Qonaq Kitabı
DİLİMİZ-İMLAMIZ

("Şərqi-Rus", 1904, â„– 40)

Bu məqalədə türk dilimizi ərəb və fars sözlərindən təmizləmək işini, hünərin qəliz yazmaqda deyil, bəlkə sadə türk dili ilə yazmaqda olduğunu, xalqa anladacağımız fikirləri xalqın anlaya biləcəyi bir dil ilə yazmaq gərək olduğunu və xalqı ancaq açıq və sadə yazmaqla, oxumağa alışdıra biləcəyimizi isbata çalışdım.

Bu məqalədən sonra Yerevandan, Şəkidən və daha özgə yerlərdən qəzetəyə gələn məktublarda təzə üsuluma qarşı bərk hücum edilib, şikayətlər qoparıldı. Əli bəy Hüseynzadənin yazdığı kimi ədəbi (yəni qəliz) yazı üsulunun və köhnə imlanın yaxşılığı göstərildi.

Mən bu hücumlardan incimək yerinə daha artıq ruhlandım, daha artıq cürətləndim. Çünki məsələ mənim üçün çox pak, çox əhəmiyyətli idi. Bunun üçün çoxdan bəri fürsət və vaxt axtarırdım. Buna görə edilən hücumlar, hətta təhqir və töhmətlər, cəhalətimə hökm edən fitvalar mənim üçün birər nemət, birər təşviqçi oldu.

Mənə hücum edənlərin başında Yerevan quberniya qazısı Abdulla Qazıyev dururdu. Bu şəxs ruhani olmaqla bərabər, olduqca məlumatlı, türkcə yazmağı da bacarırdı. Bunun yazılarının uzun olduğuna baxmayaraq, mən qəsdlə onları olduğu kimi çap etdirirdim. Bunun yazdığı iki uzun məqaləsinə qarşı "Şərqi-Rus"un 42-ci nömrəsində hörmətlə, lakin kəskincə yazıb mübahisəni qəsdlə böyütmək və buna başqalarını da qarışdırıb uzatmaq istədim və bir neçə məqalə dəxi yazdım. Bu arada Məhəmmədağa öz xətti ilə araya girdi və onun üstünlüyünü iddia edib davanı kəsməyə başladı. Hətta çəkinmədən öz əlifbasını ümum müsəlmana qəbul etdirmək xəyalına da düşdü. Bəzi düşüncəsiz yazıçıların yalançı mədhlərinə inanıb qəzetə sütunlarını onlara doldurmağa başladı. Halbuki elmi əsaslardan, zamanın istədiyindən, gözəllik və kolaylıqdan uzaq olan elə bir xətti qəbul etmək, oddan qaçıb alova düşməkdi. Məhəmmədağa isə burasını əsla başa düşmək istəmirdi. Dil və imla mübahisəsini buraxıb onun xətti tərəfdarı olmağımı gözləyirdi. Bunu məndən görməyincə dəlillənir, orada-burada mənim haqqımda min yalan deyirdi.

Mən istər əlifba, istərsə başqa dərdlərimiz barəsində "Şərqi-Rus"da açıq yaza bilməyincə o vaxt türk aləmində təkcə çıxan "Tərcüman"a yazmağa məcbur oldum. O vaxtlarda imzasız olaraq "Tərcüman"a gizli yazdığım məqalələrdən biri də Məhəmmədağa əlifbası əleyhinə olan etirazımdı. Burdan sonra Məhəmmədağa öz xətti üstündə daxildən mənimlə, xaricdən "Tərcüman" sahibi İsmayıl bəylə vuruşmaq qarşısında qaldı. İsmayıl bəy "Tərcüman"da Məhəmmədağa xəttinin yaramazlığından, onun qəbul edilə bilməməsindən bəhs açıb tənqid edincə, Məhəmmədağa acığından göylərə qalxdı və "Tərcüman"a qarşı ağzına gələn söyüşləri tökdü. Bu böyük və ciddi mübahisəyə Bakıda çıxan "Kaspi" də qarışdı. Bir az sonra imla və əlifba məsələsi yaddan çıxdı. Bu üç türk qəzetəçisi arasında şəxsi-qərəz davası uzandıqca uzandı.

Bu isə məni incidib bərk rahatsız etdi. Doğrusu söyləmək lazım gəlirsə, araya tənqid odunu salan mən oldum. Lakin mən gözləmirəm ki, elmi mübahisə şəxsi cəfəngə keçər. Buna görə onların aralarını düzəldib, bəhsi yenə elmi cəhətə çevirmək üzrə 1904-cü il 24 dekabr tarixli 253 nömrəli "Şərqi-Rus"un özündə bunları barışdırmaq üzrə "İxtilafi-ümməti-rəhmətən" (tənqid birlik və möhkəmlik vasitəsidir) başlanışı ilə bir məqalə yazıb Məhəmmədağa ilə Ağaoğlu Əhmədbəyi barışdırmaq çalışdım və barışdırdım.

Bu barışıq mənimlə Mirzə Cəlil üçün xeyirli bir fal oldu. Məhəmmədağanın elminə, sözünə, zahirinə baxınca, bacarıqlı iş adamı sanılırdı. Halbuki idarəçilikdən, təşkilatçılıqdan tamamilə uzaq, gələcəyini düşünməz, plansız, kefinə, boğazına düşkün bir adam idi. Buna görə qəzetə abunələrindən əlinə keçən tezcə yeyib borc uçurumuna yuvarlandı. 1904-cü ili, yəni "Şərqi-Rus"un ikinci ili dolmadan boğazına qədər borc ilə doldu. Axırda qəzetəsi ilə bərabər mətbəəsini Bakıya köçürmək, dünənə qədər söydüyü, pislədiyi Əhmədbəy ilə şərik olub nəşr etdirmək xəyalına düşdü. Əhmədbəy Tiflisə gəlib əlindəki pullarını beh surətilə Məhəmmədağaya yedirdi. Bir az sonra hər ikisi də əliboş qalınca, yenə vuruşmağa başladılar, pozuşdular.

Məhəmmədağa qəzetəsini bağlamaq, borcluların əlindən canını qurtarmaq üçün mətbəəni başqalarına satmağa qərar verdi.

Çoxdan bəri həsrətini çəkdiyim türk mətbəəsinin alverçilər əlinə düşüb dağılmasına heç bir surətdə razı olmamağımı, nə yolla olursa olsun, onu saxlamaq gərəkliliyini Mirzə Cəlilə anlatdım. Cəlil gülüb:

− Çox əcəb, sözüm yox. Lakin Məhəmmədağa söz yox, pul istəyəcək. O da ki, nə səndə, nə məndə! Bir də Faiq, Məhəmmədağa bilsə ki, mətbəə sənin əlinə keçəcəkdir, qorxuram, bizə heç verməyə.

Dedim:

− Sən mənim adımı heç çəkmə. Məhəmmədağanı bir az vaxt dayandır, özün müştəri ol və pul qazanacağına söz ver, qorxma!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info