Qonaq Kitabı
TİFLİSDƏ 1905-Cİ İL OKTYABR NÜMAYİŞİ

Nümayişdən bir az qabaq vağzalın yaxınlığında Naxalovka deyilən meydanda bütün Tiflis əmələlərinin nümayişi olacağını və buraya hər məhəllə əmələlərinin gəlməsi məcburi olduğu xəbəri verildi. Mən nümayişə qədər olan gecələrdə evdə olan ailə üzvlərinin hamısını köməyə çağırıb inqilabi şüarlarla yazılı bir çox qırmızı bayraqlar hazırlatdım (bu bayraqlar Tiflisdə ən birinci türk inqilabi bayraqlar olsun gərək). O günün nümayiş qaydalarına görə hər uçastok və ya fabrika-zavod əmələsi səhərdən öz dairə nöqtəsinə yığışıb orada cərgələrlə, qüvvətli dəstələrlə qırmızı bayraqların dalğaları altında Naxalovkaya doğru gedəcəklər. 6-cı uçastok türk əmələləri, türk xırda burjuaziyası öz dairələrindəki xristian əmələləri ilə birlikdə Şeytanbazar meydanına getməyə hazırlandı. Yığışan əmələlər kürsüyə çıxıb camaatı inqilab nümayişinə iştiraka dəvət etməyi mənim boynuma qoydular. Mən kürsüyə çıxıb nümayişin məqsədini və bunda hər əməkçinin, azad yaşamaq istəyən hər işçinin iştirakı lazım olduğunu anlatmaq üzrə idim ki, erməni bazarı tərəfindən birdən-birə gələn kazak dəstələri ilə sarıldığımızı gördüm.

Kazak dəstəsi komandanı nitqi kəsib dağılmağımızı əmr etdi. Mən onsuz da nitqimi qurtarmaq üzrə idim. Mən camaata dağılmayıb dalımca gəlmələrini anladıb, kürsüdən endim və Naxalovka tərəfinə getməyimiz işarəsini verdim. Bütün camaat əldəki qırmızı bayraqları təqib edərək qüvvətli dəstələrlə Naxalovka səmtinə üz qoydu. Peska, Vorontsov küçələri ilə irəlilədikcə dəstəmiz artır, böyüyür, jandarm nəfərlərini qorxuya salırdı. Dəstə bir çox qırmızı bayraqlar altında uzun yolları keçərək Naxalovkaya yaxınlaşdı. Dəstəmizi uzaqdan görən mitinq rəhbərləri bizi musiqi ilə qarşılayıb yerimizi göstərdilər.

Bugünkü nümayiş Tiflis əmələlərini iştirakı ilə vücuda gəlmiş, əvvəlimci əzəmətli, ruhlu və ən böyük nümayiş idi.

Bu nümayişdə bir neçə yerdə kürsülər quruldu, uzun və kəskin nitqlər söyləndi. Alınan azadlığın mühafizəsinə və bir çox yeni tələblərə dair qərarlar çıxarıldı. Nümayiş yeri şəhər mərkəzindən uzaq, nümayişçilərin nitqləri uzun, qərarlar ciddi olmağa görə nümayiş axşama qədər uzandı.

Bütün gün uzanan nümayişi dağıtmağa cürət etmək elə dursun, bir polis və jandarm da yaxınlarda görünə bilmirdi. Həqiqət halda isə, bu heybətli nümayişi dağıtmaq da mümkün deyildi. Buna görə olmalı idi ki, iblislər nümayişçiləri tək-tək, ayrı-ayrı yerlərdə ovlamaq planını çoxdan qurmuş, onları qayıdarkən keçəcəkləri yerlərdən pusqularda gözləyirmiş. Biz axşama doğru yavaş-yavaş dağılmağa, hərəmiz bir tərəfə getməyə başladıq. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info