Qonaq Kitabı
DİL MƏSƏLƏSİ

Siyasi, milli məsələlərimiz arasında dil bəhsi kiçik görünsə də, məni onlar qədər rahatsız edib dururdu. Çünki istər siyasi və milli, istərsə maarif və mədəniyyət məsələlərindən danışan, onların lüzumunu bildirən dildir. Dil nə qədər açıq, sadə və anlayışlı olarsa, bildirdiyi fikirlər də o qədər tez mənimsənib işə keçər. Buna görə də "...həmd olsun, camaatımız dil və mənası açıq olan kitabları oxumağa başlamışlardır. "Dil" dedim də yadıma gəldi: yazılan kitabları rəvac və məğlubiyyəti-intişarı, mütləq və mütləq dilin məzmununun açıqlığında, asan anlaşılacaq dərəcədə olmağındadır. Çətin mənalı ibarəli kitablar, təbii, çətin anlaşılır. Çətin anlaşılan kitabları isə, ümumiyyətlə, əksər oxuyan sevməz. Yeni oxumağa başlayanlar isə əsla oxumaq istəməz. Camaat üçün yazılacaq kitablar əlbət və əlbət camaat dilinə yaxın olmalıdır. Əks halda, heç gözləməyək ki, avam dediyimiz əksər camaatımız ibarəli yazılıb asan anlaşılmayan kitablara pul verib alarlar. Bu səbəblə deyə bilərəm ki, kitabın oxunmasının rəvacını istəyən mühərirlər əldən gəldiyi mərtəbə açıq dil ilə, açıq mənalı yazmağa himmət buyurmalıdırlar. Həqiqətdə də hamımız çalışmalıyıq ki, çətin mənalı ərəb, fars sözlərinin yerinə türkcə sözlər yazaq. Yazı yazmaqdakı hünər və mərifəti ərəbi və farsi sözlərin çoxluğunda bilməyək. Bəlkə mümkün mərtəbə sadə yazmağı özümüzə adət edib özgələrə də nümunə, örnək olaq. Bu sözləri mən yaza-yaza, bu lafları vura-vura, bu balaca "Dəvət"də xeyli uzun mətləb və cümlələr, çox ərəbi, farsi sözlər yazmağımın səbəbi əlbət hər kəsin yadına gələr və gəlməlidir. Ümumcamaat üçün yazılacaq kitab əlbət belə yazılmaz. Mən bu məcmuəni oxumuşlara qarşı yazdığım və indi deyə bilməyəcəyim bir keyfiyyətdə işin içində olduğu üçün (senzor idarəsində olanlar anlamasınlar deyə) belə yazmağa məcbur oldum. Yoxsa özüm ibarəli yazanların düşməniyəm. Təkrar edirəm: xalqın anlayabiləcəyi bir şəkildə işəyarar, sevilər, əsaslı, ümumi bir dilimiz olmalıdır... Bu ümumi nüfuzlu dil dəxi mərifətli millətlərdə olduğu kimi, şəksiz, xalqa yaxın olan mətbuat dilidir. Dili mətbuat dili olmayan bir millətin siyasi vücudiyyəti də olmaz..."

Ağır məsuliyyət və böyük zəhmətlə idarə etdiyim "Qeyrət" mətbəəsini vücuda gətirməkdə əsl məqsədim inqilabi, ictimai, fənni, ədəbi, yeni əsərlərin çapına kömək etmək və mütləq bir qəzetə və ya jurnala rüsxət alıb nəşri ilə məşğul olmaq idi. Bu arada isə "Dəvət"dən sonra rusca inqilabi bir əsər olan "Azadə danışmaq və bir yerə cəm olmaq nə üçün lazımdır?" ilə "Silk, sinif, firqə" kitabçalarını tərcümə etdirib nəşr etdim. Bundan sonra Mirzə Mülküm xanın əlifbaya dair farsca yazdığı "Məbdən - tərəqqi" və "Lətaif" kitabçalarını çap etdik.

Mətbəəni düzəldib kiçik əsərlər çap etməyə başlayandan sonra bir qəzetə və ya jurnal nəşri fikrinə düşdük. Bu xüsusda Mirzə Cəlil ilə uzun dərtləşdik. Lakin o, bu sırada dava vəkilliyi imtahanını verə bilmədiyinə görə dava vəkilliyindən büsbütün əl çəkdi və mənim qəzetə və ya jurnal nəşr etmək fikrimə tamamilə yoldaş oldu. Çıxaracağımız jurnalın adı üzərində uzun düşündük. Axırda hökumətin şübhəyə düşməyəcəyi bir ada - "Toprak" adına qərar verdik. Hökumətə verdiyimiz ərizədə çıxaracağımız həftəlik "Toprak" jurnalının ziraətdən bəhs edəcəyi və ancaq hər nömrəsində siyasi-ictimai "icmal" verəcəyimizi göstərdik.

Jurnalın müdir və baş mühərrirliyi Mirzə Cəlilin arzu və tələbinə görə mənim öhdəmə qoyuldu.

Bir ay sonra namestnik idarəsindən rədd cavabını aldıq. Sonradan duyduğumuza görə rüsxət verilməməyinin səbəbi müdir və baş mühərririn Türkiyədə təhsil alması olmuşdur.

Demək ki, Türkiyədə təhsilim mənim üçün bir qüsur və bir ləkə! Lakin senzor idarəsindən aldığımız gizli məlumata görə, əsl səbəbi "Şərqi-Rus" qəzetində yazdığım zərərli məqalələrim və "Dəvət" məcmuəsi olmuş və hətta "Dəvət"in nəşrinə rüsxət verilməsinin böyük bir səhv olduğu sonradan başa düşülmüşdü. Aldığımız rədd cavabı gələcək iş və hərəkətimizn plan və yolunu tamamilə dəyişdi. Bu, bizim üçün fali-xeyir oldu. Bundan biz ümidimizi zərrə qədər kəsmədik. Ancaq o sıralarda tez-tez sosial-demokratik firqəsi tərəfindən yazılıb çap etməkdə olduğumuz gizli intibahnamələrin çapında daha ayıq, daha ehtiyyatlı olmağı bizə öyrətdi.

İntibahnamələr yalnız Tiflsi işçiləri üçün deyildi. Bunlar onsuz da gödərək və xırda olurdu. Bu sırada bizi rahatsız edən Osmanlıya göndəriləcək uzun mündəricatlı intibahnamələr idi. Hətta bu intibahnamələri burada çap etdirib Türkiyəyə aparmaq üçün Prins Səbahəddin[1] Parisdən buraya Hüseyn Tosun[2] adında bir gənc türkü xüsusi olaraq göndərmişdi.

Avropada, Misirdə Türkiyənin xilası uğrunda çalışan gənc türklərdən Əhməd Rizanı[3], Abdulla Cövdəti çoxdan tanıyırdım. Ancaq mən Qafqaziyaya gələndən bəri bu tanışlıq unuduldu. Bu unuduluş on il sürdü. Bu on ildə isə mən Şamaxıda müəllim ikən yalnız bircə dəfə Misirdə olan Abdulla Cövdətlə müxabirəmiz olmuşdu.

1903-cü ildə "Şərqi-Rus"da yazmağa başlayandan sonra bu tanışlıq da dirilməyə başladı və bu surətlə Avropada Sultan Həmid və paşaların əleyhinə yazılan türkcə qəzet və kitabçaları Tiflisdə alıb oxumağa müvəffəq oldum. Lakin az sonra Abdulla Cövdətin Vyanada ikən pula olan düşkünlüyü üzündən Sultan Həmidlə olan barışıq rəftarını duyub nifrət etdim və əlaqəni kəsdim. Bu son vaxtlarda məhz mənim köməyimə ümid edərək Parisdən buraya inqilab xatiri üçün göndərilmiş Hüseyn Tosunun şəxsi fədakarlıq və cəsarəti mənim təzədən Parisdə olanlarla əlaqəyə girişməmə səbəb oldu.

Bu qeyrətli şəxsi iki aya qədər saxta pasportla Tiflisdə saxladım. Gətirdiyi intibahnamalərin surətini "Qeyrət" mətbəəsində çap edib hazırladım. Hüseyn Tosun bir az sonra bunları Tiflisdən Ərzuruma götürdü. Onu hüduda qədər yola salmaq üçün Tiflisdəki öz inanıqlı adamlarımızdan ikisini də ona yoldaş etdim. Xeyli vaxt sonra duydum ki, bu intibahnamələrin sayəsində inqilabçılar Ərzurumu və ətrafını öz əllərinə keçirib müstəbidləri qovmuşlar. Heyf ki, hazırlıqsız və tədbirsizlik üzündən beş-on gün sonra Ərzuruma köməyə gələn Sultan əsgərlərinə qarşı dura bilməyib dağılmışlar.



[1] İslahatçı və inqilabçı fikirləri ilə tanınan və Parisdə mühacirətdə yaşamağa məcbur olan türk mütəfəkkiri.

[2] Türk inqilabçıları ilə qeyrətçilər, sonra isə Qafqaz sosial demokratları əlaqə saxlamışdır. Ömər Faiqin Hüseyn Tosun bəylə dostluq əlaqələri olmuşdur. O, 1911-ci ildə Axalsixdən Məmmədəli Sidqiyə yazdığı məktubda xahiş edirdi ki, fotoqrafdan şəkilləri alanda birini İstanbula - Hüseyn Tosun bəyə göstərsin. Ömər Faiq onu da əlavə edirdi ki, Tosun bəyin ünvanı "Molla Nəsrəddin"in abunə dəftərində vardır.

[3] Qabaqcıl türk ziyalılarından biri.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info