Qonaq Kitabı
"QEYRƏT" MƏTBƏƏSİ

Tiflisdə evə lazım olan yeyintiləri Naxçıvanlı Məşədi Ələsgər Bağırov adlı bir alverçinin dükanından alırdım. Çox vaxt pulum olmazdı, nisyə götürürdüm. Hətta bəzi vaxt borc pul da alırdım. Lakin ayın başında borclarımı tamamilə verirdim.

Bağırov dinçi, inanıqlı, yumşaq, azsavadlı olsa da, milli və maarif işlərinə də köməyi sevən, qırx yaşında bir kişi idi.

Mətbəəni satın almaq işində Tiflisdə ondan başqa kimsə yadıma gəlmədi. Tiflisdə oxumuş, oxumamış bundan çox dövlətli alverçilər yox deyil, lakin maarif işində gələcəyi qaranlıq bir alverə birdən-birə güclü pul vermək hər kəsin işi deyildi. Bu böyük himmətin onda buluna biləcəyini düşünə-düşünə yanına getdim, əhvalatı anlatdım. Qabaqca pulunun tələf olacağı ehtimalını önə sürərək razı olmadı. Mən elə bir təqdirdə mətbəəni satıb puluna sahib ola biləcəyini təmin edərək, köməkliyini rica etdim. Uzun ricamın qarşısında boynunu büküb:

− Nə edim, sən özün ki, boyun olursan və söz verirsən... çarə nə, kömək edək.

Bağırovla olan söhbətimizi Cəlilə anladıb mətbəəni almaq üzrə Məhəmmədağanın yanına göndərdim.

Cəlil mətbəəni öz adına 7000 manata aldı. Bu yeddi min manatı tamamilə Bağırov verdi. Doğrusu, bu dinçi adamın bu qeyrət və himməti unudulacaq hallardan deyildi.

Mətbəəni Mirzə Cəlil öz adına aldısa da, biz üçümüz: mən, Cəlil və Bağırov öz aramızda yoldaş olub, 1905-ci il mart ayından işlətməyə başladıq.

Mətbəəni Məhəmmədağadan alan kimi onu Baryatinski küçəsindən qaldırıb türklərə daha yaxın və əlverişli olan Peska küçəsinə köçürdük. Bağırovdan yenə beş-altı yüz manat borc götürüb, Tiflisdə türkcə hərftökən alman Maderdən yeni hərf və kassalar aldıq, mətbəənin nöqsanlarını düzəltdik. Adını "Qeyrət" qoyun işlətməyə başladıq. Mətbəənin müdirliyi çarəsiz olaraq, mənim boynumda qaldı. İlk vaxtlarda mətbəənin xərclərini çıxarmaq üzrə hər gün teleqraf xəbərləri, təqvim, idarə və ticarət dəftəri və kağızları çapı ilə məşğul olduq. Bir neçə vaxt sonra mətbəəni daha artıq böyütmək fikrinə düşdük. 1905-ci il aprelin əvvəlində onu dar yerindən qaldırıb Naqornı küçəsinə, daha geniş, gözəl, böyük bir evə köçürdük.

Beş-on gün sonra "Dəvət" adında yazdığım 36 səhifəlik bir kitabçanı çap etdirib nəşr etdim. Bundan "Qeyrət" mətbəəsinin açıldığını və hər dürlü yeni kitab və jurnal çap etməyə hazır olduğumuzu bildirib, yeni, köhnə yazıçıları əsər yazmağa təşviq etdim. Hətta kitabın adını "Nəşri-asara dəvət" qoydum və bunu pulsuz olaraq payladım.

Kitab surətində ilk əsərim olan bu "Dəvət"i aşağıda eynilə yazdığım kimi başladım:

"Həqiqət və sidq olan yerdən riya və yalançılığın, həmiyyət və qeyrət bulunan məhəldən dənaət və tənbəlliyin qaçacağı kimi mərifət və hürriyyət nuru doğan yerdən cəsarət və əsarət qaranlığının gedəcəyi də şəksizdir. Şükürlər olsun ki, hər millətin vasiteyi-tərəqqisi olan mərifət və hürriyyət işığı bu axır vaxtlarda bizim də gözlərimizə görünməkdə və gələcəyimiz üçün böyük ümidlər verməkdədir. Nə üçün verməsin ki, dəyişməyən ancaq "həqiqəti-mütləqdir". Məxluqun şən və sifəti hal və iqtizası zamana görə dəyişməkdir. Zaman isə bu dövrdə xəyala gəlməyən vüquatı doğuran bir anadır.

Öylə ana ki, özünə, əmrinə tabe olmayan qafil nadan övladını xaki-məzəllətə yuvarladır. Az zamanda böyüyü kiçik, kiçiyi böyük eləyir. Budur ki, zamanımızı bu hürriyyətəngiz, bu heyrətamiz təsiri-səbəbi ilə əqsayi-Şərqdə yağan qanlı qarlar, axan qırmızı sular nəinki yalnız o tərəfin, bəlkə şiddəti-siyasəti sayəsində bizim də rəngimizi, halımızı, gələcəyimizi dəyişdirməkdə, bahar çiçəkləri kimi hər kəsin başında təzə fikirlər açmaqdadır ki, bunlardan haqqı ilə istifadə etməyimiz lazımdır... Bundan sonra da olsa, mərifətlilərin, mədəniyyətlilərin ayaqları altında aciz heyvanlar kimi əzilməmək üçün qeyrət və hərəkətə gəlməyimiz lazımdır, labüddür...

Həm elə ana ki, dünən milyonlarca əhalini əsarətdə tutan bir hökuməti-zalimeyi (Rusiya çarlığını), bir dövlət müstəbidini bu gün yenə öz məzlum camaatının qiyam və istibdadi-hürriyyəti qarşısında tir-tir titrədən bir qüvvəyi-əzimə, bir fikri təcəddüd meydana gətirir.

Elə ana ki, heç ümid edilməyən bir vaxtda dünyanın siyasi halını, insanların fikrini alt-üst edən mərifətli bir millət meydana atıb insanların əvvəlimci ocağı olan Asiyanın, insaniyyətin birinci qucağı olan asiyalıların insaniyyət düşməni, tənbəllik mənbəyi olmadığını, ancaq bir-iki əsrdən bəri mədəniyyəti, ustad və rəhbəri olan qərblilərə bildirir".

1895-1905-ci illərdəki müəllimlik və qəzetçilik vaxtlarımda bir çox yerlərdə camaatın ziyalılara, xüsusilə rus məktəblərində oxuyanlara pis gözlə baxıb, onlardan qaçdıqlarını və hətta onların acığına çocuqlarını rus məktəblərinə qoymaq istəmədiklərini görüb aşağıdakı sətirləri yazmağa məcbur oldum:

"Həqiqətdə kül-torpaq başımıza ki, hər millətin obrazovannıları, millətinin səlamətliyi üçün camaatla hər cür rəftar, millətinin hürriyyəti uğrunda mallarını deyil, canlarını belə fəda etdikləri halda, bizim bəzi obrazovannılarımız safdil camaatı maarif aləminə yeni addım atmağa başlamış qardaşlarımızı yersiz, layiqsiz, vaxtsız rəftarları ilə, yazıları ilə maarif və mədəniyyətdən uzaqlaşdırmağa bir növ səbəb olurlar. Aranı bir vəchlə xarab edən bəzi məhəbbətsiz, qeyrətsiz obrazovannılarımızın bəd rəftarına baxan camaatımız ümumiyyətlə oxumuşlara küskün və onlardan şikayətli kimidirlər. Hətta bu küskünlük təəssüf ediləcək elə bir haldadır ki, camaatımızın bir böyük qismi heç yerdə əskik olmayan bir neçə bihəmiyyət, biqeyrət, biməslək meymunların rəftarlarına baxıb mədəniyyəti o meymunların səfahətlərindən ibarət zənn edirlər, vaxtlarını içkiçilikdə, əxlaqsızlıqda, xalqa zərər verməkdə olanlar və ya bir qadına olan eşqindən və ya bir qulluğa olan danaətkəranə tamahından ötrü təbdili-din edən səfehlərə baxıb ümumiyyətlə, oxuyanlardan, xüsusilə, rusca oxumaqdan üz çevirirlər, uşaqlarını rus məktəblərinə verməklə fikri-cahilanəsinə düşürlər ki, nə qədər təəssüf edilsə, o qədər azdır". 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info