin qırğının səbəblərini axtarıb tapmaq, gizli cəhətləri açmaq, bundan sonra qardaşca yaşamağı təmin etmək idi.

Namestnik Vorontsov-Daşkov öz nitqində qırğının səbəbini xilafi-qanuni-hərəkət edən silahlı erməni firqələrində və nüfuzlu türklərin rəhbərlikləri ilə iş görən gizli türk dəstələrində görürdü.

Məclisdə iştirak edən məşhur senator Kuzminski isə qırğının səbəbini dini, milli və iqtisadi xüsuslarda tapır və bununla guya təzə bir ictimai qanun kəşf etmiş kimi görünürdü. Halbuki bunların hamısı axmaq aldatmaqdan, gözlərə pərdə çəkməkdən, həqiqəti ört-basdır etməkdən başqa bir şey deyildi. Beyinsiz türk, erməni vəkilləri isə bir-birinin canlarına düşüb həqiqətə qarşı gözlərini kor eyləyir, özlərini qanmaz nəzərə verirdilər.

Türk vəkilləri erməni daşnaklarının firqəsini günahlandırır, davanı onların açdığını iddia edirlərdi.

Ermənilər daşnaksutyun firqəsinin hazırlığını bura türklərinə qarşı yox, Osmanlılara qarşı olduğunu söyləyib, bu işdə bəy və ağaların günahkar olduqlarını göstərirlərdi. Ermənilər hərçənd cürət edib açıq deyə bilmirlərdi. Amma hər halda, işarə ilə də olsa, türklərdən irəli gedib bu işə bəzi hökumət qulluqçularının da səbəb olduğunu az-çox dillərinə gətirirlərdi. Lakin heç biri ürəklərindəkini aşkar deyə bilmirlərdi. Ancaq qırğından və sülh komediyasından bir az sonra meydana çıxan "Molla Nəsrəddin" jurnalı birinci nömrəsindən başlayaraq, qırğının səbəblərini yavaş-yavaş açır, sırası gəldikcə yazır, nəticələrinə dair şəkillər çəkir, işin iç üzünü aşkara çıxarır, "şeytan"ın kim olduğunu apaydın bildirirdi.

Jurnalın birinci nömrəsindəki şəkildə hökumət əsgərlərinin silah satdıqlarını və bu surətlə hər iki tərəfin silahlanmasına hökumət özü səbəb olduğunu apaydın anladırdı. Bundan başqa, yenə birinci nömrədə "Bilməli xəbərlər" sırasında "Bu nə sirdir ki, erməni-müsəlman vuruşması düşən kimi hökumət əsgərləri elə şiddətli azara mübtəla olurdular ki, təbiblər onların çölə çıxmağını rəva görmürdülər".

Bundan başqa yenə birinci nömrədə "Atalar sözü" sırasında yazmışdıq: "At atla boğuşar, hökumətin işi rast gələr" (mən bu cümləni "it itlə boğuşar, hökumətin işi rast gələr" surətində yazmışdım. Mirzə Cəlil Şeytanbazar qoçularından ehtiyat edib iti ata çevirməyi rica etdi), "Eşşəyə gücü çatmır, müsəlmanı tapdayır"...

Yenə birinci nömrədə teleqram xəbərlərində deyilirdi:

"Peterburq - 30 mart. Bütün Rusiya məmləkəti sakitlikdir. Qurd quzu ilə otlayır".

"Naxçıvan - 30 mart. Qazaxlar general-qubernatordan təvəqqe edirlər ki, onlara patron əvəzinə çoxluca ispiçka göndərilsin..."

Birinci şəkildə erməni-türk vuruşmasına şeytanın əl çalıb sevinməsi, üçüncü şəkildə onların barışmaları şeytanın qaçması göstərilir.

2-ci nömrədə, altında "mədəniyyət" sözü yazılan şəkildə. Erməni-müsəlman qırğını bəlası ilə Qafqaz kəndlərinin bir-bir yandırıldığı göstərilir və 32-ci nömrədə şeytan xizək sürür, xizəyə isə erməni və müsəlman qoşulub..."[1]



[1] Burada Ömər Faiqin xatirələri qırılır. Hər şeydən görünür ki, müəllif əsəri bitirməmişdir. Üç ümumi dəftərdən ibarət olan xatirənin az bir hissəsi 4-cü dəftərə səliqə ilə köçürülmüşdür. Qalanları isə pərakəndə və səliqəsizdir, üzərində redaktə işi aparılmış, lakin axıra çatdırılmamışdır. Görünür, müəllif əsas diqqətini "Molla Nəsrəddin" jurnalı ilə bağlı məsələlərə yönəltmək istəmişdir. Bunu daha səliqəli yazılmış "Molla Nəsrəddin" jurnalı nədir?" adlı bitkin bir əlyazması da sübut edir; onu da eynilə "Xatirələr"ə əlavə etməyi lazım bildik.  - Tərtibçi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info