Qonaq Kitabı
ÇARİZMİN NÖVBƏTİ FİTNƏSİ

1905-ci ilin oktyabr nümayişindən sonra müxtəlif din və millətə mənsub əmələlər arasındakı inqilabi birliyin və bunların meydana çıxdığı qardaşlığın yavaş-yavaş artıb möhkəmlənəcəyindən qorxan hökumət vaxt itirməyib o günlərdə lazımi tədbirlərə əl atmaqdan geri durmadı. O, birər firqə rəhbərliyi altında təşlikatlı əmələlər arasında buraxmağa çalışdığı fitnə və intriqalardan bir o qədər xeyir və mənfəət görə bilməyəcəyini təcrübə edincə, onu təşkilatsız, nizamsız, başıpozuq camaatın arasında buraxmaqda çox gecikmədi.

Hökumət bütün şeytanlığını yığaraq daha tez alovlanacaq yağlı yerləri aradı. Axırda və ruhani və siyasi istibdadın çürüdüb qurutduğu saman beyinləri tapdı. Bunları odlayıb böyük bir yanğın vücuda gətirmək və bu yanğının ətrafa yayacağı alov və qığılcımlarla əməkçilərin qardaşlıq rabitələrini yaxıb gələcək inqilaba mane olacağı xülyasına düşdü.

Bu vaxtlar hökumət polisiya peyinlərinin yeraltı gəzən donuz burunlu qurdlarını (dozanqurdu) işə saldı. Pristavlar... tamahkar bir erməni dükançısının yanına gedib gedir:

− Türklərin silahlandıqlarını siz də əlbət duymuş olarsınız... Biz daha qabaq duyub öyrənmişik. Onlar sizin üzərinizə hücum etmək istəyirlər. Siz də, biz də nə qədər olsa xristianıq. Razı olmarıq ki, vəhşi türklər din qardaşlarımızı qırıb gələcəkdə bizə də ağalıq etsinlər. Sizə xəbər veririk ki, yuxulamayın, siz də silahlanın, özünüzü qorumağa hazırlaşın. Yoxsa hamınız qırılıb tələf olarsınız. Amma bizim dediyimiz kimsəyə deməyin ha! Hökumət və türklər duymasın.

Ertəsi gün həmin bu dozanqurdları axmaq bir türk alverçisinin yanına gedib deyir:

− Hacı, bilirsiniz ki, biz nə cür sizin xatirinizi istəyirik. Hökumətin sirrini hamıya demək olmaz. Ancaq siz özgə deyilsiniz. Aldığımız gizli xəbəri gərək sizə deyək. Amma hacı, gərək and içəsiniz ki, kimsəyə deməyəcəksiniz. Biz siz müsəlmanları artıq istədyimizdən qoymarıq ki, üstünüzə birdən tökülüb sizi qıralar.

− Ay ağa, kim bizi qıracaq?

− Hələ duymayıbsınız ki, qonşunuz ermənilər gecə-gendüz silahlanırlar. Var-yoxlarını satıb silah alırlar. Azğınlar hətta istəyirlər ki, hökumət çexauzlarından da oğurlayalar. Polisin çexauzlardan camaata silah verdiyini duymuşam. Lakin harada, nə vaxt verdiyini yaxşı bilmirəm. Ancaq burasını yaxşı bilirəm ki, ermənilər polisanın gözü qarşısında günorta vaxtı Qolobinskidəki "Nors" və Nikolayevski körpüsündəki "Ter-Sarkisov", erməni bazarındakı ləzgilərin silah mağazalarını talan etdilər. Aman hacı, bu xəbəri heç kəsə açmayın, özünüzü qoruyun ki, yazıqsınız, qırılmayasınız.

Bu surət və bəlağətlə hər iki tərəfi ustalıqla hazırlayıb ufak bir tətiklə, bir qığılcımla tutuşub alovlanacaq bir hala gətirdi və axşamın qaranlığında hazırladığı barıt anbarına zərərli odu saldı.

1905-ci il noyabrın 20-də axşam saat 9-da ləzgi paltarlı üç adam faytonla erməni məhləsi tərəfindən gəlib türklərin Şeytanbazardakı "Roza" lokantasının qabağından keçərək havaya beş-on güllə atdılar və faytonlarını bərk sürüb Ortaçalaya doğru getdilər.

Polisanın axtardığı bu ilk güllələr çoxdan bəri hazırlaşan hər iki tərəfin bir-birləri üzərinə yırtıcı quduz canavarlar kimi atılmaq üçün bir komanda işarəsi oldu. O dəqiqədən hər iki tərəf öz məhəllə səngərlərini açıq surətdə qurub bir-birinin üzərinə hücuma keçdilər.

O gecə səhərə qədər türklər erməni məhəlləsini, ermənilər türk məhəlləsini güllə yağışı altında saxladılar.

O gecə mən erməni məhəlləsində, Naqorniy küçəsindəki Qeyrət mətbəəsi ilə bir yerdə olan evimdə idim. Şeytanbazardan başlanan atışmadan bir az sonra qırğının başlandığını şiddətli tüfəng səslərindən duydum.

Ətramızda yaşayanların çoxu ermənilər idi. Oralarda bizdən başqa türk ailəsi yoxdu. O gecə səhərə qədər yuxulamadıq. Gah qorxa-qorxa balkona çıxıb tüfəng səslərinə qulaq asır, gah pəncərə aralığından qonşu ermənilərin hərəkətlərini, hazırlanmalarını sükutca görürdük. Bu birinci gecə dışarı çıxıb tanıdığım erməni, gürcü qəzetləri idarələrinə getmək, qırğının qabağını almaq üçün lazımi tədbirlərin görülməsini rica etmək istədim. Lakin mümkün olmadı. Tanımayan ermənilər yolda türk olduğumu duyub öldürərdilər deyə çəkindim. Gecə vaxtı bərabər aparacaq bir erməni yoldaşı da tapmadım. Səhərə qədər evdə həyəcanlar, qayğılar, maraqlar içində qaldım. Erməni qonşular bizi rahatsız etmək bir tərəfə dursun, səhər tezdən ən yaxın qonşu arvadları bizə gəlib yoldaşıma rahatsız olmamasını anlatdılar və öz aralarında öz bacıları kimi saxlayacaqlarına and içdilər. Sonradan duydum ki, bu erməni qonşu ailəsi Bakı türk-erməni qırğınından qaçıb Tiflisə gələn bakılı ermənilər imiş. Bunların anlatmalarına görə Bakı türkləri bir neçə dəfə bunların üzərinə hücum edib, öldürmək istəmişlər. Lakin qonşu tanış türklər uymayıb saxlamışlar və onları bütün dava boyu və sonra da öz evlərində gizlədib bir neçə vaxtdan sonra Tiflisə göndərmişlər. Doğrusunu söyləmək lazımdır ki, bu qapı qonşu ermənilərdən başqa özgə qonşular da bizə əsla toxunmaq fikrində olmadılar. Hətta tez-tez bizim evə gəlib, özlərinin evlərinə gedib qalmamızın ricasında da oldular. Burasını da söyləməliyəm ki, qonşu ermənilər mənim 1905-ci il oktyabr nümayişində nə fədakarlıqla iştirak etdiyimi, kazakların güllə yağışı altından qaçıb qonşu erməni evlərində gizləndiyimi, qırmızı bayraqları onlarda saxladığımı erməni sosialist hnçakistlərlə münasibətdə olduğumu yaxşı bilirdilər. Bu hnçakist yoldaşlardan biri də bizim həyətimizdə yaşayırdı. Yarı gecədən sonra şiddətini azaldan atışmalar səhər günəşi ilə bərabər şölələnməyə başladı. Bütün Tiflis camaatını həyəcana gətirən bu qanlı boğuşma səhər olunca şiddətlə gələn tüfəng səslərindən, qonşu ermənilərin qorxu və ehtiyata düşmələrindən anlaşılırdı. Belə bir vaxtda öz və ya qonşu erməni evində gizlənməklə tək özümü saxlamağım çox mənasız olardı. Buna görə atışma mərkəzinə gedib əhvalı gözlə görmək, nə yolla olursa olsun, bu qanlı yanğını söndürməyə çalışmaq lazım idi. Bu niyyətlə öz yoldaşım və qonşularla salamatlaşıb ayrıldım. Həyətdən küçəyə çıxmaq üzrə idim ki, qonşumun:

− Ay qonşu, dayan, − səsinə dayandım. Bakıdan gələn erməni qonşum mənə yaxınlaşıb:

− Kişi, hara gedirsən?

Mən türk məhəlləsinə getmək istədiyimi anladınca:

− Doğrudur, bizdən sənə zərər gəlməz, lakin belə bir vaxtda təkbaşına bu uzun yolları keçib türk məhəlləsinə getmək olmaz. Yolda səni kim tanır, başındakı şapkaya da arxayın olma. Türk olduğunu bilən kimi şap vurub öldürərlər. A kişi, bu vaxtda kim kimədir? Yox, səni qoymaram gedəsən.

Mən:

− Sozün düzü, lakin nə cür olsa, mən gərək gedək. Bu qırğını özbaşına buraxmaq olmaz. Türk məhəlləsinə getmək olmazsa, o halda gərək mən erməni qəzetə idarələrinə hnçakist sosial-demokrat yoldaşlarımın yanına gedib danışam və belə vəhşi qırğına bir çarə axtaram...

Qonşum:

− Çox yaxşı, elə isə mən və hnçakist qonşumuz səni aramızda aparaq, − dedi.

Bir az sonra iki qonşu erməni ilə birlikdə nçakistlərlə görüşmək üzrə Vorontsov körpüsünə doğru getdik. Mənim başımda və yoldaşlarımla rusca danışdığım üçün mənim türk olduğumu kimsə anlamırdı. Yolda bir para silahlı ermənilər o yan, bu yana qaçırdı. Həyəcana düşmüş camaat körpüyə doğru axırdı. Biz də axan bu insan selinə uyuh körpüyə yaxınlaşdıq. Körpünün üstü o qədər dolmuşdu ki, sanki Tiflis qopmuş,  buraya yığılmışdı. Dalda olanlar, öndəkiləri itələyir, aralarına soxulmaq, suya doğru baxmaq təlaşını göstərirdilər. Bu vaxtda mən və yoldaşlarım da camaatın böyük təlaş və həyəcanla görmək istədikləri vaqeəni görmək marağına düşdük. Mən yoldaşlarımla bərabər, bir az daha irəli keçib körpünün barmaqlarına yaxınlaşdım və hər kəsin təlaşla baxdığı səmtə baxdım. Baxdım, amma çaydakı faciəni gözlərimlə görəndə Qafqazın mədəni mərkəzində bulunduğuma inanmaq istəmədim. Çaydakı faciə və bu faciəyə tamaşa ilə zövq alan camaatın halı mənə inqivisyon və Neron tamaşalarını xatırlatmaqdan geri durmadı.

Vorontsov körpüsündən keçən türk hamballarını (İranlı həmşəriləri) yaxalayıb bağırda-bağırda sürüyüb körpünün kənarına gətirir və burda çaya tullayırdılar. Peska-Voronej məhəllələrindəki mazutlarda işləyən türk əmələlərini gizləndikləri yerlərdən çıxarıb xəncərlə yaralaya-yaralaya Kürün kənarındakı dəyirmanların hündür yerlərinə gətirir və oradan aşağıya, çaya tullayırlardı. Suya atılan biçarələr boğulmamaq üçün var gücü ilə çalışır, kənara doğru yaxınlaşırdı, lakin kənardakı vəhşi ovçuların yağdırdıqları güllələrlə yaralanır, təkrar suya batırlardı. Bir az sonra yenə üzə çıxıb əl-ayaq çarpır, üzməyə çalışırlardı. Lakin yenə güllə yağışına tutulub batır, axırda görünməz olurlardı. Bir faciə qurtulmaq üzrə ikən o biri yandan təzəsi tullanır... İkinci, üçüncü, dördüncü pərdə başlanırdı. Pərdələrin axırlarında suların qanlı dalğaları arasında qarışıb gedən cansız, hərəkətsiz meyitlərin yerinə camaat təzə canlı lövhələr, mənzərələr görmək istəyirdi. Mən qabaqca güman edirdim ki, bu minlərlə tamaşaçıların içindən bir dəstə insan çıxar, bu əlsiz-ayaqsız, bu təqsirsiz əməkçilərin işgəncələrlə öldürülmələrinə vicdanları razı olmaz. Bu vəhşiliyə, bu mədəniyyət ləkəsinə, bu yırtıcılığa mane olar. Lakin qorxularındanmı, şaşırdıqlarındanmı, hər nədənsə kimsədə bir cürət, bir tərpəniş görə bilmədim. Sanki hamı yaxalanan adamın suya nə cür atılacağını, suda yaralı vücudu ilə nə cür çırpınıb çabalayacağını, dalğalarla nə yolla çırpışacağını, yağan qurşunların ona nə cür dəyəcəyini, dəyəndən sonra necə bir işgəncə ilə boğulacağını təkrar-təkrar görmək, şadlığında olmaq istəyir. Mən burada daha uzun səbr edə bilmədim. Bütün Tiflis yerindən qopmuş, kimi tamaşada, kimi cəbhədə, kimi boğuşmada, kimi evində qorxuda. Düşündüm ki, mən belə bir vaxtda hara gedib kimi tapa biləcəyəm. Yoldaşlarımı çağırıb bir az kənara çəkildim. Bu sırada mən yoldaşlarıma:

− Bu qədər camaat içində bir sosialist, bir hnçakist və ya bir insaf əhli yoxmudu ki, bu vəhşətə mane ola.

Yoldaşlarım gözlərini qayğı ilə mənə çevirib:

− Əli silahlı canavarların üzlərini görmürsənmi?! Elə zəhərlənmiş, qudurmuş, qızışmışlar ki, bunları sözlə, propaqanda ilə dayandırmaq qabil deyil. Bir söz deyərsən, boş yerə qurban olub gedərsən. Bu silahlı yırtıcıları ya silah gücü ilə dayandrmaq, və ya başçılarını tutub suyu bəndindən kəsmək lazımdır.

Mən sosialist erməni, gürcü yoldaşlarımı belə bir vaxtda yerlərində tapa bilməyəcəyimi düşünüb, onları axtarmaqdan vaz keçdim. Yenə türk məhəlləsinə getmək, işi gözlə görmək və sonra lazımi tədbirlərdən yapışmaq istədim. Qonşu yoldaşlarım məni hüduda qədər gətirəcəklərdi. Vorontsov körpüsündən qayıdıb Peska küçəsinə döndük. Köhnə ticarət məktəbinin qarşısında hamam səkisi kənarında dalında palanı bir iranlı hambalın qanlar içində yatdığını görüb keçdik. Peskada xeyli irəliləmişdik ki, uzaqdakı Tumanovski küçəsindəki 1 nömrəli evdə məşhur Georgiaşvili evinin yaxınlığında bir evin gülləyə basıldığı, erməni silahlılarının o tərəfə yüyürdükləri gözümüzə sataşdı. Biz istədik ki, o tərəfə gedək, lakin sonra düşündük ki, yollarda belə kiçik hadisələr üçün qalsaydım uzun çəkərdi. Buna isə vaxt yox idi. Qulaqları tutan şiddətli atışma səsinin gəldiyi tərəfə Şeytanbazara yetişməyə tələsirdim.  Cürbəcür vəhşiliklərin şahidi olaraq, uzun əngəl, həyəcan və təlaşlardan sonra Peskanı keçib Metex             qalasının altına çatdıq. Lakin hünər buraya qədər gəlmək deyil. Bundan sonra dava hüdudunu salamat keçirməkdir. Erməni yoldaşlarım isə buradan bir addım da irəli gedə bilməzlərdi. Onsuz da Şeytanbazar tərəfdən yağan güllələr bu tərəfdə kimsəni salamat qoymazdı. Bir müddət gizləndiyimiz divarın arxasında qaldıq. Nə edəcəyimizi şaşırdıq. Xeyli əziyyətdən sonra erməni yoldaşlarım ilə birlikdə hüduddakı erməni dəstələrinin başçılarını tapdıq. Mən dava tərəfdarı olmadığımı, ümumiyyətlə, hər iki tərəfi barışdırmaq üçün o tərəfə keçmək istədiyimi bildirdimsə də, inanmadılar.

Erməni yoldaşlarımın uzun danışdıqları, anlatmaları, zamin olmaları, hətta ailəmizin ermənilər içində olduğunu bildirmələri mənim o tərəfə keçməmə güc-bəla ilə razı oldular. Bununla erməni silahlılarının hücumundan, güllələrindən qurtuldum. Lakin hər iki tərəfdən yağan güllələr altında o tərəfə necə keçib qurtulmalı? Bəla burasındadır.

Yaxşı ki, bu sıralarda atışmalar gah şiddətlənir, gah kəsilirdi. Mən bu kəsişmələrdən istifadə edərək divar dibləri ilə yavaş-yavaş irəlilədim. Hüdud ağzındakı silahlı türklərə səsimi eşitdirdim, məni o tərəfə almalarını rica etdim. Bir az sonra gələn rüsxət səsləri arasında o tərəf keçdim. Keçən kimi məni alıb Paronbəyov karvansarasına apardılar. Orada isə İsmayılbəy, Əlibala, Məşədi Əli kimi bəzi başçıların istintaqlarına məruz qaldım. Onlar məndən ermənilərin qüvvələrini, gizli hücum nöqtələrini, yığıncaq yerlərini xəbər aldılar. Mən də "bilmirəm"ə əlavə olaraq, qonşu davasının axırı peşmançılıq olacağını və onlarla aramızda dava ilə həll ediləcək heç bir ciddi ixtilafımız olmadığına, bu qırğını çıxaranın erməni-türk olmayıb, məhz hökumətin özü olduğuna dair bir çox söz söylədim. Barışmamızı rica etdim. Lakin mühakimələrini itirmiş qızğın başlara, cəhalət qəhrəmanlarına sözüm keçmədi. Gördüyüm başçıların içində dərd və məram anlayacaq, həqiqəti düşünəcək, hökumətin şeytanat siyasətini qanacaq bir kimsə tapmadım. Onlar öz qol və dəstələri gücü ilə Şeytanbazara rəhbərlik edən bir para avam həriflər idi. Ətrafıma uzun diqqət etdim ki, bəlkə bir tanış ziyalı görəm, söz anladam, heç kimi görə bilmədim. Məgər bu vaxtda ziyalılar qorxularından evlərində oturub, dışarı çıxmağa cürət edə bilməmişlər. Ricamın qəbul edilmədiyini görüncə buradan çıxıb özgə yerlərə baxmaq, başqalarını görmək üzrə idim ki, olduğumuz Paronbəyov karvansarasının divar və pəncərəsinə dolu kimi güllə yağmağa başladı. Hər kəs əl-ayağa düşüb gizlənməyə, silahlılar sipər arxalarına keçib cavab verməyə tutuşdular. Meydanda, yolda bir adam da olsa, qalmadı. Bir para silahlıar karvansaranın damına çıxıb, ocaq buxarlarını özlərinə sipər qayırıb oradan erməni məhəlləsini atəşə tutdular. Bu şiddətli atışma bir-iki saata qədər davam edib sakitləşdi. Bu arada gördüm ki, divarları xəlbir kimi deşilmiş, pəncərələr tökülmüş, kiramitlər parçalanıb dağılmış, yaraları qanlarını silir, bağlamağa şey axtarır. Ara xeyli sakitləşəndən sonra buradan mütləq çıxmaq, özgə yerlərin vəziyyətini görmək, bəzi yoldaşlarla görüşmək istədim. Bu sırada bir para ziyalıların, o cümlədən, Ləlinin[1] məscid nömrələrində olduqları xəbərini aldım. Karvansarının divarları dibi ilə sürünə-sürünə məscidə çatdım. Amma qapını açdırmaq çox çətin oldu. Çünki bura tam hüdud üzərində idi, hər dəqiqə hücum gözlənirdi. Min bəla ilə qapını açdırıb içəri girdim. Oraya girər-girməz atışma yenidən alovlandı. Qapılar daha möhkəm bağlanıb, dalalrı odun və dəmirlərlə bərkidildi. İçəridə olanların gizlənmək üçün ora qaçdıqları gözümə sataşdı. Təhlükə və qorxulu hallara düşmüş bir para zəif insanların aldıqları vəziyyəti görüb təəccüb etdim. Mehmanxana olan binanın qapı-pəncərələri və divarı qayət möhkəm idi. Oraya zorla girməyin kolay olmadığını bildikləri halda, çoxunun rəngi qaçmış, qucaqlara soxulmuş. Tir-tir titrədiklərini görüncə, təəccüb daha da artdı. Doğrusu, acığım gəldi. Hələ zahirdə igid, qorxmaz, heybətli görünən ləzgilərin, ümumiyyətlə, dağlıların burada gördüyüm nümunələri onlar haqqında indiyə qədər bəslədiyim müsbət düşüncələrimi alt-üst etdi. Gözlərimə baxan səfil vəziyyətlər, əzgin çöhrələr, ölüm qoxusu ilə varlıqlarını itirmiş, kiçilmiş, alçalmış vücudlar, qulaqlarıma gələn iniltilər, yalvarışlar, dualar məni o qədər çaşdırdı ki, tapmaq istədiyim ziyalıları, Ləlini də unutdum. Yerə sərilib Həzrəti Abbası çağıran biçarələrin yanlarına gedib onlara acıqlandım. Buranın salamatlığını, bu dərəcə qorxmağın lüzumu olmadığını anlatdım. Bu sırada pəncərələrin sınıb, şax-şuxla tökülüb, keçən güllələrin tak-tuk səsləri məni yalançı çıxaracaqdı. Bir az sonra mehmanxana qapısının dışarıdan döyüldüyün duyub yaxın getdim, qulaq verdim. Gələn səsləri tanıyan kimi oldum. Tez yuxarı çıxıb pəncərənin deşiyindən baxdım. Gördüm ki, bizim mətbəə mürəddibləridir. Dərhal enib açmaq istədim. Lakin bir çox qorxaqlar ətrafımı sarıb buna mane oldular. Öz rahatlıqları xətrinə qapı inildəyən, bizdən kömək diləyən yaralılara əl uzatmaq istəmədilər. Mən özümə tezcə tərəfdar tapmaq üçün yaxındakı nömrələrə baş vurdum. Axtardığım yoldaşlarla bərabər, Ləlini də tapdım. Hamı birlikdə aşağı endik, qapını tez açıb gələnləri içəri aldıq və tezcə də qapadıq. Gələn yaralıların içində bizim öz mürəttibimiz Feyzulla Feyziyev[2] də vardı ki, güllə ilə qarnından yaralanmışdı. Vaxt keçirməyib gülləni çıxarmaq istədik. Lakin buraya yaxın bir həkim tapa bilmədik. Axırda çarəsiz qalaraq, ürək həkimi olan şair Ləlinin yarımçıq yara həkimliyinə müraciətə məcbur olduq.

Yaranı müvəqqəti sarıdıq. Heyf ki, dərin gedən güllənin açdığı yaranın təsiri ilə biçarə Feyzulla çox keçmədən qucağımızda vəfat etdi. Bu yazıq o günü başındakı şapkasına güvənərək gizli bir surətdə erməni tərəfinə keçir. Naqornıdakı "Qeyrət" mətbəəsinə gedir. Oradakı yoldaşlarından xəbər tutmaq istəyir, kimsəni görə bilməyincə qayıdır. Şeytanbazara qədər salamat gəlir. Buradan hüdudu keçəndə türk olduğu bilinir, ermənilər tərəfindən yaralanır.

Mən, Ləli və oradakı tanış iranlı tacirlərlə qırğını dayandırmaq barəsində uzun söhbətdə oldum. Hamısı bir iş görə bilməyəcəklərindən məyus olub otaqlarında oturduqlarını və bəlkə hökumətin işə qarışıb atışmanı sakitləşdirəcəyi ümidində olduqlarını söylədilər. Mən bu tacir qafalardan bir kömək olmayacağını qanıb, orada daha uzun dayanmadım. Atışma kəsən kimi sükutla qapıdan çıxıb divar dibləri ilə yenə Paronbəyov karvansarasına getdim. Orada bir neçə yaralının həkimsizlikdən can verdiklərini gördüm. Buradan sakitcə çıxıb Şeytanbazarın daha içərilərinə getdim. Yolda bir çox müsəlmanların əldə silah sipər arxalarında oturub atışmaya hazırlaşdıqlarını, qəhvəxanaların turuncu dükanlarının içəriləri adamlarla dolu olduqları görünürdü. Hamamın yanındakı qəhvəxanaya girdim, silahlı-silahsız ağzına qədər adamla dolu idi. Söhbətlətinə diqqət etdim. Biri Əlibalanın qoçaqlığından, o biri İsabəyin güllə atmasından, daha o biri yekə ermənini nə cür yaxalayıb suya atdıqlarından danışırdı. Qəhvəxana qarışqa kimi qaynayır, kimi çıxır, kimi gəlib təzə xəbər gətirirdi. Burada bir neçı tanış cavan gözümə sataşdı. Onları yanıma çağırıb:

− Görürsünüz, hər iki tərəfdən əlsiz-ayaqsız qırılır. Əsl yanğına səbəb olanlar heç də görünməyir. Bu mənasız qırğının axırı nə olacaq? Vəhşicə qırılıb-qırılıb, yenə bir gün gələcək kor-peşman, utana-utana qonşu qonşunun üzünə baxacaq. Axı ya onların, ya bizim istəyimiz nədir? Nədən ötrü dava edirik? Əlbəttə, bilmirsiniz. Çünki arada bir iş yox ki biləsiniz.

Cavanlardan biri:

− Biz nə edək, davanl onlar çıxartdılar. Burada bizim axırımıza çıxmaq istəyirlər. Onlar bizdən mədənidirlər. Qonşu davasının pisliyini, xeyirsizliyini onlar bizdən daha qabaq başa düşüb etməyəydilər. Hanı onlarda barışmaq istəyən, bir söz deyən varmı?

Mən:

− Yox, yanılırsınız, davanı nə onlar çıxartdı, nə də biz. Bunu çıxaran ancaq çar hökumətidir. Osmanlıdakı türk-erməni qırğınına da Osmanlı hökuməti günahkardır. O, mədəni surətdə məmləkəti idarə etməyi bacarmır. İstər orada, istər burada xalqın heç günahı yoxdur. Qırğın cinayətini, türk və erməni millət davasını çıxaran hökumətin özüdür. Üç ay qabaqkı əmələ nümayişi yadınızdadır. Onlar hökumətdən azadlıq, bərabərlik, rahat yaşayış və öz nümayəndələri vasitəsi ilə hökumət işlərinə qarışmaq, onların noxtalarını çəkmək istəyirdilər, deyilmi? İndiyə qədər istədiyi kimi keyfinə yaşamış hökumət heç buna razı olarmı? Əlbəttə olmaz. Odur ki, şeytan hökumət axmaq müsəlman ilə sarsaq ermənini tapıb aranı qarışdırır ki, özü salamat qalsın. Oğrular davası Molla Nəsrəddinin yorğanı başında olduğu kimi, bu da inqilab mübarizəsi üstündədir. Bircə düşünün, budavada xeyrimiz nədir, nə gözləyirik, nə qədər qoçaqlıq edib irəli getsək, sabah nə bizi ermənilərin mağazalarını verəcəklər, nə də ermənilərə bizim dükanları. Arada vəhşicə qırılıb boş yerə tələf olacayıq.

Bu sözlərimin təsiri ilə tanışlarımın bir az sakitləşdiklərini görüb istədim bunlara söylədiklərimi hamı üçün təkrar edim, lakin tanışlar:

− Aman, Faiq! Səni tanımayanlara belə barışıq söhbəti açarsan, qorxuram, səni erməni agenti hesab edələr və sənə bir zərər yetirələr. Qanmaz camaatdır, bunlardan hər şey çıxar. Bir də bu vaxt kim kimədir? Arada toyuq kimi gedərsən. Təvəqqe edirik, danışma, özünü saxla.

Doğrusu, mən də camaatın həyəcanlı halını nəzərə alaraq, oradan sovuşdum və düşündüm ki, bu ilk qızğınlıq vaxtında birtərəfli sözlər doğrudan da, bir o qədər təsir bağışlamaz. Gərək hər iki tərəfə bir vaxtda söz söyləyəcək, söz keçirəcək güclü bir qüvvət olsun.

Artıq axşam yaxınlaşmışdı. Türk-erməni məhəllələrinin arasından keçən Kür çayının qızıl rəngini parladan günəş işığı yavaş-yavaş sönür, ortalıq qaranlıqlaşırdı. Mən daha küçələrdə dolaşmayıb, İsmayıl Həqqi Həsənzadəgilə gedib bir çox tanışları onlara yığmaq, orada kiçik bir təşkilat düzəldib barışdırmaq işinə başlamaq xəyalına gəldim.

Yolda dəstə-dəstə gəzən silahlıları küçələrdə lazımi yerlərə yerləşdirilən qaravulları, tutulan hündür yerlərdəki nişançıları görüncə, bu tərtibin özbaşına olmadığını, yaxşı-pis onların br mərkəzə, bir təşkilata tabe olmaq ehtimalını düşündüm. Çünki ictimaiyyət tarixinin belə vaxtlarda zamana görə bir mərkəzin və ya bir komandanın vücuduna olan ehtiyacını yüzlərcə misallardan bilirdim. Buna görə mən də bu işlərdə labüd olan bir mərkəz və ya komandan axtarmaq fikrinə düşdüm. İsmayıl Həqqigilə getməyi sonraya saxladım. Soruşa-soruşa, axtara-axtara Vorontsov küçəsinin aşağısına doğru endim. Axırda 47 nömrəli ikimərtəbəli böyük evə bir cüt silahlının girib-çıxdıqları gözümə dəydi. Lakin bu tanımadığım evə birdən-birə girmək istəmədim. Bir az dayandım. Təsadüflə buraya gələn bir-iki ziyalı cavan tanışla bərabər girdik. İçəri girib vəziyyəti elə bir halda gördüm ki, ev yiyəsi ilə rəsmi tanış olmamağın lüzumsuzluğu öz-özünə anlaşıldı. Bu, hər yanı ipəkli örtülərlə, qiymətli xalılarla, qızıl zərli mebellə bəzənmiş zalda bir çox zabitlər, bəylər, ağalar, ruhanilər, Şeytanbazar qoçuları vardı. Kimi ayaqda həyəcanlı danışır, kimi tələsik yazı yazır, kimi də mollalarla müsahibədə idi. Bura zabit Hüseyn bəy Yadigarovun evi idi.

Hələ "Şrqi-Rus"da ruhanilər, bəylər əleyhinə yazdığım məqalələr ilə məni tanıyan bəzi ruhani və bəylərin məni gözləri ilə yemək istədiklərini aşkar görüncə, ümidim büsbütün kəsildi. Mən bu yığıncağın içində bir nəfər də olsa, sözümü anlayacaq bir kimsə axtarırkən, ümumiyyətlə, mənə düşmən olduqları anlaşılırdı. Tərsinə olaraq, hər iki millətin qudurub boğaz-boğaza sarıldıqları, bir-birilərini yırtıcılar kimi parçaladıqları belə bir böyük hadisədə camaata rəhbərlik edənlərin özlərini, fikirlərini, hallarını, tədbirlərin bilmək istərdim ki, bildim. Həm də yaxından bildim ki, bura qırğını çıxaranlara alət olan beyinsiz başlar yığıncağıdır. Burada hökumət vədləri ilə zəhərlənmiş beyinlərin mahiyyətlərini, hallarını görüncə, barışıq barəsində söz açmağı artıq bildim. Buna görə burada çox dayanmayıb çıxdım.

Güllə tutmayan içəri, dar küçələrlə özümü Sumbatov küçəsindəki Ağa Yəhyanın evinə çatdırdım. Mən oraya gedən və qayıdan vaxtlarda Avlabar tərəfindən türk məhəlləsinə yağan güllələr gah ora, gah bura dəyirdi. Türklər tərəfindən erməni bazarına, "Xarpuq" səmtinə atılan güllələrin səsindən qulaqlar tutulurdu.

Günəş batdığı halda hələ ağzıma bir şey almamışdım. Susuz yanırdım. Ağa Yəhyagildə bir az yeyib-içdim. Buradan durub o zaman camaatın sosial ad qoyduqları bəzi açıq fikirli ziyalıları,gəncləri görmək fikri ilə "Sup sərgisi" yoxuşu yuxarı çıxmaq üzrə idim ki, sol tərəf məhəllədən qulağıma dəyən bir qadın fəryadı məni daha tez o tərəfə atdı. Qonşuluqdakı bir evdə axşama qədər birtəhər gizlənib axşam qaranlığından istifadə edərək Xarpuqa tərəf can atmaq istərkən yaxalanmış, bir neçə yerindən yaralanmış bir erməni qadını küçənin yuxarısından aşağı doğru aparılırdı...

Mən gərək ermənilər tərəfində, gərəksə türklər tərəfində eyni dərəcədə olan vəhşiliklərə qarşı bir iş görə bilmədiyimə bərk acıqlanmış, nə edəcəyimi şaşırmış kimi idim. Onsuz da axşam qaranlığı çoxdan çökmüş, həm ürək, həm də vücudca yorulmuşdum. O günü axşamüstü Naqornıda buraxdığım ailəmin yanına gedəcəyimə söz verdiyim yadıma gəldi. Lakin bu vaxtda, bu qaranlıqda harasa getmək mümkündü? Çarəsiz olaraq bu gecə türklər tərəfində qaldım. Bu qalmağımdan istifadə edərək tanışları görməyə qərar verdim. Lakin gecə gəzmək çox təhlükəli idi. Olduğum və gedəcəyim küçələrin heç birində işıq yox idi. Ablavlar tərəfindən gələn düşmən güllələrinə nişan olmamaq üçün bütün işıqlar söndürülmüş, pəncərələr qapanmışdı. Özümü güc-bəla ilə İsmayıl Həqqi Həsənzadənin[3] evinə yetirdim və oraya yaxın olub sosialist adlanan Əşrəf Yüzbaşevlə[4] dərzi Vəlini və mürəttibimiz Məmməd Hüseynlə[5] müəllim Baxşəlibəyi çağırtdırdım. Aranı barışdırmaq xüsusunda onlarla uzun-uzadı müzakirədə olduq. Mən öz növbəmdə propaqanda və rica ilə bir iş görülməyəcəyini və mümkün olsa belə ancaq bir neçə qonşu millət üzvlərindən ibarət bir qüvvət - bir təşkilat vasitəsi ilə ola biləcəyini anlatdım. Axırda sosial-demokratlara müraciətlə bir propaqanda komissiyası ilə gürcü və rus əmələlərindən ibarət bir silahlı dəstənin istənilməsinə qərar verildi.

Bu gecə üst paltarlarımızı çıxarmayıb və uşaqlar kimi gah yuxuluyur, gah da atışma səsləri ilə tezcə oyanırdıq. Bu gecə Aolavar tərəfindən atılan bir-iki güllə də olduğumuz evin pəncərə ramkasından keçib yan-başımızda döşəməyə sancılmışdı.

Səhər qaranlığında İsmayıl Həqqi və başqa yoldaşlar ilə birlikdə Botaniçeski sad tərəfindən erməni məhəlləsinə, oradan da sosial-demokratların mərkəzi idarələrinə getdik, əhvalatı anlatdıq. Onlar da biz düşündüyümüz kimi düşündüklərini və bu iş üçün hökumətin rüsxəti ilə dəmir yolu əmələlərindən 100 nəfərdən ibarət bir dəstə hazır etdiklərini xəbər verdilər. Propaqanda komissiyasına gürcülərdən Jordaniya və ermənilərdən Yerzekyan[6] (indi şura Ermənistanında komissardır), türklərdən də mən seçildim. Bu komissiyada iranlı bir erməni yoldaş daha vardı ki, onun fədakarlığını, insanlığını unutmaq heç olmaz. O da Setrak Vanvoryan (balıqçı dükanında əmələ) idi.

Silahlı əmələ drujinası öz komandası ilə bərabər bu komissiyanın ixtiyarına verilmişdi. Drujina öz vəzifəsini görmək üçün qırğının üçüncü günü Şeytanbazara - hüdud ağzına gəlib dayandı. Hər iki tərəfin atışmasına mane olmaq vəziyyəti aldı. Bunun vücudu sayəsində hər iki cəbhədə beş-altı saatlıq uzun bir sakitlik davam etməyə başladı. Biz buna tez aldandıq. Özgə hərbi tədbirləri buraxıb propaqanda ilə barışdırmaq xəyalına düşdük. Aranı qızışdıran şeytanlar isə bizim kimi inanıb yatmamışlardı. Onların qızğın, kinli iblis ürəkləri iki-üç günlük qanla soyumadı, yüzlərcə öldürülən, Kürə atılan günahsız əmələlərin, çocuq və qadınların fəryadı onların qulaqlarına girmədi. Onlara vaxtilə cızdıqları planlarını tamamlamaq, aradakı uçurumu dərinlətmək üçün daha çox qurban lazım imiş ki, beş-altı saatlıq sakitlikdən sonra agentlər tərəfindən atılan bir neçə güllə işarəsi ilə hər iki tərəfdən ən şiddətli, ən sürəkli bir atışma başlandı. Hər iki cəbhənin arasında duran və hər iki tərəfi sakitliyə dəvət edən drujina nəfərləri birdən-birə güllə dolusu qarşısında qaldılar. Özgələrini hücum və yaralanmaqdan saxlamağa çalışan biçarələrin özləri yaralandılar. Beş-on min hücumçunun qarşısında aciz və gülünc bir halda qaldılar. Yaralılar xəstəxanaya göndəriləndən sonra drujina da olduğu yerdən götürüldü. Bu səfər onun vəzifəsi başında barışdırıcı propaqanda komissiyası olduğu halda, türk-erməni məhəllələrinə gedib hər iki tərəfdə mühasirədə qalan evləri və içindəki adamları qurtarmaq və münasib yerlərdə durub propaqanda işi görmək oldu. Mən gəldiyimin dördüncü günündə də Naqornıya, ailəmin yanına gedə bilmədim. Dördüncü günü drujinanı alıb podvallarda, krışalarda tək-tək qalıb gizlənən erməniləri qurtarmaq üçün dolaşmağa başladıq. Sup sərkis kilsəsinin yan və aşağı tərəflərində qalan erməni evlərini qurtarmağa getdiyimiz zaman çoxunun gecə qaranlığından istifadə edərək qaçdıqlarını, kiminin yollarda tutulduğunu duyduq, kiminin də evlərinin möhkəm yerlərində gizləndikləri xəbərini aldıq. Bu gizlənənləri ölümdən qurtarmaq üçün evlərinə girib hər təfəri axtardıq. Evlərin içərisi onsuz da dağılmış, var-yoxları aparılmışdı...

Axtardığımız evdə dayandığımız vaxt yer altından zəif inilti səsi eşidən kimi olduq. Diqqətlə qulaq verdik. Divarın yanındakı qalın taxta və odunları bir tərəfə çəkib haldan düşmüş bir qoca qarını tapdıq. O, həm aclıqdan, həm qorxudan şaşırmış, kimsəni tanımırdı. Tez su gətirib verdim. Yanımdakı yoldaşım Setrak ermənicə qorxmamasını, onu qurtarmağa gəldiyimizi anlatdı. Bir az gözlərini açdı, çörək verdiksə də yeyə bilmədi. Onun yanında bir erməni yoldaş ilə üç-dörd silahlı drujina nəfəri qoyduq ki, bir az sonra yaxındakı Xarpuqa gətirsinlər.

Biz özgə yerləri axtarmağa getdik, kimsəni tapa bilmədik. Bu sırada Peska yolunun üst tərəfində bir türk evinin mühasirəyə alınıb gülləyə basıldığı xəbərini gətirdilər. Bütün drujina o tərəfə tələsdi. Evə yaxınlaşıb gördük ki, dörd tərəfdən güllə yağır. Çarəsiz olaraq pusquya keçdik. Evin sağ tərəfinə hücum edənlərin qabağını aldıq, irəli buraxmadıq. Lakin uzaqdan atılan güllələrdən aman tapıb içəri girə bilmədik. Evə od vurmaq niyyətində olduqlarını duyunca tez vaxt itirməyib güllə dəyməyən bir pəncərəni dağıtdıq, bütün ailəni oradan çıxartdıq. Bunları dəstəmizin arasına alıb min bəla ilə türk məhəlləsinə gətirə bildik.  Drujinanın ən böyük xidməti bu oldu ki, istədiyimiz vaxt türk məhəlləsindən ermənilər tərəfinə, erməni məhəlləsindən türklər tərəfinə keçir, xalq yığıncaqlarına, qəhvəxanalara girib barışıq lehinə danışırdıq və hər halda ümumi əfkarı barışmağa hazırlayırdıq. Bu arada xəbər tutur və hətta bəzi vaxt öz gözümüzlə görürdük ki, hökumət agentləri bizdən çox çalışır, çıxardıqları yanğına cürbəcür fitnə neftləri səpib daha artıq alovlandırırdılar.

Beşinci gün beş-on drujina nəfəri ilə birlikdə Naqornı küçəsinə gedib ailəmi gətirdim. Bu vaxtda xəbər tutdum ki, Mirzə Cəlil birinci gecə axşamdan mətbəəni Tumanovski küçəsinin qurtaran yerindən David dağının ətəyində təkcə duran rus ovçusunun evində saxlayırmış (məşhur sosial-demokrat G.Curciaşvilinin evinin yaxınlığında).

Mən ailəmi türk məhəlləsinə, Ağa Yəhyanın evinə gətirdim ki, onun dərdindən qurtarıb daha ciddi çalışım. Lakin bu düşüncədə çox aldanmış, gəldiyimiz gündən bir gecə də rahat ola bilməmişdik. Olduğumuz ev yüksək və görkəmli olmasına görə Ablavarın gülləsindən qurtara bilmirdi. Bundan başqa, yanıbaşımızda başlanan yanğınlar bizi hər tərəfdən qorxudurdu. Birinci yanğın ilə qırğının ikinci pərdəsi başlandı. Uzaqdan-uzağa güllə yağışı yağdırmaqla, bir-birilərinə böyük zərərlər verə bilməyən beyinsiz, qudurmuş vəhşi düşmənlər bu səfər güllə hücumuna yanğın hücumunu da artırdılar və bununla vəhşiliyin, qudurğanlığın ən böyük, ən nifrətli dərəcəsini göstərdilər. Ermənilər birinci yanğının təsiri ilə araya hərc-mərclik, pərişanlıq düşdüyünü və bu surətdə türk cəbhəsinin zəiflədiyini, mənəviyyatın qırıldığını anlayaraq bütün gücləri ilə bir neçə yerdən türk məhəllələrinə od vurmağa çalışdılar və bir neçə gün sonra ermənilər Xarput tərəfdən enib Sup sərkis küçəsində olan Hacı Hüseyn Bağırovun böyük evini odladılar. Yanğını söndürmək istəyənlər həm Xarput, həm Ablavar tərəfindən yağan güllələr altında qalıb geri çəkildilər. Yekə evi yanıb kül olunca özbaşına buraxdılar. Bu sırada dəstəsi ilə köməyə gələn Borçalı Şamil də orada ikən vuruldu.

Yanğın yalnız yaxdığı evdə qalmır, çıxardığı uzun qırmızı dili ilə ətrafı da həyəcan, qorxu və təhlükəyə salırdı.

Bu sıralarda ətraf evlərdəki qadınlar, çocuqlar, qocalar haraya qaçacaqlarını şaşırıb, güllə və bomba atəşlərindən, yanğının dəhşətindən, zərərindən qorxmağa başladılar. Buna görə də silahlıların bir çoxu cəbhəni buraxıb ailələrini qurtarmaq qeydinə qaldılar. Mən özüm də o günlərə qədər drujinalarla birlikdə gah erməni tərəfindən keçib türk tərəfinə gəlir, hər iki tərəfi barışdırmağa çalışır və bu surətlə az-çox aranı sakitləşdirirdik. Lakin yanğından ürküb küçələrə tökülən qadın və çocuqların fəryadı, özbaşına buraxılan yanğınların alovlarla göylərə qalxdığını görüncə özgə işlərimi buraxıb bunların dərdinə qalmağa məcbur oldum. Hələ bu günün axşam və gecəsi səhərə qədər bir dəqiqə rahatlanmayıb bir neçə yoldaşla küçələrə tökülən biçarələrə rəhbərlik edib boş olan Çitakov fabrikası binasına gətirib yerləşdirməklə məşğul olduq.

Heç yadımdan çıxmaz: o gecə yanğın yerlərindən toplanan yüzlərcə ailəni Çitakov fabrikası binasına gətirirkən Avlabar tərəfindən yağan güllələrin vıyıltısı ilə gah bu yana, gah o yana qaçıb gizlənir, ayın buluda girməsini gözləyirdik. Ay buluda girib ortalıq qaranlıqlaşan kimi sevinir, yollarımızı dəyişdirib irəliləyirdik. Ay çıxan kimi yenə gülləyə tutulur, divar yarıqlarnda, qapı girintilərində, döngələrdə gizlənirdik. O gecə bir kilometrlik yeri ancaq dörd-beş saata keçə bildik. Uşaqlar soyuqdan, qorxudan ağlaşa-ağlaşa, qocalar düşə-qalxa səhərə qədər gah bu bucaqda, gah o döngədə gizlənir, özümüzü güllə yağışından saxlayırdıq. Səhərə yaxın min bəla və müsibətlə Çitakova çatdıq. Bizdən sonra yenə bir çox qafilələr gəlib doldu. Burada ağlaşan körpələrin səsi, yolda uşağını itirmiş anaların fəryadı ilə qarışaraq ürəkləri dəlirdi. Bu gün və gecələrdə çəkdiyim əziyyəti ömrümdə çəkməmiş və görməmişəm desəm, yalan olmaz. Gündüzlər axşama qədər gah barışdırmaq propaqandası ilə məşğul olur, gah gizlənənləri qurtarmaq üçün təhlükəli yerlərə yüyürdük. Üçüncü günü atışmadan qaçarkən qaloşları itirmiş, nazik tuflilərlə qalmışdım. Gecələri isə üst paltarları ilə bir neçə saat dovşan kimi yuxular, çox vaxt yanğın bəlasına qarşı səhərə qədər ayıq qalırdıq. Çox vaxt yeməyə vaxt tapmaz və bir şey tapmaz, palçıq və soyuqda gəzə-gəzə yorulurduq.

Tiflis şəhəri biri böyük, o biri çox kiçik olmaq üzrə ikiyə bölünmüşdü. Bu iki düşmən cəbhəsinin hüdud xətti Ortaçala körpüsünün Şah Abbas məscid körpüsünə və buradan Şeytanbazar meydanını orta yararaq hüduda qədər uzanan xətti idi.

Erməni hücumçuları erməni bazarındakı dükan və mağazalarında nə qədər çuval varsa, hamısını zorla alıb torpaq, qum illə dolduraraq erməni bazarında qat-qat səngərlər yaratdılar.

Atışmanın əvvəlindən axırına qədər erməni hücumçuları silahlı olaraq dəstə-dəstə şəhərin ən böyük və ən izdihamlı küçə və caddələrində hökumət idarələrinin və adamlarının gözləri qabağında əsgər bölükləri kimi azad və rahat bir tərəfdən o biri tərəfə keçir, istədikləri hərbi hərəkətdə olurlardı. Tiflis türkləri isə açıq surətdə Borçalıdan atlı dəstələr, köməkçilər çağırırlardı. Hətta bu gələn dəstələrə rəhbərlik edirlərdi. Vorontsov küçəsindəki zabit Yadigarovun evi bu gələnlərin, bu hücumların ştabı idi. Botaniçeski sadın şəhər tərəfindəki bürcləri - divarları Borçalıdan gələn dəstələrin səngərləri idi. O yüksək yerlərdən erməni məhəllələrini, Sulalakı, hətta namestnik Vorontsov-Daşkov sarayının yaxınlığındakı Yerevanski meydanını da gülləyə basırlardı. Qafqazın bu böyük mədəni mərkəzi qəsdlə hər iki millət canavarlarının əllərinə buraxılmışdı. Deyəsən, o günlərdə Tiflisdə nə hökumət vardı, nə də əsgər və polis. Gərək erməni və gərəksə türk hücumları hər dürlü vəhşi hərəkətləri günün günortasında, hökumətin gözü qabağında gürcü, erməni, rus ziyalılarının, mədəni məmləkət konsullarının yanıbaşlarında keçirdi. Bunların hamısı vaxtilə Romadakı sirklərdə qızmış buğaların döyüşməsinə tamaşa edənlər kimi tamaşa edirlərdi. Heç kəs bunlara, bu vəhşiliklərə səs çıxarmır, mane olmur, tərsinə olaraq, bəlkə bir çoxlarından hər iki tərəf də maddi və mənəvi yardım da alırlardı.

Tiflis kimi böyük bir şəhərdə, Qafqazın mərkəzində yaşayan iki millətin bir-birini ən azad bir surətdə vəhşicə qrmaları, tüfəng, bomba səslərilə bütün şəhərin həyəcan və qorxu içində olması, şəhərin mükəmməl yanğın dəstəsi olduğu halda, göylərə qalxan yanğın alovlarının saatlarca deyil, günlərcə özbaşına buraxılmaları və hər kəs kimi hökumət və şəhər idarəsinin də tamaşası da oldu. Qırılanların, yanğınların gün-gündən artması bir gün, iki gün deyil, o gündən artıq davam etdi. Hətta hökumətin şəhər idarəsinin xəyanəti, alçaqlığı o dərəcədə idi ki, buradan Afrikadakı müharibə yaralılarına qırmızı xaç yardımı götürdüyü halda, öz şəhərində, yanıbaşında yaralanan biçarələri qəsdlə həkimsiz, dərmansız, sarğısız buraxıb, heyvan kimi yiyəsiz qırılmalarına aşikar surətdə kömək edirdi.

Hər iki tərəf bir yandan günlərcə döyüşə-döyüşə, boğuşa-boğuşa, yorulmuş canavarlar kimi artıq haldan düşmüş, gücdən qalmış, digər yandan kiçik bir qrupun hər iki tərəfə hər gün elədiyi propaqanda sayəsində peşimanlıq üz vermiş kimi idi.

Konsullar, xaricilər, işin iç üzünü düşünən ziyalılar hökumətin fırıldağını, şeytanlığını, alçaqlığını tamamilə anlamışlardı. Lakin bu anlayışlar nə dərəcədə olursa-olsun, hökumət qaba, alçaq və vəhşi hiylə və fitnəsilə yüzlərcə günahsızların qanını tökdürmüş, öz fırıldağını yerinə yetirmişdi. Hökumət bu zamanda öz şeytan hərəkətilə bir neçə ovunu birdən vurmuş, erməni türk düşmənliyini istədiyi kimi dərinlətmiş, inqilab qığılcımlarını uzun zaman basdırmış, hürriyyət və inqilab tərəfdarlarının səslərini boğmuş bir qəhrəman vəziyyətində qalmışdı. Meydana gətirdiyi bu böyük qırğınla guya öz murdar məramına çatmış kimi görünürdü. Halbuki, həqiqətdə bu kimi vəhşi, alçaq fitnələrlə öz ölümünü yaxınlaşdırır, tələsdirirdi. Axmaqlığa baxınız ki, qırğını meydana çıxaranlar artıq hər kəsə məlum ola-ola hökumət özünü bilməməzliyə, korluğa vurur, ovunu yaralayıb, əzişdirib, qüvvətdən salıb üstünü ağac və kolla örtəndən sonra uzaqdan qaravulluğunu çəkən ayı kimi sakit dururdu. Hökumət vəhşi planını yerinə yetirib, istədiyi qədər qanlar axıtdırıb, ailələr söndürəndən sonra sakitlikdən fəaliyyətə keçdi.

Qırğının 13-cü günü (belə yadıma gəlir) türk-erməni məhəllələrinə güclü əsgər göndərildi. Hər iki tərəfdə toplar qoyuldu. Bir tüfəng belə açılmaması əmri verildi. Hər iki tərəf qoyun kimi tabe oldu. Aradakı o şiddətli atışma, bomba o dəqiqədən kəsildi. Ortada bir tək silahlı olsa da görünmədi. Hər yanda sakitlik başladı.

O gün, bəli həmən o gün ki, hələ tökülən qanlaq qurumamış və iniltilər azalmamış, Kür çayının qırmızılığı getməmiş, yaralıların fəryadı, yanan evlərin dumanları kəsilməmiş, balalarını itirən anaların göz yaşları qurumamış, su üzündə gəzən meyitlər toplanmamış, yanğınlardan qaçıb küçələrdə ac-çılpaq qalanlar evlərinə qayıtmamış, yurdsuz qalanlar sığınacaq bir daxma tapmamışlardı. Hökumət türk-erməni camaatını - minlərcə insanları öz ruhaniləri ilə bərabər zorla türk məhəlləsinin aşağısında olan geniş qarpız meydanına yığdı. Ortaya, mitinq kürsüsünə, hökumət tərəfindən şəhər polismeysteri çıxıb dedi:

− Həzərat! Qüdrət və əzəmətli olan əla və əqdəs imperatorumuz öz təbəələrindən olan hər bir millətin bir-biriləri ilə həmişə sülh və məhəbbət üzrə yaşamalarını arzu buyururlar. Namestnik həzrətləri də arzuyi-humayunə tabe olaraq hər millətə bir gözlə baxır və hamının rahat yaşamasını istəyir. Heyf ki, burasını düşünməyən bəzi türk və erməni cahilləri bir neçə gündür bir-birilərini incidib, ümumi asayişi pozurlar. Namestnik həzrətləri bu qəmli hadisəni eşidib rahatsız oldular və bunun qabağının tezliklə alınmasını mənə əmr elədilər və hər iki millətin bir-birilə qardaşca keçinmələri, özünün ötədən bəri birinci arzusu olduğunu sizə bildirməmi də ayrıca olaraq tapşırdılar. Mən də sizə xəbər verirəm ki, bu dəqiqədən etibarən ədalətli hökumətimizin əmrinə və arzusuna tabe olaraq, bir-birimizin hüququna təcavüz etmək və zərər yetirmək kimi hərəkətlərdən əl çəkəsiniz. İki millət arasında nifaq salan "şeytanların" sözlərinə baxmayın. Bu kimi hərəkətlərin həm hökumətə, həm də sizlərə böyük zərərləri var. Buna görə təklif edirəm ki, hər iki millət ruhaniləri bir-birilə əl-ələ verib barışasınız.

Hökumət bu kimi çocuq və axmaq aldadan sözlərlə axund və keşişləri öpüşdürüb barışdırdı və bununla öz vəzifəsini görüb qurtarmış oldu. Bundan sonra axundlar, əfəndilər, keşişlər də mitinq kürsüsünə çıxıb camaatın ara qarışdıran şeytanlara uymayıb rahat oturmalarını meymunca təqlid edib söylədilər. Mən bu sırada bir neçə yoldaşla mitinq kürsüsünə yaxın dururdum. Dillərdə gəzən "şeytan" sözünün kim üçün deyildiyini camaat çoxu anlamadı. Bunlar elə sandılar ki, şeytan gerçəkdə öz aralarındadır və bu qanlı davanı salan türk və ermənilərin özləridir. Buna görə doğrusu, özümü zəbt edə bilmədim. Bu qədər açıq xəyanətin üstünü basdıranlara etiraz edilməmiş, bundan sonra olsun həqiqətin xalqa anladılmaması öz-özlüyündə böyük bir xəyanət olacağını düşündüm və daha uzun səbr edə bilməyib yavaşca kürsüyə çıxdım. Əfəndilər, keşişlərdən sonra mənim kürsüyə çıxdığımı görən hökumət qulluqçuları mənim də ruhanilər kimi danışacağımı zənn edərək mənə mane olmadılar. Mən bundan istifadə edərək:

− Qardaşlar! Mən uzun danışmayacağam. Ancaq rica edirəm, mənə diqqətlə qulaq asınız, deyəcəyimi başa düşünüz! On gündən artıqdır, türk və ermənilərin bir-birilərini necə qırdıqlarını, bir-birilərinə nə böyük sağalmaz yaralar vurduqlarını gözünüzlə gördünüz. Bu qədər uzun zamanda heç bir kimsənin barışdırmağa gəlmədiyini və bu qanlı qırğının özbaşına buraxıldığını bilirsiniz. Şükür, uşaq və ya dəli deyilsiniz. Bir düşününüz, bu gün əsgər və polis gəlməklə, dava o dəqiqə kəsildi. Bu gün hökumət adamları buraya gəlib sizə barışın dedi, siz də canınıza minnət bilərək barışdınız. Təkrar edirəm, çocuq deyilsiniz. Bu işləri beyninizə vurunuz, bir az fikir ediniz. Fikir edəndə anlayacaqsınız ki, bu davanı salan əsl "şeytanlar" kimlərdir. Burada hökumət də, ruhanilər də dedilər ki, davanı salan "şeytand"dır. Bu, çox doğrudur. Əlbəttə və əlbəttə, bu davanı salan şeytandır, lakin həm də şeytanların ən murdarı, ən zalımıdır. Lakin aydın və yəqin bilmirsiniz ki, o şeytan kimdir və adı nədir? Mən burada sizə o şeytanı göstərəcəyəm və adını da açıq deyəcəyəm. Bu halda mənə diqqət ediniz, qulaq asınız!

Bu sözləri deyəndən sonra bir az dayandım. Camaatın bütün nəzər-diqqətini özümü cəlb etdim və qəsdlə bir zaman sakit durub camaata doğru diqqətlə baxdım. Bu sırada hər kəs maraqlanıb şeytanın əsl adını eşitmək üzrə sükuta getmişdi ki, birdən:

− O məlun şeytan hökumətin özüdür! − deyib kürsüdən aşağıya enib camaata qarışdım və yavaşca aradan sivişib qaçdım. Hökumət nümayəndəsi nə dediyimi tərcümandan duydum məni tutmaq tədbirlərini edincəyə qədər, mən gözdən uzaqlaşdım. Tənha yollarla İsmayıl Həqqigilə can atdım. Tutulacağımı bildiyim üçün ertəsi günü erkəndən vağzala getdim. Batuma gedən qatara mindim. Xaşuri stansiyasında enib öz kəndim olan Azqura yetişdim. Burada bir az qalandan sonra Axalsix şəhərinə getdim. Burada Tiflis qırğınına dair uzun hekayələr, aranı vuruşdurucu yalan-yanlış xəbərlər duydum. Duydum ki, buradakılar da araya qırğını salan əsl şeytanı tanımırlar. Buna görə qorxdum ki, 1905-ci ilin fevralında Bakıda başlanan faciənin az vaxtda özgə yerlərə keçməsi kimi Tiflisdən də buralara keçə. Tiflisdən sonra türk-erməni qırğınının ən müsait yeri isə Axalsix şəhəri ilə Böyük Azqur kəndi idi. Çünki buralarda türklərlə ermənilər qarışıq yaşadıqları kimi, hər iki tərəf qüvvətli idi. Vəziyyəti şübhəli görüncə burada bir neçə gün qalıb, Tiflisdə keçən qanlı faciəni olduğu kimi anlatdım və oraya qırğın salan şeytanın mütləq hökumət olduğunu canlı dəlil və şahidlərlə başa saldım. Çoxu alverçi olan şəhər erməniləri işin həqiqətini başa düşməklə bərabər, aranı pozacaqları təqdirdə aylarca müştərisiz, qazancsız qalacaqlarını düşünüb elə bir ehtimala yol verməyəcəklərinə söz verdilər. Mən buranı arxayın görüb Azqura getdim. Eşitdim ki, burada da məndən sonra dedi-qodu başlamış, yalan və fitnəçi xəbərlər yayılmışdır. Təsadüflə o günlərdə qurban bayramı olacaq, camaat namaz və görüşmək üçün hər yerdən bu mərkəzə toplanacaqdı. Bayram oldu. Kəndin böyük məscidi gələcək camaat üçün kiçik göründü. Buna görə bayram namazını kəndin kənarında, açıq, geniş yerdə qılmalı oldular. Mən ətraf kəndlərdən gələn bir neçə min camaat yığıncağından istifadə edərək, namazdan qabaq Rusiyada və Qafqaziyadakı əmələlərin inqilabi çıxışlarını və nə istədiklərini söylədim. Tiflisdəki nümayişdən sonra bəhs etdim. Hökumətin gələcək inqilabdan qorxub ona sədd çəkmək istədiyini və bunun üçün hər dürlü cinayətə əl atdığını və yenə də əl atacağını söylədim. Tiflisdə keçən qırğını və bunu ortaya salan hökumət olduğunu, səbəb və xeyrini bildirdim və belə bir zalım hökumətin istər şəhərliyə, istərsə kəndliyə əsla yazığı gəlmədiyini, öz ağalıq zülmünü saxlamaq üçün araya hər dürlü fitnə salmağa, xalqı qırdırmağa yenə də hazır olduğunu uzun misallarla anlatdım. Daha dünən şeytanın sözünə uyub bir-birini vəhşicə qıran hər iki millətin bu gün kor-peşman olub ah-vay etdiklərini, evlərinin dağılıb ac-susuz qaldıqlarını əlavə edincə, camaat da elə bir fitnəyə daha uymayacaqlarını və qonşuları ilə yaxşı keçinəcəklərini bildirdilər. Mən camaatın birlik və düşüncəsinə razılıqla köksümü qabardaraq evə döndüm. Namazdan sonra gələnlərlə görüşdüm. Burada da söhbətin çoxusu Tiflisə dair oldu. Ertəsi günü mənə xəbər verdilər ki, Allah bilsin, sənin dünənki sözlərin bəylərə toxunmuş, pristava xəbər vermişlər. Pristav da şəhərə yazıb. Bəlkə şəhərdən səni tutmaq cavabı gələ. Mən o gün sakitcə bizdən çox uzaqda olan Sulara getdim. Orada bir az zaman qalandan sonra gizlincə Borjoma, oradan da Tiflisə qayıtdım.



[1] Mirzəli xan Şəmsü Hükəma - (1840-1907) maarifpərvər ziyalılardan biri, şair və həkim. Əslən İrəvanlı olan Ləli İranda mədrəsə qurtarmış, ərəb və fars dillərini mükəmməl bilmiş, Tehranda həkimlik sənətinə yiyələnmişdir.  Müxtəlif ölkələrdə səyahətdə olmuş, ömrünün axırlarında Tiflisdə yaşamış və  burada da vəfat etmişdir.

[2] Qeyrət mətbəəsinin mürəttibi.

[3] 1882-1944 - maarifpərvər ziyalı teatr həvəskarı. "Molla Nəsrəddin" jurnalında mürəttib işləmişdir.

[4] 1880-1938 - Azərbaycanda sovet hakimiyyətinin qələbəsi uğrunda fəaliyət göstərən mübarizlərdən biri.

[5] Məhəmməd Hüseynov - "Qeyrət" mətbəəsinin mürəttibi.

[6] Aramayis Yerzikyan nəzərdə tutulur. O, sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə aparmış, 1921-ci ildə A.F.Myasnikovun başçılığı ilə yaradılmış Sovet Ermənistanı Xalq Komissarları Sovetinin tərkibinə daxil olaraq torpaq komissarı vəzifəsində çalışmışdır. 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info