Qonaq Kitabı
GÜNAH KİMDƏ?

("Şərqi-Rus", 1904, 29 iyun)

Bu hekayədə İsmayıl adında bir cavan Xədicə adında bir qızı istəyir. Oğlan qızı, qız oğlanı sevir. Qızın atası qabaqcadan razı olmursa da, sonralar alacağı "başlıq" (beh) pulunun çoxluğun eşidib razı olur. Oğlan və qız atalarının razılığını eşidib sevinirlər. Bir az sonra oğlanın atası istənilən pulu tamamilə tapa bilməyir. Qızın atası isə güzəştə getməyir. Axırda pul üzərində nişan pozulur. Qız xəbərsiz olaraq, atası tərəfindən özgə bir dövlətli oğlana verilir. Qız isə onu sevmir, lakin utandığından ata-anasına bir söz demir. Xədicə əvvəlki nişanlısının eşqi ilə azarlanır. Nəhayət, təzə nişanlıya verilmək üzrə toy-büsatı başlanır. Bu arada soyuq dəyir, azarı artır, axırda ölür. Bir övlad sahibi ata-anası başlarına döyüb ağlayırlar.

Məni ən ziyadə rahatsız edən dərdlərimizdən biri də, dil və imla məsələsi idi. Dilimizin qarışıqlığını, əlifbamızın yaramazlığını mənə ilk dəfə olaraq, öyrədən 1894-də Şəki milli məktəbinin 7-8 yaşındakı balaları oldu. Şəki məktəbinə aid yazılarımda söylədiyim kimi köhnə tədris üsulunun çətinliyi üstə artan əlifba yaramazlığı yalnız 7 yaşındakı balacaları deyil, 70 yaşındakı bəzi böyüklərimizi də çox vaxt çaşdırırdı. Hələ imlamızın ərəb qiraət üsuluna tabe edilməsi məndə dində olduğu kimi, ədəbiyyat aləmində də öz cəhalətimiz yerinə ərəbcəyə qarşı düşmənçilik hissi oyandırdı. (Bu hiss dolayısı ilə Bakıda 1915-də çıxan "Qardaş köməyi" məcmuəsində "Sən kimsən?" başlanışı ilə ərəb tərəfdarlığı əleyhinə uzun məqaləm var).

Bəlkə mən bir məsələyə həddindən artıq əhəmiyyət verib və şişirdirdim. Çünki mənə elə gəlirdi ki, müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi istiqlalı da sağlam ola bilməz.

Buna görə də 1894-cü ildə Şəkidə müəllimlikdən başlayaraq, dilimizə soxulan ərəb və fars sözlərinin gərəksizliyindən, əlifbamızın yaramazlığından bəhs edərək, Krımda çıxan "Tərcüman"a 1898-də birinci məqalə yazdım. Heyf ki, bu barədə heç gözlədiyim cavab alınca, qəzetsizliyimiz üzündən ta "Şərqi-Rus"un nəşrinə qədər sükuta məcbur oldum.

Mərhum İsmayıl bəy məqalələrimi çap etməməkdən başqa, məni cavan və cəhalətdə töhmətləndirməkdən belə geri durmadı. Lakin çox keçmədən, özü də mənim fikrimə gələrək "Tərcüman"da təzə imla haqda yazmağa başladı. Bu isə mənə haqq və cürət verdi. Ürətyimdə olan köhnə tikanları çıxarmaq istəyən qələmim üçün "Şərqi-Rus" və üç-dörd il sonra "Molla Nəsrəddin", "İrşad", "Açıq söz" səhifələri böyük bir meydan oldu. Orada yazdığım yazılarda ərəb və fars sözləri yerinə bacarılan qədər türk sözləri işlətməyi bir vəzifə bildim. Hərçənd türkcə yazmaq çətindir, bir az adəti pozmaq, bir az artıq düşünmək, ümumi ədəbi türk dilinə yarar sözləri tapmaq lazımdır. Bu isə çox da yüngül deyildi...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info